Serbiyanın ölkəmizdəki səfiri

Naxçıvan Dövlət Universitetində olub

 

Serbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviç Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olub. Rəsmi qəbuldan sonra universitetin maddi-texniki bazası, tədris prosesi ilə yaxından tanış olan serbiyalı diplomat beynəlxalq münasibətlər və xarici dillər fakültəsində informasiya-kommunikasiya vasitələri ilə təchiz olunmuş linqvistika auditoriyalarında, Tərcümə Tədris Mərkəzində, Cənubi Koreya mədəniyyət və dil tədrisi mərkəzlərində, "Diplomatiya" kabinetində Tələbə eviqonaq evində, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsindəki tədris və elmi-tədqiqat önlü laboratoriyalarda  olub.

Universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov qonağa məlumat verib ki, 1967-ci ildən fəaliyyət göstərən Naxçıvan Dövlət Universiteti möhkəm milli bünövrəyə malik olan, dövlətçilik təmayüllü, dünyaya inteqrasiya olunmuş müasir tipli ali təhsil ocağıdır. Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmin və təhsilin inkişafına göstərilən dövlət qayğısı sayəsində 108 hektarlıq universitet ərazisində hər cür imkanlara malik müasir tipli tədris korpusları qurulub. Burada yeni informasiya texnologiyaları ilə, müasir avadanlıqlarla təchiz edilmiş elektron siniflər,  laboratoriyalar,  İnternet  mərkəzləri,  elektron  kitabxana fəaliyyət göstərir. Universitet dünyanın tanınmış 80 ali məktəbi ilə beynəlxalq əməkdaşlığa malikdir. Hazırda  universitetdə 5000-dən yuxarı tələbə, o cümlədən 12 ölkənin 300 nəfərdən çox vətəndaşı ali təhsil alır.

Sonda səfir universitetin maddi-texniki bazası, təhsilin və tədrisin yüksək səviyyədə təşkili ilə bağlı xoş təəssüratlarını bölüşüb.  

 

Mehriban SULTAN

 

Azərbaycan müəllimi.- 2013.- 27 sentyabr.- S.8.