Xarici tələbələr Azərbaycanda təhsil
almalarından məmnundurlar
Azərbaycandan müxtəlif xarici ölkələrə
ali təhsil almaq üçün gedən gənclərimizin
sayı ildən-ilə artdığı kimi, xarici ölkələrdən də respublikamızın müxtəlif
ali məktəblərində
oxuyan tələbələrın sayı xeyli
çoxalıb. Biz ölkəmizdə təhsil alan əcnəbi tələbələrlə
görüşmək üçün Bakı Slavyan Universitetində və
Azərbaycan Dillər Universitetində olduq. Söhbət zamanı xarici tələbələr Azərbaycanda yaşamalarından və
bu ölkədə təhsil almalarından çox məmnun olduqlarını
bildirdilər.
"Biz
bir millət, iki dövlətik"
Efkan SAVRAN,
Türkiyə
Respublikasının vətəndaşı, Azərbaycan Dillər
Universitetinin V kurs
tələbəsi
Türk dünyasının böyük oğlu Heydər
Əliyev demişdir: "Biz bir millət, iki dövlətik".
Bu dərin və çox
mənalı fikir daim mənim
qəlbimdədir. Mən Türkiyə və ya Azərbaycanda
təhsil almağımın fərqli olmayacağını fikirləşərək
burada təhsil almaq qərarına gəldim. Arzum universiteti
qurtardıqdan sonra vətəndaşı
olduğum ölkəyə qayıdıb orada diplomatik sahədə işləməkdir.
Türkiyəyə gedəndən sonra Bakı şəhəri
üçün, xüsusən dostlarım və sevimli müəllimlərim
üçün darıxacağam. Amma söz vermişəm
ki, Azərbaycandan çox-çox uzaqlarda olsam belə, təhsil aldığım universiteti və
dostlarımı heç vaxt
unutmayacağam.
"Özümü
evimdəki kimi hiss edirəm"
Ejaz HAMİD,
Pakistan
İslam Respublikasının vətəndaşı, Bakı
Slavyan Universiteti jurnalistika və Azərbaycan filologiyası
fakültəsinin III kurs tələbəsi
Təhsil almaq üçün Azərbaycanı ona
görə seçmişəm ki, Pakistan dünyada Azərbaycanın
müstəqilliyini ilk tanıyan
dövlətlərdən biri olmuşdur. Mən
düşündüm ki, xalqlarımız arasında elə
doğma tellər var ki, bu səbəbdən mənim ölkəm
Azərbaycanı
tanıyanlardan biri olub.
İkinci səbəb isə eşitmişdim ki, Azərbaycan
xalqı Pakistan xalqını çox sevir.
Azərbaycan universitetlərinin
hamısı təhsil baxımından çox
yaxşıdır. Amma mən rus dilində təhsil
almaq istədim və jurnalistika fakültəsini seçdim. Burada rus dili
çox yaxşı tədris olunur.
Universitetimizin rəhbərliyi, müəllimləri
və əməkdaşları mənim çox xoşuma gəlir. Mən heç hiss etmirəm ki, Pakistanda oxuyuram, ya
xarici ölkədə. Özümü evimdəki kimi
hiss edirəm. Bura gəlməmişdən əvvəl
çox həyəcan keçirirdim ki, xarici ölkəyə
gedirəm, dili və
qayda-qanunu bilmirəm. Amma gələndən
sonra gördüm ki, vəziyyət tam ayrıdır.
Universitet rəhbərliyi, dekanlıq, müəllimlərim çox mehriban və diqqətcildirlər.
Hazırda mən çox böyük uğurla
təhsilimi davam etdirirəm.
"Azərbaycan
mənim ikinci vətənimdir"
Uz DİLARA,
Türkiyə
Respublikasının vətəndaşı, Bakı Slavyan Universiteti
hazırlıq şöbəsinin tələbəsi (rus dili
üzrə)
- Azərbaycana rus dili və ədəbiyyatı fənnini öyrənməyə
gəldim. Türkiyədə oxumaq istəmədim,
çünki Türkiyədə rus topluluğu yoxdur. Gəldiyim üçün də xoşbəxtəm. Türkiyədə
apardığım araşdırmalardan bu fikrə gəldim
ki, rus dilini öyrənmək və ədəbiyyatını
oxumaq istəyirsənsə, mütləq Bakı Slavyan
Universitetini seçməlisən. Müəllimlər və
rəhbərlik
hamısı bizimlə ciddi maraqlanırlar.
Universitetdə qayda-qanun yerindədir, dərs
proqramları düzgün tərtib olunub. Ən vacibi budur ki,
buradakı müəllimlərin fikri "dərsimi
danışım gedim" düşüncəsi deyil, onlar
elm öyrətmək üçün tələbələrlə
ayrı-ayrılıqda da məşğul olurlar.
Rəhbərliyin tələbələrə
qarşı münasibəti, rəftarı çox yaxşıdır. Aramızda maraqlı,
gözəl dialoqlar olur. Yeri gəlir dost kimi, yeri gəlir
psixoloq kimi, yeri gəlir
valideyn kimi bizimlə söhbət edirlər. Buradan
bütün tələbə yoldaşlarıma səslənirəm.
"Həqiqətən daxilinizdə oxumaq eşqi
varsa və yaxşı təhsil
almaq istəyirsinizsə, Bakı Slavyan Universitetini
seçin".
Azərbaycan mənim ikinci vətənimdir. Burada olmaqdan çox məmnunam.
"Azərbaycanda
yaşamaq və işləmək istəyirəm"
Lee HEEJUNG,
Cənubi
Koreya Respublikasının vətəndaşı, Bakı
Slavyan Universiteti jurnalistika və Azərbaycan filologiyası
fakültəsinin I kurs tələbəsi
Azərbaycan hazırda çox inkişaf
etmiş ölkədir. Gələcəkdə bu ölkədə imkanlar
daha da çox olacaq. Bundan əlavə, Azərbaycan xalqından xoşum gəlir.
Ona görə də Azərbaycanda yaşamaq və
işləmək istəyirəm. Azərbaycana gəldikdən sonra fikirləşdim
ki, hansı sahədə oxuyum.
Qərara aldım ki, Azərbaycan dilini öyrənmək dəyərlidir. Mən çox ali
məktəb axtardım ki, onlardan hansı yaxşı dil təhsili
verir. Öyrəndim ki,
BSU-nun təhsili yüksəkdir. Bu səbəbdən
bu universiteti seçmişəm. Burada rus dilini öyrənmək
üçün
yaxşı şərait var. Bizimlə dekanlıqda mehriban rəftar edirlər. Problemlərimizi dinləyir və həll etməyə
çalışırlar. Dərs
otaqlarımız səliqəlidir. Müəllimlərimiz
bacarıqlı, məsuliyyətli və tələbələrə
qarşı mehribandırlar. Eyni zamanda
BSU-da müəllimlər böyük sevgiylə dərs
keçirlər.
"Seçimimdən
razıyam"
Seyid Əli HUSEYİN,
Əfqanıstan
Respublikasının vətəndaşı, Bakı Slavyan Universiteti
filologiya fakültəsinin
(ingilis dili və ədəbiyyatı) IV kurs tələbəsi
Azərbaycan bütün sahələrdə
inkişaf etmiş ölkədir. Hətta Şərqi
Avropa ölkələrinin çoxundan da inkişaf
baxımından irəlidədir. Mən istərdim ki, gələcəkdə
Azərbaycan və
Əfqanıstan arasındakı əlaqələrin
inkişafında fəaliyyət
göstərim. Bu səbəbdən
də gələcəkdə hansı vəzifədə olsam,
iki ölkə arasında əlaqələrin daha da
möhkəmlənməsinə xidmət edəcəyəm.
Mən burada çox araşdırmalar, təhlillər
apardım və belə bir nəticəyə gəldim ki,
Bakı Slavyan Universiteti dövlət universitetləri
arasında ən yaxşılarından biridir. Daha sonra
universitetə müraciət etdim və əvvəlki fikirlərimin
doğruluğuna bir daha əmin oldum.
Tədrisin ilk günlərində dərslərin ciddi
keçirildiyinin və eyni
zamanda tələbə-müəllim münasibətlərinin səmimi olduğunun şahidi oldum.
Günlər keçdikcə, öz
seçimimdən razıyam. Hazırda
universitetin daxili və xarici proqramlarında yaxından
iştirak edirəm.
Universitet rəhbərliyi - rektor, dekan
və dekanlıq əməkdaşları çox təcrübəli, həm
də anlayışlıdırlar. Hər hansı bir problemlə
qarşılaşdığımızda onlara dərhal
müraciət edirik və onlar əllərindən gələni
əsirgəmirlər. Müəllimlərim elm sahəsində həqiqətən
də təcrübəlidirlər. Mən onları heç vaxt unutmayacağam,
xüsusən də ingilis dili və fəlsəfə müəllimlərimi.
Gələcəkdə harada olursam olum,
universitetimlə əlaqələrimi kəsməyəcəyəm.
"İnsanlar
olduqca qonaqpərvərdir"
Scheach RHİNE,
ABŞ vətəndaşı,
Azərbaycan Dillər Universitetinin hazırlıq fakültəsinin
tələbəsi
2009-cu ildən ailəmlə birgə Azərbaycanda yaşayıram. Bu
vaxt ərzində dil kurslarında ingilis dili müəllimi işləmişəm.
Buna baxmayaraq, Azərbaycan dilini öyrənməyə
vaxtım olmayıb. Mənim
üçün yaşadığım ölkənin dilini
öyrənmək çox vacibdir. Amerikaya kimsə səfər
etsə, ümid edirəm ki, onlar da ingilis dilini öyrənəcək.
Mən Azərbaycanda
yaşayır,
işləyir və oxuyuram. Buna görə də Azərbaycan
dilini öyrənmək və bu dildə danışmaq mənə çox vacibdir.
Qeyd edim ki, Azərbaycan sonsuz potensialı
olan böyük ölkədir. Ən əsası insanları olduqca
qonaqpərvərdir. Burada dağlar meşələrlə
örtülüb və minillik ənənələri qoruyub saxlayan kəndlər
çoxdur. Xüsusən, İsmayıllı rayonunun Lahıc
kəndində sənətkarlar
öz qədim peşələrini davam etdirirlər.
Bu gün Azərbaycan dili üzrə ixtisas təhsili
aldığım Azərbaycan Dillər Universitetində
çoxlu dostlarım və sevimli müəllimlərim var. Vətənimə
qayıdanda da
onları heç vaxt unutmayacağam.
"ADU-da
təhsil almaq mənim çoxdankı arzum idi"
Jidde JACOBİ,
Niderland
Krallığının vətəndaşı, Azərbaycan
Dillər Universitetinin III kurs tələbəsi
Mən
"Erasmus Mundus"
tələbə mübadiləsi proqramı üzrə
Niderlanddan Azərbaycana gələrək ADU-da oxuyuram. Bizim burada oxumağımız üçün hər
cür şərait yaradılıb. Universitetin kitabxanasında bizə
lazım olan bütün dərsliklər var. Mən hər
gün bu kitablardan
lazımınca istifadə edərək müəllimlərimin
tapşırıqlarını vaxtında, özü də
keyfiyyətlə yerinə
yetirirəm.
Doğrusu, müəllimlərimdən
çox razıyam. Burada təhsil almaq mənim
çoxdankı arzum idi. Həyatımda
bir neçə dəfə Avropa ölkələrinə səyahət
etmişəm, amma Azərbaycana gəlməmişdim. Deməliyəm
ki, Azərbaycanda
yaşadığım
ölkədən fərqli olaraq qadınlara münasibət
tam fərqlidir. Azərbaycanda oğlanlar avtobuslarda
qızlara yer vermək üçün ayağa qalxırlar. Bizim ölkədə isə bu belə deyil. (Hətta
yaşlı olsa
belə...) Bir sözlə, Azərbaycanda qadınlara daha çox hörmət edirlər.
Digər bir məsələni də qeyd etmək yerinə
düşər. Təhsil aldığım ADU-da müəllimin tələbələrlə
ünsiyyət qurması adi bir
haldır. Niderlandda
isə əksinə, tələbələr müəllimlə dərs prosesində fəaldır və s.
Azərbaycanda görməli-gəzməli
yerlər də çoxdur. Niderlandda
isə heç dağ yoxdur. Buna görə də burada
yaşayan insanların çoxu velosipeddən istifadə edirlər.
"Qız
qalası, Şirvanşahlar sarayı, İçərişəhər
mənə çox maraqlı gəlir"
Merve KUZUCU,
Türkiyə
Respublikasının vətəndaşı, Azərbaycan Dillər
Universitetinin III kurs tələbəsi
Azərbaycan haqqında televizorda baxardım, radiolarda
dinləyərdim və internet saytlarında məlumatlar oxuyardım. Fikirləşərdim
ki, Azərbaycanda
yaşlı və cavan nəsillərin həyat tərzi necədir? Məni maraqlandıran Xəzər
dənizi və Azərbaycanın qədim tikililəri olmuşdur.
Onlardan Qız qalası, Şirvanşahlar sarayı,
İçərişəhər və s. mənə çox maraqlı
gəlir.
Bu gün Azərbaycan təhsil sahəsində
çox böyük uğurlar əldə edib və etməkdədir. Belə bir
ölkədə,
ADU-da təhsil aldığıma görə
çox məmnunam.
Təhsilimi başa vurub vətənimə
qayıdanda da Azərbaycandan-qardaş dövlətdən
dostlarıma ürəkdolusu danışacağam. Bu gün sevinirəm
ki, iki qardaş dövlətin
bütün sahələrdə olduğu kimi, təhsil sahəsində
də uğurları artır və
əlaqələri daha da genişlənir. Fürsətdən
istifadə edib mənə dərs deyən bütün müəllimlərimə,
xüsusən xarici tələbələr
dekanlığında çalışan Zülfiyyə
xanıma və İlham müəllimə öz minnətdarlığımı
bildirirəm.
"Məqsədim
Azərbaycan dilini mükəmməl öyrənməkdir"
Jongwook BYON,
Cənubi
Koreya vətəndaşı, Azərbaycan Dillər
Universitetinin hazırlıq fakültəsinin tələbəsi
Azərbaycan çox maraqlı ölkədir. Azərbaycana gələn kimi
uşaqlığımla bağlı çoxlu xatirələr yadıma
düşdü. Azərbaycan sürətlə
inkişaf edir. Təbii ki,
mən Koreyanı bütün ölkələrdən
çox sevirəm, həm də Azərbaycanı...
Burada azərbaycanlılar mehriban, alicənab
insanlardır. Başqalarına kömək etməyi
sevir və cəmiyyətin önəmini anlayırlar. Bəzi
Qərb dövlətləri
isə bu dəyəri itirib.
Bu gün mən Azərbaycan Dillər
Universitetinin hazırlıq fakültəsinin tələbəsiyəm. Məqsədim
Azərbaycan dilini mükəmməl öyrənməkdir. Çünki Azərbaycan dilində danışmaq mənə
xoş gəlir. Təhsil aldığım universitetin mehriban
müəllimləri var. Onlar bizim üçün əllərindən
gələni əsirgəmirlər.
"Bakı
gözəl və təmiz şəhərdir"
Han YATİNG,
Çin
Xalq Respublikasının vətəndaşı, Azərbaycan
Dillər Universitetinin hazırlıq fakültəsinin tələbəsi
Mənim adım Han Yatingdir. Mən
Çindənəm. Çin dostlarımın
olduğu ölkədir. Bu gün
yaşadığım Bakı çox gözəl və təmiz
şəhərdir. Mənim
ən çox xoşuma gələn cəhət insanların
mehribanlığıdır. ADU-da təhsil almağım
üçün mənə dərs deyən müəllimlər
yaxından kömək edir, Azərbaycan dili ilə yanaşı, rus dilini də öyrənirəm. İndi rus dili dünyada daha önəmlidir və
həmçinin Çində
də...
Azərbaycan Çinin dostudur. Buna görə
də mən burada təhsil almaq və çoxlu dostlar qazanmaq istəyirəm.
Özümə bu yolda yeni uğurlar
arzulayıram.
Hazırladı: Şakir CƏFƏROV
Azərbaycan
müəllimi.- 2013.- 4 oktyabr.- S.10.