700 bal toplamış məzunlar
2013-2014-cü dərs
ili üçün
Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinə keçirilən qəbul
imtahanları artıq çoxdan başa çatmış, minlərlə gənc
arzusunda olduğu tələbə
adını qazanmışdır. Xatırladaq ki, bu il
ölkənin ali təhsil müəssisələrinə
və tam orta təhsil
bazasından orta ixtisas
təhsil müəssisələrinə qəbul
imtahanlarında iştirak üçün
100 min 675 abituriyent ərizə
vermişdir. Üçüncü
qrup üzrə qəbul imtahanları bu il iyulun
14-də, birinci ixtisas
qrupu üzrə iyulun
21-də, dördüncü
ixtisas qrupu üzrə
iyulun 28-də, ikinci ixtisas qrupu üzrə avqustun 3-də olmaqla
ölkənin 11 şəhərində keçirilmiş,
bütün qruplar
üzrə ixtisas seçimi
isə avqustun
6-dan 15-dək İnternet vasitəsi
ilə aparılmışdır.
Müsabiqə nəticəsində
ali təhsil müəssisələrinin boş qalan yerlərinə
938 nəfər qəbul olunmuşdur.
Bütövlükdə isə 2013-2014-cü tədris ili üçün Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə
ayrılmış 36 min 537 plan yerinə 33 min 745 gənc
qəbul olunmuşdur.
Qəbul
imtahanlarında üçüncü ixtisas qrupu üzrə 4 nəfər,
dördüncü ixtisas
qrupu üzrə isə 2 nəfər maksimal nəticə - 700 bal
toplamışdır. Qəzetimizin əvvəlki saylarında onlar haqqında məlumat vermişdik.
Qəbul imtahanlarında ən yüksək nəticə
göstərənləri bir daha təqdim edir, onlara və onların simasında ali məktəblərə bu
il qəbul olunmuş bütün tələbələrə təhsillərində
uğurlar arzulayırıq.
Qafarova Flora Eldar qızı
1996-cı il fevralın 13-də Sumqayıt şəhərində anadan olmuşdur. 2002-ci ildə Sumqayıt şəhər N.Gəncəvi adına texniki və təbiət elmləri liseyinə I sinfə qəbul olunmuşdur. İbtidai təhsili "əla" qiymətlərlə bitirmişdir. Yuxarı siniflərdə də müvəffəqiyyətlə oxumuş və liseyin sayılıb-seçilən şagirdlərindən olmuşdur.
Oxuduğu illərdə fənn olimpiadalarında fəal iştirak etmiş, olimpiadanın şəhər turunun mükafatçıları sırasına çıxmışdır. Liseyi bu il "əla" qiymətlərlə bitirmişdir.
Floranın dediklərindən: "Ali məktəbə hazırlığa 10-cu sinifdə başlamışam və hazırlığı "Araz" ali məktəblərə hazırlıq kurslarında keçmişəm. Hazırlıq müddətində hədəfim yalnız 700 bal olub və buna nail olmaq üçün müəllimlərin tapşırıqlarına ciddi əməl etmiş, dərslərimi vaxtında yerinə yetirmişəm. Fikirləşirəm ki, 2 illik hazırlığın mənim 600 bal həddini rahatlıqla keçməyimi təmin edə bilərdi. Lakin liseydə də ciddi hazırlığım mənim 700 bal toplamağıma təminat vermişdir. Mən bu uğura imza atacağıma əmin idim".
Bu uğuruna görə ilk növbədə müəllimlərinə borclu olduğunu bildirən F.Qafarova özünün formalaşmasında, dərin biliklərə yiyələnməsində daha çox zəhmət payı olan ibtidai sinif müəllimi Yavər Mürşüdovanın, ingilis dili müəllimi Gülnarə Babayevanın, Azərbaycan dili və ədəbiyyat müəllimi Mahirə Mədətovanın, tarix müəllimi Məhəmməd Süleymanovun, sinif rəhbəri Vaqif Behbudovun ünvanına minnətdarlığını ifadə etdi.
Bu yazının hazırlanması prosesində əlaqə saxladığımız Sumqayıt şəhər N.Gəncəvi adına texniki və təbiət elmləri liseyinin təlim-tərbiyə işləri üzrə direktor müavini Cəfər Əliyev məzunlarını oxuduğu illərdə liseyin ən yaxşı şagirdlərindən biri, ictimai işlərdə xüsusi fəallıq göstərən gənc kimi xarakterizə etdi. Bildirdi ki, o, sənədlərini III ixtisas qrupuna versə də humanitar fənlərlə yanaşı texniki fənləri də yüksək səviyyədə mənimsəmiş, dərsə davamiyyət baxımından liseyin ən nümunəvi şagirdlərindən olmuşdur. F.Qafarova fənn olimpiadalarında, eləcə də Xəzər və Qafqaz universitetlərinin keçirdikləri bilik yarışlarında fəal iştirak edərək mükafatlar qazanmışdır.
Flora Qafarova hazırda Qafqaz Universitetinin tərcümə fakültəsinin tələbəsidir. Gənc qız bu ali məktəbi yaxşı tanıdığına, orada yüksək ixtisaslı mütəxəssis yetişdirilməsi üçün bütün şəraitin və yüksək təhsil mühitinin olmasına, habelə bu ali təhsil ocağının keçirdiyi bilik yarışlarında həmişə həvəslə iştirak etdiyinə görə seçmişdir. Universitetdə də daim belə yüksək nəticələr əldə etməyi arzulayan və bunu qarşısına məqsəd qoyan Flora gələcək illərdə ali məktəblərə hazırlaşacaq həmyaşıdlarına məktəb dərslərini vaxtlı-vaxtında oxumağı məsləhət görür.
Murğuzova Nərminə Sahib
qızı
1995-ci il sentyabrın 18-də Tovuz rayonunun Bozalqanlı kəndində anadan olmuşdur. Nərminə orta təhsilini Tovuz rayonu Bozalqanlı kənd tam orta məktəbində almışdır. Orta təhsil illərində dərslərini "4", "5" qiymətlərlə oxumuş Nərminə hər zaman öz çalışqanlığı, dərsə hazırlığı, savadı ilə məktəbdə seçilmişdir. Orta məktəbi gümüş medalla bitirən bu istedadlı qız yüksək bilik nümayiş etdirərək ali məktəblərə qəbul imtahanlarında III ixtisas üzrə maksimum -700 balı toplamaqla böyüyüb boya-başa çatdığı doğma rayonuna, eyni zamanda Bozalqanlı kəndinə bir başucalığı, sevinc gətirdi.
Bu xoş hadisənin sevincini yaşayanlardan biri - Nərminənin orta təhsilini başa vurduğu Tovuz rayonu Bozalqanlı kənd tam orta məktəbinin direktoru Nüsrət Quliyev bizimlə söhbət zamanı öz məzunu barədə bunları bildirdi: "2003-2004-cü tədris ilindən Tovuz rayonu Bozalqanlı kənd tam orta məktəbinə direktor təyin olunmuşam. Həmin ildən bütün siniflərdə olduğu kimi, Nərminənin oxuduğu sinifdə də dərslərdə iştirak etmişəm. O, öz çalışqanlığı ilə hər zaman seçilirdi. Yuxarı siniflərə keçdikcə onda olan fərqli fitri istedad qabarıq şəkildə özünü göstərirdi. X sinifdə ictimai fənlərə marağını nəzərə alaraq onu ictimai fənlər seçmə sinfinə cəlb etdik. X sinifdə oxuduğu müddətdə bu qızın gələcəkdə yüksək bal toplayacağına ümidlərimiz artdı. Nərminənin başqa şagirdlərdən fərqli cəhəti onun özünə qarşı inamlı, məqsədinə çatmaq üçün çox çalışqan olmasıdır. Artıq Tovuz təhsilində 700 bala ilk imza atan gənc Nərminə Murğuzova oldu. Bizim məktəbin muəllim və şagird kollektivi onunla fəxr edir".
Nərminə Murğuzova isə söhbət zamanı əldə etdiyi yüksək nəticəni belə dəyərləndirdi: "Bölgələrdə, xüsusilə kənd məktəblərində təhsilin aşağı olması fikri ilə razı deyiləm. Heç kim deməsin ki, kənd məktəbidir, burada təhsil alanlar yüksək nəticə əldə edə bilməzlər. Bunun üçün sadəcə çalışmaq, səy göstərmək lazımdır. Lap uşaqlıqdan hüquqşünas olmağı arzulamışam və düşünürəm ki, əslində oxuyan üçün şəhər və ya kəndin fərqi yoxdur. Oxumaq, məqsədinə nail olmaq istəyən, mənə elə gəlir ki, harada yaşamasından asılı olmayaraq öz arzusuna çatacaqdır. Elə mənim kimi.
Mənə yüksək savad vermiş müəllimlərimə, doğma məktəbimin rəhbərliyinə öz dərin təşəkkürümü bildirirəm. Ən böyük arzum Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsində yüksək səviyyədə təhsil almaq, tələbəlik illərində, sonradan isə iş həyatımda bilik və bacarığımla valideynlərimin, yaxınlarımın mənə olan etimadını doğrultmaqdır".
İsmayılov Məhəmməd
Şahin oğlu
1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 258 nömrəli tam orta məktəbin I sinfinə gedib. Məktəbdə oxuduğu müddətdə həmişə yüksək təlim göstəriciləri ilə fərqlənib. "11 il ərzində hər zaman biliyimə görə seçilən şagird olmuşam", - deyə o, bizimlə söhbətində bildirdi.
Məhz bunun nəticəsi olaraq Məhəmməd bu il buraxılış imtahanlarını da "əla" qiymətlərlə verərək 258 nömrəli məktəbi qızıl medalla bitirmişdir.
M.İsmayılov III ixtisas qrupu üzrə iki il ciddi hazırlaşdığını bildirdi. Lakin bu istedadlı gənc imtahanlara yaxşı hazırlaşsa da 700 bal toplayacağını gözləmədiyini söylədi. "Əslində 670 bal hədəfləmişdim. 700 bal toplayacağımı gözləmirdim. Amma yaxınlarım, qohumlarım, müəllimlərim mənim 700 bal toplayacağıma əmin idilər və bu nəticəni məndən gözləyirdilər".
M.İsmayılovun arzusu hüquqşünas olmaqdır. Arzusunu reallaşdırmaq üçün artıq ən real şans əldə etmiş gənc bakalavr təhsilini Azərbaycanda almaq, magistraturanı isə xaricdə oxumağı planlaşdırmışdır. M.İsmayılov hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinin tələbəsidir.
Onu da qeyd edək ki, Məhəmmədin sinif yoldaşları arasında da yüksək bal toplayanlar vardır.
258 nömrəli tam orta məktəbin müəllimi, Məhəmmədin sinif rəhbəri olmuş Zəkiyyə Abdullayevanın fikrincə, bu cür yüksək nəticə göstərmək üçün şagirdlərin orta məktəbin aşağı siniflərindən yaxşı oxumaları lazımdır.
"Məhəmməd birinci sinifdən onbirinci sinfə qədər çox yaxşı oxumuşdur. O, təkcə humanitar fənlərdən deyil, bütün fənlərdən yüksək qiymətlər almışdır. Nəticədə məktəbimiz onun qızıl medala namizədliyini irəli sürmüş və o, məktəbimizin medallı məzunu olmuşdur", - deyə Z.Abdullayeva tədris ocaqlarında Məhəmmədlə fəxr etdiklərini, onun gələcəkdə yaxşı mütəxəssis olacağına inandıqlarını bildirmişdir.
Məmmədli Nərmin
Rövşən qızı
1996-cı il sentyabrın 21-də Mingəçevir şəhərində anadan olmuşdur. Nərmin Mingəçevir şəhəri 3 nömrəli tam orta məktəbin məzunudur. Orta məktəbdə oxuduğu 11 il ərzində hər zaman yüksək bilik və bacarığı ilə fərqlənmişdir. Nümunəvi davranışı, təlim-tərbiyəsi ilə müəllimlərinin və öz yaşıdlarının hörmətini qazanmışdır. Təhsil aldığı müddətdə dərs əlaçısı kimi tanınan Nərmin rayon üzrə keçirilən fənn olimpiadalarında da fəal iştirak edərək şəhər turunda müvafiq yerlər tutmuşdur. O, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurduğuna görə məktəbi qızıl medalla bitirmişdir.
Hazırda 700 bal toplamağın sevincini yaşayan Nərmin bizimlə öz təəssüratlarını bölüşdü: "700 bal toplamağı əvvəlcədən hədəfləmişdim və buna nail oldum. Valideynlərimə, yaxınlarıma, 11 il təhsil aldığım Mingəçevir şəhəri 3 nömrəli tam orta məktəbin müəllim kollektivinə bu sevinci yaşatdığım üçün sevinir və qürur hissi keçirirəm. Təbii ki, əldə etdiyim yüksək nailiyyət, eyni zamanda doğma məktəbimin də uğurudur. Mənim üstümdə əməyi keçən müəllimlərimdən İradə Sadıqovaya, Rima Məmmədovaya, Tənzilə Heydərxanlıya, Hilal Qarayevə və digərlərinə, həmçinin bizim yüksək təlim-tərbiyə almağımız üçün yaradılmış şəraitə görə məktəbimizin direktoru Tamara Barataşviliyə öz minnətdarlığımı bildirirəm".
III ixtisas qrupunu seçmiş Nərmin ən böyük arzusuna çatmışdır. Artıq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi olan bu istedadlı gənc tanınmış bir hüquqşünas olmaq istəyir. Nərmin eyni zamanda "Arzularımdan biri də ali təhsilimi gələcəkdə xarici ölkələrin birində davam etdirməkdir. Əgər bu reallaşarsa, o zaman Amerika və ya İngiltərədə təhsilimi davam etdirmək istəyirəm", - deyərək özü üçün artıq indidən planlar qurub.
Müslümov Osman Məmmədhüseyn
oğlu
1996-cı il iyulun 7-də Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Bakıdakı 98 nömrəli tam orta məktəbin I sinfinə gedəndə Osmanın ağlına belə gəlməzdi ki, 11 il keçəcək və o, doğma təhsil ocağını "əla" qiymətlərlə bitirərək ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplayıb respublikanın istedadı, biliyi ilə seçilən gənclərindən biri olacaq, hamı tərəfindən tanınacaqdır. Osman Müslümov orta təhsil illərində çalışqanlığı, özünə qarşı tələbkarlığı, dərslərinə hazırlığı ilə məktəbdə seçilib-sayılan şagirdlərdən biri olmuşdur. İstedadlı yeniyetmə doğmalarının, təhsil aldığı məktəbin, onu əhatə edən yaxınlarının və dostlarının etimadını doğruldaraq yüksək bilik nümayiş etdirmişdir.
Ali məktəblərə qəbul imtahanlarında IV ixtisas qrupu üzrə maksimum - 700 bal toplamış Osman bu sevincli hadisəni bizimlə paylaşaraq bunları söylədi: "Sınaq imtahanlarında hər zaman 600-dən yuxarı bal toplamışam. Ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayacağıma nədənsə inanmırdım. Amma daxilimdəki bir hiss mənim yüksək nəticə göstərəcəyimi deyirdi. Sevinirəm ki, ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən gənclərdən biri də məhz mən oldum. Əlbəttə, əldə etdiyim bu uğur eyni zamanda 11 il təhsil aldığım doğma məktəbimin də nailiyyətidir. Mənim üzərimdə əməyi olan müəllimlərimdən Xalidə Ağayevaya, Ülviyyə Abdullayevaya, Sevil Vəliyevaya və digərlərinə minnətdarlığımı bildirirəm.
Azərbaycan Tibb Universitetinə qəbul olunmuş Orxanın ən böyük arzusu respublikanın tanınmış həkimlərindən biri olmaq, xalqımızın sağlamlığının keşiyində durmaqdır".
Osmanın uğuruna ən çox sevinənlər isə valideynləri ilə yanaşı, onun təhsil aldığı 98 nömrəli tam orta məktəbin rəhbərliyi və müəllim kollektividir.
Məktəbin direktoru Nazim Səfərov və təlim-tərbiyə işləri üzrə direktor müavini Flora Hüseynova bu yeniyetmənin olduqca tərbiyəli, yüksək biliyə malik olduğunu söylədilər. Bizimlə söhbət zamanı qeyd etdilər ki, onlar Osmanı təhsil aldığı 11 il ərzində savadlı, hazırlıqlı, nümunəvi bir şagird kimi tanıyıblar və onun gələcəyinə inanıblar. Əldə etdiyi bu yüksək nəticə ilə öz doğma məktəbinə başucalığı gətirən Osman Müslümovla hamı fəxr edir.
Paşazadə
Aytən Vaqif qızı
1996-cı il fevralın 17-də Mingəçevir şəhərində ziyalı ailəsində anadan olmuşdur. 2002-ci ildə Mingəçevir şəhər 7 nömrəli tam orta məktəbdə I sinfə qəbul edilmiş, bu il həmin təhsil ocağından məzun olmuşdur.
Oxuduğu müddətdə dərs əlaçısı kimi tanınmış, məktəbin ictimai həyatında yaxından iştirak etmiş, nümunəvi davranışı ilə fərqlənmişdir. Mingəçevir şəhər 7 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Təranə Rüstəmova məzunlarını belə səciyyələndirir:
"A.Paşazadə yüksək
potensiala malik şagird idi. Keçirilən bütün müsabiqələrdə,
fənn olimpiadalarında
yüksək nəticələr
göstərir, mükafata
layiq yerlər tuturdu. Bir neçə dəfə
olimpiadanın şəhər
mərhələsinin qalibi
olmuşdur. O, TQDK-nın
keçirdiyi sınaq
imtahanlarında da bizim etimadımızı doğruldaraq yüksək
bal toplayırdı. Qəbul imtahanında göstərdiyi
ən yüksək nəticə ilə - 700 balla isə o, biz müəllimlərini, eləcə
də valideynlərini
hədsiz sevindirmişdir.
Fürsətdən istifadə edib
qəzetiniz vasitəsi
ilə Aytənin valideynlərinə gözaydınlığı
verir, Aytənə isə gələcək həyatında və təhsilində uğurlar
arzulayırıq".
Aytən
bizimlə söhbətində
imtahan öncəsi
700 bal toplayacağına
əmin olduğunu bildirdi. Dedi ki, düzdür, müəyyən tərəddüdlərim
olsa da, əminliym çox idi.
Qəbul imtahanının təşkili
və gedişindən
razı qaldığını
deyən Aytən imtahanın çox obyektiv və şəffaf keçirildiyi,
imtahan zamanı elə də çox həyəcanlanmadığını
söylədi.
Artıq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunmuş A.Paşazadənin arzusu gələcəkdə dövlət hesabına xaricdə tibb təhsili almaqdır və bunun üçün Təhsil Nazirliyinə müraciət etməyi nəzərdə tutub. Hədəfi Böyük Britaniya, Almaniya və ya Türkiyə universitetlərinin birində oxumaqdır.
Böyük arzulara gedən yolun astanasında olan Aytəni qəbul imtahanında ən yüksək bal toplaması və tələbə olmaq şansı qazanması münasibəti ilə təbrik edir, ona gələcək təhsilində uğurlar arzulayırıq.
Samirə KƏRİMOVA,
Azərbaycan müəllimi.- 2013.-
13 sentyabr.- S.5.