"İnformasiya texnologiyaları idarəetmədə:

gözlənilən risklər və imkanlar"

mövzusunda III beynəlxalq konfrans

 

12-17 avqust tarixlərində Rusiyanın Altay diyarının Barnaul şəhərində "İnformasiya texnologiyaları idarəetmədə: gözlənilən risklər və imkanlar" mövzusunda III beynəlxalq konfrans keçirilib. "Altayda elektron həftə" layihəsi çərçivəsində Altay Dövlət Filarmoniyası və Altay Dövlət Universitetində reallaşdırılan bu beynəlxalq tədbir Rusiya İnformasiya Cəmiyyətinin İnkişaf Agentliyi (Moskva), "İnformasiya Təhlükəsizliyi Xidməti Rəhbərlərinin Assosiasiyası" Regionlararası İctimai Təşkilatı (Moskva) və Təlim Mərkəzləri Birliyinin (Barnaul) təşkilatçılığı ilə baş tutub.

Konfransda informasiya-kommunikasiya texnologiyalarının səhiyyə, idarəetmə, təhsil və s. sahələrdə istifadəsi, gözlənilən risklər və onların imkanları barədə təqdimatlar ətrafında geniş müzakirələr aparılıb.

Gündəliyə əsasən ilk gün Altay Dövlət Filarmoniyasında iştirakçıların qeydiyyatı aparıldıqdan sonra konfransın plenar iclasları keçirilib. Rusiya İnformasiya Cəmiyyətinin  İnkişaf Agentliyinin (RARİO), Ümumrusiya Qeyri-Kommersiya Təşkilatları Şurasının idarə heyətinin sədri Aleksandr Ayqistov iştirakçıları salamlayaraq tədbiri açıq elan edib.

Avqustun 14-də Altay Dövlət Universitetində "Təhsildə  informasiya texnologiyaları: yeni imkanlar" bölməsinin moderatoru, Rusiyanın Müasir Təhsil Texnologiyaları Mərkəzinin direktoru Sergey Bulanov "Distant təhsilin tədrisə tətbiqi, onun müsbət tərəfləri" mövzusunda məruzə, İqtisadiyyat, Statistikaİnformatika Moskva Dövlət Universitetinin (MESİ) prorektoru Aleksandr Molçanov çalışdığı ali təhsil müəssisəsində mövcud olan distant təhsil və onun təşkili barədə geniş təqdimatla çıxış ediblər.

Proqrama uyğun olaraq növbəti çıxış üçün söz konfransa spikerekspert qismində dəvət olunmuş Təhsil Problemləri İnstitutunun Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri, əməkdar müəllim Almaz Həsrətə verilib. O, "Təhsildə  informasiya texnologiyaları: yeni imkanlar" bölməsində "Azərbaycanda İKT və elektron təhsil" mövzusunda təqdimatla çıxış edib. Təqdimat iştirakçıların böyük marağına səbəb olub.

Növbəti günlərdə elektron təhsil, dünya təhsil sistemində distant təhsilə keçidbu sahədə son nailiyyətlərə dair çox geniş və maraqlı təqdimatlar diqqətə çatdırılıb. Tədbirdə Azərbaycanda distant təhsilə keçidlə bağlı yeniliklər və bu sahədə mövcud vəziyyət haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, bu konfransda Bakı Modern Məktəbinin ibtidai sinif müəllimi Sevinc Əliyeva da iştirak edib.

Son 2 gün tədbir iştirakçıları ilə Altay diyarının Basarqino kənd məktəbinin şagirdlərinin görüşü təşkil olunub. Səmimi və  maraqlı keçən görüşdə Altayın müxtəlif tədris müəssisələrinin nümayəndələri ölkəmizin məktəbləri ilə dostluq münasibətləri yaratmaqda maraqlı olduqlarını bildiriblər. Sonda beynəlxalq tədbir iştirakçılarına təşəkkürnamə, sertifikat və hədiyyələr təqdim olunub.

 

Hicran ƏKBƏROVA

 

Azərbaycan müəllimi.- 2014.- 22 avqust.- S.4.