Bakı Dövlət Universitetinin rektoru

Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb

  

Oktyabrın 12-də Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabeni qəbul edib.

Rektor səfirin fəaliyyəti dövründə respublikamızda elmin və təhsilin inkişafına dəstəyindən, şərqşünaslıq fakültəsində yapon dili və ədəbiyyatının tədrisinə göstərdiyi xüsusi münasibətdən məmnun olduğunu bildirib. Onun dövründə Yaponiyaya göndərilən tələbələrin sayının artdığını deyən rektor, eyni zamanda səfirin xanımı Atsuko Vatanabenin yapon dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan tələbələrə Yaponiyanın mədəniyyəti, incəsənəti ilə bağlı dediyi dərslərin əhəmiyyətini qeyd edərək təşəkkürlərini çatdırıb.

Rektor yaxın vaxtlarda diplomatik fəaliyyəti başa çatacaq səfirə bu xidmətlərinə görə universitetin fəxri fərmanını təqdim edib.

Sonra səfirin iştirakı ilə 12-ci Bakı Yapon dili Natiqlik Müsabiqəsi başlayıb. Azərbaycan və Yaponiyanın dövlət himnləri səsləndikdən sonra BDU-nun elminnovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə çıxış edərək artıq ənənə halını almış müsabiqənin əhəmiyyətindən danışıb və səfirə təşəkkür edib. Bildirilib ki, artıq universiteti yapon dili və ədəbiyyatı üzrə 70 nəfər bakalavr, 11 nəfər isə magistr pilləsində başa vurub. Hazırda 3 nəfər Yaponiyada magistr təhsili alır. Səfir Şusuke Vatanabenin çıxışından sonra müsabiqə qaydaları izah edilib. Müsabiqə 2 yarımhissədən ibarət olub. Hər bölmə çıxışlar və sual-cavab əsasında qurulub. Sonra münsiflər heyəti balları hesablayıb və yerlər müəyyən edilib. İlk 5 yerin sahibinə mükafatlar təqdim edilib. 

 

BDU-nun Mətbuat informasiya şöbəsi

 

Azərbaycan müəllimi.- 2013.- 18 oktyabr.- S.2.