Müəllimlik bir
missiyadır
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovla müsahibə
Biz bu müsahibəni
çoxdan gözləyirdik. Əvvəlcə, mən
müsahibəni apreldə - daha dəqiq desək, Mikayıl
Cabbarovun təhsil naziri kimi fəaliyyətə
başlamağının birinci ildönümündə
aparmaq istəyirdim. Lakin ezamiyyələr, buraxılış
imtahanları və digər cari məsələlər bu
fikrimi üç ay təxirə saldı. Buna baxmayaraq, bu da
problem yaratmırdı, çünki ünvanlayacağım
sualların aktuallığı hələ də qalmaqda idi.
Əlbəttə ki,
son illər ərzində Azərbaycanda təhsil ilə
bağlı vəziyyət çox mürəkkəb idi. Elə
görünürdü ki, hətta təhsili olmayan hər kəs
asanlıqla təhsil sistemində qüsurlar aşkar edə
bilər. Milli təhsil sistemini tənqid etmək,
demək olar ki, adi hala çevrilmişdi. Tənqidin və tənqidçilərin nə qədər
obyektiv olduğunu, eyni zamanda tunelin sonunda işığın
görünüb-görünməməsini
araşdırmağa çalışdım. Biz üç saat danışsaq da, bütün məsələlərə
toxuna bilmədik. Buna baxmayaraq, əminəm ki, bunun
davamı olacaq və ən geci 1 il sonra
nazirdən yenidən müsahibə götürə biləcəyəm.
- Cənab
nazir, artıq bir ildən çoxdur ki, təhsil naziri kimi fəaliyyət
göstərirsiniz. Bu müddət ərzində
hansı işləri görməyi bacardınız?
- Etiraz etmirsinizsə, cavabı iki hissəyə bölməyi
təklif edirəm. Birincisi, bu sahədə
görülən və bütün Azərbaycanı əhatə
edən tədbirlər geniş anlamda Təhsil Nazirliyi və
burada çalışan komanda tərəfindən həyata
keçirilmişdir.
Mən başlıca olaraq cənab
Prezident tərəfindən 2013-cü ilin oktyabrında təsdiqlənmiş
"Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası"ndan danışmaq
istərdim. Mövcud strategiya aşağıdakı
istiqamətləri əhatə edir:1. Müəllim. 2. Məzmun. 3. İdarəetmə.
4. İnfrastruktur. 5. Resurslar - mövcudluğu və əlverişliliyi.
Strategiya - Azərbaycan qanunvericiliyində
geniş məzmunlu bir sənəddir. Mənim fikrimcə,
strategiyada ilk dəfə olaraq Azərbaycan Respublikasında təhsilin
vəziyyəti çox ətraflı və dəqiq təsvir
olunmuşdur. Təhsil, daha geniş desək, təhsil
ictimaiyyəti qarşısında duran məsələlər strategiyada
emosional kolorit olmadan, çox peşəkar şəkildə
təqdim olunmuşdur. Strategiya əsasında fəaliyyət
planı hazırlanaraq, artıq hökumətə təqdim
olunub. Hal-hazırda sənəd baxılma
və təsdiqolunma mərhələsindədir. Əgər
strategiya "nə etməliyik" sualına cavab axtarırsa, fəaliyyət
planı "necə etməliyik" sualına
cavabdır.
İkinci daha konkretdir- tələbələr,
valideynlər, müəllimlər üçün son 15 ayda
hansı tədbirlər görülüb? İlk olaraq, görülən
iş məzunlara attestatın verilməsi ilə bağlı
məsələnin həll olunmasıdır. Hələ
üç il əvvəl 11-ci sinfi bitirən
dörd nəfərdən biri attestat ala bilmirdi. Bu da onların təhsilin
növbəti pillə və səviyyələrinə
inteqrasiyasına, eləcə də işədüzəlmə
prosesində çətinliklər yaradırdı. Belə ciddi problem haqqında heç də
bütün vətəndaşların məlumatı yox idi.
- Bildiyimə
görə, Siz islahatları Bakı şəhərindən
başladınız.
- Bəli, ona görə ki, ölkə
üzrə təhsilalanların, demək olar ki, üçdə
biri paytaxtdadır. Rayon təhsil şöbələrindən
fərqli olaraq, Bakı Şəhəri üzrə Təhsil
İdarəsi birbaşa Təhsil Nazirliyinə tabe
olduğundan biz daha çox səlahiyyətliyik. (Müsahibə
24 iyul 2014-cü il tarixli "Azərbaycan
Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının
imzalanmasından əvvəl götürülüb).
Ötən müddətdə yeni tədris ilindən təyinat
alacaq onlarla məktəb idarəedənləri
hazırlanmışdır. Neqativ halların
qarşısının alınması məqsədilə tədbirlər
gücləndirilmişdir. Biz ümumi təhsil
müəssisələrində "təmir pulu",
"bayram pulu" anlayışları adı altında pul
yığımlarının qarşısını aldıq
və ya minimuma endirdik. Təsərrüfat ehtiyaclarının ödənilməsi
üçün məktəblərə aylıq maliyyə vəsaiti
ayırdıq. Onlarla məktəb təmir olundu. Biz müəllimin orta dərs yükünü
qaldırdıq ki, bu da müəllimlərin gəlirlərinə,
müəllim-şagird nisbətinə təsir etdi. Biz 1:8 müəllim-şagird nisbətindən 1:12
müəllim - şagird nisbətinə doğru gedirik. Bu hal hələ ki beynəlxalq standartdan
aşağı olsa belə, eyni zamanda irəli
atılmış böyük addımdır. Bununla yanaşı, biz müəllimlərin işə
qəbulu ilə bağlı olan, onların bir bölgə məktəbindən
digərinə keçirilməsi kimi məsələni həll
etdik. Hal-hazırda bu sistem bütünlüklə elektron formada mərkəzləşdirilmişdir.
2014-cü ildə bütün müəllimlər
üçün bir məktəbdən digərinə
keçmək məqsədilə mərkəzləşdirilmiş
elektron imkanı reallaşdırdıq. Bu, Azərbaycanın
ümumi təhsil
sistemində çalışan 150 min müəllimin
hər birinin peşəkar inkişafı və iş şəraitində
öz əksini tapan real nailiyyətdir.
- Buna
baxmayaraq, bir çoxları islahatların nəticələrinin
o qədər hiss olunmadığından danışırlar.
- Təhsil sistemi qərarın verilməsi və onun həyata
keçirilməsi arasında müəyyən zamana ehtiyac
olan bir sahədir. Axı bu gün
gördüyümüz və kökü Sovet
İttifaqının dağılması dövrünə
gedib çıxan mənfi stereotiplər, həyat səviyyəsinin
aşağı düşməsinə səbəb olan
sosial-iqtisadi dəyişikliklərlə əlaqədardır.
Bu da öz növbəsində dəyərləndirmə
şkalasının dəyişməsində öz əksini
tapmalı idi. Müəllim peşəsinin
nüfuzu getdikcə aşağı düşdü. Bunun ardınca müəllim peşəsindən digər
səmtlərə doğru axın başladı. Bu nəinki ölkədən kənara, eyni zamanda təhsil
sistemindən başqa sistemlərə, qısamüddətli də
olsa, hissolunan bir axın idi.
- İyun
ayında müəllimlərin ilk sınaq qiymətləndirilməsi
keçirildi...
- Bakı şəhərində müəllimlərin
sınaq qiymətləndirilməsi müstəqil ölkə
tarixində ilk dəfə keçirilən bir tədbir idi.
Biz qəbul etməliyik ki, bu ana qədər müəllim
ordusunun keyfiyyət göstəriciləri - ixtisas biliyi,
metodika və onun tətbiqi, psixoloji durumunun hansı səviyyədə
olması haqqında dəqiq təsəvvürümüz yox
idi. Təkmilləşdirmə ilə bağlı müvafiq təlimlərin
həyata keçirilməsi, dərs yükünün
bölgüsü və s. ilə bağlı verdiyimiz qərarlar
bəzi aspektlər nəzərə alınmadan verilirdi. Daha doğrusu, müayinə etmədən bu və
ya digər xəstəliyi müalicə etməyə
çalışırdıq. Hal-hazırda
isə biz müəllimlər haqda daha çox məlumatlıyıq.
-
KİV-də müəllimlərin sınaq qiymətləndirməsinə
əsasən onlardan 14,4 faizinin
aşağı, 67,4 faizinin qənaətbəxş və 18,2
faizinin isə yüksək nəticə göstərməsi
barədə informasiya verildi. Bəs Sizin bu qiymətləndirmə
ilə bağlı şəxsi təəssüratınız
necədir? Bundan sonra hansı tədbirlər
görüləcək?
- Sınaq qiymətləndirməsinə qədər
müəllimlər haqda bildiklərimiz yalnız anket məlumatları
idi. Onların nə zaman anadan olduqlarını, hansı ali təhsil müəssisəsini bitirdiklərini
və nə qədər stajlarının olması barədə
məlumatları bilirdik. Eyni zamanda biz müəllimlərin
harada işləməsi, nə qədər dərs
yükünün ayrılması, təkmilləşdirilmə
təlimlərinə göndərilib-göndərilməməsi
və hansı keyfiyyətlərin təkmilləşdirilməsi
ilə bağlı qərar qəbul etməli idik. Sonra nə olacaq? Bundan sonra pedaqoqların
peşəkar inkişafı ilə əlaqədar onlarda
bütün keyfiyyətlərin təkmilləşməsinə
xidmət edəcək lazımi qərarlar veriləcək.
- "Qeyri-qənaətbəxş nəticələr"
nə deməkdir?
- Bu o deməkdir ki, bu müəllimlər məktəbdə
işləmək üçün uyğun deyillər. Heç də çətin olmayan bir qiymətləndirmədə
onlar 40 maksimum baldan 50 faizini belə toplaya bilməyiblər.
Bəs onlar diaqnostik qiymətləndirmənin nəticələrinə
əsasən işdən azad olunacaqlar? Xeyr.
Biz bu haqda əvvəl də bildirmişdik.
Bəs müəllimlərin peşəkarlığının təkmilləşdirilməsi
üçün imkan yaradılması məqsədilə
sınaq qiymətləndirməsinin nəticələri nəzərə
alınacaq? Sözsüz, bu belə olacaq.
- Test
üç bölmədən ibarət idi: ixtisas biliyi,
müasir təlim metodikası ilə bağlı biliklər və
müəllimin psixoloji durumu. Psixoloji durum
hansı vəziyyətdədir?
- Mən deyərdim ki, müxtəlif. Biz
yenə də nəyəsə əsaslanmalı idik.
Valideynlərin hər hansı bir müəllimin bu peşəyə
uyğun olmaması ilə bağlı şikayət etməsi
halları çox idi. Əgər bacarırsansa, get
aydınlaşdır! İndi isə bizdə ayrı-ayrı vəziyyətlərdə
həqiqəti üzə çıxarmağa imkan verməsə
də, hər hansı bir müəllimin sinfə daxil
olmasına psixoloji durumunun imkan verib-verməməsi haqqında
ilkin ümumi fikir yaradan obyektiv ölçü mexanizmimiz var.
Bu amil qərar qəbuletmədə çox vacibdir və təhsilalanların
psixoloji durumuna və təhsilin keyfiyyətinə
birbaşa olaraq təsir edir.
- Siz
elektron işə qəbul barədə qeyd etdiniz. Bu necə həyata keçirilir?
- Yetərincə sadə şəkildə. Siz nə vaxtsa viza almaq üçün elektron
formada anket doldurmusunuz?
- Bəli.
- Eyni forma tətbiq edilir. Təhsil
Nazirliyinin saytında ölkə üzrə 3000 vakant yer barədə
məlumat yerləşdirilir. Minimum tələblərə
cavab verən, yəni müəllim işləməyə
imkan verən diploma sahib olan və müəllim işləmək
istəyən hər bir şəxs anket doldurur. İmtahanlar ayrı-ayrı fənlər üzrə
eyni gündə keçirilir. Cari ildə
imtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin iki
korpusunda eyni zamanda keçirildi. İmtahan
elektron formadadır. Test imtahanı üç bölmədən
ibarətdir: ixtisas biliyini, məntiqi düşüncə
qabiliyyətini və metodika üzrə bilikləri yoxlayan test
sualları. Nəticələr imtahan bitən
kimi məlum olur. Namizəd nə qədər bal toplaması və nə qədər
toplamalı olduğu barədə məlumat alır. Biz əvvəlcədən
maksimum 35
baldan şəhər məktəblərində işləmək
üçün keçid balının 28, kənd məktəblərində
işləmək üçün isə keçid
balının 21 olmasını bildiririk. İkinci
turda - müsahibədə namizədlərin kommunikativ
bacarıqları qiymətləndirilir. Lazımi bal
toplamış namizədlər şəffaflığın
qorunması məqsədilə Təhsil Nazirliyindən,
dövlət orqanlarından və məktəblərdən
olan üzvlərdən təşkil olunmuş komissiyalar ilə
müsahibədə iştirak edirlər.
-
Çox adam təhsil sistemində işləməyə
çalışır?
- Keçən il 3000 vakant yer
üçün 18000 iddiaçı müraciət etmişdi. İmtahan nəticələrinə əsasən biz
1281 nəfəri işə qəbul etdik. Qeyd
edək ki, biz keçid balını aşağı
salmadıq və tələblərimizi sadələşdirmədik.
Öz ixtisasını heç "dörd" səviyyəsində bilməyəni
işə qəbul etməyin nə mənası var?!
-
İşə qəbulda mərkəzləşdirilmiş sistem korrupsiyanın
qarşısını aldı. Amma hər halda
bizim şübhələnmədiyimiz problemlər də var?
- Məsələn, saxta diplomlar faktı. Ola bilər ki, bu problem bilavasitə təhsil sisteminə
aid deyil, amma bizim göstəricilərimizə təsir edən
indikator rolunu oynayır. Bu sistem pedaqoji təhsili olmayan
şəxslərin məktəbə işə düzəlməsinə,
şagirdlərimizə
"dərs keçməsinə" şərait
yaradırdı. Buradan ritorik bir sual meydana çıxır:
öz peşəkar fəaliyyətini cinayət ilə - saxta
diplomla başlayanlar təhsilalanlara, gənclərimizə nə
öyrədə bilərlər?!
- Nə qədər
saxta diplom satılmışdır?
- Dəqiq rəqəm deyə bilməyəcəm, təxminən
bir neçə min. Hal-hazırda bu məsələ ilə
bağlı istintaq davam edir və ola bilsin
ki, hüquq-mühafizə orqanları dəqiq rəqəmi
müəyyənləşdirdilər. Amma
bilirik ki, əsasən respublikanın rayonlarında 2000 belə
saxta diplomlu şəxs ümumi təhsil sistemində çalışır.
Biz həmin adamları adbaad tanıyırıq.
Əldə olan bütün məlumatları, o cümlədən
saxta diplom satan şəxslər barədə
məlumatı da Baş Prokurorluğa təqdim etmişik. Bu şəxslər arasında təhsilin idarəetməsində
olanlar da var idi. Səhv etmirəmsə, bu
barədə Baş Prokurorluq artıq ictimaiyyəti məlumatlandırmışdır.
Hansı səbəbdən bu bizim
üçün vacibdir? Biz hələ də
belə "müəllimlərin" qəbulunun
qarşısını kəsə bilməmişiksə, nədən
danışa bilərik? Çirklənmə
mənbəyini aradan qaldırmasaq, suyu necə təmizləmək
olar ki? Bu gün müəllimlərin
işə qəbulu üçün mərkəzləşmiş
sistemin, diplomları yoxlayan bazanın, çoxpilləli və
şəffaf seçimin olması bu sistemdə olan dəyişikliklərin
dönməz olacağına təminat verir.
- Müəyyən
olunan "saxta müəllimlər" işlərinə
davam edəcəklər?
- Yaxşı terminə görə təşəkkür
edirəm! Bəli, onlar hələ də işlərinə
davam edirlər. Birincisi, qanunu pozmuş olsalar da, 2000
"saxta müəllim"in işdən qovulması eyni sayda işçinin
birdən işdən azad edilməsidir. İkincisi, 2000 müəllimin
təhsil prosesindən
çıxarılmasıdır ki, bu vəziyyətdə
onları dərhal əvəz etmək mümkün deyil.
Mürəkkəb bir dilemma qarşısındayıq: belə
müəllimlə işləyək, yoxsa, yox? Onların çoxu kənd
məktəblərində çalışır. Nəhayət,
onların arasında yalanın qurbanı olan, tələbə
olduqlarına ürəkdən inanaraq dərslərdə,
imtahan sessiyalarında iştirak edən, adlarına xüsusi
olaraq jurnal açılan, qeydlər olan şəxslər də
var. Bununla yanaşı, onların bəziləri vakant yerlər
üçün imtahanlarda iştirak edərək öz
peşəkarlıqlarını göstərmişlər. Və
ancaq sənədlərin yoxlanması nəticəsində məlum
olmuşdur ki, bu diplomlar Təhsil Nazirliyi tərəfindən
verilməmişdir... Dərhal olmasa da, təhsil
sistemini belə hallardan təmizləmə prosesi olacaq.
Demək olar ki, artıq bu proses başlamışdır.
- Biz hələ
də orta məktəbdən danışırıq.
- Bəli, mən təhsilalanların böyük hissəsini
əhatə etdiyi üçün daha çox ümumi təhsil
sistemindən danışdım. Lakin digər sahələrdə,
məsələn, ilk peşə-ixtisas təhsili səviyyəsində
müəyyən dəyişikliklər
mövcuddur. Azərbaycanın insan resurslarının perspektivli
gələcəyinə inanıram. Lakin
hal-hazırda biz daha çox digər ölkələrdən
olan mütəxəssislərin xidmətindən istifadə
edirik. Bu niyə baş verir? Əvvəla, ona görə ki, bazarın tələblərinə
uyğun olan ixtisaslara qəbul planı yox idi. Daha doğrusu, biz sovet sisteminə sadiq qalaraq, son 25
ildə iqtisadiyyatda olan dəyişiklikləri, yeni sahələrin
yaradılmasını və digərlərinin
aktuallığını itirməsi faktını
özümüzdən uzaqlaşdırmışdıq.
İlk dəfə olaraq, 2014-cü ildə Təhsil
Nazirliyi ilk peşə-ixtisas təhsili müəssisələri
üçün bazarın tələblərinə uyğun qəbul
planı hazırladı.
İkinci səbəb: tədrisin keyfiyyəti. Bu halda peşəkar standartın nə olması
anlamı meydana çıxır. Məsələn,
avtomobil mexaniki ixtisası üzrə təhsil alan
çoxdan istehsalatdan çıxmış avtomobilləri təmir
etməyi bacarmalı idi. Müasir avtomobillər haqqında heç bir məlumat
isə yoxdur. Proqramlar ciddi şəkildə
köhnəlmişdi. O səbəbdən biz, qeyd edim ki,
heç vaxt görülməmiş böyük bir tədbir
həyata keçirdik. Bu istiqamətdə Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq
çərçivəsində 200 yeni standart
hazırlanmışdır. Hələ də
2000 standarta ehtiyac vardır. Eyni zamanda,
başa düşürük ki, işəgötürənlərin
fikrini öyrənmədən yeni standartların
hazırlanması düzgün deyil. Buna görə də
bütün dövlət idarələrinə və özəl
şirkətlərə sorğular göndərmişik... Hal-hazırda təkcə ilk peşə-ixtisas təhsilində
deyil, bütün sahələr üzrə peşəkar
standartlara yenidən baxılır.
Qaranlıq qalan bir məsələni də
qeyd edim. 15 ay ərzində belə demək
mümkünsə, "zəbt olunmuşlar"ı geri
qaytarmaq üçün böyük işlər
görüldü. Onlarla təhsil müəssisəsinin
ərazisi zəbt
olunmuşdu. Hal-hazırda həmin obyekt və ərazilər
yenidən təhsil müəssisələrinin tabeliyinə
qaytarılmışdır. Eləcə də
külli miqdarda oğurlanmış tədris vəsaitləri
yerinə bərpa edilmişdir. Belə desək,
10 kompüter olmalı olduğu halda, yerində heç biri
yox idi. Bu gün isə hər şey
öz yerinə qaytarılmışdır.
İnternat müəssisələrinin,
idman məktəblərinin, kollec və ilk peşə-ixtisas təhsili
müəssisələrinin direktorlarının işdən
azad olunması aysberqin yalnız görünən tərəfi
idi. Lakin mən daha çox təhsil sistemində: idarəedənlər,
müəllimlər və təhsilalanlar arasında əhvali-ruhiyyəni
dəyişə bildiyimiz üçün fəxr edirəm. Bəli,
insanlar istəyir ki, hər şey burada, indi və tezliklə
baş versin. Biz də bunu etmək istəyirik.
Harada mümkün deyilsə, biz səbəblərini
aydınlaşdırmağa çalışırıq.
Bu gün biz işə yalnız müasir peşəkar
standartlara cavab verən müəllimləri qəbul edirik. Bəs qəbuldan sonra tez bir zamanda nəticəni
görə bilərik?! Əlbəttə
ki, xeyr. Müəllim əvvəlcə sinfə daxil
olmalıdır, şərti olaraq onun şagirdi məzun
olmalıdır...
- Müəllimlərin
aşağı əməkhaqqı alması da cəmiyyətdə
müzakirələrə səbəb olur. Məktəbdəki
pul yığımları, korrupsiya halları və təhsilin
keyfiyyətinin aşağı olması da onunla əlaqələndirilir.
Müəllimlərin əməkhaqlarının
artırılması, onların sosial vəziyyətlərinin
yaxşılaşdırılması müzakirə
obyektidirmi?
- Bu məsələnin bir neçə aspekti var.
Birincisi, müəllimlərin hal-hazırkı əməkhaqqı
aşağıdırmı? Əgər nəzərə
alsaq ki, ölkədə orta aylıq əməkhaqqı 400
manatdan artıqdır, o zaman müəllimin orta aylıq əməkhaqqısı
onun orta dərs yükü baxımından, çox
aşağıdır. İkincisi, müəllim
nə qədər işləyir? Bu tez-tez
müzakirədən kənarda qalan sualdır. Başqa ixtisas sahibləri və xarici ölkə
müəllimləri ilə müqayisədə Azərbaycanda
müəllimlərin orta dərs yükü çox
aşağıdır. Bizdə müəllimin orta dərs yükü həftədə
18 saata bərabərdir. Amma nə siz, nə
də mən həftədə 18 saat işləmirik. Hətta elə müəllimlər var ki, onların
dərs yükü 6 və ya 4 saatdır. Biz
çıxış yolunu nədə görürük,
hansı tədbirlər həyata keçiririk? Dərs yükünün
optimallaşdırılması yolu ilə biz minimal tələblərə
cavab verməyən müəllimləri sistemdən kənarlaşdırırıq.
Razılaşın ki, kobud desək, öz
ixtisasını belə bilməyən müəllimin əməkhaqqını
artırmaq məntiqsizdir. Bu zaman müəllimlərin
bilik və bacarıqlarını qiymətləndirmək
üçün sertifikatlaşdırma imtahanlarının
keçirilməsi ilə bağlı sual meydana
çıxır. Nəzəri
olaraq, dövlətin müəllimlər üçün
şəffaf imtahan keçirməsi çox asan olardı:
"Sabah gəl imtahana, əgər keçə bilsən, əməkhaqqın
artacaq, keçə bilməsən, əvvəlki əməkhaqqın
qalacaq". Bu tədbiri bir neçə ölkədə
həyata keçiriblər. Eləcə də
bizi həmişə müqayisə etməyə sevdikləri
Gürcüstanda. Mən əvvəlcə
hazırlaşmağa imkan vermədən müəllimləri
yeni proqram üzrə qiymətləndirməyi o qədər də
ədalətli saymıram. Biz əvvəlcə
onları təkmilləşdirmə kurslarına dəvət
edəcəyik. Təlimlərin sonunda isə sertifikatlaşdırma
imtahanları keçirəcəyik. Sertifikat
almış müəllimlərin əməkhaqları, əlbəttə
ki, artacaqdır. Başqa bir məsələ.
Təhsil sahəsində əməkhaqqı
artırılmasa, düşünürəm ki, bu sahəyə
gənc, istedadlı kadrların axınını təmin edə
bilməyəcəyik. Hal-hazırda təhsil
sistemində çalışan yaxşı kadrları da
burada saxlamaq mümkün olmayacaq. Biz
çoxlu istedadlı müəllimlərin məktəbə
gəlməsində və davamlı olaraq işləməsində
maraqlıyıq. Lakin səbəb-nəticə
əlaqəsi baxımından illüziyaya qapılmaq lazım
deyil: müəllimlərin əməkhaqlarının
artırılması akademik göstəricilərin
yaxşılaşmasında sıçrayış yaratmayacaq.
Ümumiyyətlə, təhsil sistemində irəliləyiş
sıçrayışla deyil, tədricən,
yavaş-yavaş olur. Bakı şəhəri üzrə
müəllimlərin vəziyyətini tədqiq etdikdən
sonra bu günün reallıqlarına uyğun olaraq, müəllimin
əməkhaqqının nə qədər
artırılması və nə qədər vəsaitə
ehtiyac olması ilə
bağlı hesablama apararaq nəticələri Maliyyə
Nazirliyinə təqdim etmişik.
- Belə
çıxır ki, bir tərəfdən dərs yükü
yenidən paylanacaq, digər tərəfdən isə müəllimlərin əməkhaqları
artırılacaq?
- Doğrudur. Bu iki faktorun kombinasiyası
olacaq: Dərs yükünün
optimallaşdırılması və saathesabı əməkhaqqının
artırılması yolu ilə. Sadəcə, bu gün məktəbdə
iş saatla deyil, dərs yükü ilə hesablanır. Dərs yükü - həftədə 12 saatdır.
- Akademik
saatlar - dərslər nəzərdə tutulur?
- Bəli.
- Mənə
həmişə maraqlı olub: Əgər mən dərs
zamanı şagirdlərdən nəsə soruşuramsa, deməli,
mən işləyirəm. Əgər mən
müəllimlər otağında əyləşib yoxlama
yazı işlərini yoxlayıramsa, deməli, işləmirəm?
- Əla sualdır! İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatı ölkələrinin
böyük bir qismində müəllimin iş saatları dərs
və dərsdənkənar hissələrə ayrılır.
Dərsdənkənar saatlara dəftərlərin
yoxlanılması, valideynlərlə görüş və s. daxildir. Bizim qanunvericilikdə bu nəzərdə tutulmur.
Belə hesab edək ki, akademik saat tam saat deyil.
Hər saatdan qalan 15 dəqiqə toplananda 12 saatdan 3 saat edir
ki, bu da dərsdənkənar işlərə sərf oluna bilər.
Amma istənilən halda heç bir ölkədə 12 saatdan
ibarət belə az dərs yükü yoxdur..
Onu da deyim ki, hər kəs müəllimin
səviyyəsi ilə təhsilin səviyyəsi arasında əlaqə
axtarır. Müəllimin səviyyəsindən
o qədər çox asılı olmayan sosial mühitlə təhsil
səviyyəsi arasında səbəb-nəticə əlaqəsi
mövcuddur.
Gəlin sosial-iqtisadi vəziyyəti
ölkə üzrə orta göstəricidən fərqli bir
yaşayış məntəqəsinin məktəbinə ən
yaxşı müəllimləri göndərək. Bu o anlama gəlirmi
ki, iki ildən sonra bu
məktəbdə akademik göstəricilər dəyişiləcək?
Beynəlxalq təcrübə göstərir ki,
xeyr. Təcrübə göstərir ki,
akademik göstəricilərin artmasına daha çox sosial
mühit təsir edir. Çünki hər şey dəyərləndirmə
şkalasından, şagirdin ailəsinin,
qohumlarının, onun əhatəsinin təhsilə olan
münasibətindən başlayır. Sosial
kontekstin dəstəyi olmadan güclü müəllim faktoru
kifayət etmir. Bu səbəbdən də
bizim işimiz təkcə təhsil sisteminin
optimallaşdırılmasından deyil, müəyyən mənada
dəyərlər sisteminin
yaxşılaşdırılmasından ibarətdir.
- Əlbəttə ki, şagirdin valideynləri və
özü anlamalıdır ki, təhsil almaq vacibdir. Reallıqda bu
necədir?
- Hər il də aparacağımızı
planlaşdırdığımız bir sosial sorğu
keçirmişik. Biz soruşuruq: "Sizin fikrinizcə, həyatda
uğur əldə etmək təhsil ilə
bağlıdır?" Rəqəmləri indi
deməyəcəyəm, amma cavablar bizi çox narahat etdi.
Başqa bir statistika. ABŞ-da valideynlərin 87 faizi məktəbəqədər
yaşlı övladına kitab oxuyur. 37
faizi isə bunu gündəlik edir. Bizim statistikamıza
baxın: 34 faiz ailələrdə uşaqlar üçün
kitab yoxdur!
Avropa İttifaqı ölkələrində
uşaqların 90 faizdən çoxu məktəbəqədər
təhsil müəssisələrinə cəlb edilib. Amma bizdə
sadəcə 16,5 faiz təşkil edir. Bu baxımdan, Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın məktəbəqədər təhsilin
kütləvi olaraq genişləndirilməsi istiqamətində
gördüyü tədbirləri böyük əhəmiyyətə
malik addım hesab edirəm.
- Daha
çox uşaq bağçaları?
- Bəli, kommunikativ və sosial vərdişlər
uşaqlara ilkin olaraq orada öyrədilir. Bizim
uşaq məktəbə gedərkən o, məsələn,
hollandiyalı uşaqdan geri qalır. Məktəbə
uşaq bağçasından gedən hollandiyalı
uşağın inkişaf və cəmiyyətlə
bağlı məlumatı olur.
Bizim məktəblinin 2-3 ayı onun məktəbə,
kollektivə öyrəşməyə, intizama sərf olunur.
Bizim üçün kiçik görünən
faktlar sonradan akademik göstəricilərdə öz əksini
tapır.
Təcrübədə məktəbəqədər
və ibtidai sinif müəllimlərinin əsasən
aşağı balla universitetlərə qəbul olması məlumdur. Baxmayaraq ki, bir valideyn kimi deyərdim ki, məktəbəqədər
uşağın təlimi yüksək peşəkarlıq tələb
edən çətin bir prosesdir. Təhsil sistemində
olan bütün problemlərlə yanaşı, valideynlərin
və ictimaiyyətin uşaqların təhsildə uğur
qazanmaları üçün məsuliyyət
daşımasını kənara qoymaq heç də
düzgün deyil. Vətəndaşlar təhsil
sisteminin effektiv işləməsini tələb etmək
hüququna malikdirlər və tələb də etməlidirlər.
Eyni zamanda biz də öz məsuliyyətimizi qəbul
etməliyik.
- Bu ilin yazında müəllimlərin etik
davranış qaydaları qəbul edildi. Bu nəyə
görə lazım idi?
- Müəllim mənə təkcə, məsələn,
riyaziyyatı öyrədən bir şəxs deyil. Müəllimlik mənə görə bir
missiyadır. O, bizim uşaqlarımıza həyatı tanış edən bir insandır. Müəllimlər
üçün etik davranış qaydalarının
olması deyil, olmaması suallar yaratmalı idi. Bu məsələyə
idealizm, romantizm adı verilsə də, müəllimin cəmiyyətdəki
rolunu yadına salmaqda yanlış bir məqam
yoxdur.
- Bəli,
bu doğrudan maraqlı məsələdir. Lakin belə məsələlər
daha çoxdur...
- Biz "fast-food" konsepsiyasının
üstünlük təşkil etdiyi, hamının "burada
və indi" şüarı ilə yaşadığı
yüksək templi informasiya əsrində yaşayırıq.
Bir məsələni vurğulayaraq onun nəticəsini
gözləyirlər. Amma bizim islahat
proqramımız birtərəfli deyil. Bu
sadəcə, müəllimin etik davranış
qaydalarını yaratmaq, dərs ilinin müddətini uzatmaq,
12 illik dərs sisteminə keçmək, müəllimlərin
dərs yükünü və əməkhaqlarını
artırmaq, "gəlin bu fənn üzrə dərslik
yaxşı olsun" demək deyil. Bütün
xəstəliklərin çarəsi olan eliksir kimi bir qərar
verməyə çalışmaq səhv addımdır.
Problem tək ola bilər, amma onun həlli
üçün 10 müxtəlif sferada 10 addım atmaq
lazımdır.
Gəlin təhsilin keyfiyyəti məsələsini
götürək. Son illərdə Azərbaycanda 2700 məktəb binası
tikilib və əsaslı təmir olunub. Bunu etmədən
XXI əsrin standartlarına cavab verən təhsil prosesini
yoluna qoymaq mümkün deyil. Bəs bu təhsilin
keyfiyyətinin artmasına kifayət edirmi? Xeyr, təmir olunmuş məktəbə gedən
müəllim elə həmin müəllimdir. Deməli, eyni zamanda müəllimin də səviyyəsini
qaldırmaq lazımdır. Bəs təkmilləşdirmə
kursunu bitirmiş və yüksək əməkhaqqı alan müəllim vəsaitlərlə
yaxşı təchiz olunmuş sinifdə yeni dərsliklər
olmadan keyfiyyətli dərs keçə bilərmi? Əlbəttə ki, xeyr.
- Gəlin
tədris sisteminin vaxtının uzadılması mövzusuna
toxunaq.
- Baxın, məni məntiqi əlaqəsizlik
təəccübləndirir. Bir tərəfdən insanlara
maraqlıdır ki, 12 illik ümumi təhsil sistemi nəyə
lazımdır, o biri tərəfdən isə məktəbi
bitirdikdən sonra öz təhsillərini ali təhsil müəssisələrində,
kolleclərdə, ilk peşə-ixtisas təhsili məktəblərində
davam etdirməyə çalışırlar. Çox hallarda
öz zəhmətləri ilə qazandıqları pul
hesabına...
- Mən
şəxsən əleyhinə deyiləm, bu beynəlxalq təcrübəyə
əsaslanır.
- Bəli. Biz qlobal iqtisadiyyat sistemində
yaşayırıq. Şirkətlər kimi ölkələr də rəqabət
aparır. Ölkələr insan
resursları sahəsində rəqabət aparırlar. 11
illik təhsil sistemində oxumuş gənc azərbaycanlı
universitetə qədər 14 il təhsil
almış gənc hollandiyalı ilə necə rəqabət
aparacaq?! Digər tərəfdən, bizim tədris ili də Hollandiya ilə müqayisədə
qısadır.
- Dərs
ili də uzadılacaq?
- Bizdə dərs ilinin müddəti 32 həftədir.
Bu çox az müddətdir. İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatı ölkələrində orta
standart 38 həftədir, bəzi digər ölkələrdə
isə 41 həftədir. Aydın məsələdir ki, dərs ilini
qısaltmaqla deyil, uzatmaqla uşağa lazımi materialı
öyrətmək daha asan olar. Dərs ilinin 34 həftə
olması gündəlik dərslərin sayında və məktəbli
çantasının çəkisində də
özünü göstərəcək. Eyni zamanda istənilən
müəllim təsdiq edə bilər ki, 3 ay yarım davam edən
tətildən qayıdan uşağın iki-üç həftəsi
onun may ayında qazandığı biliyi bərpa etməyə sərf
olunur.
Təmayülləşmə haqqında
da danışmaq lazımdır. Dünya
getdikcə daha da mürəkkəbləşir, daha çox məlumat
toplanır. Məsələn, məzun Azərbaycanın
və ya Böyük Britaniyanın istənilən ali məktəbində humanitar ixtisas üzrə
qəbul olur. Əgər o, son 3 ilini texniki və
humanitar fənlərin öyrənilməsinə sərf edibsə,
bu zaman onun qəbulolma şansı bu illər ərzində
yalnız humanitar elmlər üzrə təmayülləşən
şəxslə müqayisədə azdır. Beləliklə,
12 illik ümumi
təhsil sisteminə keçid təmayülləşməyə
geniş imkan yaradacaq. Mən bir daha qeyd edirəm ki, təhsil
sistemində sıçrayışlar baş vermir...
Vyaçeslav
Sapunov
(Davamı
növbəti sayımızda)
Azərbaycan
müəllimi.- 2014.- 15 avqust.- S.2.