Sumqayıt
Şəhər Təhsil Şöbəsində dərslik müəlliflərinin
iştirakı ilə seminar keçirildi
Respublikamızın böyük sürətlə
inkişaf etdiyi son dövrlərdə bütün sahələrdə,
xüsusən də dövlətimizin əsas strateji sahələrindən
biri olan təhsil sahəsində də dinamik inkişaf gedir və
yeniliklər özünü göstərir. 2006-cı ildə
təsdiq olunmuş Milli Kurikulum sənədi təhsilimizin əsaslı
şəkildə dəyişdirilməsinə yönəldilmiş
və xeyli uğurlar əldə olunmuşdur.
Artıq ölkəmizdə beş ildir
ki, Milli Kurikulum sənədinə əsasən fənn kurikulumları
tətbiq edilir və bunun əsasında
dövrümüzün tələblərinə, şagirdlərin
yaş xüsusiyyətlərinə uyğun olan yeni-yeni dərsliklər
hazırlanır.
Bu gün müzakirə obyektinə
çevrilən bu yeni dərsliklər haqqında müsbət
fikirlərlə yanaşı, bəzi nöqsanların da olduğu
bildirilir. Və bu dərsliklərlə əlaqədar fikir
mübadiləsi aparmaq məqsədilə respublikamızda dərslik
müəllifləri ilə təhsil işçilərinin
seminarları, müxtəlif görüşlər
keçirilir.
Belə seminarlardan biri də yanvarın
17-də Sumqayıt Şəhər Təhsil Şöbəsinin
konfrans zalında keçirilmişdir.
Təhsil Nazirliyi Dərslik və nəşriyyat
şöbəsinin müdiri Faiq Şahbazlı, ŞTŞ-nin
müdiri Mahal Əliyev, metodiki kabinetin əməkdaşları
və şəhərin bütün ümumtəhsil məktəblərini
təmsil edən 123 nəfər fənn müəlliminin
iştirak etdiyi müzakirədə çıxış edənlər
əsasən mətbuatda, İnternet səhifələrində
öz fikirlərini qərəzli şəkildə müzakirə
obyektinə çevirməyə, dərsliklər, onu qiymətləndirən
ekspertlər, məsul şəxslər və təşkilatlar
haqqında mənfi rəy formalaşdırmağa
çalışan "müəlliflərə" öz
iradlarını bildirmiş, bunun ölkənin təhsil
islahatında aparılan məqsədyönlü işlərə
qara yaxmaq, özlərinin itirilmiş "şöhrət"lərini
geri qaytarmaq məqsədilə bir mənbədən
qaynaqlandığını vurğulamış və pisləmişlər.
Müəllimlərdən Aidə Ələkbərova, Aynurə
Yusifova, Fazil Ellazov, Tahirə Muradova, Söhrab Əliyev, Sahibə
Quliyeva, Ərəstun Abdulsalamov və başqaları dərsliklərin
fənn kurikulumlarının tələbinə uyğun - rəngarəng
tərtibatda olmasını, tapşırıqların
düşündürücü olmaqla bərabər, həyatla
əlaqəli şəkildə verilməsini, şagirddə
müqayisə etmək, nəticə çıxarmaq
bacarıqları aşıladığını,
materialların təfəkkürə, yaddaşa əsaslandığını
müsbət hal kimi qiymətləndirmiş, tarixi dərsliklərin
uğurlu olmasını qeyd etmişlər. Seminarda həmçinin
sivil cəmiyyət üçün normal hesab edilən,
inkişaf etmiş ölkələrin təhsil sistemində
özünü doğrultmuş variativ dərsliklərin
ölkəmizdə də tətbiq olunmasına ciddi
ehtiyacın yaranmasına, bu sahədə ilk addımların
atılmasına da münasibət ifadə edilmiş, dövlətin
müəllim və şagird qarşısında qoyduğu
standartları əsas amil, bu standartların
reallaşmasında isə dərsliklərin alternativ olaraq
yazılmasını məqsədəuyğun hesab edilməsi
bildirilmişdir.
Müzakirədə qeyd edilmişdir ki,
stabil dərsliklər təcrübədən keçdikdən,
sağlam irad və təklifləri qəbul etməklə təkmilləşdirildikdən
sonra həyata vəsiqə qazanır, uzunömürlü
olur.
Şübhəsiz, ölkəmizin təhsil
quruculuğunda ilk dəfə tətbiq olunan dərsliklərin
də təkmilləşdirilməsinə ehtiyac vardır. Bu məqsədlə
müzakirədə bir sıra təkliflər də müəlliflərin
nəzərinə çatdırılmışdır.
Dərslik müəllifləri Afət
Süleymanova, Rafiq İsmayılov, Nayma Qəhrəmanova,
Gülər Mehdiyeva, Hafiq Cabbarov söylənilən irad və
təkliflərə öz səmimi münasibətlərini
bildirmişlər.
Təhsil Nazirliyinin şöbə
müdiri Faiq Şahbazlı iştirakçıların
suallarına aydınlıq gətirmişdir.
Ümumiyyətlə, dərslik müəllifləri
ilə Sumqayıt müəllimlərinin görüşü
səmərəli və faydalı olmuş və maraqlı
keçmişdir.
Sumqayıt Şəhər Təhsil
Şöbəsinin Mətbuat xidməti
Azərbaycan
müəllimi.- 2013.- 25 yanvar.- S.3.