Ən yaxşı müəllimlərimiz

 

Lətifə ƏHMƏDOVA,

Şirvan şəhər 10 nömrəli tam

orta məktəbin kimya müəllimi

 

1949-cu ildə Qazıməmməd şəhərində anadan olub. 1966-cı ildə Qazıməmməd şəhər 15 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirib. Elə həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya fakültəsinə daxil olub. 1970-ci ildə ali təhsilini başa vurub, təyinatla Əli Bayramlı şəhər 10 nömrəli orta məktəbdə müəllimlik fəaliyyətinə başlayıb. 44 ildir ki, həmin məktəbdə çalışır. İşlədiyi müddətdə dəfələrlə məktəb rəhbərliyi, şəhər təhsil şöbəsi tərəfindən rəğbətləndirilib. 1987-ci ildə Azərbaycan müəllimlərinin VII qurultayının, 2008-ci  ildə Azərbaycan Respublikası qadınlarının qurultayının nümayəndəsi olub. 1999-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının  qərarı ilə gənc nəslin təlim-tərbiyəsində səmərəli fəaliyyətinə görə Fəxri fərmanla təltif edilib. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin  sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

 

Xumar VƏLİYEVA,

Şirvan şəhər M. İsrailov adına 18 nömrəli təbiət,

humanitar təmayüllü məktəb-liseyin ibtidai sinif müəllimi

 

1954-cü ildə Salyan rayonunda anadan olub. 1963-1965-ci illərdə Şirvan şəhəri 9 nömrəli tam orta məktəbdə, 1965-1971-ci illərdə isə şəhər 10 nömrəli tam orta məktəbdə  oxuyub. 1975-ci ildə Əli Bayramlı pedaqoji məktəbini fərqlənmə diplomu ilə bitirib. 1987-1991-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsilin pedaqogikası metodikası fakültəsində ali təhsil alıb. 1975-ci ildə  Şirvan şəhərində 12 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb. 1977-ci ildə E.İmanov adına 10 nömrəli tam orta məktəbə dəyişilib. 1982-ci ildən isə 18 nömrəli məktəb-liseydə işləyir.

Xumar Vəliyevanın qabaqcıl təcrübəsi şəhər miqyasında yayılıb. Səmərəli pedaqoji fəaliyyəti təşəkkür, fəxri fərman diplomlarla qiymətləndirilib.

2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin  sərəncamı ilə  "Əməkdar müəllim" fəxri adı alıb.

 

Sevil XUDİYEVA,

Şirvan şəhər 2 nömrəli tam orta məktəbin

Azərbaycan dili ədəbiyyat müəllimi

 

1960-cı ildə Şirvan şəhərində anadan olub. 1977-ci ildə Şirvan şəhər 14 nömrəli orta məktəbi fərqlənmə attestatı ilə bitirib.

1984-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin məzunu olub. 1978-ci ildən əmək fəaliyyətinə başlayıb. Əvvəlcə 152 nömrəli orta texniki peşə məktəbində Azərbaycan dili ədəbiyyat müəllimi işləyib. 1993-cü ildən isə müəllimliyini şəhər 2 nömrəli tam orta məktəbdə davam etdirir.

Məktəbdə şəhərdə öz fəallığı, yeniliyi ilə seçilən Sevil Xudiyeva şəhər tədbirlərində, respublika pedaqoji mühazirələrində, treninqlərdə yaxından iştirak edir, yetirmələri  dəfələrlə respublika fənn olimpiadalarında, bilik yarışlarında, müsabiqələrdə qalib I yerin sahibi olub. Yeni kurikulum üzrə təlim kursunda I yerə layiq görülüb. "Prometon" interaktiv lövhələrindən istifadə üzrə təlim kursunu müvəffəqiyyətlə bitirərək sertifikat alıb. 2001-ci ildə Respublika Pedaqoji Mühazirələrində qalib (I yer) gəlib. Pilot məktəblər üçün nəzərdə tutulan "Məktəb qrant proqramı" layihəsində I III mərhələnin qalibi hesab edilib. Nəticədə məktəbə 10.000 manat məbləğində avadanlıq alınıb.

Sevil Xudiyeva dəfələrlə Təhsil Nazirliyinin, TİAHİ Respublika Komitəsinin, şəhər təhsil şöbəsinin I dərəcəli diplomlarını, fəxri fərmanlarını alıb. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

 

Həsənpaşa TAHİROV,

Şirvan şəhər 12 nömrəli tam orta

məktəbin riyaziyyat müəllimi

 

1955-ci ildə Şamaxı rayonunun Quşçu kəndində anadan olub. 1972-ci ildə Qobustan rayonunun Nərimankənd kənd orta məktəbində orta təhsilini başa vurub, 1977-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. Elə həmin il əmək fəaliyyətinə başlayıb. Şamaxı rayon Tağılı kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyib. 1985-ci ildə Şirvan şəhərinə köçüb buradakı 2 nömrəli tam orta məktəbdə əmək fəaliyyətini davam etdirib. 2006-cı ildən 2011-ci ilədək həmin məktəbin direktoru olub. 2011-ci ildən isə 12 nömrəli tam orta məktəbdə çalışır. Kurikulum İKT üzrə təlim kurslarında iştirak edib sertifikatlar alıb. 2004-cü ildə Təhsil Nazirliyinin keçirdiyi "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olub I dərəcəli diplomla təltif edilib. 2014-cü ildə TQDK-nın riyaziyyat fənni üzrə eksperti seçilib.

Olimpiadada şagirdləri hər il mükafata layiq yerlər tutur. Yetirməsi 2012-ci ildə riyaziyyat fənn olimpiadasında III yeri tutduğuna görə şəhər icra hakimiyyətinin başçısı tərəfindən  ən müasir elektron lövhə ilə mükafatlandırılıb.

2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adını alıb.

 

Şamama YOLÇUYEVA,

Şirvan şəhər 4 nömrəli tam orta

məktəbin kimya-biologiya müəllimi

 

1955-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) kimya-biologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə Sabirabad rayonu Nizami kənd orta məktəbində başlayıb. 1985-ci ildən isə Şirvan şəhər Arif Hüseynov adına 4 nömrəli tam orta məktəbdə çalışır. Yüksək biliyi peşəkarlığı ilə seçilən Ş.Yolçuyeva müasir təlim üsullarından dərslərində geniş yaradıcı şəkildə istifadə edir. Son illər yeni kurikulumların, İKT-nin tətbiqi ilə bağlı müxtəlif təlim kurslarına cəlb olunub həmin kursları müvəffəqiyyətlə bitirməsi haqqında sertifikatlar alıb.

Ş.Yolçuyevanın dərs dediyi şagirdlər kimya biologiya üzrə respublika fənn olimpiadalarında uğurla  iştirak edir  mükafata layiq yerlər tuturlar. Onun yetirmələri ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə edir, 600-dən yuxarı balla ölkənin ən nüfuzlu ali məktəblərinə daxil olurlar.

Şamama Yolçuyeva 2010-2011-ci tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin  qalibidir. 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

 

Səhifəni hazırladı: Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2014.- 15 avqust.- S.5.