Doğu Ağdəniz Universiteti ilə müqavilə imzalanıb

 

Naxçıvan Müəllimlər İnstitutu müstəqil institut kimi fəaliyyətinin onuncu ilinə qədəm qoyduğu bir dövrdə Azərbaycanda və qardaş Türkiyə Respublikasında fəaliyyət göstərən bir çox təhsil müəssisələri ilə qarşılıqlı əlaqələr yaratmışdır.

İnstitut bu günlərdə Kuzey Kıprıs Türk Cümhuriyyətində fəaliyyət göstərən Doğu Ağdəniz Universiteti ilə də qarşılıqlı təcrübə, müəllim və tələbə mübadiləsi, elmi araşdırmaların aparılması və bir çox məsələlər üzrə müqavilə imzalamışdır.

Doğu Ağdəniz Universiteti KKTC-nin sayılıb-seçilən universitetlərindəndir. 1979-cu ildə "Yüksək texnoloji institut" kimi, 105 tələbə ilə fəaliyyətə başlayan universitetin bu gün 11 fakültə, 30 bölüm, xarici dillər ingiliscə hazırlıq, məlumat texnologiya məktəbi, məsafədən (distant) təhsil məktəbləri s. fəaliyyət göstərir.

Hazırda universitetdə 75 ölkədən 8 min xarici, ümumilikdə 14000 tələbə təhsil alır. Onların təhsili ilə yerli müəllim-professor heyəti ilə yanaşı, 32 ölkədən gələn professor  müəllim-mütəxəssislər  çalışır.

İstər ali təhsil, istərsə elmi müəssisələrin inkişafında qarşılıqlı təcrübə mübadiləsinin dostluq əlaqələrinin yaradılmasının mühüm əhəmiyyəti vardır. Naxçıvan Müəllimlər İnstitutu da bu istiqamətdə işini genişləndirməyi, qabaqcıl ali təhsil müəssisələrinin təcrübəsindən faydalanmağı, cəmiyyət üçün hərtərəfli inkişaf etmiş şəxsiyyət yetirməyi məqsəd kimi qarşıya qoymuşdur. 

 

 

Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti

 

Azərbaycan müəllimi.- 2013.- 11 yanvar.- S.6.