Azərbaycan Dövlət Mədəniyyət və

İncəsənət Universitetində konfrans keçirilib

 

Dekabrın 19-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində professor-müəllim heyəti, Tələbə Elmi Cəmiyyəti və "Azərbaycan Respublikası  Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması"  İctimayi Birliyinin  dəstəyi ilə  "...İşğaldakı mədəniyyətimiz..." mövzusunda tələbə elmi-nəzəri, praktik konfransı keçirilib.  Konfrans iştirakçıları, öncə universitetin foyesində Qarabağın küçələrini, məhəllələrini  əks etdirən rəsm sərgisi ilə tanış olublar. 

Tədbiri rektor, professor Fərəh Əliyeva açaraq, qonaqları salamlayıb. Daha sonra "Azərbaycan Respublikası  Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması"  İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov,  onun humanitar məsələlər üzrə müavini Vüsalə Fətəliyeva çıxış edərək Qarabağ, onun ərazisi, əhalisi, mədəniyyəti, böyük şəxsiyyətləri haqda geniş məlumat verib, gənclərin bu mövzu ilə belə dərindən maraqlandıqlarına görə fərəh hissi keçirdiklərini bildiriblər.

Çıxışlardan sonra söz tələbələrə verilib. Gənc tədqiqatçılar  "Daş üzərində həkk olmuş Qarabağ mədəniyyəti" (Nərgiz Hüseynova), "Qarabağ müharibəsi" (Pərvin Ağayeva) , "Gənc rəssamların yaradıcılığında Qarabağ mövzusu" (Fidan Böyükbabalı), "Qarabağ xalçaçılığı" (Gülnar Nəzərova), "Kəlbəcər rayonunun tarixi mədəniyyət abidələri" (Günel Babaxanova), "İşğal altında qalan mədəniyyət abidələri" (Elnarə Mürsəlova), "Azərbaycan  folkloruna erməni təcavüzü" (Nuranə Əlili), "Ataya məktub" (Hüseynağa Aslanov)  kimi maraqlı mövzularla çıxış ediblər. "Qarabağ xanəndələri" (Cəmilə Əliyeva) və "Qarabağ aşıq sənəti" (Məharət Şəfili, Elvin Mehmanlı)  mövzusunda məruzələr isə  qonaqlara musiqi sənəti fakültəsinin tələbələrinin ifası ilə  təqdim edilib.

Qeyd edək ki, müəllim, tələbə heyəti və qonaqlar tərəfindən  maraqla dinlənilən konfransın məqsədi tələbələri elmi tədqiqat fəaliyyətinə cəlb etmək, fundamental tədqiqatların  aparılmasına gənclərin marağının artırılmasına köməklik göstərmək, həmçinin maddiqeyri-maddi mədəni irsin qorunmasının əhəmiyyətini gənc nəsillər arasında dərindən qavranılması zəruriliyini aşılamaqdır.

 

Nərmin QARALOVA

 

Azərbaycan müəllimi.- 2014.- 26 dekabr.- S.5.