Pedaqoqlar vahid müəllim
formasına
keçməyi necə qiymətləndirirlər?
Son illər respublikamızda şagirdlərin
vahid məktəbli formasına keçidi müvəffəqiyyətlə həyata
keçirilib. Hazırda gündəmdə
olan məsələlərdən biri isə müəllimlərin vahid formaya keçidi
ilə bağlıdır. Qeyd edək ki, bir çox
inkişaf etmiş
ölkələrdə müəllimlərin xüsusi
geyim forması var. Azərbaycanda
da müəllimlərin vahid
geyim formasına keçidi
ilə bağlı tez-tez təkliflər
səsləndirilir. Artıq paytaxtın 20-dən artıq məktəbində
könüllü olaraq
müəllimlər vahid geyim
formasına keçiblər. Pedaqoqların sözügedən
məsələ ilə bağlı fikirlərini öyrənmək
məqsədilə paytaxtın bir
neçə məktəblərində olduq.
Sinfə daxil olan müəllim
geyimi ilə nümunə olmalıdır
İradə MURQUZOVA,
171 nömrəli tam orta məktəbin direktoru
- Məktəbimizdə
müəllimlərin vahid forması
artıq 6 ildir ki tətbiq
olunur. Bir dəfə
tənəffüs zamanı iki şagirdin söhbətinə şahid
oldum. Şagirdlər maddi
cəhətdən imkanlı və imkansız müəllimlərin
geyimlərini müzakirə edirdilər. Bu,
mənə çox pis
təsir etdi və Pedaqoji
Şurada məsələ ilə
bağlı müzakirə apardıq. Demək olar ki, müəllimlərin 90-95%-i vahid formaya keçidi
dəstəklədi. Sonra biz
parçalar aldıq və hər bir müəllim özü
üçün forma
tikdirdi. Hazırda məktəbimizdə fəsillərə
uyğun olaraq hər
müəllimin 4 müxtəlif forması var.
Bu gün artıq bizim məktəbdə müəllimlərin geyimi nə şagirdlərdə, nə
valideynlərdə, nə də ictimaiyyətin digər
nümayəndələrində narazılıq yarada biləcək tərzdədir.
Düşünürəm ki, sinfə daxil olan müəllim geyimi ilə nümunə olmalıdır,
müəllim adına xələl gətirməməlidir. Bundan başqa, müxtəlif
peşə sahiblərinin nümayəndələrinin vahid forması mövcuddur.
Bu forma onları ictimaiyyət arasında
da fərqləndirir. Müəllim əgər bir ictimai nəqliyyatda və
ya digər yerlərdə formada olarsa özünü
daha məsuliyyətli hiss
edər.
Müəllimlərin hamısının eyni geyim
formasında olması yaxşı haldır
Xatirə ZEYNALOVA,
171 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
- Vahid
formaya keçid
müəllimlərin şəxsi təşəbbüsü idi. Şəxsən mən buna
müsbət yanaşıram və vahid geyimin tərəfdarıyam. Ona
görə ki, vahid geyim forması müəllimin şagirdlər
arasında imicinin daha
da güclənməsinə xidmət edir. Eyni zamanda,
bunun digər müsbət tərəfləri
də var. Məsələ ondadır ki, müəllimlər də şagirdlər kimi eyni imkana
malik deyil. Elə
müəllim var ki, məktəbə
gündə bir paltar
geyməyə imkanı yoxdur. Bəzən
bu amil müəllimdə
kompleks yaradır, şagirdlər
arasında sıxılır. O da ola bilər ki, müəllim
dəbdəbəli paltar geydiyi
üçün şagirdlərin dərsə
olan diqqəti yayınsın. Bütün bu və buna bənzər digər problemlərin aradan qaldırılması baxımından
müəllimlər üçün vahid geyim formasının
tətbiqinin tərəfdarıyam. Müəllim vahid geyim formasında sinfə
girsə, şagirdlər qarşısında yaxşı
görsənər. O baxımdan, müəllimlərin
hamısının eyni geyim
formasında olması yaxşı haldır.
Hər bir məktəbin özünün
xüsusi forması olsa daha yaxşı olar
Süsən SALMANOVA,
201 nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllim
Hazırda bizim məktəbdə müəllimlərin vahid forması tətbiq olunmayıb. Lakin buna baxmayaraq
müəllimlərin geyimi məktəb rəhbərliyi
tərəfindən daim diqqətdə
saxlanılır. Düşünürəm ki,
müəllim geyimi, davranışı ilə
hər bir şəxsə örnək
olmalıdır. Biz məktəbdə
müəllimlərin vahid forması ilə
bağlı müxtəlif müzakirələr
aparırıq və bu məsələ
ilə bağlı hazırlıq dövründəyik. Bildiyiniz kimi, bu məsələyə bir az da həssas yanaşmaq lazımdır. Çünki
vahid formaya keçid məcburi deyil və
pedaqoji kollektivin istəkləri
ön planda
tutulmalıdır. Lakin mən bunun tərəfdarıyam və müəllimlərimizin
də demək olar ki,
böyük əksəriyyəti vahid formaya keçməyi
istəyirlər. Müasirliyi və
klassikanı özündə əks etdirən bir
forma seçməyi
planlaşdırırıq. Məncə
vahid forma müəllimlərdə
öz peşələrinə
qarşı əlavə stimul yaradar. Bu, şagirdlərin
müəllimə qarşı olan
hörmət və ehtiramını daha da artırar. Həm də müəllimlər
maddi cəhətdən də böyük bir yükdən
azad olarlar. Fikrimcə,
hər bir məktəbin özünün
xüsusi forması olsa
daha yaxşı olar.
Müəllimlər öz işlədikləri
məktəblərə görə fərqlənsələr
rəngarənglik olar.
Məktəbimizdə 2 ildir ki, müəllimlər vahid forma geyinirlər
Gülnarə VƏLİYEVA,
38 nömrəli tam orta məktəbin kimya müəllimi
- Məktəbimizdə
müəllimlər üçün vahid forma artıq 2 ildir ki, tətbiq olunur. Vahid formaya
keçid müəllimlərin şəxsi
təşəbbüsü idi. Biz müəllimlər bu formalara keçməklə həm şagirdlərə
bir nümunə olmağı, həm də
müəllimlər arasında maddi cəhətdən
fərqlənməyi aradan götürməyi
düşünürdük. Bu məqsədlə forma seçimi üçün
ilk öncə parçalar
aldıq və məsləhətləşərək vahid bir forma
seçdik. Sonra hər
bir müəllim şəxsi dərzisində
bu formanı tikdirdi. Həmin
forma bizə çox ucuz qiymətə başa
gəldi. Artıq hər gün işə
gələndə fikirləşmirik ki, bu gün məktəbə
hansı geyim ilə gedək. Bilirik ki, bizim
məktəbə geyməyə vahid
formamız var. Düşünürəm
ki, vahid forma müəllimləri daha
da məsuliyyətli edir
və onlarda bu müqəddəs
peşəyə qarşı sevgini artırır. Bundan
başqa, şagirdlər də
qarşılarında səliqə ilə geyinmiş
müəllim görürlər.
Digər tərəfdən, şagirdin
qarşısında müəllimin vahid formada olması özü
də bir tərbiyəvi əhəmiyyət
kəsb edir.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2013.-
18 oktyabr.- S.6.