Təlimdə inteqrasiya

 

İbtidai təlim dövrü uşaq həyatının çox əhəmiyyətli mərhələlərindən biridir. Burada onun təbii imkanlarının üzə çıxması üçün hər cür şərait yaratmaq mümkündür. Şagirdlərdə qabiliyyətlərin vaxtında üzə çıxarılması, möhkəmləndirilməsi, materialın şüurlu surətdə mənimsədilməsi üçün təlimdə inteqrasiya vacibdir. "Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulumu)" sənədində təhsilin inteqrativliyi əsas prinsip kimi nəzərdə tutulmuşdur. Milli Kurikulum təhsildə fəndaxili və fənlərarası inteqrasiyaya xüsusi önəm verir. Müxtəlif sahələr üzrə biliklərin inteqrasiyası şagird təfəkküründə ətraf aləm haqqında vahid, sistemli dünyagörüşün formalaşmasına kömək edir.

İnteqrasiya termini XX əsrin sonundan daha fəal istifadə olunmağa başlasa da onun ifadə etdiyi mahiyyət və məzmun həyat yarandığı gündən mövcud olmuş, onun varlığını təşkil etmişdir.  Zaman-zaman diferensial yanaşmalar hissələrə bölünməni, ayrılmaları tənzimlədiyi kimi, inteqrasiya prosesləri də bütövləşmələrin, tamamlanmaların nəticəsi kimi meydana çıxmışdır. Bəşəriyyətin tarixi boyu proqressiv xarakter daşıyan yeniliklər diferensial və həmçinin inteqrativ yanaşmaların fonunda yaranmışdır. Bütün elm sahələrində, o cümlədən sosiologiyada, eləcə də pedaqogikada inteqrasiya önəmli yer tutmuşdur. Ona görə də pedaqogikada "inteqrasiya", "inteqrativlik", eləcə də "təhsildə inteqrasiya" və s. anlayışlardan daha çox istifadə olunmağa başlamışdır. İnteqrasiya təhsilin bütün struktur elementlərinə aid olduğundan son dövrlərdə "inteqrativ təlim", "inteqrativ dərs", "inteqrativ fənn" və s. anlayışlar da işlənir.

Müasir dünyada sürətlə gedən sosial, mədəni və texnoloji dəyişikliklər qlobal düşünmə tərzinin əhəmiyyətini xeyli artırır. Belə olan halda şagirdlər təlim prosesinin passiv iştirakçısı olmur. İnteqrativlik şagirdlərə ətraf aləmin dərk edilməsinə yaradıcı idraki münasibət bəsləyən subyektlər kimi yanaşılmasına imkan yaradır. Bu o zaman mümkün olur ki, təhsil pillələrində öyrənilən fənlər və onların  əhatə etdiyi mövzular ayrı-ayrı deyil, əlaqəli, inteqrativ şəkildə tədris olunur. Digər bir tərəfdən  inteqrativ kurikulum şagirdlərin dərsliklərdə verilən materiallara yaradıcı yanaşmasına kömək edir.

Təcrübə göstərir ki, tədris prosesində fəndaxili və fənlərarası inteqrasiyanın təmin edilməsi bilik və bacarıqların şagirdlər tərəfindən daha asan mənimsənilməsi, dərslərin maraqlı və məzmunlu qurulması, uşaqlarda tədqiqatçılıq meyillərinin yaranması üçün vacib şərtdir. Fəndaxili inteqrasiya müəyyən bir fənnin aşıladığı anlayış, bilik və bacarıqların əlaqələndirilməsi, fənn daxilində səpələnmiş faktların sistemləşdirilməsidir. Belə səviyyədə inteqrasiyanı verilmiş materialın ayrı-ayrı tədris vahidlərində cəmləşdirilməsi də hesab etmək olar. Bu isə son nəticədə fənnin məzmununun strukturunun dəyişdirilməsinə gətirib çıxarır. Bu mənada inteqrasiya olunmuş məzmun informativ cəhətdən daha tutumlu olur, şagirdlərin daha əhatəli kateqoriyalarla düşünmə bacarıqları formalaşdırmalarına kömək edir. İbtidai təhsil pilləsi fənlərinin tədrisində geniş şəkildə istifadə olunan fəndaxili inteqrasiya üçün konsentrik prinsipə əsaslanan spiralvari quruluş daha xarakterikdir. Bu cür inteqrasiya prosesində dəyərlərin dərk olunması xüsusidən ümumiyə və yaxud ümumidən xüsusiyə doğru ola bilər. Beləliklə, məzmun get-gedə yeni məlumatlarla, bağlılıqlarla və asılılıqlarla zənginləşərək daha maraqlı hala gəlir. Bu formanın üstün xüsusiyyəti ondan ibarətdir ki, şagirdlər başlanğıc problemi diqqətdən qaçırmadan onunla bağlı olan bilgilərini daha da genişləndirir və dərinləşdirirlər.

Fənlərarası inteqrasiya bir neçə fənnin əhatə etdiyi ortaq bilik və bacarıqların sintezi olmaqla, bir fənnə aid anlayışların və metodların digər bir fənnin tədrisində istifadəsini nəzərdə tutur. Bu inteqrasiya müxtəlif fənlər arasında məntiqi əlaqələrin qurulmasına xidmət edir. Bu proses eyni bir bacarığın ayrı-ayrı fənlər vasitəsilə daha da təkmilləşdirilməsini təmin etməklə təlim prosesinin səmərəliliyinin artırılmasına şərait yaradır.

Fənlərarası və fəndaxili münasibətlərin sadəcə əlaqə deyil, inteqrasiya xarakteri daşıması bu münasibətlərin daha sıx və möhkəm olmasına, onun bütöv bir prosesə çevrilməsinə şərait yaradır. Müəllimlər pedaqoji prosesdə ondan daha səmərəli qaydada istifadə etmək imkanı qazanırlar. Bundan əlavə, fənlərarası və fəndaxili inteqrasiya interaktiv öyrənməyə geniş yol açır. Şagirdlərin təbiət, cəmiyyət və insanlar haqqında qarşılıqlı əlaqələr şəraitində qurulmuş biliklərə yiyələnməsini stimullaşdırır.

İnteqrasiya nəticəsində tədris materialının yığcamlığı  təmin edilir, təkrara yer verilmir, şagirdlər artıq yüklənmir və tədris vaxtına qənaət edilir. Onlar az vaxt içərisində çox, həm də bir-biri ilə üzvi əlaqədə formalaşmış biliklər əldə edirlər. Bu məqsədlə uşaqları inteqrativ biliklər əldə etməyə hazırlayan fənlərarası əlaqəyə geniş yer verilməlidir. Bunun təmin edilməsi üçün müəllim bütün fənlər üzrə proqram materiallarına yaxşı bələd olmalı, fənlərarası əlaqədən istifadə etməyin yollarını, onun metodikasını dərindən bilməlidir.

Fənlərarası əlaqə prosesində  tədris fənni şagirdlər tərəfindən yaxşı mənimsənilir, bir neçə fənn üzrə bilik, bacarıq və vərdişlər təkrarlanır. Biliyin şagirdlər tərəfindən  sistemli mənimsənilməsi təmin edilir.

Fənlərarası əlaqədən ardıcıl şəkildə istifadə tədrisin səviyyəsini yüksəldir, şagirdlərin təfəkkürünü inkişaf etdirir, dünyagörüşünü genişləndirir. Buna görə də təhsilə ayrı-ayrı fənlərin öyrədilməsi kimi deyil, XXI əsrin tələb etdiyi həyati bacarıqların inkişaf etdirilməsi prosesi kimi baxılmalı, şagirdlər həyat boyu öyrənməyə hazırlanmalıdır.

 

Günel ƏSGƏROVA,

Rumiyyə  PİRİYEVA,

Naxçıvan Dövlət Universitetinin əməkdaşları

 

Azərbaycan müəllimi.- 2013.- 27 sentyabr.- S.10.