Cahangirovlar soyunun pedaqoq oğlu, əsl xalq müəllimi
XX əsr
Azərbaycanın qədim və çoxillik
təhsil tarixinə sürətli inkişaf,
tərəqqi dövrü kimi
düşüb. Məhz
ötən yüzillikdə ölkəmizdə geniş xalq kütlələrinin
təhsilə cəlb olunması, məktəb şəbəkəsinin
genişləndirilməsi, təhsilin maddi-texniki
bazasının möhkəmləndirilməsi, idarə
olunmasının təkmilləşdirilməsi, icbari ibtidai, səkkizillik
və orta ümumi təhsilin
tətbiqi, fasiləsiz təhsilə keçilməsi və
təhsilin digər pillələrinin inkişafı, təhsilin
hamı üçün əlçatan
olması, keyfiyyətinin yüksəldilməsi və s. istiqamətlərində çox
mühüm və uğurlu
addımlar atılıb. Dövlət tərəfindən
böyük önəm verilən, daim xüsusi diqqət və
qayğı ilə əhatə olunan və
dəstəklənən, müvafiq təhsil
qurumlarının təşkilatçılığı və
rəhbərliyi ilə həyata keçirilən bütün bu inkişafyönümlü işlərin
önündə isə həmişə Azərbaycan müəllimi
gedib.
Tarixən müəllim
adının həmişə uca tutulduğu, müəllimin mənəvi ata hesab olunduğu
ölkəmizdə XX əsrdə sələflərinin arzu və əməllərini, ənənələrini
bir xələf borcu kimi yaşadan və davam etdirən, qazanılmış təcrübəni
öz əməlləri ilə daha da
zənginləşdirən, əsl xalq
müəlliminə xas keyfiyyətlərə
sahib, yüksək biliklərinə,
savadlarına, dünyagörüşlərinə görə
cəmiyyətin öncül dəstəsi
kimi qəbul edilən pedaqoqlar
nəsli fəaliyyət göstərib. Onlar həmişə müəllim
adını, şərəfini uca tutmuş, öhdələrinə
götürdükləri müqəddəs müəllimlik
missiyasını ləyaqətlə yerinə yetirmiş,
bütün ömürlərini
balalarımızın təlim-tərbiyəsi, cəmiyyətə
layiq vətəndaşlar kimi
yetişdirilməsi yolunda şam
kimi əritmiş, geniş
əhali kütlələrinin maarifləndirilməsi naminə
var qüvvələrini sərf etmiş, bununla da təhsilimizin inkişafına, yüksək
intellektli cəmiyyətin
formalaşmasına öz dəyərli
töhfələrini vermişlər.
Belə müəllimlərimizdən
biri də ötən əsrin 30-cu illərindən
başlayaraq bütün
həyatını bu müqəddəs
peşəyə həsr etmiş, öz peşəkarlığı,
halallığı, vətənə, xalqa
bağlılığı ilə nəinki doğulub
boya-başa çatdığı və ilk əmək fəaliyyətinə başladığı
Qarabağ bölgəsində, eləcə
də bütün ölkə
miqyasında tanınmış və nüfuz
qazanmış, anadan olmasının 100 illiyi bu günlərdə
tamam olan Baxış
İsmayıl bəy oğlu Cahangirov olmuşdur.
Qarabağın ən məşhur
soylarından olan Cahangirbəyovlar nəslinə
mənsub Baxış müəllim 1913-cü il
yanvarın 13-də böyük Azərbaycan
ədibi Cəfər Cabbarlının "1905-ci ildə" əsəri
vasitəsi ilə demək olar ki, bütün Azərbaycanda
yaxşı tanınmış məşhur Tuğ
kəndində dünyaya göz açmışdır. Bəy nəslindən
olan Baxış müəllimin nəsil
şəcərəsinin tarixi XVII əsrin
əvvəllərinə gedib
çıxır.
Nəinki
Azərbaycanın, eləcə də keçmiş
Sovetlər İttifaqının bir çox iri elm və sənaye mərkəzlərində məskən
salmış Cahangirovların tarixi vətənləri
Dağlıq Qarabağın Tuğ kəndidir.
Soyadın yaradıcısı hesab
edilən Cahangir bəy Qarabağ
xanlığının müdafiəçilərindən biri olmuş, sarayda yüksək rütbəli məmur vəzifəsi
tutmuş, oğlanları ilə birlikdə
Qarabağ xanlığının
paytaxtı Şuşanın müdafiəsində fəal iştirak etmişdir.
Cahangir bəydən sonra
bəylik titulu onun
oğlanları vasitəsi ilə sonrakı varislərinə ötürülmüş, nəticədə
bu nəsildən zadəganlıq tituluna malik geniş bir sülalə
yaranmışdır. Baxış müəllim bu sülalənin 4-cü nəslinə mənsubdur.
Belə ki, Cahangir bəy
onun babasının (Şükür
bəy) babası idi. Baxış müəllimin
böyük qardaşı Haşım bəy
Müsavat Partiyasının üzvü və Lənkəranda pristav olmuşdur.
İlk təhsilini
Tuğ kəndində alan
Baxış Cahangirov 1930-1931-ci tədris
ilində Karyagin (indiki
Füzuli) rayonunun
Aşağı Veysəlli kəndində əmək fəaliyyətinə
başlamışdır. Buradakı məktəbin
müdiri işləməklə bərabər
eyni zamanda Hadrut (indiki Xocavənd rayonunun ərazisinə daxildir)
Rayon Təhsil Şöbəsinin metodisti olmuşdur. 1935-ci
ildə Bakıdakı 2 illik Müəllimlər
İnstitutuna qəbul olunan
Baxış müəllim 1937-ci ildə institutu
bitirərək Tuğ kənd məktəbində Azərbaycan dili
və ədəbiyyat müəllimi işləmiş, məktəbin
tədris şöbəsinin müdiri olmuşdur.
B.Cahangirov
1939-cu il noyabrın 26-da hərbi xidmətə
çağırılmış, təxminən 5 il davam edən ordu həyatı dövründə iki müharibədə iştirak
etmişdir. Əvvəlcə fin kampaniyasına cəlb olunaraq
sovet-fin cəbhəsində vuruşmuş, Böyük
Vətən müharibəsinin ilk
günlərindən isə döyüşən ordu tərkibində Qafqazdan
Polşa torpağınadək rəşadətli
döyüş yolu keçmişdir. Müharibə
başladıqdan təxminən 1 ay sonra - 1941-ci il iyulun 17-də Mogilyov ətrafında
gedən döyüşlərdə yaralanan
Baxış müəllim tezliklə müalicə olunaraq yenidən ön cəbhəyə
qayıtmış və Stalinqrad cəbhəsində
gedən döyüşlərdə iştirak
etmişdir. Böyük Vətən
müharibəsi tarixinə ən şiddətli
döyüşlərdən biri və
müharibənin dönüş nöqtəsinin
başlanğıcı kimi düşmüş bu vuruşda almanlar ilk dəfə ağır məğlubiyyətə
uğramış və onların böyük
bir ordu qrupu əsir alınmışdır. B.Cahangirov 1942-ci ildə Stalinqrad
ətrafında mühasirəyə alınmış və
darmadağın edilmiş alman-faşist
qoşunlarının baş komandanı, general-feldmarşal Paulyusun
ilkin dindirilməsində iştirak
etmişdir. B.Cahangirov I Ukrayna cəbhəsinin tərkibində
1943-cü ilin iyulunda Kursk qövsü deyilən
yerdə gedən döyüşlərdə, həmin ilin noyabrında Kiyevin azad olunmasında, alman-faşistlərin Korsun-Şevçenko müdafiə xəttinin
yarılmasında, 1944-cü ildə Polşa
sərhədinin keçilməsində, Polşanın Sandomir şəhərinin azad olunmasında da iştirak etmiş, böyük qəhrəmanlıq və rəşadət
göstərmişdir.
O,
tərkibində vuruşduğu polkun komsomol təşkilatının
katibi olmuşdur. Polşanın Krakov şəhəri
uğrunda gedən döyüşlərdə
ikinci dəfə ağır yaralanan Baxış müəllim uzun müddət müalicə olunduqdan
sonra 1945-ci ilin
sentyabrında ordudan tərxis olunmuş, sonralar ona ikinci qrup
müharibə əlili əlillik dərəcəsi verilmişdir.
B.Cahangirov özünü döyüş
meydanlarında qorxmaz döyüşçü,
bacarıqlı zabit, igid
komandir kimi göstərərək
bir sıra orden və
medallarla təltif olunmuşdur.
Lakin onun ən çox fəxr etdiyi mükafat Stalinqrad
döyüşlərinə görə aldığı medal idi. Çünki
o hesab edirdi
ki, müharibənin ən dəhşətli
məqamları məhz orada olub. B.Cahangirovu
"İgidliyə görə" medalı ilə təltif
etməsi haqqında komandir əmrinin əlyazması
bu yaxınlarda Rusiya
arxivindən tapılmışdır. Polkun komandiri
mayor Tıkvaçın
imzaladığı həmin əmrdə qeyd
olunur ki, "radio rabitə bölməsinin komandiri
Baxış Cahangirov döyüş
vaxtı almanlar müşahidə məntəqəsi
rayonunda hücuma
keçərkən düşmənin şiddətli
bombardmanına və artilleriya atəşlərinə
baxmayaraq müşahidə məntəqəsi
ilə döyüş mövqeyi arasında fasiləsiz rabitəni qoruyub saxlamış və komandaların döyüş mövqeyinə maneəsiz
çatdırılmasını təmin etmiş,
bununla da almanların bu rayonda
hücumlarının dayandırılmasına yardım etmişdir. Alman
avtomatçıları müşahidə məntəqəsi
rayonuna soxulduqda isə
yoldaş Cahangirov
şəxsi silahı ilə onları geri
oturtmuş, radiostansiyanı tam işlək vəziyyətdə yeni müşahidə məntəqəsinə
çatdırmışdır".
Baxış
müəllim sonralar müharibədən,
keçdiyi döyüş
yolundan tez-tez söz salar, müharibənin
dəhşətlərindən daha çox, ondan
aldığı dərslərdən, müharibənin
insanı mübariz, qorxmaz
etməsindən danışarmış.
1945-ci ildə ordudan
tərxis olunduqdan sonra
elə həmin il həm keçmiş
hərbiçi kimi, həm də Müəllimlər
İnstitutunu bitirdiyinə görə
güzəştlə APİ-nin Azərbaycan
dili və ədəbiyyatı fakültəsinin
III kursuna daxil olmuş, 1947-ci ildə institutu
müvəffəqiyyətlə bitirmişdir.
1947-ci ildə Stepanakert (indiki Xankəndi)
Müəllimlər İnstitutunda Azərbaycan
dili və ədəbiyyat müəllimi
işləmiş, 1956-cı ildə Dağlıq Qarabağ Muxtar Vilayəti
Xalq Maarif Şöbəsinin
müdir müavini vəzifəsinə
təyin olunmuşdur. Baxış
müəllimin qüsursuz fəaliyyətindən
həmişə razı qalan Vilayət Partiya Komitəsinin rəhbərliyi onu gələcəkdə daha
yüksək vəzifəyə təyin etmək üçün Vilayət Partiya
Komitəsinin Büro üzvlüyünə
namizəd seçmişdir. Lakin 1964-cü ildə Baxış müəllimin
bacısının ailəsində faciə baş
vermiş, onun cavan oğlu
dünyasını dəyişmişdir. O vaxtlar
Bakıda yaşayan bacısını tək
qoymamaq üçün
Baxış Cahangirov ailəsi ilə
Bakıya köçmək qərarını vermişdir.
Vilayət Partiya Komitəsi rəhbərliyinin
onun haqqında yüksək fikirdə
olmasını bildirməsinə və qalmaq
üçün təkid etməsinə baxmayaraq, Baxış müəllim qərarından
dönməmişdir. Evini Bakıya dəyişməsi
mümkün olmadığından o, Sumqayıtda məskunlaşmış,
1965-ci ildən başlayaraq 1981-ci ildə
təqaüdə çıxanadək buradakı 13 nömrəli
məktəbdə Azərbaycan dili və ədəbiyyat
müəllimi işləmişdir.
Müəllimlər İnstitutunda, Vilayət Xalq
Maarif Şöbəsində işlədiyi
20 ilə yaxın dövr ərzində
Baxış müəllim özünü
bacarıqlı maarif təşkilatçısı
kimi tanıtmış, vilayətdə təhsilin
inkişafı istiqamətində böyük
xidmətlər göstərmişdir. Azərbaycan məktəblərinin
şəbəkəsinin genişləndirilməsi, azərbaycanlı
balalarının təhsilə cəlb olunması onu daha çox
düşündürür, bu yolda yorulmadan
çalışırdı. Dağlıq Qarabağda
Azərbaycan məktəblərinə nisbətən ögey münasibət bəsləndiyini
görən fədakar müəllim bu məsələni dəfələrlə
yuxarı təşkilatlar, o cümlədən
Maarif Nazirliyi
qarşısında qaldırır, Qarabağın erməni məktəblərinə
daha çox diqqət
yetirildiyini, Azərbaycan məktəblərinin
vəziyyətinin isə acınacaqlı halda
olduğunu qeyd edirdi.
O
vaxtlar ölkədə ümumi
icbari 8 illik təhsil tətbiq olunurdu.
Bu məsələyə
çox ciddi yanaşan və öz fəaliyyətində
xüsusi diqqət yetirən B.Cahangirov təhsildən kənarda qalan tərəkəmə, çoban
ailələrinin uşaqlarının ümumtəhsil və internat məktəblərinə cəlb
olunmasına çalışırdı. Onun
üçün ən vacib
məsələ bütün
uşaqların, fərqi yoxdur, onlar erməni olsun, rus və ya azərbaycanlı,
təhsil almaları idi.
Vilayətdə
Azərbaycan dilində təhsilin inkişafına xüsusi diqqət yetirən B.Cahangirov
bütün azərbaycanlılardan öz uşaqlarını Azərbaycan məktəblərinə
qoymağı, Azərbaycan dilində oxutmağı tələb
edirdi. O, dərs dediyi
şagirdlərdə, tələbələrdə Azərbaycan
dilinə dərin sevgi oyadır, dilimizi, ədəbiyyatımızı onlara dərindən öyrədirdi.
Sonralar bir çox
tanınmış insanlar Baxış
müəllimin bu xidmətlərini
yüksək dəyərləndirmişlər. Məsələn,
hazırda Azərbaycan Respublikasının daxili
işlər naziri işləyən Ramil Usubov onda
Azərbaycan dilinə maraq və məhəbbəti
məhz Baxış müəllimin oyatdığını,
Azərbaycan dili və ədəbiyyatından
nə bilirsə bunun üçün
Baxış müəllimə borclu olduğunu dəfələrlə qeyd etmişdir.
Baxış
Cahangirov yaxşı müəllim, təhsil
işçisi olmaqla
bərabər, həm də özünə və ətrafındakılara
yüksək tələbkarlıqla yanaşan,
bütün məsələlərdə prinsipial mövqedə duran
bir insan idi. Düzlük,
halallıq, prinsipiallıq onun əsas həyat
prinsiplərini təşkil edirdi. Məsələn, xatirələrdə qeyd olunur ki,
o, Vilayət Xalq Maarif Şöbəsində işləyərkən
Martuni (indiki Xocavənd)
rayonunun kəndlərinin birindən azərbaycanlı
direktor ona hinduşka və digər ərzaq məhsullarından
ibarət pay gətirir. Özü
evdə olmadığından həyat yoldaşı payı qəbul
edir. Fasilədə evə gələn
Baxış müəllim bunu eşidib çox hirslənir
və həyat yoldaşını məcbur edir
ki, direktoru tapıb
payını ona qaytarsın. Həyat
yoldaşı belə də edir, gedib direktoru vağzalda tapır və payını
qaytarır.
Bir
dəfə də icbari təhsillə
bağlı Mardakert (indiki
Ağdərə) rayonunu
yoxlayırlarmış. Baxış müəllim yoxlama komissiyasının sədri imiş. İnspektorlar
yoxlamanı başa
çatdırdıqdan sonra hər şeyin qaydasında olduğunu
bildirir və müsbət arayış
hazırlayırlar. Arayışla tanış olandan sonra maarif
şöbəsinin müdiri təklif edir ki, bəs yoxlama qurtardı, mənim də yaxşı bir quzum var,
sizi bulaq başına
dəvət edirəm.
Baxış
müəllim də hər şeyin
yaxşı olduğunu görüb
razılaşır. Onlar bulaq
başında olarkən təsadüfən oradan
keçən bir neçə azərbaycanlı
atlını görürlər. Baxış Cahangirov
onlarla salamlaşıb, haradan
olduqlarını, uşaqlarının məktəbə
gedib-getmədiklərini soruşur. Onlar cavab verirlər ki, nə danışırsan, a
kişi, nə məktəb, nə zad. Bizə heç məhəl
qoyan var ki.
Bunu
eşidən Baxış müəllim əlavə yoxlama aparır, arayışı alt-üst edir. Nəticədə
maarif müdirinə şiddətli
töhmət verilir.
Məhz yüksək peşəkarlığı
ilə bərabər bu
halallığına, obyektivliyinə,
prinsipiallığına görə Baxış müəllim
vilayətdə böyük nüfuza malik idi, hörmət-izzət qazanmışdı.
O vaxtlar Azərbaycanın maarif
naziri işləyən akademik
Mehdi Mehdizadə Baxış müəllimə
böyük hörmətlə
yanaşırdı, bir neçə dəfə
Baxış müəllimin evində qonaq
olmuşdur.
Azərbaycan
Dövlət Pedaqoji İnstitutunu
"əla" qiymətlərlə bitirmiş
Baxış Cahangirov Azərbaycan dili və ədəbiyyatı ilə
yanaşı, erməni dilini də mükəmməl
bilirdi. Mirzə Fətəli Axundovun məşhur "Müsyö
Jordan və Dərviş Məstəli şah cadugünü məşhur" əsərini
ilk dəfə erməni dilinə tərcümə
etmiş və əsər 1954-cü ildə
Stepanakert Dram
Teatrında səhnəyə qoyulmuşdur.
Azərbaycan ədəbiyyatının
dərin bilicisi olan
Baxış müəllim Nizaminin, Füzulinin, Sədinin, Mirzə Şəfi Vazehin, Mikayıl Müşfiqin
və digər Azərbaycan şairlərinin
yaradıcılığından saatlarla
danışardı. Müəllim yoldaşları tez-tez onun evinə
yığışar, Baxış müəllimin ədəbiyyatımızdan
etdiyi söhbətlərə qulaq asardılar. B.Cahangirov
onlara Nizamidən, Füzulidən şeirlər
oxuyar, oxuduqlarını şərh edərdi.
O, eyni zamanda fars dilini də çox yaxşı bilir,
əski əlifbada yazıb-oxumağı bacarırdı. Ərəb
dilində də pis
danışmırdı.
Pedaqoji fəaliyyəti
ilə yanaşı həm də elmi tədqiqat
işləri ilə məşğul olurdu.
Baxış müəllim uzun illər dahi Azərbaycan şairi M.Ə.Sabirin
yaradıcılığının tədqiqatçısı
olmuş və onun tədrisi
metodikası istiqamətində xeyli iş görmüşdür.
Azərbaycan
ziyalısının bütün xarakterik xüsusiyyətlərini özündə
cəmləşdirən Baxış Cahangirov
vətənpərvərliyi, əməksevərliyi,
qayğıkeşliyi, millət, vətən, dil
təəssübkeşliyi ilə hamının hörmətini
və ehtiramını qazanmışdı. O, Azərbaycan tarixini, Qarabağ tarixini çox gözəl
bilirdi. Onun
Qarabağın, Tuğ kəndinin tarixi, əslən bu kənddən
olan görkəmli şəxslərin həyat
və fəaliyyəti haqqında olan tədqiqat
işləri, tarixi araşdırmaları
çoxlarına məlumdur. Lakin çox təəssüflər olsun ki, onun
əlyazmaları bu günə qədər
işıq üzü görməmişdir.
Halbuki, bu məqalə
və araşdırmaların dərc edilərək geniş oxucu kütləsinə
çatdırılması gənc nəslin vətənpərvərlik
ruhunda tərbiyəsinə çox kömək edərdi.
Baxış
müəllim haqqındakı bu qeydlərimizdə
oxucularımız üçün maraqlı
olacağını nəzərə alıb bir
faktı da diqqətə çatdırmaq
istərdik. Bu, görkəmli Azərbaycan
ədibi Cəfər Cabbarlının "1905-ci ildə"
pyesində Tuğ kəndinin hadisələrin
məkanı kimi seçilməsi ilə
bağlıdır.
Əslində
Cəfər Cabbarlı heç vaxt Tuğda olmayıb və
bu kəndin adı pyesə təsadüfən
düşüb. Əhvalat belə olub. C.Cabbarlı o
vaxtlar Xalq Maarif Komissarlığının tərkibində
olan Teatr sənəti
şöbəsinin müdiri İsrafil Cahangirovun
yanına gələrək erməni-azərbaycanlı
münasibətlərinə dair bir pyes
yazdığını bildirir, lakin hadisələrin məkanı kimi hansı kəndi seçəcəyini bilmədiyini
deyir. Həmin anda
Baxış müəllim də qohumu olan İ.Cahangirovun
yanında imiş. Müdir
ədibə deyir ki,
niyə başqa yer
axtarırsan, cəsarətlə ora elə
bizim Tuğ kəndinin
adını yaza bilərsən.
Baxış müəllim də o kənddəndir.
C.Cabbarlı
Baxış müəllimlə söhbət edir,
B.Cahangirov ona Tuğ kəndi haqqında danışır.
Beləliklə, ədib Tuğ kəndinin
adını öz pyesinə daxil edir.
B.Cahangirovun
təhsilimiz qarşısındakı xidmətləri həmişə
yüksək qiymətləndirilmiş, o,
müxtəlif vaxtlarda respublika
Ali Sovetinin, Maarif Nazirliyinin, Vilayət
Partiya Komitəsinin fəxri fərmanlarına,
çoxlu döyüş
orden və medalına layiq
görülmüş, Azərbaycan müəllimlərinin
4-cü qurultayının nümayəndəsi
olmuşdur.
Mahir
müəllim, bacarıqlı təhsil təşkilatçısı,
alovlu vətənpərvər,
prinsipiallıq, düzlük, doğruluq, halallıq mücəssəməsi
Baxış Cahangirov 1989-cu ildə 76
yaşında Bakıda vəfat etmişdir.
Təqaüdə çıxdığı
1981-ci ildən həmişə gümrah
və sağlam görünən, torpağa sıx bağlı olduğundan
daim şəhər kənarındakı
bağında işləyən bu fədakar
ziyalını ömrünün son illərində uzun illər
bir yerdə çiyin-çiyinə
işlədiyi ermənilərin dönüklüyü
yatağa salmışdı. O, hələ
Dağlıq Qarabağda
çalışdığı illərdə erməni millətçiliyi,
Azərbaycana qarşı xəyanətkarlıqlarla üzləşirdi.
Bir dəfə
ətrafındakılardan kimdəsə azəri türklərinin
qatı düşməni, qaniçən Andronikin
şəklini gördükdə onu
alıb nümayişkarcasına cırmışdı. Erməni millətçiləri hələ
50-ci illərin sonlarında baş
qaldırmaq istəyəndə tanıdığı, sıx
münasibətdə olduğu erməni
məktəb direktorları,Vilayət İcraiyyə Komitəsinin
bir sıra işçiləri
Baxış müəllimin mənzilinə
yığışıb, onunla birlikdə
bu hadisələrin
qarşısını almağa
çalışırdılar. Onlar erməni
millətçilərinin hərəkətinə birlikdə
sinə gərirdilər.
80-ci illərin sonlarında Qarabağ münaqişəsi başlayanda
da Baxış müəllim
tanıdığı ermənilərə məktublar
yazır, qəzetlərə müraciətlər göndərir,
hadisələrin dayandırılmasına
çalışırdı. Lakin çox təəssüflər olsun ki, hadisələrin
qarşısını almaq mümkün
olmadı, nəticədə Azərbaycanın 20 faiz torpaqları, o cümlədən
də Baxış müəllimin doğma
yurdu Tuğ ermənilər
tərəfindən işğal olundu.
Baxış
müəllim haqqında xatirələrdə onun çoxlu kəlamları
olduğu bildirilir və bunların gənc nəsillərin tərbiyəsi
üçün faydalı olduğu qeyd edilir.
Yazımızın sonunda onların bir neçəsini
oxucuların diqqətinə çatdırmağı
özümüzə borc bildik. Deyərmiş ki, "Mən həyatda insan
axtarıram". Bu onun üçün həyat devizi
imiş. Onun üçün nə var-dövlət, nə
pul, nə də vəzifə var imiş.
İkiüzlülüyü, yaltaqlığı qətiyyən
sevməzmiş. Ona görə, ən vacibi bu imiş ki, pak
insan olasan, mənəviyyatlı, əməksevər
olasan.
Deyərmiş
ki:
- Axırıncı sözünü əvvəlcədən
demə, buna hər vaxt imkan tapılar;
- Elə yaşa ki, heç kimin
qarşısında başın aşağı olmasın;
- Həyat mübarizədir, öz həyatın
naminə özünlə mübarizə apar;
- Tezdən duran heç vaxt uduzmaz;
- Səni çox tərifləyənə
şübhə ilə
yanaş;
- İntriqalara girmə, kiminsə barəsində fikrini başqasına yox, onun özünə de. Lakin deyəcəyini əvvəlcədən yüz
ölç, bir biç.
O, özü bu prinsiplərlə yaşamışdı.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2013.- 11
yanvar.- S.5.