Yeni dərs ili qarşısında

  

Cəmiyyətin təhsil meridianında maraqlı ənənələrdən biri də müəllimlərin sentyabr konfranslarının təşkili və keçirilməsidir. Geniş yayılmış və dayanıqlı status qazanmış bu tədbir pedaqoji ictimaiyyətin maraq dairəsində özünə elə bir yer tutub ki, onu dəyişdirmək, yaxud dayandırmaq mümkün deyil. Artıq cəmiyyətin təhsil sferasında mühüm sosial bir tələbə çevrilmiş bu tədbiri müəllimlər, təhsil mütəxəssisləri  hər il dərs ilinin əvvəlində ciddi bir mərhələ kimi gözləyirlər. Hətta bir sıra ölkələrdə bu konfranslara böyük pedaqoji sovet kimi dəyər verməklə onun xüsusi əhəmiyyət daşıdığını qeyd edir, gələcək müvəffəqiyyətlərin uğurlu başlanğıcı kimi qiymətləndirirlər.  Azərbaycanda da sentyabr konfranslarına  müəllimlərin dərs ili qarşısında məsləhət, məşvərət yeri kimi baxılır. Ölkə miqyasında həyata keçirilən təhsil islahatlarını uğurlu davam etdirmək, onu vahid tələblər əsasında istiqamətləndirmək üçün sentyabr konfransları özünün  potensial imkanları ilə daha çox fərqlənir.

 

Belə sosial pedaqoji  əhəmiyyət daşıyan tədbirin daha uğurlu başlanğıc olmasını təmin etmək üçün onun düzgün pedaqoji əsasda istiqamətləndirilməsi, zəruri didaktik tələblər üzrə qurulması mühüm əhəmiyyət daşıyır. Azərbaycan müəllimlərinin 2014-ci il sentyabr konfransalarını istiqamətləndirmək üçün hazırlanmış bu tövsiyələr də məhz həmin məqsədə xidmət göstərir.

Ötən əsrin sonuncu illərindən başlayan təhsil islahatları davam etməkdədir. Ulu öndər Heydər Əliyevin  fikirləri ilə demiş olsaq, "indi bizdə təhsil sistemində islahatların məqsədi ondan ibarətdir ki, Azərbaycan təhsil  sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşsın". Bu uyğunlaşma mahiyyət etibarı ilə Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiya olunması deməkdir.

Sentyabr konfranslarında dünya təhsil sistemi üçün çox geniş, qlobal xarakter daşıyan bu məsələ ətrafında müzakirələrin  aparılması  diqqət mərkəzində saxlanılmalıdır. Müəllimlərin  Azərbaycanda aparılan təhsil siyasətinin mahiyyəti və məzmunu, başlıca mündəricəsi barədə fikirlərinə aydınlıq gətirilməli, bu baxımdan onların fəaliyyəti  istiqamətləndirilməlidir. Ölkədə islahatın gedişi, qazanılmış nailiyyətlər, eləcə də çətinliklər barədə müzakirələr aparılmalı, bu məsələ ilə əlaqədar dövlət səviyyəsində formalaşmış fikirlərə istinad olunmalı, normativ-hüquqi  bazadan cıxış edərək müvafiq mülahizələr söylənilməlidir.

2012-ci il  dekabrın 29-da qəbul olunmuş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası gələcəyə doğru istiqamətlənmiş mühüm sənəd kimi ölkənin  bütün sahələrindəki perspektivləri əhatə edir. Orada müasir təhsil sisteminin formalaşması strateji vəzifə kimi müəyyənləşdirilir. Təhsilin ən əhəmiyyətli hesab edilən konturları vurğulanır. Xüsusən ümumi təhsilin "yaddaş məktəbi"ndən  "təfəkkür və düşüncə məktəbi"nə keçməsi, onun infrastrukturunun, idarə olunan sisteminin yeniləşdirilməsi məqsədilə tədbirlərin həyata keçiriləcəyi qeyd olunur.

2013-cü il oktyabrın 24-də təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" (bundan sonra Dövlət Strategiyası) özündən əvvəl konseptual sənəd kimi qəbul olunmuş İnkişaf Konsepsiyasını yeni istiqamətlərdə daha da konkretləşdirmişdir. Orada aydın şəkildə qeyd olunmuşdur ki, "Azərbaycan Respublikasının İnkişaf Konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir".

Təhsil cəmiyyətin inkişafını təmin edən həlledici amildir. İnsanlar təhsil mərhələsindən keçməklə formalaşır. Onlar özünün rifah halını, maddi durumunu təhsildə qazandığı bacarıqlarla yaxşılaşdırırlar. Eyni zamanda yüksək mənəvi keyfiyyətlərə malik bir insan kimi məhz təhsildə   formalaşırlar. Başqa sözlə, özünə məxsus idraki, hissi-emosional dəyərlərini təhsil vasitəsilə əldə edirlər. Dövlət Strategiyasında qeyd olunduğu kimi, "Son 30-40 il ərzindəki elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktik bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan, təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir. Səriştə əldə olunmuş bilik və bacarıqları praktik fəaliyyətdə effektiv və səmərəli tətbiq etmək qabiliyyətidir. O, şəxsin qazandığı bilik və bacarıqların konkret fəaliyyətinin nəticəsinə çevrilməsini təmin edir. Səriştəyə əsaslanan təhsil sosial-iqtisadi inkişafa daha effektli xidmət göstərir". Odur ki, müasir təhsilin məzmununun, eləcə də təşkilinin səriştə əsaslı qurulması cəmiyyətmizin hazırkı tələbləri baxımından əhəmiyyətli hesab edilir.

Ümumi təhsilin inkişafında yüksək keyfiyyətli kadr potensialının formalaşdırılması, yeni iqtisadi mexanizmlərə keçilməsi, səmərə və keyfiyyət baxımından infrastruktur dəyişikliklərinin aparılması gələcək strateji yanaşmaların gündəmində dayanır.

Sentyabr konfranslarında bu məsələlər ətrafında müzakirələr aparmaqla diqqəti görülmüş işlərə cəlb etmək, onlara Dövlət Strategiyasının tələbləri baxımından münasibət bildirmək faydalı hesab edilir.

Son vaxtlar ölkə miqyasında həyata keçirilən islahatyönümlü tədbirlər geniş miqyas almaqdadır. Sinif mühitindən başlayaraq valideyn-məktəb münasibətlərinə qədər genişlənməkdə olan bu tədbirlərin mahiyyətində təhsil mühitinin, təhsil sisteminin dəyişdirilməsi, sağlamlaşdırılması dayanır ki, bu da öz növbəsində bütün təhsil pillələri kimi ümumi təhsilin də birmənalı şəkildə yeniləşdirilməsini tələb edir. Azərbaycan Respublikası Təhsil Nazirliyində "2013-2014-cü tədris ilinin nəticələri" müzakirə olunarkən ümumi təhsil sahəsində həyata keçiriləcək islahatların əsas prioritetlərində bu məsələyə diqqət yetirilmiş, sağlam və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin idarə olunmasının müasir tələblər səviyyəsinə çatdırılması kimi istiqamətlər xüsusi olaraq qeyd edilmişdir.

Artıq bir ildən çoxdur ki, Azərbaycan təhsil sistemində xeyli islahatyönümlü tədbirlər həyata keçirilir. Onlardan biri ümumtəhsil məktəbini bitirən bütün şagirdlərə attestatın verilməsidir. Azərbaycan hökumətinin qərarı ilə həyata keçirilən bu tədbir demokratik xarakter daşıyır. Eyni zamanda şagird şəxsiyyətinə, onun formalaşmasına humanist mövqe nümayiş etdirilir.

Yaxud ölkədə pedaqoji kadrların seçilib yerləşdirilməsi sahəsində görülən işlər demokratik xarakteri və keyfiyyətin yüksəldilməsi baxımından əhəmiyyətliliyinə görə mütərəqqi və müasir tələblərə uyğun hesab edilir.

Məlum olduğu kimi, pedaqoji kadr hazırlığı, xüsusən müəllimlərin və təhsil menecerlərinin seçilib yerləşdirilməsi, onların peşəkarlığının yüksəldilməsi istiqamətində də innovativ tədbirlər həyata keçirilir. Artıq ümumi təhsil müəssisələri və peşə liseyləri müəllimlərinin seçilib yerləşdirilməsi məqsədi ilə müsabiqələrin mərhələli şəkildə aparılmasına başlanılmış və bilikli, səriştəli müəllim kadrlarının müəyyən olunması üçün potensial imkanlar yaradılmışdır. Bu tələblər əsasında keçirilən  müsabiqənin nəticəsi kimi 2014-2015-ci dərs ilində məktəblərimizdə dərs demək arzusunda olan 13544 nəfər müəllimdən 1837-si müsabiqənin üçüncü mərhələsinə buraxılmış, 1304 nəfər vakant vəzifələri tutmaq hüququ qazanmışdır.

 İlk dəfə olaraq Bakı şəhəri üzrə müəllimlərin sınaq qiymətləndirilməsi keçirilmişdir. 357 məktəbdən olan 28825 müəllim bu qiymətləndirmədə iştirak etmişdir ki, onlardan 85,6%-i qənaətbəxş, 18,2% yüksək nəticə göstərmişdir. 14,4%-nin nəticəsi isə zəif olmuşdur. İlkin nəticələr onu göstərir ki, bu sınaq qiymətləndirmə texnologiyası müəllimlərin peşəkarlığının yüksəldilməsi, onların məsuliyyətliliyinin artırılması baxımından əhəmiyyətlidir. Belə bir təcrübənin sistemli olaraq ölkə miqyasında keçirilməsi müəllimlərin səriştəliliyinin inkişaf etdirilməsi vasitəsi kimi daha da genişləndirilməlidir.

Görülmüş tədbirlər içərisində "Müəllimlərin etik davranış qaydaları"nın təsdiq olunması da xüsusi yer tutur. Azərbaycan təhsili tarixində ilk dəfə hazırlanaraq qəbul edilmiş bu qaydalar özündə etik davranış prinsiplərini, müəllim şəxsiyyətinə və onun müxtəlif situasiyalarda münasibətlərinə aid tələbləri, müəllimin andını və sair məsələləri əhatə edir.

Pilot layihəsi çərçivəsində məktəb direktorları və gələcəkdə bu arzuda olan pedaqoji kadrlar üçün Bakı şəhərində 5 aylıq hazırlıq kurslarının təşkil  olunması da kefiyyətli müəllim kadrlarının hazırlanması sahəsində atılmış ilk innovativ addımlardandır. Mərhələlərlə həyata keçirilən bu kurslarda 547 nəfər iştirak etmiş, onlardan 164 nəfər növbəti mərhələyə keçmişdir. Onlardan 42 nəfəri bu təlimləri müvəffəqiyyətlə başa vuraraq "uğur sertifikatı" almışdır. Yaxud Azərbaycan təhsil şəbəkəsinə qoşulmuş təhsil müəssisələrinin sayı 1765-ə (39%) çatmışdır və s. Bütün bunlar Azərbaycanda təhsil sahəsində dəyişikliklərin sürətli və daha geniş xarakter almasını göstərir.

Müəllimlərin sentyabr konfranslarında istər plenar, istərsə də bölmə iclaslarında həm respublika, həm də rayon miqyasında görülmüş bu işlər təhlil olunmalı, nöqsanların səbəbləri araşdırılmalı və növbəti tədris ilində işlərin səmərəli təşkil edilməsi məqsədilə konkret tədbirlər müəyyənləşdirilməlidir.

Azərbaycanda təhsil islahatlarının həyata kecirilməsi istiqamətində görülmüş tədbirlərin sayını çoxaltmaq olar. Lakin ən başlıcası ondan ibarətdir ki, təhsil ölkə rəhbərliyinin diqqət mərkəzində dayanan ən önəmli sahədir. Ona daim qayğı göstərilir.  2013-cü il oktyabrın 24-də Dövlət Strategiyasının islahatın növbəti mərhələsi kimi qəbul olunması da həmin qayğının nəticəsidir. 5 istiqamətdə quruculuq fəaliyyəti tələb edən  bu sənəd özünün mahiyyəti və məzmununa görə ölkəmizin tarixində ən proqressiv sənədlərdən hesab edilir. Orada Azərbaycanın gələcək həyatının əsasını təşkil edən demokratik və humanist təhsil quruculuğuna dair strategiya təqdim edilir. Təhsilin məzmunu, kadr, infrastruktur, idarəetmə və maliyyə məsələləri ilə bağlı müasir yanaşmalardan ibarət olan bu sənədin reallaşması üçün, ilk növbədə, onun müzakirə edilməsi, müxtəlif istiqamətlərinin təhlil olunaraq öyrənilməsi bir vəzifə kimi tələb olunur. Birmənalı şəkildə nəzərə alınmalıdır ki, bu sənəd təhsil sahəsində çalışan və özünün gələcək uğurlarını bu sahə ilə bağlayan hər kəsin fəaliyyətinin əsasını təşkil edir.

2014-2015-ci dərs ili bir sıra xüsusiyyətləri ilə əlamətdar hesab olunur. Onlardan biri yeni fənlər üzrə təhsil proqramlarının (kurikulumların), ümumiyyətlə, yeni təhsil yanaşmalarının ümumtəhsil məktəblərində, xüsusən VII sinifdə tətbiq olunmasıdır. Bu sahədə ümumtəhsil məktəblərinin I-VI siniflərində müəyyən təcrübə olsa da, onun VII sinifdə gündəmə gəlməsi mühüm pedaqoji innovasiya kimi maraq doğurur. Xüsusilə bu sinifdə kimya fənninin yeni pedaqoji müstəvidə təqdim olunması həm kimya müəllimlərinin, həm də məktəb rəhbərlərinin diqqətinə çatdırılması, onlarda yeni bacarıqların formalaşması tələb olunur. Əgər biz son illərdə yeni təhsil proqramlarına (kurikulumlara) keçidlə bağlı təlim kurslarının təşkili sahəsində əldə olunmuş təcrübələri nəzərə almış olsaq, o zaman VII sinifdə bu işin  qurulması ilə bağlı o qədər narahatlığın olmayacağını deyə bilərik. Lakin ongünlük təlim kurslarının bu ehtiyacı tamamilə ödəyə bilməməsi sentyabr konfranslarında kimya və eləcə də digər fənn müəllimlərinin ciddi müzakirələrə qoşulmasını, il ərzində səmərəli təlim fəaliyyətinin qurulması üçün tədbirlərin müəyyənləşdirilməsini tələb edir.

Dərs müasir innovasiyaların mərkəzində dayanan, daim yaradıcılıq tələb edən təlim texnologiyalarından biridir. Onun keyfiyyəti şagird marağı ilə bağlı olduğundan bu məsələ müəllimləri həmişə düşündürür. Bu gün təhsilalanların xeyli hissəsi də məhz bir çox hallarda dərsin maraqlı olmadığını əsas gətirir. Dərsin maraq effektlərinin yaradılması barədə müzakirələrdə çox vaxt müəllimlər hazır texnologiyalara, strateji yanaşmalara ehtiyacın olmasını qeyd edirlər. Bu, nə dərəcədə məqsədəuyğundur? Şagirdlərin səviyyələrindəki müxtəlifliyi və tələbatlarının eyni olmadığını nəzərə almış olsaq, o zaman maraq effektinin yaranması, eləcə də müxtəlif texnologiyalarla bağlı standart yanaşmaların yaradılması nə dərəcədə məqbul hesab edilə bilər? Amerika təhsilşünası Heydi Heyez Ceykbsın təbirincə demiş olsaq, "Bir pedaqoq kimi bizim mübarizəmiz təlimalanların tələbatlarını sürətlə dəyişən dünya ilə uzlaşdırmaqdan ibarətdir. Odur ki, bu sahədə olan fəaliyyətimizdə biz öz perspektivimizi, yanaşma tərzimizi daha da genişləndirməliyik" (Heydi Heyez Ceykbs. Kurikulum 21. Dəyişən dünya üçün əsas təhsil. Aleksandriya Virginiya, ABŞ, ASCD, 2010). Təhsilin bütün parametrlərində şagirdlərin maraq dünyasını qabaqlamalı, onların təlimə təşviq olunmasına təminat yaratmalıyıq. Təbii ki, bu sahədə təcrübəli müəllimlərin məruzə və  çıxışlarının dinlənilməsi ən etibarlı üsullardan biri ola bilər.

Konfransda həm də müasir müəllimin yeni təhsil proqramları, xüsusilə təhsil standartları üzrə işləməsi məsələsinə də yer ayrılmalıdır. Bu zaman təcrübəli müəllimlərin hazırlamış olduğu "Standartdan dərsə" modeli üzrə çıxışları ətrafında müzakirələr, nümunələrin hazırlanması ilə bağlı fəaliyyətlər təşkil olunmalıdır.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, nəinki Azərbaycanda, hətta dünya ölkələrində təhsil standartlarının yaşı çox deyildir. Araşdırmalar göstərir ki, ötən əsrin 70-ci illərindən başlayaraq təhsil standartları barədə müxtəlif yanaşmalar formalaşmaqdadır. Bu yanaşmalarda təhsil standartı adı ilə məqsədin, məzmunun, gözlənilən nəticələrin, bəzən texnologiyaların və qiymətləndirmə mexanizmlərinin əhatə olunmasına rast gəlmək mümkündür. Lakin Azərbaycanda 2006-cı ildən istifadə olunan kurikulumlarda standartlar onun tərkib hissəsi kimi təqdim olunur. Bu isə kurikulum anlayışı ilə müqayisədə standart anlayışının qismən kölgədə qaldığını göstərir. Bəzi hallarda standartın kurikulum anlayışı kimi başa düşülməsi də müşahidə olunur. Yeni qəbul olunmuş Dövlət Strategiyasında standart və kurikulumların hazırlanması vəzifəsinin qarşıya qoyulması və onların səriştələrə söykənən nəticəyönümlü məzmun kimi yaradılması təhsil standartları anlayışına yeni yanaşma tərzinin formalaşdığını göstərir. Artıq müəllimlər fəaliyyətlərini planlaşdırmaq, qurmaq üçün bu yeni yanaşma tərzindən xəbərdar olmalı, özlərinin təcrübəsində onlardan istifadə etməlidirlər.

Konfransda bir-biri ilə sıx bağlı olan tədris-təlim fəaliyyətlərinin, onların interaktiv texnologiyalar zəminində təşkil olunmasına da diqqət yetirilməlidir. Təhsil müasir zamanda yeni demokratik, humanist və humanitar xarakteri ilə fərqlənir. Bu isə təbii olaraq ümumi təhsil pilləsində ilkin olaraq şagirdin bir subyekt kimi funksiyasını dəyişir. Onun fəal mövqeyi şəxsiyyətində yaradıcılıq, axtarıcılıq, tədqiqatçılıq kimi kreativ fəaliyyətlə müşayiət olunan keyfiyyətlərin formalaşması ilə nəticələnir. Müəllimlər isə daha çox istiqamət vermək, əlaqələndirmək funksiyalarını yerinə yetirməklə şagirdlərlə əməkdaşlıq mövqeyində dayanırlar.

Müasir dövrdə təhsilin məzmun komponenti kimi dərslik tarixi funksional rolunu bu gün də daşıyır. Xüsusilə təlim prosesinin səmərəlilik faktoru kimi çıxış edir. Müəllim tədris fəaliyyətində dərslik amilinə daha çox istinad etməklə, demək olar ki, bütün imkanlarını onunla bağlayır. Ona görə də az qala özünün əvəzolunmaz müəllimlik fəaliyyətindəki uğursuzluqlarını onunla əlaqələndirir. Bu zaman o, məntiqi olaraq özünün müstəqil yaradıcı fəaliyyətini inkar etmiş olur. Əslində bu günün müəllimi özünün innavatorluğu, qabaqcıllığı, xüsusilə yaradıcı fəaliyyəti ilə daha çox fərqlənir. Çünki müasir zamanda inkişafyönümlü təhsil sistemində olmaq, fəaliyyət göstərmək üçün müəllimdən hər addımda pedaqoji fakt və hadisələrə, şagirdlərinə yaradıcı yanaşmaq missiyasını daşımaq bir nəfər kimi tələb olunur. Bu isə müəllimin qarşısında dərsliklərlə bağlı daha geniş yaradıcılıq imkanlarının olduğunu göstərir.

Ölkəmizdə intellekt dərsliklərinin yaradılması istiqamətində işlər aparılır. Artıq 2014-2015-ci dərs ili üçün 271 adda 7,7 milyon nüsxədə dərslik və müəllim üçün metodik vəsait hazırlanmışdır.

Məlum olduğu kimi, dərsliklərin yaradılması sahəsində xeyli təcrübə vardır. Etiraf etmək lazımdır ki, uzun illərin sınağından çıxmış bu təcrübə prosesində müxtəlif  təhsil sahələrini, fənləri təmsil edən dərsliklər yaradılmışdır. Buna baxmayaraq, həmişə dərsliklərin hazırlanması müzakirə obyektinə çevrilmiş, daha yaxşı dərsliyin meydana çıxarılması mütəxəssislərin uğuru kimi dəyərləndirilmişdir. Zaman dəyişmiş, müstəqil Azərbaycanın müstəqil təhsil sisteminin qurulması prosesində bu missiya bu gün də aktual olaraq qalmaqdadır. Alimlər düşünür və belə qənaətə gəlirlər ki, "Dərslik necə olmalıdır? Yeni pedaqoji təfəkkür baxımından bu sual son dərəcə aktualdır. Müasir dərsliklərdə şagirdlərdə inkişaf və tərbiyə ediləcək keyfiyyətlər layihələşdirilməlidir" (Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı: Pedaqogika, 2004). Deməli, dərsliklər inkişafetdirici və tərbiyəedici funksiyası ilə fərqlənməli və xüsusi missiya daşımalıdır. Onların məzmun və strukturunda şagirdi təşviq edən, istiqamətləndirən və müəyyən qənaətə gəlməkdə ona dəstək verən bir metodik sistem olmalıdır. Hər bir dərsliyin özünə məxsus belə bir sistemə malik olması onun ümumi xarakter daşıması ilə yanaşı, həm də fərdi xüsusiyyətə malik olmasını göstərir. Eyni zamanda onun pedaqoji araşdırmaların nəticəsi kimi meydana gələn modelinin ilkin olaraq müxtəlif mərhələlərdə müzakirə olunmasını və təcrübi-eksperimental qaydada sınaqdan keçirilərək istifadəyə verilməsini ciddi vəzifə kimi qarşıya qoyur. Ölkəmizdə aparılan təhsil islahatı çərçivəsində dərsliklərin hazırlanması işinin təkmilləşdirilməsi, onun ən etibarlı təlim vasitəsi kimi məktəbə təqdim olunması bu baxımdan əhəmiyyətli hesab edilir ki, konfransda müəllimlərin bu məsələlərə münasibət bildirmələri faydalı sayılır.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi mühüm pedaqoji texnologiyalardan biri kimi müasir məktəbin idarə edilməsində daha geniş istifadə olunur. Bu, çox hallarda idarəetmə texnologiyalarının mühüm komponenti kimi izah edilir. Əslində, belə bir yanaşma tərzi təbii hesab olunmalı, daha çox keyfiyyətin idarə edilməsinin əsas vasitələrindən biri kimi dəyərləndirilməlidir.

Bu gün ölkəmizdə həyata keçirilən şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində siyasət ciddi normativ-hüquqi əsasa söykənən və humanist məqsədlərə xidmət edən bir fəaliyyət kimi formalaşmaqdadır. Yeni təhsil proqramlarının (kurikulumların) tətbiqi dövründə bu sahədə xeyli təcrübə toplansa da müəllim və şagirdlərin fəaliyyətinin nizamlanması baxımından xeyli dəqiqləşdirilməli və konkretləşdirilməli məsələlər də vardır ki, konfransda bu məsələlər ətrafında da müzakirələrin açılması məqsədəuyğun hesab edilir. Xüsusilə "Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair Müvəqqəti Təlimat" və Azərbaycan Respublikası təhsil nazirinin 07 iyul 2014-cü il tarixli, 782 nömrəli əmrilə onda aparılan dəyişikliklər barədə müəllimlərə bir daha məlumat verilməli, onların fəaliyyəti istiqamətləndirilməlidir.

Təhsil quruculuğunda məktəbin funksiyası da dəyişir. 12 illik məktəbin yaradılması ümumi təhsilin "yaddaş məktəbi"ndən "təfəkkür və düşüncə məktəbi"nə keçidlə müşayiət olunur. Belə bir funksiyanın yaranması məktəbin mahiyyət dəyişikliyi kimi başa düşülür. İstər-istəməz bu dəyişiklik, öz növbəsində, yeni məzmun və strukturun yaradılmasını tələb edir. Təfəkkürün inkişaf etdirilməsi, intellektual bir səviyyənin formalaşdırılması məktəbin aparıcı missiyasına çevrilir. Bu işdə məktəbin bütün struktur vahidləri kompleks qaydada birləşərək fəaliyyət göstərməli olur. Adi dəhlizdən tutmuş kitabxanaya, sinif otaqlarına qədər hər yerdə son dərəcə böyük maraq yaradan öyrədici mühitin formalaşdırılması məktəbin müasir didaktik imkanları kimi dəyərləndirilir. Yalnız belə olduğu təqdirdə şagirdlərin öyrənmək, yaratmaq həvəsini inkişaf etdirmək mümkündür. Heç şübhəsiz, hər bir bölgədə belə təhsil müəssisələri olmamış deyildir. Onların təcrübələrinin öyrənilib ümumiləşdirilməsi və yayılması istiqamətində fəaliyyətimizi genişləndirməliyik.

Unutmaq olmaz ki, təhsil sosial fenomen olduğu kimi, məktəb də ictimai ab-havada dəyişən, formalaşan bir qurumdur. Onun uğurlarında cəmiyyətin dəstəyi son dərəcə vacibdir. Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun "Müəllimlik bir missiyadır" adlı son müsahibəsində xüsusi olaraq qeyd etdiyi məsələlərdən biri də elə bu problemlə bağlıdır: "Təcrübə göstərir ki, akademik göstəricilərin artmasına daha çox sosial mühit təsir edir. Çünki hər şey dəyərləndirmə şkalasından, şagirdin ailəsinin, qohumlarının, onun əhatəsinin təhsilə olan münasibətindən başlayır. Sosial kontekstin dəstəyi olmadan güclü müəllim faktoru kömək etmir. Bu səbəbdən  də bizim işimiz təkcə təhsil sisteminin optimallaşdırılmasından deyil, müəyyən mənada dəyərlər sisteminin yaxşılaşdırılmasından ibarətdir".

Odur ki, müasir zamanda cəmiyyətin təhsil mədəniyyətini yüksəltmək üçün fəallığımızı artırmalıyıq. Məktəblərin, təhsil qurumlarının cəmiyyətlə qarşılıqlı fəaliyyətinin güclənməsinə, onların məktəblə əlaqə imkanlarını artırmaq məqsədi ilə sistemli maarifləndirmə işlərinin aparılmasına diqqət yetirməliyik.

Bu gün islahatçılıq fəaliyyətimizin başlıca istiqamətlərindən biri infrastruktur dəyişikliklərinin aparılmasıdır. Artıq Azərbaycan Respublikası Prezidentinin 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin yeni strukturu təsdiq olunmuşdur. Dövlət Strategiyasına uyğun olaraq qəbul olunmuş bu struktur respublikada təhsil sistemini təkmilləşdirmək və səmərəliliyini artırmaq məqsədi daşıyır. Eləcə də 12 illik sistemə keçidlə əlaqədar olaraq ümumi təhsilin infrastrukturunda dəyişikliklər aparmaqla onu daha da müasirləşdirmək gələcək fəaliyyətimizin prioritet istiqamətlərindən biri kimi qarşıda dayanır. Təbii ki, bütün bu infrastruktur dəyişiklikləri gələcəyin perspektivləri kimi ciddi hazırlıq aparmağı, eyni zamanda səfərbər olmağı tələb edir. Pedaqoji ictimaiyyətin fəal üzvləri kimi konfrans iştirakçılarının da bu məsələ ilə bağlı arzu və təkliflərini bildirmələri məqsədəuyğun hesab edilir.

İstedadlılarla iş Azərbaycanda həyata keçirilən təhsil siyasətinin başlıca istiqamətlərindən biridir. Bu işin yüksək səviyyədə təşkil olunması xalqımızın intellektual səviyyəsinin yüksəldilməsi, gələcək inkişafı baxımından əhəmiyyət daşıyır. İstedadların seçilməsi, inkişaf etdirilməsi sahəsində təhsil müəssisələrinin üzərinə daha böyük məsuliyyət düşür. Odur ki, ümumtəhsil məktəblərinin istedadlılarla apardığı işə dair müzakirə açılarkən, ilk növbədə, məktəbin bu sahədə konkret fəaliyyət istiqamətini müəyyənləşdirmək, istedadlıların müəyyən olunması üçün şəraitə uyğun vasitə və üsulları seçmək, eyni zamanda istedadlıların inkişaf etdirilməsi ilə bağlı strategiyalar hazırlamaq ətrafında fikir mübadilələri aparılması tövsiyə edilir.

Bu gün Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun strukturunun köklü şəkildə dəyişilməsi, onun fəaliyyətinin Dövlət Strategiyasının tələbləri baxımından səmərəli və keyfiyyətli qurulmasına yönəldilmişdir. Aparılan araşdırmaların tematikası Azərbaycan təhsilinin müasir problemlərinə yönəldilmişdir. Artıq son bir ildə "Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu)", 2014), "Məktəbəqədər təhsil müəssisələri üçün təlim materiallarının təxmini planlaşdırılması (metodik tövsiyə)", 2014), "Məktəbəqədər təhsilin yeni məzmununun xüsusiyyətləri (metodik tövsiyə)", 2014), "Yeni təhsil proqramlarının (kurikulumların) tətbiqi məsələləri" 2014) adda kitablar hazırlanaraq çap edilmişdir. Son günlərdə "Təhsil işçilərinin 2014-cü il sentyabr konfransları üçün tövsiyələr" kitabı nəşr olunmuşdur. Bundan əlavə, ikinci xarici dil fənni üzrə dörd adda tövsiyə hazırlanaraq müzakirəyə təqdim edilmişdir. Eyni zamanda bu il fənlər üzrə standart və kurikulumların  çap edilməsi planlaşdırılmışdır.

Təbii ki, bir qəzet məqaləsində sentyabr konfransları kimi müəllimlərin möhtəşəm  tədbirində müzakirə olunacaq bütün məsələləri əhatə etmək imkan xaricindədir. Orada yalnız ən ümumi məsələlərdən danışmaq mümkündür. Şübhəsiz, müəllimlərimiz, geniş pedaqoji ictimaiyyət 2014-cü il sentyabr konfraslarını mütəşəkkil qaydada, yüksək səviyyədə təşkil edəcək və müvəffəqqiyyətlə başa vuracaqlar. Hamıya bu işdə uğurlar arzulayırıq. Müzakirələrinizin nəticələrini, arzu və təkliflərinizi bu ünvana (Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 96, Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu) göndərə bilərsiniz.

 

Qulu NOVRUZOV,

Təhsil Problemləri İnstitutunun direktoru,

hüquq üzrə fəlsəfə doktoru

 

Azərbaycan müəllimi.- 2014.- 29 avqust.- S.4.