Müəllim-şagird
qovğası: kimdir günahkar?
Son günlərdə
ayrı-ayrı mətbuat orqanlarında və internet şəbəkəsində
bir-iki məktəbdə müəllimlərin şagirdləri
döyməsi halları ilə bağlı video-süjetlər
təqdim olunmaqda, şagirdlərin hüquqları ilə
bağlı müzakirələr açılmaqdadır. Məsələnin
birtərəfli təqdimatı əlbəttə ki, problemin həllinə
yox, ayrı-ayrı yazarların düşüncəsinə
xidmət edir.
Bir vətəndaş
və bir valideyn kimi mən də çox istərdim ki, bu kimi
məsələlərə məktəb-təhsil sistemində
rast gəlinməsin, çünki bu cür hallar məktəblərdə
təhsilin düzgün istiqamətdə inkişafına maneə
törədən amillərdəndir. Lakin problemə səthi
yanaşmaq, yalnız bir tərəfin hüquqlarını
qabartmaq və təhsilin əsas prioritet vəzifələrindən
uzaq nəticələr çıxardaraq onları cəmiyyətə
obyektiv mövqe kimi təqdim etmək əsla doğru deyil. Bu
səbəbdən, orta məktəblərdə müəllim
və şagirdlər arasında ara-sıra baş verən bu
sayaq neqativ hallarla bağlı qarşı tərəfin də
baxış bucağını incələməyə,
düşünürəm ki, ehtiyac var.
İlk
öncə onu qeyd etmək lazımdır ki, məktəblərdə
zaman-zaman baş verən müəllim-şagird konfliktləri
kütləvi informasiya vasitələrində yanlış təqdim
olunur. Bu təqdimatlar zamanı cəmiyyətə əksər
hallarda müəllimin özbaşınalığı,
şagirdin hüquqları barədə gen-bol
danışılır və cəmiyyətdə süni
şəkildə "aqressiv müəllim" obrazı
formalaşdırılır. Halbuki həqiqət bu deyil.
Ümumiyyətlə, bu məsələdə həqiqət
birtərəfli deyil. Və obyektiv olmasaq, bu və ya digər
tərəfi ittiham etməklə cəmiyyətin
düşüncə tərzinə böyük zərbə
vurmuş olarıq. Bəli, inkar etmək olmaz ki, məktəblərdə
bəzən müəllimlərin haqsız yerə şagirdi
vurması halları baş verir. Bu kimi halları ümumən
müəllimin pedaqoji səriştəsizliyi, yaxud dərskeçmə
metodlarının zəifliyi ilə də əlaqələndirmək
olar, hətta müəllimin öz ixtisas sahəsi üzrə
həddən artıq savadsız olmasından irəli gələrək
dərslərdə bu kimi oyunlardan çıxması
faktları da vardır. Lakin bu cür müəllimlər hər
hansı bir məktəbin pedaqoji kollektivinə daxil olan
insanların uzağı 5-7 faizini təşkil edə bilər,
bunu həm pedaqoji kollektivlə işləyən, həm də
övladı təhsil alan bir insan kimi əminliklə deyə
bilərəm. Cəmiyyətin hansı sahəsində
bütün kadrlar öz işinin öhdəsindən
doğru-dürüst gəlir ki? Müəllimlik sahəsi də
bu mənada istisna deyil. Belə olan halda cəmiyyətdə
"aqressiv müəllim" obrazı yaratmaq,
şagird-müəllim konfliktlərində məhz müəllimlərin
suçlu olduğunu söyləmək nəyə və kimə
lazımdır axı? Azərbaycanda aztəminatlı təbəqəyə
daxil olan sayca ən böyük kontingent müəllim
kontingentidir və az miqdarda maaşla müəllimdən ideal
dərs, yüksək səviyyəli təhsil və bilik tələb
edən insanlar öz düşüncələrində tələskənliyə
yol verməməlidirlər. Lakin az maaş almaq da müəllimə
dərsini yarımçıq keçməyə, şagirdlərlə
aqressiv davranmağa, tədris prosesinə laqeyd yanaşmağa
əsas vermir.
Əlbəttə
ki, tədris prosesində müəllimlərin səbrindən,
təmkinindən, izah tərzindən, davranışından,
hətta geyim tərzindən belə çox şey
asılıdır. Və səbrini cilovlaya bilməyən, hər
xırda şeyə əsəbi reaksiya verən, şagirdin
şəxsiyyətinin hələ püxtələşməkdə
olduğunu nəzərə almayan, şagird biliyinin qiymətləndirilməsi
zamanı bəzən hisslərinin təsiri ilə qərar
verən və şagirdin gələcək taleyində rol
oynaya biləcək qərarlar zamanı da bu cür yanaşma
nümayiş etdirən müəllimlər
qınanmalıdır. Ancaq gəlin görək bu kimi məsələlərdə
yalnız müəllimlər günahkardırmı?
Şagirdin özünün, yoldaşlarının, valideynlərin
günahı yoxdurmu müəllim-şagird münasibətlərində?
Var, özü də bu sadalananların günah payı müəllimlərinkindən
qat-qat çoxdur. Bunları məktəbdə tədris
prosesinə ən sadə bir biçimdə nəzər
salmaqla görmək mümkündür.
Müəllim-şagird
münasibətlərindəki münaqişəli vəziyyətlərdə
tərəflərdən birinin - şagirdlərin məktəbdəki
fəaliyyətinin mənfi tərəflərinə bir qədər
diqqət yetirsək, məsələ tamamilə aydın olar
və həqiqi mənzərə gözlər önünə
sərilər. Elə İnternet şəbəkəsində
şagirdin döyülməsi ilə bağlı yayınlanan
süjetlərdə də bir sual ortaya çıxır -
baş verənlərin arxadan diqqət cəlb etmədən
mobil telefonun videokamerası vasitəsilə lentə
alınması nə deməkdir? Yayılan videoçarxlardan
açıq-aydın görünür ki, müəllim
şagirdi vurmazdan daha öncə həmin şagirdin müəllimə
əl qaldırması da lentə düşüb və bu,
şagirdlərin bilərəkdən həmin müəllimə
qarşı "oyun" planlaşdırdıqlarını
sübut edir. Heç kəsə sirr deyil ki, bu gün orta məktəblərdə
şagirdlərin mobil telefondan istifadəsi dərs prosesinə
kifayət qədər ziyan vurur. Şagird mobil telefondan məktəbdə
şəkil çəkmək, xoşu gəlməyən hər
hansı bir müəllimi qıcıqlandırıb onun dərs
zamanı etdiyini kameranın yaddaşına həkk eləmək
və bu materialları İnternet şəbəkəsində
yaymaq, sinif yoldaşlarının yanında "baxın, mənim
də mobilim var, deməli mənə şəxsiyyət kimi
ailədə hörmət qoyulur" görüntüsü
yaratmaq, məktəbin mövcud
qaydalarından sui-istifadə, yaxud bu qaydaları pozma
hallarını lentə almaq, yuxarı yaş həddinə
aid müxtəlif foto, audio-video materialları Bluetooth sistemi
vasitəsilə bir-birinə ötürmək, dərs
zamanı müxtəlif sosial şəbəkələrə
daxil olmaq, dərsdən yayınıb yaşına uyğun
olmayan İnternet səhifələri ilə maraqlanmaq, əks
cinsin nümayəndələri ilə çat söhbət
panellərində yazışmaq və bu kimi digər məqsədlərlə
istifadə edir. Mobil telefondan tədrisə yönəlik məqsədlərlə
demək olar ki, istifadə edilmədiyi gün kimi hər kəsə
aydındır.
Gizlətmək
lazım deyil, şagirdlərin mobil telefondan məktəbdə
istifadəsi məktəbdə tədris prosesinə
böyük zərbə vurur. Və bunda mobil gətirən
şagirdin valideynləri hər kəsdən çox
günahkardırlar. Aydın məsələdir ki, valideyn
övladına mobil telefonu yuxarıda söylənilən hərəkətləri
etməsi məqsədilə almayıb. Mobil telefon şagirdə
valideyni tərəfindən o səbəbdən alınır
ki, şagirdin dərsdə olub-olmadığı, dərslərdən
sonra evinə gedib-getmədiyi barədə valideynin
narahatçılığı azalsın, bu, tamamilə
başa düşüləndir. Amma valideyn bir çox hallarda
bilmir ki, əvvəla, hələ fiziki cəhətdən
püxtələşməmiş uşağına yüksək
dalğalı mobil telefon verilməsi həmin uşağın
gələcək inkişafına əngəl törədən
ən böyük amillərdən biridir və onun bahalı
mobil telefon alıb verdiyi uşaq məktəbdə, valideynin nəzarətindən
kənarda həmin mobil telefonla nələr edir və edə bilər.
Bəzi valideynlər bildirirlər ki, "bəs müəllimlər
niyə mobil telefonla məktəbə gəlirlər?".
Burada, zənnimcə, hələ heç bir ciddi əhatəsi
formalaşmamış, ciddi karyera və iş mühitinə
hələ düşməmiş uşaq, yaxud yeniyetmə
şagirdlə ailəsi, uşaqları, qohum-əqrəbası
və yaxın çevrəsi ilə münasibətləri
çoxdan formalaşmış müəllimin müqayisə
edilməsinin özü yanlışdır. Məhz
yuxarıda qeyd edilən neqativ hallarla üzləşməmək
üçün bir sıra məktəblərdə
ümumiyyətlə, şagirdlərin məktəb
binasına mobil telefonla daxil olması qadağan edilmişdir.
Düşünürəm ki, bu tamamilə doğru və gələcək
problemlərin yaranmasının qarşısını
almağa yönəlmiş addımdır. Valideynlərin
narahatlığına gəlincə, Təhsil Nazirliyi və əlaqədar
təşkilatlara məktəblərdə şagird
kartlarının istifadəyə verilməsi, onların
davamiyyəti ilə bağlı valideynlərin telefonlarına
müntəzəm məlumatların verilməsinin mexanizmini
işləyib-hazırlamaq kimi təkliflər verilə bilər.
Vətəndaş cəmiyyətində bir problemin həll
olunması üçün başqa bir problemin, bəzənsə
daha çoxsaylı problemlərin yaranmasına səbəb
olmaq qəbuledilməzdir. Hər birimiz, zənnimcə, bu kimi
məsələlərə yanaşma nümayiş etdirərkən
deyilənləri nəzərə almalıyıq.
Ümumiyyətlə,
bir cəmiyyət olaraq etiraf etməyə
çalışmalıyıq ki, müasir texnoloji nailiyyətlərin
mahiyyəti, istifadə məqsədləri, faydası və
eyni zamanda zərəri barədə informasiyamız
natamamdır, yarımçıqdır, bu səbəbdən
də bir çox hallarda bizlər həmin texnoloji nailiyyətlərin
görüntüsünə,
çoxfunksiyalılığına aldanırıq. Əslində
isə heç bir texnoloji nailiyyət insan oğlunun
özünün əxlaq, mənəviyyat, davranış və
yaşam qaydalarından yüksəkdə dayanmır.
Şagird-müəllim
konfliktlərində şagirdlərin özünün tərbiyə,
əxlaq və davranışlarına da mütləq diqqət
yetirilməlidir. Hər kəs gözəl bilir ki, şagird dərs
prosesini müntəzəm pozmasa, müəllimin şəxsiyyətini
alçaldan hərəkətlər etməsə, tərbiyəsizlik
nümunəsi sayılan əməllərdən çəkinsə,
heç bir müəllim övladı, yaxud nəvəsi
yaşında şagirdi döyə biləcək dərəcədə
əsəbləşib özünü kollektiv içində
hörmətdən salan hərəkətlər etməz. Deməli,
şagird-müəllim konfliktinin kökündə dayanan
gerçək səbəblərdən biri məhz şagirdin
sinifdə dərs zamanı mənfi davranışı, tərbiyəsizliyi,
danışığını bilməməsi,
özünün yenicə formalaşan şəxsiyyətini
müəllimin on illərlə formalaşmış şəxsiyyətindən
üstün tutması, müəllimi şagird
yoldaşlarının qarşısında hansısa formada
alçaltmağa çalışması və sair bu kimi
amillər ola bilər. Təəssüf ki, bir cəmiyyət
olaraq bu məqamlara diqqət yetirməyi nədənsə istəmirik.
Müəllimi ittiham eləmək asandır. Çünki o,
şagird-müəllim münaqişəsində elə məhz
"döyən tərəf" qismində
görünür. Şagirdin bu münaqişəli vəziyyətin
yaranmasında gerçək rolu isə arxa planda qalır, o
sadə səbəbdən ki, o, görüntüdə "zərərçəkən"
qismindədir. Halbuki bu insidentlərin mütləq əksəriyyəti
məhz şagirdin ucbatından baş verir. Qəribədir ki,
bizlər şagird-müəllim münaqişəsində
müəllimin böyük, şagirdinsə kiçik
olmasına baxaraq hadisəyə qiymət veririk, nəticə
etibarilə də şagirdin şəxsiyyətini qabardır,
onun hüquqlarının qorunmasından
danışırıq, ancaq öz-özlüyümüzdə
bir neçə suala qərəzsiz, obyektiv cavab vermək istəmirik:
şagirdə kim ixtiyar verir ki, müəllimin şəxsiyyətini
digər şagird yoldaşlarının qarşısında
alçaltsın? Şagird niyə müəllimə
qarşı hər şeyi edə bilər, ancaq müəllim
onu bu etdiklərinə görə cəzalandıra bilməz?
Hələ vətəndaş kimi formalaşmamış
şagirdin şəxsiyyəti şəxsiyyətdirsə, bəs
onda bu ölkənin tamhüquqlu vətəndaşı olan, həyat
təcrübəsində neçə-neçə şagirdə
elm-bilik, savad vermiş olan müəllimin şəxsiyyəti
nədir? Axı o, daha çox hüququ və vəzifələri
olan vətəndaşdır, o, ailə
başçısıdır, o insandır, o bilik verəndir.
Və o, məktəbə hər gün hansısa bir səbəbdən,
hansısa bir cahil şagirdin əməlinə görə əsəbləşib
dərman atmaq üçün yox, normal dərs keçmək
üçün, şagirdlərə öz ixtisas fənnindən
nələrsə öyrətmək üçün, ən
azından ailəsini, övladlarını dolandırmaq
üçün gəlir. Müəllim işə gəlmir
ki, təhqir olunsun, söyülsün, əsəbləri
pozulsun. Bu mənada şagird-müəllim konfliktində
inkaredilməz səbəbkarlardan biri, bəlkə də
birincisi məhz şagirdin özüdür, yaxud ona
yanlış tərbiyəvi istiqamət verən valideynidir.
Müqayisə üçün deyək ki, nə dərəcədə
bilikli olmasından asılı olmayaraq, qardaş Türkiyədə
şagirdlər hər zaman müəllimlərinə hörmətlə
"hocam" deyərək bir çox hallarda onun əlindən
öpür, alınlarına qoyurlar və bu, on illərdən
bəri çağdaş Türkiyə cəmiyyətində
normal şagird əxlaqının, tərbiyəli şagird
davranışının əsas göstəricilərindən
sayılan gözəl bir milli adət-ənənədir.
XX əsr
boyunca Azərbaycanda təlim-tərbiyə işində
"falaqqaya salma", "küncə qoyma", "qulaq
dartma" kimi "cəzalandırma" üsulları
olmuşdur. Bu, əsasən şagirdin onun üçün
cizilən qırmızı cizgilərdən
çıxmaması və qəti şəkildə
özünü öyrənmə prosesinə həsr etməsi
üçün edilirdi. Bu günün gözüylə
baxdıqda ilk baxışda insana elə gəlir ki, bunlar
pedaqogikanın məqsədlərinə və məramına
zidd olan qəddar üsullardır və bunların yalnız
ziyanı var, əslində isə Azərbaycan gerçəkliyində
yaşayan hər bir insan gözəl anlayır və bilir ki,
məhz bu üsulların da tətbiq olunduğu təlim-tərbiyə
prosesinin ciddiyyəti ötən əsrin əvvəlində
Azərbaycana və bəşəriyyətə nə qədər
dəyərli, davranış, danışıq, əxlaq, mənəviyyat
və yaşamında örnək olan ziyalı və dahi
mütəfəkkirlər bəxş edib. Biz əsla bu
metodları təbliğ etmək, yaxud təqdir etmək
fikrində deyilik, sadəcə düzgün istiqamətdə
tərbiyə olunmayan, zərərli vərdişlərdən
və davranışdan qəti şəkildə çəkindirilməyən
şagirdin bir şəxsiyyət kimi formalaşmasının
mümkün olmadığı qənaətindəyik. Bu
gün də yaşlı nəslin bir çox nümayəndələri
tərbiyədən söz düşərkən
gülümsünərək uşaq vaxtı məktəbdə
hansısa müəlliminə etdiyi
sayğısızlığa görə valideyni tərəfindən
cəzalandırıldığını dönə-dönə
və ən əsası da valideyninə haqq verərək,
doğru bir addım kimi xatırlayır.
Söhbətin
bu yerində daha bir həlli mühüm məsələyə
diqqət cəlb etməkdə fayda vardır. Bu məsələ
tərbiyənin qiymətləndirilməsi ilə
bağlıdır. Hələ sovet dövründə orta
ümumtəhsil məktəblərinə "təlim-tərbiyə
müəssisəsi" adı verilmişdi və adından
da göründüyü kimi, orta təhsil şagirdlərə
təkcə elm, bilik, savad yox, həm də onları şəxsiyyət
kimi formalaşdırıb cəmiyyətə faydalı
insanlara çevirməyə imkan verən tərbiyəni verməyi
qarşısına məqsəd qoymuşdur. Sovet
dövründə orta məktəbi bitirən şagirdlərə
verilən yekun sənədin adı da diqqəti cəlb edirdi
- "Kamal Attestatı".
Bu
gün qloballaşan dünyamızda mənəvi dəyərlərin
əhəmiyyətsiz bir şey kimi arxa plana keçirilməsinə
tez-tez rast gəlirik. Və təəssüf ki, bizim cəmiyyətimiz
də bu "mənfi axara" düşərək maddiyyata
yüksək önəm verildiyi və mənəviyyatın əhəmiyyətinin
sürətlə azaldıldığı bir cəmiyyətə
çevrilməkdədir. Artıq bir çox insanlar orta məktəbi,
təhsil sferasını yalnız "təlim müəssisəsi"
olaraq görməyə meyillənib, tərbiyəyə
artıq əvvəlki kimi mühüm əhəmiyyət
verilmir. Yəqin elə bu səbəbdəndir ki, cəmiyyətdə
get-gedə artan cinayətlər, mənəviyyatsızlıq,
əxlaqi deqradasiya üçün münbit zəmin
yaranır. Hər şey bugünkü şəxsiyyətin
orta məktəbə ayaq basdığı vaxtdan
başlanır. Orta məktəbsə bu gün şagirdin
davranışına, əxlaqına, ailədə
aldığı tərbiyəyə,
danışığına, düşüncəsinə,
dünyagörüşünə yox, sadəcə onun konkret
akademik fənlər üzrə bilik səviyyəsinə qiymət
verir. Orta məktəbin nailiyyətləri dedikdə yalnız
ölkənin ali məktəblərinə qəbul olmuş məzunların
faizindəki artım, yaxud müxtəlif müsabiqələrdə
yerlər qazanmış şagirdlərin sayı əsas meyarlar
kimi götürülür.
Xatırladaq
ki, Rusiyanın bir çox subyektlərində orta ümumtəhsil
məktəblərində ciddi şəkildə fəaliyyət
göstərən, ştatlı əməkdaşlardan ibarət
intizam komitələri (komitet dissiplinı) fəaliyyət
göstərir. Bu komitələrin yekun rəyi olmadan
şagirdin yuxarı sinfə keçirilməsi
qeyri-mümkündür və hətta bütün fənlər
üzrə biliyi "əla" qiymətlə qiymətləndirilsə
belə, şagirdin əxlaqında, davranışında, tərbiyəsində
onun şəxsiyyət kimi formalaşmasına əngəl
olacaq ciddi problemlər varsa, həmin şagird yuxarı sinfə
keçirilə bilməz, yaxud nəticə etibarilə tam
orta təhsil haqqında attestat ala bilməz. Qardaş
Türkiyənin nəinki orta məktəblərində, hətta
əksər ali tədris müəssisələrində də
intizam komitələri (Disiplin Kurulu) fəaliyyət göstərir.
Elə Azərbaycanda fəaliyyət göstərən
Türkiyənin tədris müəssisələrində də
hər addımda bunun şahidi olmaq mümkündür.
Qonşu Gürcüstanda isə orta məktəblərdə
konkret olaraq "Tərbiyə" (Vospitanie) fənni tədris
olunur və bu fəndən qeyri-kafi qiymətləndirilən
şagirdin yuxarı sinfə keçirilmə şansı
sıfıra yaxındır. Zənnimcə, Azərbaycanda orta
məktəblərdə bir sıra hallarda müşahidə
olunan şagird-müəllim konfliktinin yaranma səbəblərindən
biri də məktəblərimizdə bu fənnin tədris
olunmaması və yaxud şagirdlərin tərbiyəsi və
davranışına ciddi nəzarət edən orqanın
olmamasıdır. Zənnimcə, müasir təhsilin
mühüm sənədlərindən biri olan kurikulumun tələblərindən
biri kimi, qiymətləndirmə meyarlarının 4 ballıq
şkala ilə deyil, daha əhatəli və obyektiv şəkildə
əks olunması orta məktəb şagirdlərinin
davranış, əxlaq və tərbiyəsinin də qiymətləndirilməsinə
stimul verir. Nə qədər ki, məktəblərdə
şagirdlərin tərbiyə və davranışı
ayrıca bir fənn olaraq, yaxud məktəb rəhbərliyinin
də iştirakı ilə ayrıca fəaliyyət göstərən
hər hansı bir qurum tərəfindən ciddi nəzarətə
götürülməyib, məktəblərdə bu sayaq
münaqişəli vəziyyətlərin yaranması təəccüb
doğurmamalıdır.
Nəzərə
alaq ki, müasir dünyamızda uşaq hüquqları,
şagirdlərin təhsil almaq hüququ kimi məsələlərə
artıq o dərəcədə önəm verilməyə
başlanıb ki, hətta məktəbin ali orqanı olan
pedaqoji şuranın belə islah olunmayan, məktəbdə dərs
prosesini müntəzəm pozan və cəzasız qalan
şagirdləri cəzalandırmaq üçün effektiv təsir
mexanizmi yoxdur. Yəni belə çıxır ki, bir
şagird istədiyi qədər müəllimləri,
şagird yoldaşlarını təhqir edə, vura, dərs
prosesini poza, tərbiyədən, etikadan kənar hərəkətlər
edə, məktəb qaydalarını poza bilər, hətta təkbaşına
bir sinfi belə korlaya bilər, ancaq məktəb rəhbərliyinin
və pedaqoji şuranın həmin şagirdi islah etmək,
yaxud məktəbdən xaric etmək səlahiyyəti yoxdur.
Axı bu bir, yaxud iki şagird ailəsindən
gördüyü "tərbiyəni" hər
addımbaşı nümayiş etdirməklə bütöv
bir sinifdə təlim-tərbiyə prosesini məhv edə bilər,
bütöv bir sinfin gələcək taleyinə mənfi təsir
göstərə bilər, bu kimi amilləri,
düşünürəm ki, gələcəkdə təhsil
sahəsində normativ-hüquqi aktların qəbulu zamanı
mütləq nəzərə almaq gərəkdir. Orta məktəbin
hədəfi attestatlı və diplomlu nəsil yetişdirmək
deyil, cəmiyyət üçün hər hansı formada
(istər elmdə, təhsildə, istər idman sahəsində,
istərsə də fərdi peşə yönümündə)
faydalı olan şəxsiyyət formalaşdırmaqdır. Tərbiyə
olmadan şəxsiyyət formalaşdırmaq heç bir vaxt
mümkün deyil.
Bizim
fikrimizcə, müəllim-şagird qovğasında
birbaşa cəmiyyətin özü, onun fərdləri,
valideynlər, şagirdin tərbiyə aldığı
mühit günahkardır. Çünki cəmiyyət təlim-tərbiyə
prosesinə sırf təlim prosesi kimi baxır. Yanlış
olan da elə bu düşüncədir. Müəllimi ittiham
etməzdən qabaq valideynlər, cəmiyyətin hər bir
üzvü əvvəlcə özünün təlim-tərbiyə
metodlarına, övladına davranış, əxlaq,
danışıq barədə verdiyi öyüd-nəsihətlərin
ölçüsünə, miqdarına diqqət yetirməlidir.
Valideyn olaraq hər birimiz öz övladımızın
düşüncəsinə yox, məktəbin, müəllimin
uşağımıza verdiyi qiymətə, dəyərə
istinad etməli və inanmalıyıq. Müəllim və
valideynin birgə, əlbir fəaliyyəti şagirdi onlar
arasında "manevr etmək", onları bir-birinə
qarşı qoymaqla özünə bəraət atmosferi
yaratmaq fürsətindən məhrum edər.
Bu
baxımdan orta məktəblərdə son dövrlərdə
sürətlə yaranmaqda olan Valideyn-Müəllim
Assosiasiyalarının (VMA) rolunu müsbət qiymətləndirmək
lazımdır. Orta təhsildə məktəblə valideynin
çiyin-çiyinə, bir-birinə dəstək verərək
fəaliyyət göstərməsi ümumən cəmiyyətimiz
üçün təhsilin inkişafında həddən
artıq müsbət nəticələrə gətirib
çıxara bilər. Müəllimin əməyinə verilən
obyektiv və yüksək qiymətsə
öz-özlüyündə şagird-müəllim, valideyn-məktəb
münaqişələrinin də nəzərəçarpacaq
dərəcədə azalmasına səbəb ola bilər. Bəşəriyyətə
gəlmiş-getmiş ən dahi insanlardan biri olan Əli bin Əbu
Talibin gözəl bir fikrini hər zaman xatırlamaq
lazımdır: "Mənə bir hərf öyrədənin
quluyam". Cəmiyyətdə müəllimə yüksək
dəyər verilməsi bir çox problemlərin həlli deməkdir.
Belə olarsa, ümid etmək olar ki, gələcəkdə təhsilin
inkişafına zərər verən situasiyalar tədricən
minimuma enəcək və təhsildə şagird-müəllim-valideyn
əməkdaşlığı daha da genişlənəcək.
Ceyhun BAYRAMLI,
Bakıdakı 21 nömrəli
tam orta
məktəbin direktoru
Azərbaycan
müəllimi.- 2013.- 25 yanvar.- S.4.