Təhsil sistemində
gedən prosesləri, tətbiq edilən
yenilikləri valideynlər
necə qiymətləndirirlər?
Artıq 2013-2014-cü dərs ili başlayıb. Bu tədris ilini bir sıra yeniliklərlə qarşılayan ölkə ictimaiyyəti son 5 ayda təhsil sahəsində gedən dəyişiklikləri maraqla izləməkdədir. Hazırda təhsilin müxtəlif sahələrində bir yeniləşmə, müasirləşmə və canlanma hiss olunmaqdadır. Bu il orta məktəbləri bitirən şagirdlərin hamısına attestatın verilməsi, Təhsil Nazirliyi tərəfindən xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı yeni Qaydaların tətbiq olunması, 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almağa gedən tələbələrin seçimi ilə bağlı yeniliklər, dövlət başçısının tapşırığı ilə təhsil naziri Mikayıl Cabbarovun mütəmadi olaraq bölgələrdə vətəndaşları qəbul etməsi, onların müraciətlərini dinləməsi, əksər məsələlərin yerindəcə həllini tapması, bütövlükdə təhsil sahəsində bir sıra layihələrin reallaşdırılması hər bir kəs tərəfindən rəğbətlə qarşılanmaqdadır. Təhsil naziri təhsil işçiləri ilə keçirdiyi müxtəlif görüşlərdə, tədbirlərdə, müsahibələrində hər zaman məktəb-valideyn münasibətlərinə xüsusi toxunur, valideynlərin məktəb həyatında, təhsil ocaqlarının idarəolunması prosesində iştirakının artırılmasını zəruri hesab edir. Bəs görəsən övladları orta məktəblərdə təhsil alan valideynlər bu yeniliklər, həyata keçirilən tədbirlərlə bağlı nə düşünürlər? Övladlarının təhsil aldıqları orta məktəblərdə həmin dəyişiklikləri hiss edirlərmi? Valideynlərin məktəblə əlaqələri hansı səviyyədədir? Suallarımıza cavab almaq üçün övladları Bakıdakı 7 və 55 nömrəli tam orta məktəblərdə təhsil alan valideynlərin bir neçəsi ilə görüşüb söhbətləşdik.
Tamilla Qasımova
(Bakıdakı Məmməd Rahim adına 7 nömrəli tam
orta məktəbin VII sinfinin valideyn komitəsinin sədri):
- Mən, ilk növbədə,
ölkə başçısı cənab İlham Əliyevə
bizim övladlarımızın yüksək təhsil
alması üçün yaratdığı bu gözəl
şəraitə görə minnətdarlığımı
bildirmək istəyirəm. Bu il əsaslı təmir olunaraq
yüksək səviyyədə maddi-texniki baza ilə təchiz
edilən təhsil ocağı şagird və müəllimlərlə
yanaşı, mən deyərdim ki, valideynlər
üçün də əvəzsiz bir hədiyyədir.
Özüm də təhsil
işçisiyəm. Uzun müddət Azərbaycan Dövlət
Neft Akademiyasında kafedra müdiri olmuşam. Son aylarda təhsil
sahəsində həyata keçirilən işlərdən,
tətbiq olunan yeniliklərdən xəbərim var. Mütəmadi
olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin saytına
daxil olaraq, demək olar ki, bütün məlumatları
oxuyuram. Bu il orta məktəbləri bitirən şagirdlərin
hamısına attestat verilməsi ilə bağlı qəbul
olunan qərar bizim ürəyimizcə oldu. İlk dəfə
olaraq orta məktəblərin bütün 11-ci sinif şagirdlərinə
buraxılış imtahanının qiymətindən
asılı olmayaraq yekun dövlət attestasiyasının nəticələrinə
görə attestatın verilməsi, düşünürəm
ki, məzunlara öz arzularını gerçəkləşdirməyə
imkan yaratdı. Onu da bilirəm ki, bu il buraxılış
imtahanlarında "2" qiyməti almış 128 məzun qəbul
imtahanlarında uğurlu nəticələr göstərərək
respublikamızın ali məktəblərinə qəbul
olunub. Bunun özu müsbət haldır.
Təhsil nazirinin bölgələrdə vətəndaşları
qəbul etməsi, onları dinləməsi, əlbəttə,
təqdirəlayiqdir. Nazirin sadə vətəndaşlarla
ünsiyyətini, onları narahat edən məsələlərin
yerindəcə həlli ilə bağlı müvafiq göstərişlərini
verməsini təbii ki, yüksək dəyərləndirirəm.
Nəvəm bu məktəbin
VII sinfində təhsil alır. Özüm də həmin
sinfin valideyn komitəsinin sədriyəm. Buradakı yüksək
təlim mühiti, müəllimlərin şagirdlərə
olan sağlam münasibəti məni olduqca qane edir. Fikrimcə,
şagirdin yaxşı oxuması üçün təkcə
müəllimin əməyi kifayət deyil. Bu işdə
müəllimlərin ən yaxşı köməkçisi
məhz valideynlər olmalıdırlar. Ona görə də
valideyn-müəllim münasibətlərini fəallaşdırmaq
lazımdır. Bu proses qarşılıqlı əməkdaşlıq
şəraitində olmalıdır. Yəni buna həm müəllim,
həm də valideyn can atmalıdır. Düşünürəm
ki, müəllimlə valideynin fikirləri üst-üstə
düşərsə, bu, şagirdlərin istər təlim,
istərsə də tərbiyəsində özünün
müsbət nəticələrini verə bilər.
Bilirsiniz ki,
dünyanın əksər ölkələrində məktəblərin
saxlanılmasında, təhsil ocağının müəyyən
problemlərinin həllində valideynlər yaxından
iştirak edirlər. Məsələn, məktəbin
mühafizəsinin təşkilini valideynlər öz üzərinə
götürür. Rusiyanın özündə bu məsələ
valideynlər tərəfindən həll olunub. Biz də istərdik
ki, məktəbin mühafizəsi işini öz üzərimizə
götürək. Təbii ki,
biz bu məsələdə könüllülük prinsipini əsas
tuturuq.
Könül
Əzimova (7 nömrəli tam orta məktəb):
-
Övladlarımın ikisi də bu təhsil ocağında
oxuyur. Oğlum VIII, qızım isə V sinifdə. Əslində
bu günün valideyni daha hazırlıqlı, təhsilimizdəki
yeniliklərdən xəbərdar olmalı, ən
başlıcası isə üzərinə düşən məsuliyyəti
yaxşı dərk etməlidir. Bir valideyn kimi
övladlarımın təhsili ilə yaxından maraqlanmaqla
yanaşı, məktəbin həyatında baş verən
proseslərdə də fəal iştirak etməyə
çalışıram.
Mən xüsusi
istedada malik uşaqların vaxtından əvvəl I sinfə
qəbulu ilə bağlı Təhsil Nazirliyi tərəfindən
təsdiq olunmuş yeni Qaydalar haqqında fikrimi bildirmək istəyirəm.
Ötən illərdən fərqli olaraq bu il xüsusi istedada
malik uşaqların vaxtından əvvəl I sinfə qəbulunun
rayon (şəhər) təhsil şöbələrinə həvalə
olunması, düşünürəm ki, düzgün bir qərardır.
Xüsusilə müsahibədə valideynlərin
iştirakını, onların arzusu ilə müsahibə
zamanı videoçəkilişin aparılmasını
müsbət qiymətləndirirəm.
Cənab nazirin
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində xarici ölkələrin
nüfuzlu ali məktəblərində təhsil almağa gedən
tələbələrlə görüşü, müsahibələrinin
birində həmin gənclərin qayğılarının,
ehtiyaclarının diqqət mərkəzində
olacağını xüsusi vurğulaması məni də bir valideyn kimi öz
övladlarımın gələcəkdə xaricdə təhsil
almasına ruhlandırır. Övladlarımın məktəbi
"əla" qiymətlərlə başa vuraraq xarici
ölkələrin nüfuzlu ali məktəblərində təhsil
almaları ən böyük arzumdur.
Mehriban Quliyeva (7
nömrəli tam orta məktəb):
- 3 uşaq
anasıyam. İki qızım Bakı Dövlət
Universitetini bitirib. Hazırda oğlum XI sinifdə oxuyur.
Oğlumun istər təhsilində,
istərsə də tərbiyəsində
özümü məsuliyyətli valideynlərdən biri hesab
edirəm. Onu da yaxşı bilirəm ki, təhsilin keyfiyyətinə
təsir edən amillər sırasında ailə birinci yeri
tutur. Düşünürəm ki, məhz buna görə də
məktəbin fəaliyyətinin təşkilində, idarə
olunmasında, təlim-tərbiyə prosesində biz valideynlər
fəallıq göstərməliyik. Bir valideyn kimi öz təcrübəmə
əsaslanaraq əminliklə söyləyə bilərəm
ki, hər bir valideyn öz övladının gələcəyinə
xüsusi diqqət göstərərək məktəblə,
müəllimlərlə əlaqələrini daha sıx və
daha möhkəm qurarsa, bu onun övladının yüksək savad almasında,
ölkəmiz üçün layiqli bir vətəndaş
kimi formalaşmasında mühüm rol oynayar. Şəxsən
mənim özümün övladımın təhsil
aldığı məktəblə, onun müəllimləri
ilə sıx əlaqələrim buna bir əyani nümunədir.
Təhsil naziri
Mikayıl Cabbarov mətbuata
verdiyi ilk geniş müsahibəsində Azərbaycanın təhsil sisteminin
və təhsil infrastrukturunun inkişaf səviyyəsinin
dünyanın aparıcı təhsil sistemləri səviyyəsinə
çatdırılmasının əsas məqsədlərdən
biri olduğunu qeyd edib. Onu da vurğulayıb ki, təhsil
sistemi milli dəyərlərə və peşəkar
kompetensiyalara malik Azərbaycan vətəndaşı
yetişdirməlidir.
Biz də bir valideyn
olaraq öz övladlarımızın məhz belə bir vətəndaş
kimi formalaşmasını arzu edirik.
Mehriban Xanbəyli (55 nömrəli tam orta məktəb):
- Son illər respublikamızda təhsil sahəsində
bir çox islahatlar aparılır. Bir vətəndaş kimi
bu islahatların keçirilməsini yüksək qiymətləndirirəm.
Yeni məktəb binaları tikilir və bu biz valideynləri
çox sevindirir. Dövlət tərəfindən təhsilə
xüsusi diqqət və qayğı var. Təhsil naziri
Mikayıl Cabbarov nazir təyin edildikdən sonra təhsilimizdə
yeni bir canlanma hiss olunur. Mən onun vətəndaşları
müxtəlif bölgələrdə qəbul edərək
problemlərini dinləməsini və qanun çərçivəsində
həmin problemlərin həllinə
çalışmasını təqdirəlayiq hal hesab edirəm.
Hazırda təhsilimizdə olan bir sıra neqativ halların
aradan qaldırılmasına, şagirdlərin intellektual səviyyəsinin
artmasına zəmin yaradılır. Məsələn, bu
yaxınlarda mətbuatdan təhsil nazirinin məktəblərdə
şagirdlərin qidalanması barədə verdiyi
tapşırıqları oxudum. Bu, çox ciddi məsələdir.
Bir çox məktəblərdə mənşəyi məlum
olmayan yeyinti məhsulları satılırdı ki, bu da
şagirdlərin sağlamlığına ciddi ziyan vururdu.
Şübhəsiz ki, təhsilimizdə bir sıra problemlər
də mövcuddur. Bunlardan ən əsası isə şagirdlərin
dərslərlə çox yüklənməsidir. Ümid
edirik ki, yeni nazirimiz bu kimi problemlərə də nəzər
yetirəcək.
Rəna Qurbanova (55
nömrəli tam orta məktəb):
- Səmimi olaraq demək istəyirəm ki, hazırda təhsilimiz
yeni bir dövrə qədəm qoyur. Bu da biz valideynləri
çox sevindirir. Hər bir valideyn öz övladının gələcəyini
düşünərək onun yaxşı təhsil alması
üçün çalışmalıdır. Biz valideynlər
məktəblə daim sıx əlaqədə olmalı,
mövcud problemlərin həlli istiqamətində öz
üzərimizə düşən vəzifələri yerinə
yetirməliyik. Hazırda Təhsil Nazirliyi fəaliyyətini
daha da gücləndirərək ciddi addımlar atır ki, bu
da valideynlər tərəfindən müsbət
qarşılanır. Problemlərin həllinə
çalışan təhsil naziri Mikayıl Cabbarov şagirdlərin
cəmiyyətimizə yararlı bir vətəndaş kimi
yetişdirilməsi yolunda məktəblərə ciddi nəzarət
edir. Onun son vaxtlar imzaladığı əmrlərdən biri
də məktəblərdə "Şahmat" fənninin tədrisinə
xüsusi diqqət verilməsidir.
"Şahmat" oyunu şagirdlərin əqli
inkişafında və intellektual səviyyəsinin yüksəlməsində
əhəmiyyətli rol oynayır. Məni narahat edən məsələlərdən
biri isə şagirdlərin həm fiziki, həm də mənəvi
cəhətdən verilən tapşırıqları yerinə
yetirməkdə çətinlik çəkmələridir.
Düşünürəm ki, şagirdlərin üzərindən
bu yükü götürmək üçün verilən
tapşırıqlar azalmalıdır.
İlhamə Quliyeva (55 nömrəli tam orta məktəb):
- Yeni dərs ilinin başlanması biz valideynlər
üçün ikiqat bayram oldu. Ona
görə ki, övladımın təhsil aldığı məktəb
yeni tikilib və hər bir şəraiti var. Ümumiyyətlə,
təhsilimizdə yeniliklər və inkişaf var. Mənim
övladımın biri keçən il yüksək balla ali təhsil
müəssisəsinə daxil olub. Ona görə öncə
fürsətdən istifadə edərək məktəbin
kollektivinə təşəkkürümü bildirirəm.
Doğrudur, hazırda təhsilimizdə bir sıra problemlər
mövcuddur. Lakin buna baxmayaraq yeni təyin olunmuş təhsil
naziri bu problemlərin aradan qaldırılmasına
çalışır və bir çox müsbət nəticələr
əldə edib. Şəffaflığın qorunması və
ciddi nəzarət sayəsində bir çox neqativ hallar
aradan qaldırılıb. Buna misal kimi bu il orta məktəbləri
qızıl medalla bitirən məzunların
ali məktəblərə qəbul imtahanlarında yüksək
nəticələr əldə edərək etimadı
doğrultmalarını göstərmək olar. Təhsil naziri
Mikayıl Cabbarova ümid bəsləyirəm və ona
uğurlar arzulayıram.
Hazırladılar:
Samirə KƏRİMOVA,
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2013.- 27 sentyabr.- S.6.