"Azərbaycan jurnalistika məktəbləri"

 

 Ölkəmizin elmi ictimaiyyəti tərəfindən əsasən istedadlı filoloq alim və məhsuldar tədqiqatçı kimi tanınan, ilk klassik sənətkarlarımızın elmi tərcümeyi-halını yazmış, ədəbiyyatın regional aspektdən tədqiqinin əsasını qoymuş, AXC dövrü ədəbiyyatımızın ilk monoqrafik tədqiqatçısı, filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu (Məmmədov) alim qələmini  mətbuat tariximizin bir sıra məsələlərinin araşdırılması istiqamətində də işlətmiş və Azərbaycan mətbuatşünaslığına töhfə olan dəyərli əsərlər yaratmışdır. Filoloq alimin bu silsilədən sayca üçüncü kitabı olan "Azərbaycan jurnalistika məktəbləri" bu günlərdə işıq üzü görmüşdür.

"Avrasiya-Press" nəşriyyatı tərəfindən nəfis şəkildə çapdan buraxılmış və oxuculara Azərbaycan Mətbuat Şurasının və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə nəşri kimi təqdim olunmuş kitabın redaktoru Azərbaycan Mətbuat Şurasının sədri, əməkdar jurnalist Əflatun Amaşov, rəyçisi filologiya üzrə fəlsəfə doktoru Aygün Əzimovadır. Əflatun müəllim toplu şəklinə salınmazdan öncə bütün fəsilləri mətbuatda oxuculara məqalələr şəklində çatdırılmış kitaba "Milli jurnalistika məktəblərimiz haqqında" adlı səmimi və  tədqiqatçı əməyinə sayğı ilə dolu ön söz də yazmışdır. Burada kitab  müəllifinin jurnalistikamızın indiyədək keçdiyi yola məhz məktəb prizmasından yanaşıb dəyər verməsi əsərin ən mühüm məziyyətlərindən biri kimi qiymətləndirilmiş, kitabın jurnalistikamızın fundamental ictimai-mədəni hərəkat kimi təqdimatı baxımından böyük əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.

Tədqiqat üçün seçilmiş mövzu - "Azərbaycan jurnalistika məktəbləri" ilə bağlı müəllifin apardığı araşdırmaların nəticələrini əks etdirən kitabdakı ilk fəsil - məqalə "Milli məfkurəmizin "Əkinçi"dən başlayan mərhələlərinə dair" adlanır. Alxan Bayramoğlu burada "Əkinçi" qəzetinin Azərbaycan ictimai fikrinə gətirdiyi yeni ruhu, yeni nəfəsi bir daha yüksək qiymətləndirərək qəzetin öz gəlişi ilə xalqın məişətindən tutmuş mədəni, mənəvi həyatının, ictimai şüurunun, milli etnik düşüncəsinin bütün sahələrinədək işıq saçdığını qeyd edir. "Əkinçi"nin başladığı yolu "Ziyayi Qafqaziyyə"nin,  "Kəşkül"ün, "Şərqi Rus"un və digər maarifçiictimai ədəbi düşüncə mündəricəli nəşrlərin davam etdirdiyini diqqətə çatdırır.

Tədqiqatçı alim milli mətbuatımızın qaranquşu olan "Əkinçi"ni həm də son əsr yarımlıq  dövrdə ölkəmizdə fəaliyyət göstərmiş jurnalistika məktəblərindən ilki kimi dəyərləndirir və təhlilini  verir.

Kitabda daha sonra tarixi-xronoloji ardıcıllıqla "Molla Nəsrəddin, "Füyuzat", milli demokratik, pedaqoji, bolşevik jurnalistika məktəblərindən söz açılır, həmin məktəblərin hər birini təmsil edən nəşrlərin fəaliyyəti, ideya istiqaməti, əsas mövzu hədəfləri, hər məktəbin tanınmış nümayəndələri haqqında müasir yanaşma baxımından maraqlı və orijinal fikirlərin yer aldığı geniş məlumat verilir.

Kitabda eyni zamanda Azərbaycan jurnalistikasının və jurnalistika məktəblərinin inkişafında böyük rol oynamış Haşım bəy Vəzirovun, Orucovların, Üzeyir Hacıbəylinin mədəni-maarifçilik fəaliyyəti, jurnalistika irsi haqqında da geniş faktik materiala, dərin təhlilə əsaslanan və kitabın ümumi süjet xəttinə tam uyğun maraqlı məqalələr yer alıb. Əsərinin sonuncu fəslində A.Bayramoğlu müasir jurnalistika, mövcud reallıq və problemlər barədə fikir və qənaətlərini oxucularla bölüşür.

Kitabın sonunda verilmiş ədəbiyyat siyahısından da göründüyü kimi, müəllif bu sahədə  demək olar ki, bütün mövcud ədəbiyyatı nəzərdən keçirmiş və təhlilə cəlb etmiş, mövzuya dair araşdırmalarında orijinallıq nümayiş etdirmiş, nəticədə elmi ictimaiyyətin diqqətini cəlb edəcək, yüksək elmi-publisistik dildə yazılmış bir əsər ortaya qoymuşdur. Kitabın humanitar sahə mütəxəssisləri - jurnalistlər, filoloqlarbu sahələr üzrə təhsilalanlar üçün faydalı olacağını zənn edirik.

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2014.- 15 avqust.- S.7.