Türkiyə Ali Təhsil Şurasının sədri Qafqaz Universitetində olub
Türkiyə
Ali Təhsil Şurasının (Yüksək
Öyrətim Kurulu) sədri Gökhan Çetinsayanın rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın
17-də Qafqaz Universitetinin
müəllim və tələbə heyəti ilə görüşmüşdür.
Qardaş ölkədən bir qrup ali
məktəb rektorunun daxil
olduğu nümayəndə heyəti ilə
görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Türkiyənin Azərbaycandakı
səfirliyinin nümayəndələri, alimlər, təhsil
işçiləri və tələbələr iştirak edirdilər. Tədbir Azərbaycanın
və Türkiyənin Dövlət himnlərinin səslənməsi
ilə başlandı. Sonra Qafqaz Universitetinin tələbəsi
Sevinc İmanova ünlü şairimiz Bəxtiyar
Vahabzadənin "Yaşamaq istəyirəm"
şeirini söylədi və təhsil
ocağında fəaliyyət göstərən
çoxsaylı tələbə dərnəklərinin
üzvləri adından onların əl işlərindən
ibarət hədiyyəni Türkiyə Ali
Təhsil Şurasının sədri Gökhan
Çetinsayanın xanımı Ebruh Çetinsayaya təqdim etdi.
Hörmətli
qonaqları salamlayan və onların Qafqaz Universitetinə ziyarətini yüksək
dəyərləndirən bu ali təhsil ocağının rektoru,
professor Ahmet Saniç Azərbaycanla Türkiyənin tarixi birliyindən, mehriban
qardaşlıq münasibətlərindən söz
açdı, rəhbərlik etdiyi universitetin də quruluş
qayəsinin
bu münasibətləri daha
da möhkəmləndirmək olduğunu söylədi. Ulu öndər Heydər Əliyevin
"Biz bir millət, iki dövlətik" və böyük
şəxsiyyət Mustafa Kamal
Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri
kədərimizdir" kəlamlarını xatırladan rektor daha sonra
Qafqaz Universitetinin beynəlxalq
əlaqələrindən bəhs etdi.
Sonra söz
Türkiyə Ali Təhsil
Şurasının (Yüksək Öyrətim Kurulu) sədri, professor Gökhan Çetinsayaya verildi. Görüşdən məmnunluğunu
bildirən G.Çetinsaya Türkiyə -
Azərbaycan əlaqələrindən, o
cümlədən təhsil sahəsindəki əməkdaşlığın
əhəmiyyətindən danışdı, Qafqaz
Universitetinin bu
münasibətlərə özünəməxsus töhfələr
verdiyini, səfər zamanı keçirdiyi
görüşlərdə bu ali məktəbə nə qədər böyük önəm verildiyini
duyduğunu vurğuladı və universitetin qurulmasında, bugünkü
səviyyəyə çatmasında əməyi olanlara təşəkkür etdi.
Müasir dünyada təhsilin mühüm rolu olduğunu qeyd edən qonaq ölkələrimiz arasında təhsilin
inkişafı üçün birgə
proqramların reallaşdırılmasının zəruriliyini
diqqətə çatdırdı.
Görüşdə hörmətli qonağa
Qafqaz Universitetinin
xatirə plaketi və "Çağ"
Öyrətim İşlətmələri Şirkətinin
Azərbaycandakı fəaliyyətinin 20 illiyinə həsr olunmuş kitab hədiyyə
edildi.
Görüşün sonunda
Qafqaz Universiteti ilə
Türkiyənin Giresun Universiteti
arasında əməkdaşlığa dair
memorandum imzalandı. Sənədi
Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç və Giresun Universitetinin rektoru, professor Aygun Attar imzaladılar.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2013.- 25 yanvar.- S.3.