"Azərbaycan müəllimi"

qəzetinin 80 yaşı tamam olur

 

Bu illər ərzində qəzet şərəfli bir inkişaf yolu keçib

 

"Azərbaycan müəllimi" qəzeti respublikamızın mətbuat tarixinə şərəfli yaradıcılıq yolu keçmiş, pedaqoji ənənələrin inkişafında silinməz izlər buraxmış, özünəməxsus dəst-xətti ilə seçilən nəşrlərdən biri kimi daxil olmuşdur. Azərbaycanda pedaqoji mühitin formalaşmasında, müəllim kadrların elmi-metodiki  səviyyəsinin yüksəldilməsində bu qəzetin mühüm xidmətləri vardır.

 

Heydər ƏLİYEV,

Azərbaycan xalqının ümummilli lideri 

 

"Azərbaycan müəllimi" qəzeti  təsis olunduğu gündən etibarən Azərbaycanda təhsilin aktual problemlərinin işıqlandırılmasında, qabaqcıl pedaqoji təcrübənin təbliğində böyük xidmətlər göstərmiş, təhsil müəssisələri üzrə ixtisaslaşmış jurnalistlərin formalaşmasında aparıcı rol oynamışdır.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Müasir milli məktəb və demokratik mətbuatın yaranmasının bünövrəsi XIX əsrdə qoyulsa da Azərbaycan təhsili, elmi və mədəniyyəti əsasən XX əsrdə hərtərəfli inkişaf yolu keçib. Məhz bu dövrdə ölkəmizdə savadsızlıq ləğv edilib, tam orta icbari təhsil tətbiq olunub, təhsil müəssisələrinin, o cümlədən ali məktəblərin inkişaf etmiş şəbəkəsi yaradılıb, Azərbaycan Milli Elmlər Akademiyasının əsası qoyulub, minlərlə qəzet-jurnal çap olunmağa başlayıb.

Onu da qeyd edək ki, hələ 30-cu illərin ortalarında əhalinin sayının artması, xalq maarifinin inkişafı, yeni elmi-pedaqoji kadrların, ziyalıların yetişməsi və informasiya məkanının genişlənməsi pedaqoji mətbuatın yaranması ehtiyacını doğururdu.

Beləliklə, 1934-cü il sentyabrın 2-də "Kommunist maarifi" qəzeti nəşrə başladı. Qəzetin nəşrində başlıca məqsəd geniş maariflənmə proqramlarının həyata keçirilməsinə kömək, qazanılmış uğurları təbliğ etmək, təhsillə bağlı qarşıda duran vəzifələri həyata keçirmək idi. Bu mətbu orqan həmçinin "mədəni inqilab"ın əsas təbliğat vasitələrindən olmaqla respublikada milli elmi-pedaqoji kadrların formalaşmasına yaxından kömək edir, xalq maarifinin, təhsilin inkişafında müstəsna rol oynayırdı. Qəzet kommunist ideyalarının, bolşevik maarifinin ruporu kimi nəzərdə tutulub yaradılsa da ilk gündən mövcud çərçivəyə sığmır və daha çox ümumxalq qəzeti kimi diqqəti cəlb edirdi. Sırf pedaqoji məsələlərə geniş yer ayırdığı üçün 1938-ci ildə qəzetin adı dəyişdirilərək "Müəllim qəzeti" adlandırıldı. 1941-ci ilin iyununadək qəzet bu adla nəşr olundu. 1941-ci ilin iyunundan 1946-cı ilin aprelinədək qəzetin nəşri dayandırıldı, qəzetin əməkdaşları döyüşən ordu sıralarına yollandılar.

Məlumat üçün onu da bildirək ki, qəzetin təşəkkül tarixindən 1946-cı ilə qədərki dövrü mətbu orqanının taleyinin ən ağrılı, ən çətin mərhələsini təşkil edir. Qəzetin ilk müəlliflərindən bir çoxu amansız Stalin repressiyalarının qurbanı olub. Bəziləri NKVD zindanlarına atılaraq onlara "xalq düşməni" damğası vurulub, əməkdaşların bir qismi isə Böyük Vətən müharibəsində həlak olub.

1946-cı ilin aprelindən "Azərbaycan müəllimi" adı ilə yenidən nəşrə başlayan qəzet sonrakı illərdə də öz üslubuna, dəst-xəttinə, ən başlıcası isə məramına və amalına sadiq qalıb. Onu çoxminli oxucu auditoriyasına sevdirən də məhz bu keyfiyyətlərdir.

Ziyalı kimi tanınmaq və bu adı qoruyub saxlamaq şübhəsiz ki,  o qədər də asan deyil. Sıravi müəllimindən tutmuş adlı-sanlı elm adamlarına, dövlət xadimlərinədək hamının yekdil fikrinə görə "Azərbaycan müəllimi" təhsilimizin, elmimizin, mədəniyyətimizin inkişafında əvəzsiz rol oynayır, bu ənənəni ölkə təhsilində gedən hərtərəfli islahatlar və qlobal yeniləşmə dövründə də uğurla davam etdirir.

Respublikamızda təhsil islahatlarının həyata keçirilməsində, təhsilin və elmin inkişafında, bütövlükdə milli təhsilimizin uğurlarında  "Azərbaycan müəllimi" qəzetinin rolu əvəzsizdir. Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin qəzetin 60 illik, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin isə qəzetin 70 illik yubileyləri münasibətilə redaksiya kollektivinə göndərdikləri  təbrik məktublarında "Azərbaycan müəllimi"nin fəaliyyətinə layiqli qiymət verilib, onun ictimai-siyasi həyatımızdakı rolu yüksək dəyərləndirilib.  Ulu öndərin redaksiya kollektivinə ünvanladığı  təbrik məktubunda qeyd edilən müddəalar hələ neçə-neçə illər bundan sonra da qəzetin əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirəcək, kollektivə yeni ruh verəcək. Həmin tarixi məktubda deyildiyi kimi: "Azərbaycan müəllimi" yalnız sahə qəzeti olmaqla kifayətlənməmiş, respublika  həyatında  baş  verən  ictimai-siyasi  hadisələrə    nüfuz etmişdir.  Qəzet respublikamızda  jurnalistika  sənətinin  inkişafı işində əhəmiyyətli rol oynamışdır.

"Azərbaycan müəllimi" qəzeti bu gün də öz ənənələrinə sadiq qalaraq pedaqoji maarif istiqamətində fəaliyyətini davam etdirir".

Artıq oxuculara doğmalaşan, öz sanbalı və nüfuzu ilə fərqlənən bu pedaqoji mətbu orqan müstəqil dövlətimizin milli təhsil quruculuğuna, milli mənəvi dəyərlərə söykənən yeni təhsil sisteminin formalaşması işinə xidmət edir.Təbii ki, yeniləşən cəmiyyətə yeni təfəkkürlü insanlar, rasional düşüncə tərzinə malik, demokratik ruhlu mütəxəssislər, müasir dünyagörüşünə sahib olan gənclik olduqca gərəklidir. Bu isə, öz növbəsində, təhsilin, ilk növbədə orta məktəb təhsilinin həm forma, həm də məzmunca yeniləşməsini tələb edir.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və müəllifliyi ilə ərsəyə gələn və 1999-cu ildən həyata keçirilən "Təhsil sahəsində islahat Proqramı" inkişaf etmiş demokratik cəmiyyət quruculuğunda önəmli və müstəsna əhəmiyyət kəsb edir. Təhsil islahatlarının həyata keçirilməsinə başlandığı ilk gündən bu işə layiqli töhfələr verən "Azərbaycan müəllimi" qəzeti faydalı təşəbbüsləri, qabaqcıl təcrübəni yaymaq, yenilikçi, yaradıcı müəllimlərin iş metodlarını ümumiləşdirib pedaqoji ictimaiyyətə çatdırmaq, ortaya çıxan problemlərin aradan qaldırılmasına yardımçı olmaq baxımından az iş görməyib. Respublikanın adlı-sanlı alimləri, tanınmış təhsil işçiləri, pedaqoqlar, müəllimlər, ziyalılar müntəzəm olaraq qəzetdə çıxış edərək islahatın gedişinə dair öz mülahizələrini söyləyir, müasir təhsil quruculuğunun müxtəlif aspektlərini şərh edirlər.

"Azərbaycan müəllimi" qəzeti ulu öndər Heydər Əliyevin zəngin və mənalı həyat yolu, çoxşaxəli fəaliyyəti nümunəsində gənclərin tərbiyə edilməsi, onun siyasi irsinin öyrənilməsi zəminində gənc nəslin fəal həyata hazırlanması sahəsində əhəmiyyətli addımlar atmağa nail olub.

Son illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilində baş vermiş köklü dəyişikliklər, yüzlərlə yeni məktəbin və əlavə korpusun inşa olunması, tədris ocaqlarının təchizatı məsələlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, təhsil müəssisələrinin qazandığı uğurlar qəzetin aparıcı mövzularındandır. Eləcə də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi misilsiz qayğı, Fondun dəstəyi ilə reallaşdırılan müvafiq layihələrin cəmiyyətdə, xüsusilə müəllim və şagirdlər arasında doğurduğu xoş təəssürat "Azərbaycan müəllimi" qəzetinin səhifələrində əksini tapır, belə xeyirxah addımlar yaxşı bir örnək kimi təqdim olunur.

"Azərbaycan müəllimi" qəzeti ümummilli liderin dediyi kimi, ictimai-siyasi həyatımızın bütün sahələrinə nüfuz edib. 1981-ci ildə Azərbaycan Yazıçılar İttifaqının VII qurultayında çıxış edən Heydər Əliyev o vaxta qədər çoxlarının düşünməyə, dilinə gətirməyə qorxduğu, əslində isə hər bir azərbaycanlının ürəyindən xəbər verən bir mövzuya toxunaraq deyib: "Qanlı çar və qanlı şah rejimi xalqımızı iki yerə parçalamışdır. Lakin torpaq birdir, ədəbiyyat birdir...". Bundan sonra bir əsrə yaxın qələmə alınmayan "Cənub mövzusu", "Təbriz mövzusu" yenidən aktuallaşdı. Həmin illərdə bu çağırışa ən birinci səs verən "Azərbaycan müəllimi" qəzeti oldu. "Cənubdan gələn səslər" rubrikası ilə cənublu qardaşlarımızın əsərlərindən seçmələr dərc edilir, qəzetin səhifələri əldən-ələ gəzirdi.  Bundan sonra məhz  biz Cənubi Azərbaycanın adını ucadan çəkə bildik, güneydə yaşayan milyonlarla həmvətənimizin dərdləri, qayğıları ilə yaxından tanış olmaq imkanı qazandıq.

"Azərbaycan müəllimi" qəzeti mütərəqqi pedaqoji ənənələrin qorunub saxlanılmasında, elmi - pedaqoji kadrların yetişməsində də əhəmiyyətli rol oynayıb. Bu gün yaxın və uzaq ölkələrdə tanınan onlarca alimin ilk qələm məhsulları məhz "Azərbaycan müəllimi"nin səhifələrində işıq üzü görüb. Mətbu orqan həmişə əsl ziyalıların, elm və maarif xadimlərinin tribunası olubdur. Qəzetdə akademik Mehdi Mehdizadə, görkəmli alimlər Əhməd Seyidzadə, Mərdan Muradxanov, Əliheydər Həşimov, Əziz Əfəndizadə, Şövqi Ağayev, Nurəddin Kazımov, Zahid Qaralov, Bəşir Əhmədov, Misir Mərdanov, Əbdül Əlizadə, Yəhya Kərimov, Hüseyn Əhmədov, Əkbər Bayramov, Əjdər Ağayev, xalq müəllimləri Zahid Şöyübov, İsrafil Şükürov, əmək qəhrəmanları Məsmə Atakişiyeva, Zərbəli Səmədov, Məhər Quliyev, İsa Məmmədov və başqaları çıxış ediblər. Bu insanların müxtəlif məsələlər haqqında fikir və mülahizələrinin geniş ictimaiyyətə çatdırılmasında "Azərbaycan müəllimi" mühüm rol oynayıb.

Müxtəlif illərdə qəzetə rəhbərlik etmiş Rüstəm Hüseynovun, Ağəli Bədəlovun, Mirabbas Aslanovun, Şahin Səfərovun, Məhəmməd Baharlının, Valeh Mirzənin və hazırkı baş redaktor Bayram Hüseynzadənin xidmətləri və zəhməti "Azərbaycan müəllimi"nin keçdiyi zəngin inkişaf yolunda və qazandığı uğurlarda öz təcəssümünü tapır.

Bu gün inamla demək olar ki, qəzet müasir jurnalistikanın bütün zəruri tələblərinə cavab verir, öz fəaliyyətində obyektivlik, dəqiqlik, operativlik prinsiplərinə əsaslanır. "Azərbaycan müəllimi" məzmun zənginliyi, mövzu rəngarəngliyi sarıdan ciddi irəliləyişə nail olub, dizayn və materialların yerləşdirilməsi baxımından düzgün istiqamət tutmağı bacarıb. Qəzetin İnternet saytı (muallim.edu.az) oxucu auditoriyasının daha da genişlənməsinə, pedaqoji maarifçilik işinin səmərəliliyinin artırılmasına müsbət təsir göstərir. Qəzetə olan yüksək ictimai marağın nəticəsidir ki, son illərdə "Azərbaycan müəllimi"nin tirajı nəzərəçarpacaq dərəcədə artıb.

Qəzetin yaradıcı heyətinin peşəkarlıq səviyyəsi də xeyli yüksəlib. Hazırda mətbu orqanında çalışan əməkdaşlarımızdan biri  "Azərbaycan Respublikasının əməkdar jurnalisti"dir. Digər əməkdaşlarımızdan bir neçəsi isə müxtəlif vaxtlarda Təhsil Nazirliyinin Fəxri fərmanına  layiq görülüb.

Gələn il "Azərbaycan müəllimi" qəzetinin 80 yaşı tamam olacaq. Qəzetin kollektivi qazanılan uğurlardan arxayınlaşmayaraq öz fəaliyyətini daha da genişləndirməkdə və inkişaf etdirməkdədir. Kollektivin hər bir üzvü tam məsuliyyətlə anlayır ki, müstəqil dövlətimizin təhsil siyasətinin təbliğatçısı funksiyasını layiqincə yerinə yetirmək olduqca şərəfli və çətin işdir. Heç şübhə yoxdur ki, "Azərbaycan müəllimi" qəzeti öhdəsinə düşən belə ümdə vəzifəni layiqincə yerinə yetirməklə yanaşı, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi işində də öz səylərini əsirgəməyəcəkdir. Qəzetimiz öz yubiley ilində oxucularını növbəti yenilikləri, nailiyyətləri ilə sevindirmək əzmindədir.         

 

Hazırladı: Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2013.- 18 oktyabr.- S.4.