Kanadada müəllim olmaq üçün bir
müddət müəllim
köməkçisi kimi fəaliyyət göstərmək
tələb olunur
Xaricdə işləyən müəllim həmvətənlərimiz
Dünyanın müxtəlif ölkələrində
yaşayıb işləyən həmvətənlərimiz çoxdur. Tale onları
müxtəlif səbəblərdən hazırda
yaşadıqları ölkələrə gətirib
çıxarıb. Xaricdə təhsil aldıqdan sonra oxuduqları ölkələrdə
qalıb öz karyeralarını quranlar da az
deyil. Harada yaşayıb işləmələrindən,
hansı ölkənin vətəndaşı olmalarından
asılı olmayaraq xaricdə yaşayan həmvətənlərimizi bir müqəddəs hiss
birləşdirir: doğma vətənə,
Azərbaycana məhəbbət, azərbaycanlı olmaqdan duyduqları fəxarət hissi. Məhz bu hisslər
onları doğma vətənlə daim əlaqə saxlamağa,
burada gedən proseslər, aparılan böyük quruculuq
işləri ilə daim maraqlanmağa,
imkan düşən kimi
vətəni ziyarət etməyə sövq
edir. Xaricdə yaşayıb işləyən
həmvətənlərimiz arasında müəllimlər də
çoxdur. Onları arayıb-axtarmaq və
pedaqoji ictimaiyyətimizə tanıtmaq üçün redaksiyamız qəzetin bu nömrəsindən başlayaraq
"Xaricdə işləyən müəllim həmvətənlərimiz"
adlı yeni rubrika
açır. Həmin rubrika altında
dünyanın ayrı-ayrı ölkələrində
çalışan müəllim soydaşlarımız
haqqında vaxtaşırı materiallar dərc
edilməsini planlaşdırırıq. Aşağıda bu silsilədən ilk
yazını təqdim edirik.
* Kanadada müəllimlər ildə 4-6 dəfə təkmilləşmə kurslarında iştirak edirlər.
* Kanadada kurikulumlar 2006-cı ildən tətbiq olunur. Bu metod demək olar ki, çox sürətlə dəyişir və təkmilləşir.
* Hər tədris ilinin əvvəlində keçirilən simpoziumda bütün müəllimlər "Müəllimin əl kitabı" ilə təmin olunur ki, bu kitabda da müəllimin bütün il boyu görəcəyi işlər və qarşılaşacağı problemlər, onlardan çıxış yolları, müəllimin etika və estetika kodeksi, ümumi baş mövzular, qiymətləndirmə meyarları, gündəlik qiymətləndirmə cədvəlləri, dərsə hazırlaşmaq qaydaları və s. öz əksini tapır.
İmişlidən Kanadaya
Yatsam heç yuxuma da girməzdi ki, nə vaxtsa vətəndən
çox-çox uzaqlarda,
dünyanın ən demokratik və inkişaf etmiş ölkələrindən
biri olan Kanadada yaşayacaq, sevimli sənətim olan
müəllimliyi burada davam
etdirəcəyəm.
Ömür yolum İmişli
rayonunun Cəfərli kəndindən
başlayıb. Burada ziyalı ailəsində
doğulmuşam. Atam Eldar Əliyev iqtisadçı-mühasib,
müəllim, anam Bəyim Əliyeva isə
ibtidai sinif müəllimi
olub. Cəfərli kənd orta məktəbini (indi həmin
məktəb şəhid Telman
İsmayılovun adını daşıyır) 1983-cü ildə
bitirib APİ-nin (indiki ADPU-nun) riyaziyyat-informatika fakültəsinə daxil olmuş və 1988-ci
ildə təhsilimi başa vurmuşam. 1989-cu ilin noyabr ayından uşaq
bağçasında fəaliyyətə başlamışam.
2000-ci ilin sentyabr ayınadək bağçada tərbiyəçi işləmişəm.
Çalışdığım müddətdə Azərbaycan
Müəllimləri Təkmilləşdirmə İnstitutunda 2 aylıq təkmilləşdirmə
kursunu keçmiş,
dəfələrlə açıq kompleks
məşğələlər aparmışam. Bağçada hazırladığım əl işləri - qədim
ev əşyaları və N.Gəncəvinin
"Yeddi gözəl"
poemasının qəhrəmanlarının modelləri ilə
Bakı şəhəri uşaq
bağçaları arasında keçirilən sərgidə
iştirak edərək ikinci
yeri tutmuş və fəxri
fərmanla təltif olunmuşam. Eyni zamanda Azərbaycan
"Bilik" Cəmiyyətində psixoloq kursunu bitirmişəm.
2001-ci ilin sentyabrından 2003-cü ilin fevral ayına qədər
özəl ali məktəblərin birində
psixoloq kimi fəaliyyətimi
davam etdirmişəm.
2003-cü ildə ailəmlə
birlikdə Kanadaya miqrasiya
etmişəm. Kanadanın Ontario əyalətinin
paytaxtı Toronto şəhərində
yaşayıram.
Torontoda müəllim kimi işləməyə necə nail oldum?
Ontario Kanadanın ən çox
əhali məskunlaşan əyalətidir. Sənaye şəhəri
olan Toronto Kanadanın
ən böyük şəhəridir.
Bir çox başqa
ölkələrin, o cümlədən keçmiş sovet ölkələrinin
diplomları Kanadada qismən qəbul olunsa da, hər bir ali təhsil
almış şəxs ölkənin təhsil sisteminin təhsili idarəetmə
orqanlarının təşkil etdiyi ekvivalentlik yoxlama testindən
keçməlidir. Həmçinin, müəllim kimi
işə düzəlmək üçün
iş stajı tələb olunur ki, bu
məqsədlə də təhsil
ocaqlarında və ya müəssisələrdə könüllü
və təmənnasız olaraq müəllim
köməkçisi kimi
çalışıb iş stajı
toplamalısan. Mən də bu yolu keçməli oldum.
2003-cü ilin may-avqust aylarında ingilis dili kursunu
bitirib yaxınlıqdakı məktəbin
3-cü sinfində müəllim köməkçisi kimi təmənnasız olaraq
işləməyə başladım. Demək olar
ki, məktəbin bütün
siniflərində olurdum. Tədris ilinin sonuna az
qalırdı. Bir gün
tənəffüs zamanı sinfin müəllimi
Serato mənə yaxınlaşdı və
işimdən çox razı
qaldığını bildirdi. Sonda o mənə məktəbdə daimi işə düzəlməkdə kömək
etmək istədiyini dedi və Toronto Şəhər Təhsil Şöbəsinin
ünvanı yazılmış bir
kağız parçası uzatdı. Təhsil şöbəsində
CV yazıb gətirməli olduğumu
bidirdilər. Bir neçə
gündən sonra mən xarici
ölkələrdən gəlmiş mütəxəssislər
üçün yaradılmış 3
aylıq kursa yazıldım. Kursun nəzəri hissəsi 2 ay
idi. Tələbələr bir ay da
öz ixtisaslarına uyğun
olan iş yerlərində
təcrübə keçməli idilər. Bununla
yanaşı diplomumu Dünya
Elm Mərkəzinə təqdim etdim və təsdiq edərək mənə bakalavr dərəcəsi verdilər. Yaşadığım küçədə yerləşən
uşaq bağçasına bir aylıq təcrübə keçmək üçün müraciət etdim. İlk gündən uşaqlarla işimi
yüksək qiymətləndirən "Uşaqlar
küncü"
bağçasının müdiri Polin birillik müqavilə
ilə mənə müəllim köməkçisi
işi təklif etdi.
2004-2005-ci illərdə "Uşaqlar küncü" adlanan uşaq bağçasında müəllim köməkçisi
işlədikdən sonra 2006-cı ilin yanvarında Toronto
şəhər hakimiyyətinə tabe olan şəxsi uşaq
bağçasına rəhbərlik etməyə
başladım.
Bağça fəaliyyətimin elə ilk günlərindən qüsurlu
və inkişafdan geri
qalan uşaqlarla
işlədim və onların normal həyata
qayıtmasında böyük əmək
sərf etdim. Bu uşaq bağçasında işləməklə
yanaşı Mothercraft İnstitutunda
3 aylıq "uşaqların inkişafı" kursunu keçdim. Eyni zamanda 2007-ci ilin mart ayından bu günədək Toronto
Şəhər Təhsil Söbəsinin xarici
dillər departamentinin nəzdində
açılan və 55 dildən biri olan Azərbaycan dili müəllimi
vəzifəsini daşıyıram. Bundan
əlavə, 2009-cu ilin noyabrında ekvivalent testdən və ingilis
dili testindən, Rayarson
Universitetində 2 illik kurikulum
kursları və 6 həftəlik təcrübə keçərək
Ontario Məktəbəqədər Müəllimləri
İnstitutunun üzvlüyünə qəbul
olunmuşam. Hazırda Toronto
şəhərindəki C.H.Best adına orta məktəbdə işləyirəm.
Kanadada müəllimə ciddi tələblər verilir
Kanadada bütün müəllimlər
hər il qeydiyyatdan
keçməli və ildə 4-6 dəfə təkmilləşdirmə
kurslarında iştirak etməlidirlər.
Hər il dərs ili başlamazdan bir həftə
qabaq bütün
müəllimlər simpoziumda iştirak edir və yeni dərs ilində təlimin yeni
metodları ilə tanış olurlar. Bütün müəllimlər hər 3 ildən
bir 2 günlük ilk təcili yardım kursları da keçməlidirlər. Müəllimlərin
demək olar ki,
hamısı birləşmiş "Union"
adlanan bir təşkilatın
üzvüdür. Mənim
çalışdığım departamentin
müəllimləri və mən də həmçinin "unit B"-nin üzvüyük. Kanadada kurikulumun tələblərinə görə bütün müəllimlər məktəbəqədər
kurikulum kurslarını keçməlidirlər.
Bu ona gorədir ki, hər bir müəllim
kiçikyaşlı uşaqların inkişafının 5 domaini, yəni sahəsini mükəmməl
bilməlidir. Məhz buna görə də
mən məktəbəqədər kurikulumunu
mükəmməl öyrənib məktəb kurikulumuna
keçmişəm. Təhsilimi
Rayarson Universitetinin "Kurikulumun məktəblərdə tətbiqinin müxtəlif yolları və
araşdırılması" bakalavr
proqramı üzrə davam etdirməyə
hazırlaşıram.
Kanadanın təhsil sistemində maraqlı cəhətlər çoxdur
Kanada çoxmillətli ölkə olduğu üçün
onun təhsil sistemi də
çox maraqlı, zəngin və
çoxşaxəlidir. Məktəbəqədər tərbiyə
uşağın anadan olduğu
gündən başlayır və bəzi bağçalarda
6 yaşınadək, bir sıra bağçalarda isə 12 yaşınadək
davam edir. Dörd yaşı dekabrın 31-dək tamam olacaq bütün
uşaqlar məktəbin hazırlıq
sinfinə getməlidirlər. Bu hazırlıq sinifləri 2010-cu ilə qədər
bütün məktəblərdə iki növbə olmaqla hər
gün iki saat yarım idi. 2010-cu ildən
başlayaraq hazırlıq sinifləri
birnövbəli olaraq bütöv
dərs gününə keçməyə başladı ki, bu proses
2015-ci ilədək davam edəcəkdir. Bu siniflərdə bir sinif müəllimi və iki
məktəbəqədər tərbiyəçi-müəllim
çalışır. Məktəbəhazırlıq
sinifləri ibtidai məktəblərdədir
və ibtidai məktəblər bəzi məktəblərdə
5-ci, bəzilərində 6-cı və bəzi məktəblərdə
isə hətta orta məktəblə bir yerdə, yəni 8-ci sinfədək olur. Orta təhsil, bəzi məktəblərdə 5-8, bəzilərində isə
6-8-ci sinifləri əhatə edir. 8-ci sinfə
qədər iki dəfə ümumölkə
testləri keçirilir ki,
bu testlər də 3-cü və 6-cı
siniflərin sonuna təsadüf edir. Testlərin hər biri
3 gün davam edir. 9-cu sinifdən 12-ci sinfədək olanlar yüksək məktəb və ya gimnaziya, bəzən kollec-institutut da
adlandırılır ki, bu
məktəbə seçim 8-ci sinifdən
başlayır. Yüksək məktəb əsasən
dörd tipə bölünür:
açıq sinif - bu
sinifdə oxuyanlar təhsilini davam etdirmək fikrində olmayanlardır; adi sinif - bu
sinifdə oxuyanlar orta
bilik səviyyəsinə malik
olan sagirdlərdir; akademik
sinif - bu sinifdə oxuyanlar yaxşı oxuyan
sagirdlərdir; və nəhayət, daha yüksək bacarığa malik olan sagirdlərin test verərək qəbul olduqları
ixtisaslaşmış akademik siniflər.
9-12-ci siniflərdə tədris ili iki semestrdən ibarət olur
ki, hər semestrdə şagird
4 fənn keçir və semestrin
sonunda imtahan verir. Elə fənlər var
ki, ancaq bir semestrdən ibarətdir. Bu
4 il ərzində universitetə daxil olmaq istəyən şagird 44 kredit
yığmalı (hər əsas fənn 1 kredit
və adi fənn yarım kredit
deməkdir) və 12-ci sinifdə aldıgı qiymət 79-100 bal olmalıdır. Universitetə
və ya kollecə qəbul olmaq istəyən hər bir
şagird 10-cu sinifdən başlayaraq
hansı ixtisası seçəcəyini müəyyən etməli
və həmin ixtisasa uyğun
fənlər götürməlidir. Çünki
Kanadada ali məktəbə
qəbul şagirdin birbaşa
12-ci sinifdə aldığı qiymətlərlədir. Amma Kanadada 4 ildən az yaşayan şagirdlər
universitetə qəbul olmaq üçün ancaq ingilis dilindən imtahan
verməli olurlar. Bütün
bunlarla yanaşı, fitri
istedada malik olan şagirdlər, eləcə də müxtəlif
qüsura malik olan və əlil uşaqlar
üçün xüsusi
siniflər və yaxud məktəblər
də vardır. Beş dərs günü olmaq şərti
ilə bir dərs ili
10 aydan ibarətdir. İldə iki dəfə tətil olur:
qış tətili və mart tətili.
Qış tətili dekabrın sonuna təsadüf
edir və iki həftədən
ibarət olur. Mart tətili isə bir həftədən ibarətdir. İbtidai məktəblərdə 4-cü sinfədək
ingilis dili, riyaziyyat, kompüter, bədən
tərbiyəsi, musiqi, kitabxana
və 3-cü sinifdən başlayaraq elm fənləri tədris olunur.
4-8-ci siniflərdə tarix, fransız dili, elm və texnologiya əlavə olunur.
Bundan başqa, hazırlıq sinfindən 8-ci sinfə
qədər hər bir şagird
öz ana dilində və
istəsə bir neçə dildə dərslərə
yazıla bilər ki, bu
dil dərsləri də həftənin 7 günü, həftədə bir
dəfə olmaqla 2 saat
yarım keçilir. Mənim dərs
dediyim Azərbaycan dili
sinfi orta məktəbdə
altıncı günlər olur.
Kanadada kurikulumlar 2006-cı
ildən tətbiq olunur. Bu
metod demək olar ki, çox sürətlə
dəyişir və təkmilləşir. Kurikulum
sistemi müəllimi daim
öz üzərində işləməyə
və axtarışlar aparmağa sövq edir. Kurikulum təhsil məqsədlərinin qiymətləndirilməsi
üçün təlimat, məzmun, materiallar, ehtiyatlar və
proseslərlə şagirdlərin planlaşdırılan
qarşılıqlı əlaqəsidir. Kurikulum
metodlarını tətbiq edərkən sagirdin
bilik və bacarıqları aşkara çıxarılır, təfəkkürü
və diqqəti, sərbəstliyi və natiqlik
qabiliyyətləri inkişaf edir. Dərslər şagird
mərkəzli, sual-cavab tipli,
fərdi, qruplarla və kollektiv
aparılır. Dərslərdə əsasən əyani vasitələrdən
istifadə edilir. Şagirdlərin dərs
zamanı iştirak etdiyi
didaktik və tapmaca tipli oyunlar və
tapşırıqlar onların verilmiş
materialları tam mənimsəməsinə
gətirib çıxarır.
Tədris
ilinin əvvəlində keçirilən
simpoziumda hər bir
müəllim müəllimin əl kitabı ilə təmin olunur ki, bu
kitabda da müəllimin
bütün il boyu görəcəyi işlər və
qarşılaşacağı problemlər, onlardan
çıxış yolları, müəllimin etika və estetika kodeksi, ümumi baş mövzular, qiymətləndirmə meyarları, gündəlik
qiymətləndirmə cədvəlləri, dərsə
hazırlaşmaq qaydaları və s. öz əksini tapır. Rüblük
vəsiqələr isə elektron olaraq hazır formada müəllimə
göndərilir, müəllim tərəfindən
tamamlanır, məktəbin direktoru tərəfindən
yoxlanılaraq imzalanır və sonda
müəllim tərəfindən imzalanaraq
şagirdə verilir.
Məlumat üçün onu da bildirim ki,
yüksək məktəbi və ya
gimnaziyanı bitirən hər bir şagird diplom alır. Bu çox mühüm
sənəddir, çünki bu diplomu ala
bilməyən şagird təhsilini davam etdirə bilmir. Amma lap ömrünün
sonunadək istədiyi vaxt oxuyub
bu diplomu ala bilər.
9-12-ci siniflərdə
şagirdlər oxuduqları məktəbdə istədikləri
müxtəlif peşələrə də yiyələnə
bilirlər. Bu peşə kursları elə
məktəbdə təşkil olunur. Həm də bütün 9-12-ci
siniflərdə oxuyan şagirdlər 40 saat hər hansı bir
müəssisədə, uşaq
bağçalarında, mağazada, kitabxanada və s.-də könüllü
olaraq işləməlidirlər (iş yerlərində kömək edirlər, amma məvacib almırlar). Əgər bu 40 saat işlədikləri
haqqında arayış məktəbə təqdim edilməsə,
şagirdlər diplom ala
bilmirlər.
Yeganə CƏFƏROVA,
Kanadanın Toronto şəhərindəki C.H.Best adına orta məktəbin müəllimi
Azərbaycan müəllimi.-
2013.- 25 oktyabr.-S.5.