Qusar rayonunun
Çiləgir kəndində yeni məktəb
binası açılıb
Dekabrın
28-də Qusar rayonunun Çiləgir kəndində
regionların 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramına uyğun olaraq 180
yerlik yeni məktəb binasının istifadəyə verilməsi
münasibətilə mərasim keçirilmişdir.
AzərTAc
xəbər verir ki, bu münasibətlə təşkil olunan
tədbirdə rayon icra hakimiyyətinin, təhsil şöbəsinin
nümayəndələri, məktəbin müəllim-şagird
kollektivi, eləcə də kənd sakinləri iştirak
etmişlər.
Mərasimdə
Milli Məclisin deputatı Azər Badamov ölkəmizdə
elm və təhsilin inkişafına göstərilən
yüksək dövlət qayğısından
danışmışdır. Bildirmişdir ki, Azərbaycan
dövlətinin iqtisadi qüdrətinin ildən-ilə
artması ölkəmizdə təhsilin davamlı
inkişafı üçün möhkəm zəmin
yaratmışdır. Rayon icra
hakimiyyətinin başçısı Şair Alxasov diqqətə
çatdırmışdır ki, son illər ölkəmizin
hər yerində olduğu kimi, Qusarda da müasir tipli yeni məktəb
binalarının inşası geniş vüsət
almış, təhsilin inkişafına dövlət
qayğısı ildən-ilə artmışdır.
Son illərdə
Azərbaycanda 2 minə yaxın yeni məktəb binası
istifadəyə verilmişdir ki, bunların da 29-u Qusar rayonunda
inşa olunmuşdur. Cari ildə isə rayonda rekord sayda təhsil
ocağı tikilmişdir. Belə ki, 9 yeni məktəb
binası artıq istifadəyə verilmiş, daha 9 təhsil
müəssisəsinin tikintisi başa çatmaq üzrədir. Bundan başqa, rayondakı əksər
məktəb binaları əsaslı təmir olunmuş, təhsilin
maddi-texniki bazası daha da möhkəmləndirilmişdir. Çıxış edənlər
təhsilin inkişafına göstərilən diqqət və
qayğıya görə dövlətimizin
başçısı İlham Əliyevə, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya
dərin minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə
müəllim və şagirdlərin, kənd
ağsaqqallarının təbriki, xeyir-duası dinlənilmiş,
yeni təhsil müəssisəsinin
açılışını bildirən rəmzi
qırmızı lent kəsilmiş və
iştirakçılar məktəb binasında tədris
üçün yaradılmış şəraitlə
tanış olmuşlar.
İnşasına
cari ilin mayında başlanılmış təhsil
ocağı müasir standartlara cavab verən bütün
avadanlıqla təmin olunmuşdur. Məktəbin
qızdırılması üçün həm qaz, həm də
elektrik enerjisi ilə işləyən istilik sistemi
qurulmuşdur. Təhsil
ocağı 12 sinif otağı, 3 kabinet, idman zalı, kitabxana
və laboratoriya ilə təmin olunmuş, kompüter otağı
isə birbaşa İnternet şəbəkəsinə
qoşulmuşdur.
Açılış
mərasiminin sonunda yerli incəsənət nümayəndələrinin
iştirakı ilə konsert təşkil olunmuşdur.
Azərbaycan müəllimi.- 2013.- 11
yanvar.- S.1.