Ən yaxşı müəllim kimi peşə bayramımızı

qarşılamağım ikiqat sevindiricidir

 

5 OKTYABR BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜDÜR

 

1962-ci ildə Ağcabədi rayonunda ziyalı ailəsində anadan olmuşam. 1978-ci ildə Ağcabədi şəhər 11 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirmişəm. Uşaqlıqdan tarixçi, tarix müəllimi olmaq arzusunda olmuşam. Bu arzumu reallaşdırmaq üçün elə həmin il sənədlərimi Azərbaycan Dövlət Pedaqoji İnstitutuna (hazırkı Azərbaycan Dövlət Pedaqoji Universitetinə) vermiştarix fakültəsinə qəbul olunmuşam. 1983-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişəm. Təyinatla Ağcabədi rayonundakı Üzeyirkənd orta məktəbinə müəllim təyin olunmuşam. Bir il orada müəllim işlədikdən sonra ailə vəziyyətimlə əlaqədar Bakı şəhərinə köçmüşəm. 1988-ci ildə Bakı şəhəri Nizami rayonundakı 129 nömrəli tam orta məktəbə müəllim təyin olunmuşam. 1994-cü ilə kimi həmin məktəbdə tarix müəllimi işləmişəm. Müəllim kimi formalaşmağımda bu məktəbdəki fəaliyyətimin mühüm rolu olmuşdur. 1994-cü ildə N.Nərimanov rayonunda yaşamağımla əlaqədar 82 nömrəli tam orta məktəbə dəyişilmiş və pedaqoji fəaliyyətimi burada davam etdirmişəm. Həmin vaxtdan indiyə kimi bu məktəbdə çalışıram. Bir pedaqoq kimi bu məktəbdə çox şey öyrənmiş və pedaqoji ustalığa yiyələnmişəm. O zamankı məktəb direktoru, tanınmış təhsil işçisi Babaxan Muradovdan, məktəbimizin hazırkı direktoru Vaqif Mehdiyevdən, təlim - tərbiyə işləri üzrə direktor müavini Aida Qasımovadan, həmkarlarım  Almaz Nəsibovadan, Nərgiz Quliyevadan və digər müəllimlərdən pedaqoji peşə fəaliyyətinin bir çox incəliklərini öyrənmişəm.

Mən pedaqoji fəaliyyətimin ilk vaxtlarından bir müəllim kimi həmişə şagirdləri düşünməyə, axtarışa sövq edib, onların təfəkkürünə yol açmağa çalışmışam. Dərs dediyim şagirdlərdə tarixə, xüsusən Azərbaycan tarixinə böyük maraq oyatmışam. Çalışıram tədris prosesini elə təşkil edim ki, o, şagirdlərdə idrak fəallığı yaratsın, onlarda biliklərə yiyələnmək həvəsi doğursun. Şagirdlər təkcə tarixi faktları və hadisələri mexaniki olaraq yadda saxlamasınlar, onların yarandığı dövrü, şəraiti düzgün dərk edə və qiymətləndirə bilsinlər. Hadisə və faktları təhlil etmək qabiliyyətlərinə yiyələnsinlər. Uzunillik təcrübəm göstərir ki, belə tədris zamanı  mexaniki əzbərləmə, hafizə deyil, düşüncə, təfəkkür ön plana keçir. Müasir təhsilimizin əsas qayəsi də məhz bundan ibarətdir.

Açığını deyim ki, bütün müəllimlər kimi mən də respublikamızda son illər həyata keçirilən və pedaqoji ictimaiyyətin böyük rəğbətlə qarşıladıığı "Ən yaxşı müəllim" müsabiqəsində iştirak etmək arzusunda olmuşam. Lakin daha yaxşı nailiyyətlərlə bu müsabiqəyə qoşulmaq istəyim yalnız bu il fikrimi reallaşdırmaq arzusunu daha da gücləndirdi və müsabiqədə iştirak etmək qərarına gəldim.

Çox ciddi olan müsabiqə şərtləri ilə tanışlığım ona hazırlıq ərəfəsində öz bilik və bacarığımı bir daha götür-qoy etmək imkanımı genişləndirdi,  müsabiqədə iştirak etdimqalib oldum.

Müsabiqə mənə çox şey verdi. Maddi həvəsləndirmə müəllim üçün böyük kömək, həvəsləndirmə vasitəsi olsa da, mən  onu nəzərdə tutmuram. Bu olar da, olmaz da. Başlıca məsələ müəllim əməyinə verilən qiymət, onun uzunillik fədakar əməyinin dövlət tərəfindən qiymətləndirilməsi, ona verilən yüksək dəyərdir. Bunu  heç bir  maddiyyatla müqayisə etmək olmaz.

Cənab Prezidentimiz möhtərəm İlham Əliyevin verdiyi sərəncamda öz adımı oxumaqdan aldığım sevinc hissi məndə gələcək işlərimdə daha məsuliyyətli olmaq, daha böyük uğurlar əldə etmək üçün səylə çalışmaq inamımı daha da artırdı.

Belə bir müsabiqənin keçirilməsi, yəni hər il yaxşıların ən yaxşısının seçilməsi müəllimə, məktəbə və bütövlükdə təhsilimizə göstərilən qayğı və diqqətin təzahürüdür. Bunun üçün dövlətimizin başçısına, hökumətimizə və respublika Təhsil Nazirliyinə öz minnətdarlığımı bildirirəm. Bu həm də gələcək fəaliyyətim, yeni nailiyyətlər üçün məsuliyyət deməkdir.

Pedaqoji fəaliyyətimdə əsas məqsədim məhz bu müsabiqəyə hazırlıq olmasa da, bir neçə il öncədən gördüyüm işlərin çoxu müsahibənin birinci mərhələsinin şərtlərini ödəyirdi. Müxtəlif təlim kurslarının iştirakçısı olmuş, təcrübəmlə bağlı respublikamızın pedaqoji mətbuatında məqalələrlə çıxışlar etmişəm.

"Fəal təlim"  (2003),  "Mimio XI. İnteraktiv lövhə ilə tədris" (2010), "İnformasiya-kommunikasiya texnologiyalarının köməyi ilə tədris  prosesinin təşkili" (2010),  İntel "Gələcək üçün təhsil" (2011),  "Öyrədənlərin öyrədəni" (2012), "İnkişaf" Elmi Mərkəzinin apardığı "Təlimçilər üçün təlim" (2012) kurslarını keçməyimi təsdiqləyən sertifikatlarım var.

2002-2003-cü tədris ilində N.Nərimanov rayonu üzrə "Pedaqoji mühazirələr" müsabiqəsinin, 2003-2004-cü tədris ilində isə rayon üzrə "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olmuşam.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2012-2013-cü tədris ilində keçirdiyi "Azərbaycan tarixi fənn aylığı" müsabiqəsində "Ən yaxşı dərs layihəsi" nominasiyası üzrə I  və "Müəllimin ən yaxşı açıq dərsi" nominasiyası üzrə III yerə layiq görülərək fəxri fərmanlar və mükafatlar  almışam.

TQDK-nın tarix fənni üzrə ekspert şurasının üzvüyəm. Təbii ki, bunlar hamısı müsabiqənin ilk mərhələsində nəzərə alındı.

Müsabiqənin ikinci mərhələsində sınaq dərslərinin keçirilməsinə ciddi hazırlıq tələb olunurdu. Müsabiqənin çətin olacağı aydın idi.

Dərsim Bakı şəhərindəki 1 nömrəli tam orta məktəbin VIII sinfində oldu. Bu dərsləri qiymətləndirəcək komissiya üzvləri respublikamızın tanınmış pedaqoqları, metodistləri və qabaqcıl tarix müəllimləri idi. Müsabiqədə ən böyük çətinlik məktəbin, dərs apardığım sinfin tanış olmaması idi. Lakin müəllimin işinin güzgüsü onun apardığı dərsin səviyyəsi olduğunu bildiyimdən bu mərhələyə ciddi hazırlaşdım. Dərsimdə müasir təlim texnologiyalarından, fəal təlim metodlarından geniş istifadə etdim. Deyəsən, yaxşı alındı. Dərsim komissiya üzvlərini razı salmışdı. Mümkün 10 baldan 9,66 bal topladım.

Ən həyəcanlı, ən qısa vaxt ərzində bir yenilikçi müəllim kimi özünü göstərə bilmək, özünü ifadə etmək imkanının olduğu III mərhələ gözlədiyimdən də demokratik bir səviyyədə keçdi. Hər şey şəffaf, heç bir təsir, təzyiq olmadan həyata keçdi. Bu mərhələdə mümkün 10 baldan 9,84 bal topladım. Bundan yaxşı nə ola bilərdi? Burada əyləşən təhsil bilicilərinin heç kimə fərq qoymadan hamıya eyni bir meyardan yanaşdıqlarının şahidi oldum. Demək olar ki, nəinki yüksək bal toplayan həmkarlarım, hətta yüksək bal toplamayanlar da bu nəticələrdən razı idilər.

Yaxınlaşan müəllim gününü ilin "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərindən biri kimi qarşılamağım ikiqat sevindiricidir. Qalib olduğum günlərdə olduğu kimi, bu gün də müəllim yoldaşlarımdan, dostlarqohumlardan, ən çoxu isə şagirdlərimdən təbriklər gözləyirəm. Məncə, müəllimin ən önəmli təbriki şagirdlərinin minnətdarlıq hissi ilə onu yada salmalarıdır. 

 

Nuriyyə İLYASOVA,

Bakıdakı 82 nömrəli tam orta məktəbin müəllimi

 

Azərbaycan müəllimi.- 2013.- 4 oktyabr.- S.6.