2013-cü ilin Nobel mükafatı

laureatlarının adları açıqlanıb

 

İsveçin paytaxtı Stokholmda Nobel Mükafatları  Komitəsi ənənəyə uyğun olaraq  elm sahəsində 2013-cü il üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Bu barədə Nobel Mükafatları Komitəsi məlumat yayıb. Hər il  oktyabrın ilk günlərində Nobel həftəliyi (7-14 oktyabr) çərçivəsində tibb və fiziologiya, fizika, kimya, ədəbiyyat üzrə laureatların adları açıqlanır. 

Oktyabrın 7-də İsveç Nobel Mükafatları Komitəsi ilk olaraq  tibb və fiziologiya  üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb.   Tibb və fiziologiya sahəsində  ali mükafata  Ceyms Rotman (ABŞ), Endi Şekman (ABŞ) və Tomas Züdhof (Almaniya) layiq görülüb. Nobel Mükafatları Komitəsi bəyan  edib ki, alimlər  molekulların hüceyrə daxilində lazımi vaxtda və lazımi yerə çatdırılması prinsiplərini kəşf ediblər.  Hazırda Amerikada işləyən alimlər hüceyrələrdə əsas nəqliyyat mexanizmini müəyyənləşdiriblər.  Hüceyrələrin öz nəqliyyat sistemini necə təşkil etməsi, maddələri lazımi nöqtələrə necə daşıması indiyədək məlum deyildi. Məlumdur ki,  hər bir hüceyrə  molekulları istehsal  və nəql edir. Hüceyrə bu molekulları ətrafa vezikule adlandırılan  xüsusi örtüklər vasitəsi ilə göndərir. Bu vaxta qədər maddələrin birbaşa öz ünvanlarına və dəqiq çatdırılması mexanizmi elmə məlum deyildi. Bu mexanizm hüceyrə daxilində maddələrin hərəkətini tənzimləyir. Bu  sistemin  pozulması   bir sıra immun, əsəb, eləcə də şəkər xəstəliklərinin yaranmasına səbəb ola bilər. 

C.Rotman və T.Züdhof hüceyrə daxilində molekulların xüsusi örtüklər - vezikulelər vasitəsilə tutulması və nəqli mexanizmlərini tədqiq ediblər.  E.Şekman isə hüceyrə daxilində molekulların  nəqli üçün lazım olan genləri tədqiq edib.

Nobel Mükafatları Komitəsi bildirib ki, alimlər hüceyrə fiziologiyasında fundamental prosesləri müəyyən ediblər. Bu kəşf orqanizmdə gedən bir sıra fizioloji prosesləri qiymətləndirməyə imkan yaradıb.

 

***

 

Oktyabrın 8-də Nobel Mükafatları Komitəsi fizika sahəsində ali elmi  mükafata Böyük Britaniyadan olan Peter Xiqqs (Peter Ware Higgs) və belçikalı Fransua Enqleri (François Englert)  layiq görüb.  Alimlər 1960-cı ildə maddədə kütlənin əmələ gəlmə mexanizmini izah edən nəzəriyyəni işləyib hazırlayaraq elmi ictimaiyyətə təqdim ediblər. Alimlər 50 il əvvəl ilk elementar hissəciklərdən birinin - "Hiqqs bozonu"nun mövcudluğunu  xəbər veriblər. Tam yarım əsrdən  sonra  "Hiqqs bozonu"  ötən il İsveçrədə CERN Elmi Mərkəzində quraşdırılmış Böyük Adron Kollayderində aşkar olunub. İsveç Kral Akademiyası bildirib ki, alimlər bəşəriyyətin kütlənin subatom hissəciklərinin yaranmasını daha yaxşı  başa düşməsinə kömək edən mexanizmi kəşf etdiklərinə görə ali elm mükafatına layiq görülüblər. İsveç Kral Akademiyasının icraçı katibi Staffan Normark qeyd edib ki, bu mükafat nəhəng nəticələr yaradan incə bir məsələyə həsr olunub.

 

***

 

Oktyabrın 9-da İsveç Kral Akademiyası 2013-cü il kimya sahəsində Nobel mükafatına amerikalı alimləri layiq görüb.  Amerikanın Stenford Universitetindən Maykl Levit (əslən Cənubi Afrika Respublikası),  Harvard Universitetindən Martin Karplyus (əslən Avstriya) və Cənubi Kaliforniya Universitetindən Arye Uorşel (əslən İsrail) mürəkkəb kimyəvi sistemlərin kompüter modelləşdirilməsi metodunu kəşf etdiklərinə görə ali elm mükafatına layiq görülüblər.    Onlar kimyəvi proseslərin proqnozlaşdırılması üsulunu hazırlayıblar ki, bu da yeni dərman preparatlarının yaradılmasının  əsasını qoyub. "Kimyəvi proseslərin dərindən başa düşülməsi  katalizatorları, dərmanları optimallaşdırmağa imkan verir", - deyə İsveç Kral Akademiyası bildirib.  Akademiya əlavə edib ki, "bu gün kompüter kimyaçı üçün təcrübə kolbası qədər vacib alətə çevrilib".    Alimləri Nobel mükafatına gətirən kəşf öz başlanğıcını  1970-ci illərdən götürüb. O vaxtlar heç bir güclü  hesablama texnikasına malik olmayan alimlər ilk dəfə olaraq kimyada molekulların modelləşdirilməsində  kvant və klassik yanaşmaları uzlaşdıra biliblər.

 

***

 

Oktyabrın 10-da ədəbiyyat sahəsində 2013-cü il Nobel mükafatı laureatının adı açıqlanıb. Nobel Mükafatları Komitəsindən verilən məlumata görə, ədəbiyyat üzrə mükafata Kanada yazıçısı xanım Elis Munro (Alice Ann Munro) layiq görülüb. İsveç Kral Akademiyası  yazıçını "müasir hekayə janrının ustadı" kimi qiymətləndirib. Öz əsərlərində realizm prinsiplərinə əsaslanıb.    Elis Munro Nobel mükafatları tarixində (1901-2013) ədəbiyyat sahəsində ali mükafata layiq görülmüş 13-cü qadındır.

Qeyd edək ki, oktyabrın 11-də sülh, 14-də iqtisadiyyat üzrə qaliblərin adları açıqlanacaq.  Bununla da İsveçdə Nobel həftəliyi başa çatacaq.   

2013-cü ilin laureatlarının mükafatlandırılması mərasimi, hər il olduğu  kimi,  dekabrın 10-da Alfred Nobelin anım günündə keçiriləcək.  Qaliblərə  mükafatın təsisçisinin əksi təsvir olunmuş qızıl medal, diplom və 8 milyon İsveç kronu və ya 1,2 milyon ABŞ dolları məbləğində  pul mükafatı veriləcək. Qeyd edək ki, mükafatlar 1895-ci ildə Stokholmda Alfred Nobelin vəsiyyətnaməsi ilə qurulan fond tərəfindən təsis edilib.

 

Tibb və fiziologiya üzrə Nobel mükafatı laureatları

 

Ceyms Rotman (James E.Rothman) 1950-ci ildə ABŞ-ın Massaçusets ştatının Xeyverxill şəhərində anadan olub. 1976-cı ildə Harvard Tibb Məktəbində doktorluq elmi dərəcəsi alıb. Massaçusets Texnologiya İnstitutunun əməkdaşı olub, 1978-ci ildə Kaliforniyada Stenford Universitetində hüceyrədaxili daşınma sahəsində tədqiqatlara başlayıb. C.Rotman eyni zamanda Prinston Universitetində, Memorial Sloan-Kettering Cancer Institute-də və Kolumbiya Universitetində çalışıb. 2008-ci ildən Yel Universitetində tədqiqatlar aparır. Hazırda bu universitetin professoru    hüceyrə biologiyası kafedrasının müdiridir. 

 

 Endi  Şekman (Randy W.Schekman) 1948-ci ildə Amerikanın Minnesota ştatının Sent-Pol şəhərində anadan olub. Kaliforniya və Stenford universitetlərində təhsil alıb. 1974-cü ildə Artur Kornberqin (1959-cu ildə Nobel mükafatına layiq görülüb) rəhbərliyi altında çalışıb. 1976-cı ildə E.Şekman Kaliforniya Berkli Universitetində fəaliyyətini davam etdirib. Hazırda bu universitetin molekulyar və hüceyrə biologiyası kafedrasının professorudur. E.Şekman eyni zamanda Howard Hughes Medical Institute-də tədqiqatlara rəhbərlik edir.

  

Tomas Züdhof  (Thomas C.Südhof)  1955-ci ildə Almaniyanın Gettingen şəhərində anadan olub. O, Gettingendə Georg-August-York  Universitetində oxuyub, 1982-ci ildə tibb üzrə doktorluq elmi dərəcəsi alıb. Elə həmin il neyrokimya sahəsində doktorluq işini müdafiə edib.  1983-cü ildə ABŞ-ın Texas Cənub-Qərb Tibb Mərkəzində tibb professorları  Maykl Broun və Cozef Qoldsteynin rəhbərliyi altında tədqiqatlar aparıb.  T.Züdhof 1991-ci ildə Howard Hughes Medical Institute-nin əməkdaşı kimi fəaliyyət göstərib. 2008-ci ildə Stenford Universitetinin molekulyar və hüceyrə fiziologiyası kafedrasının professoru təyin olunub.

 

Kimya üzrə Nobel mükafatı laureatları

 

Maykl Levitt 1947-ci ildə Cənubi Afrika Respublikasında, Pretoriya ştatında anadan olub. 1964-1967-ci  illərdə London Kral Kollecində oxuyub. Burada fizika üzrə bakalavr diplomu alıb. 1974-cü ildə Kembric Universitetinin molekulyar biologiya kafedrasında elmi işçi kimi fəaliyyətə başlayıb. 1979-1987-ci illərdə İsraildə Veysman İnstitutunda dosent, 1980-1983-cü illərdə fiziki-kimya şöbəsinin müdiri olub. 1987-ci ildən Stenford Universitetinin tibb məktəbinin struktur biologiya şöbəsinin professorudur.  

 

Martin Karplyus 1930-cu ildə Avstriyanın Vyana şəhərində anadan olub. 1950-ci ildə Harvard  Universitetində bakalavr elmi dərəcəsi alıb. Daha sonra iki dəfə Nobel mükafatı laureatı Laynus Polinqlə  Kaliforniya Universitetində çalışıb. 1953-cü ildə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 1953-1955-ci illərdə Oksford Universitetində işləyib. Elmi fəaliyyət sahəsi kvant kimyası və nüvə spektroskopiyası olan alim hazırda Kaliforniya Texnologiya İnstitutu və Harvard Universitetində fəaliyyət göstərir.  

 

Arye Uorşel 1940-cı ildə İsraildə anadan olub. Xayfa şəhərində Texnion Universitetinə daxil olan A.Uorşel 1966-cı ildə kimya üzrə bakalavr elmi dərəcəsi alıb. 1967 və 1969-cu illərdə Veysman İnstitutunda magistr   fəlsəfə doktoru olub. 1970-1972-ci ildə Harvard Universitetində elmi təcrübə keçib.  O, daha sonra Kembric Universitetində molekulyar biologiya  laboratoriyasında işləyib.  A.Uorşel 1976-cı ildən Cənubi Kaliforniya Universitetinin kimya fakültəsində fəaliyyət göstərir. 

 

Fizika üzrə Nobel mükafatı laureatları

 

Piter Xiqqs 1929-cu ildə  Böyük Britaniyanın Nyukasl şəhərində anadan olub. O, London Kral Kollecini bitirib.  Fizika üzrə doktorluq dissertasiyasını alim bu kollecdə müdafiə edib. 

Daha sonra isə öz fəaliyyətini Edinburq Universitetində davam etdirib. O bu  universitetdən istefaya çıxıb. London Kral Cəmiyyətinin üzvüdür.  P.Xiqqs 1960-cı illərdən başlayaraq yapon fiziki Eitiru Nambunun (2008-ci ildə Nobel mükafatı alıb) simmetriyanın spontan pozulması konsepsiyasını inkişaf etdirib. O bu konsepsiyanı ifrat keçiricilərə tətbiq edib.

 

Fransua Enqler 1932-ci ildə Brüsseldə anadan olub. O, 1955-ci ildə Brüssel Açıq Universitetini  mühəndis-elektrik mexaniki ixtisası üzrə bitirib. 1959-cu ildə Enqler bu universitetdə fizika üzrə dissertasiya müdafiə edib. 1959-1961-ci illərdə Kornell Universitetində çalışıb.  1998-ci ildən Brüssel Universitetinin fəxri professoru seçilib. 2011-ci ildən Kaliforniyadakı Çempen Universitetinin dəvət olunmuş professorudur. O, eyni zamanda 1998-ci ildən Təl-Əviv Universitetinin fizika və astronomiya kollecinin professoru kimi fəaliyyət göstərir.  Alim əsasən statistik fizika, sahənin kvant nəzəriyyəsi, kosmologiya sahələrində ixtisaslaşıb.

 

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı

 

Elis Munro 1931-ci ildə Kanadanın Vingem şəhərində  anadan olub. Bədii ədəbiyyat sahəsində 3 dəfə Kanadanın qubernatoru adına mükafat alıb.  Kanadanın Şimali Ontario Universitetində təhsil alıb.    O, Kanada ədəbiyyatının patriarxı hesab olunur. E.Munro Nobel mükafatına layiq görülmüş ilk Kanada  yazıçısıdır.   2009-cu ildə lBuker» beynəlxalq ədəbi mükafatına layiq görülüb.  2013-cü ilin yayında 82 yaşlı Munro ədəbiyyatı tərk etdiyini bildirib. Onun sonuncu kitabı  ötən ilin payızında dərc olunmuş "Qiymətli  həyat"  hekayələr toplusudur.   

 

Oruc Mustafayev

 

Azərbaycan müəllimi.- 2013.- 11 oktyabr.- S.9.