Zoologiyanın tədrisində müqayisə əsasında

təkamül anlayışlarının öyrədilməsi

 

Orta ümumtəhsil məktəb fənlərinin hər birinin özünəməxsus anlayışları vardır ki, müəllim onları şagirdlərə müxtəlif  üsul  metodlarla öyrədir. Biologiyanın tədrisində bioloji, sitoloji, fizioloji, histoloji, anatomik, tibbi-gigiyenik, morfoloji, təkamül və digər anlayışların  şagirdlərə öyrədilməsi tələb olunur.  Biologiya fənninin tədrisində öyrədilməsi nisbətən çətin olan anlayışlar təkamül anlayışlarıdır. Təkamül anlayışları biologiya kursları üzrə sadədən mürəkkəbə ardıcıllığı ilə hər bir kursda onun məzmununa uyğun verilir.

 

Bitkilər kursunun tədrisində bitkilərin mənşəyi, inkişafı, bitki qrupları üzrə onların təkamülü, həyat şəraitinə uyğunlaşması, bitki qruplaşmaları, onların birgəyaşayışı, nəsli kəsilən, kəsilməkdə olan növlər, onların qorunması məsələlərinin öyrədilməsi nəzərdə tutulur.

Zoologiyanın tədrisində də təkamül anlayışlarının öyrədilməsi imkanları mövcuddur. Burada heyvanların təsnifat üzrə sadədən mürəkkəbə doğru xüsusiyyətləri verilir. Onların həyat tərzi, xaricidaxili quruluşu, çoxalma və inkişafı, qorunması məsələləri öyrədildikdən sonra heyvanlar aləminin təkamülü izah edilir. Burada hər bir heyvan qrupunun mənşəyinə, təkamülünə dair material öz əksini tapır. Heyvanların təkamülündə keçid formalar göstərilir və onların inkişafı, birhüceyrəlilərin koloniya formalara, onların da çoxhüceyrəlilərə, bağırsaqboşluqların qurdlara, onların isə buğumayaqlılara, xordalılara başlanğıc verməsi faktlarla göstərilir. Xordalı heyvanların inkişafında neştərçənin təkamüldə rolu, balıqların, onlardan quru heyvanlarının, suda-quruda yaşayanların, sürünənlərin, quşlar və məməlilərin inkişaf  xüsusiyyətləri misallarla aydınlaşdırılır.

Ayrı-ayrı mövzuların tədrisində öyrədilən təkamül anlayışları "Heyvanlar aləminin təkamülü" bəhsinin tədrisində ümumiləşdirilir və möhkəmləndirilir.  Bəhsin mövzuları üzrə heyvanlar aləminin təkamülünün səbəbləri, onun dəlilləri, onurğasız və onurğalı heyvanların təkamülü izah edilir. Heyvanlar aləminin təkamülünün səbəbləri və dəlilləri misallarla aydınlaşdırılır, canlıların təkamülünün hərəkətverici qüvvələri: irsiyyət, dəyişkənlik və seçmə prosesləri göstərilir.

Heyvanlarla canlılar və mühitin əlverişsiz şəraiti arasında gedən yaşamaq uğrunda mübarizə izah edilir. Heyvanlar aləminin təkamülünü əsaslandıran paleontoloji, embrioloji, müqayisəli anatomik dəlillərə istinad olunur.

Təkamül anlayışlarının öyrədilməsində fəal təlim metodlarının tətbiqi müsbət nəticə verir, biliklərin mənimsənilməsini və yaddaşda möhkəmlənməsini yaxşılaşdırır, müqayisə priyomundan istifadə etməklə müəllim Venn diaqramının tətbiqinə üstünlük verir. O, onurğasız və onurğalı heyvanların təkamülünü tədris edərkən VII sinifdə öyrədilmiş heyvanların xüsusiyyətlərini yada salır. "Heyvan növlərinin  sadədən mürəkkəbə doğru sayılması" fəallaşmasını aparır. Məsələn, amöb, evqlena, infuzor, süngər, hidras. Tədqiqat üçün "Heyvanlar sadədən mürəkkəbə doğru necə inkişaf etmişlər" sualını verir.

Şagirdləri cütlərə ayırır və tədqiqata cəlb edir. Hər cütlüyə iki heyvanın şəkli olan kartlar paylayır. Kartların hər birində quruluşuna görə bir-birinə yaxın 2 heyvanın adı və ya şəkli verilir. Kartda şəkli verilmiş heyvanların oxşar və fərqli cəhətlərinin müəyyən edilməsi tapşırılır. Şagirdlər onları müqayisə edir, oxşar və fərqli əlamətlərini tapırlar. Bunun üçün Venn diaqramından istifadə edilməlidir.

Tapşırıqlar aşağıdakı kimi tərtib olunur.

Tapşırıq 1. Şəkildə verilmiş amöb və evqlenanın əlamətlərini yazın, onları müqayisə edin. Evqlenanın üstün cəhətlərini göstərin. Tapşırığı Venn diaqramı üzrə işləyin.

Cütlüklər üzrə tapşırıqdakı heyvanlar ardıcıllıqla dəyişdirilir. 2-ci cütlüyə "Evqlena-Volvoks", 3-cüyə "Volvoks-İnfuzor tərlik", 4-cüyə "İnfuzor tərlik-Hidra" və s. Beləliklə, onurğasız heyvanların bir-biri ilə müqayisəsi verilir və onların digərindən üstün cəhətləri aydınlaşdırılır. Tapşırıqları yerinə yetirən şagirdlər aldıqları nəticələri təqdim edirümumi nəticə çıxarırlar. Onlara aydın olur ki, təsnifatda hər heyvan özündən əvvəl gələn heyvandan hansısa əlamətinə görə üstünlüyə malikdir. Müəllim bunun səbəbini onların yaşadığı mühitin amillərinə uyğunlaşması, təkamülü ilə əlaqələndirir.

Tapşırığın yerinə yetirilməsində informasiya mübadiləsi aparılır. Şagirdlər kartda adları yazılmış heyvanlara dair materiallara baxır, onların şəkillərini müşahidə edirlər. Müəllim ekranda elektron diskin təkamüllə bağlı materialını səsləndirir.

Biliklərin tətbiqi mərhələsində müəllim şagirdləri 4 qrupa bölür. Onlara işçi vərəqləri üzrə tapşırıqlar verir. Hər işçi vərəqində daxil olduğu tipsinif göstərilməklə bir qrup heyvan növünün çoxalma formalarının (cinsi, qeyri-cinsi) müəyyənləşdirilib müvafiq cədvəldə qeyd olunması tələb olunur.

Qruplar tapşırığı yerinə yetirir, nəticələri təqdim edirlər.

Dərsin sonunda şagirdlərin fəaliyyəti ümumiləşdirilir və nəticə çıxarılır:

* Heyvanlar sadədən mürəkkəbə doğru daim inkişafda olmuşindi də inkişafları davam edir.

* Canlıların, o cümlədən heyvanların inkişafının əsas səbəbləri dəyişkənlik, yeni əlamətlərin qazanılması, irsiyyət - əlamətlərin nəslə ötürülməsi, seçmə prosesidir.

* Heyvanlar yaşayış uğrunda daim mübarizə aparır və təbii seçməyə məruz qalırlar.

* Təkamülü müqayisəli anatomiya, paleontoloji tapıntılar, embriologiya elmləri öyrənir və sübuta yetirir.

* Heyvanlar təkamül nəticəsində formalaşmış, hazırkı sistematikada müvafiq yerlərini tutmuşlar.

Sonda  müəllim şagirdlərin fəaliyyətini qiymətləndirir və heyvanların təkamül ağacını işləməyi tapşırır.

Biologiyanın tədrisində şagirdlərə təkamül anlayışlarının öyrədilməsi təlimin keyfiyyətini yüksəldir, şagirdlərin biliklərini zənginləşdirir. Təkamül anlayışlarının öyrədilməsində fəal təlim metodlarından, İKT-dən istifadə edilməsi onun mənimsənilməsini yaxşılaşdırır. Problemin həllində şagirdlərə müstəqillik verilməsi, onların yaradıcı fəaliyyətə cəlb edilməsi müsbət nəticə verir.

 

Sahilə ƏLİYEVA,

Bakıdakı 44 nömrəli tam orta məktəbin biologiya-kimya müəllimi

 

Azərbaycan müəllimi.- 2013.- 6 sentyabr.- S.5.