Təhsil Nazirliyi Müasir Azərbaycan

Peşəkarları Layihəsinin icrasına başlamışdır

   

Təhsil Nazirliyi tərəfindən ilk peşə-ixtisas təhsili ilə bağlı sosial xarakterli geniş təbliğat kampaniyasına başlanmışdır. Kampaniyanın əsas məqsədi müvafiq istiqamətdə aparılan islahatların geniş ictimaiyyətə çatdırılmasını və gənclərin ilk peşə-ixtisas təhsili müəssisələrinə marağının artırılmasını təmin etməkdən ibarətdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində ilk peşə-ixtisas təhsilinin statusunun artırılması istiqamətində son illər bir sıra mühüm qərarlar qəbul edilmişdir. Ölkə iqtisadiyyatının inkişafı prosesinin uğurla davam etdirilməsi ixtisaslı kadrlara olan tələbatı daha da artırmışdır.

Təhsil Nazirliyi peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə Müasir Azərbaycan Peşəkarları Layihəsinin icrasına başlamışdır. Bu layihə çərçivəsində müasir tipli pilot peşə təhsili komplekslərinin yaradılması nəzərdə tutulmuşdur.

14 nömrəli Bakı Peşə Məktəbində KNAUF şirkətinin dəstəyi ilə "Quru inşaat ustası", 18 nömrəli Bakı Peşə Liseyində BOSCH şirkətinin dəstəyi ilə "Dülgər, xarrat-parket ustası" və "Eldar studio" şirkətinin dəstəyi ilə "Bərbər" ixtisası üzrə siniflər, 4 nömrəli Bakı Peşə Liseyində isə Belarus hökumətinin dəstəyi ilə "Elektrik-qaz qaynaqçısı" ixtisası üzrə Resurs Mərkəzi açılacaqdır.

İlin sonuna kimi 14 nömrəli Bakı Peşə Məktəbində tikinti sahəsində ixtisaslaşmış və dünyanın ən böyük şirkətləri sırasında olan CCC (Konsolidayted Konstraktors Kompani) şirkəti ilə birlikdə tikinti sahəsi üzrə Resurs Mərkəzinin açılması nəzərdə tutulmuşdur. Resurs Mərkəzində elektrik qaz qaynaqçısı, boru kəmərlərinin quraşdırılması, çilingər-santexnik ixtisasları üzrə kadrlar hazırlanacaq və ölkəmizin peşə təhsili sistemində ilk dəfə onlara beynəlxalq ixtisas dərəcəsi veriləcəkdir. Qeyd olunan mərkəzdə təhsil prosesinin təşkilində beynəlxalq ekspertlər də iştirak edəcəklər.

Azərbaycanda fəaliyyət göstərən 107 ilk peşə-ixtisas təhsili müəssisəsinin müasir tələblərə cavab verən səviyyədə inkişafı üçün peşəkar kompetensiyalara malik müəllim kollektivininyeni texnologiyalara əsaslanan maddi-texniki bazanın formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan həyata keçirilən pilot layihələrin nəticələrinin digər peşə məktəblərində bir model kimi tətbiq olunması nəzərdə tutulmuşdur.

 

Azərbaycan müəllimi.- 2013.- 6 sentyabr.- S.3.