Vokal musiqimizi dünya

arenasında şərəflə təqdim edəcək

 

Mərziyyə Hüseynova  1998-ci ildə Bakı şəhərində anadan olub. 2012-ci ildə  Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin vokal ixtisası üzrə dosent  İradə Xəlilovanın sinfinə daxil olub. Həmçinin saksofon sinfi üzrə fakültativ məşğul olub. 2012-ci ildə  Estoniyanın Koxtla-Yarve şəhərində keçirilən gənc vokalçıların VII akademik vokal Beynəlxalq müsabiqəsində  II dərəcəli mükafata layiq görülərək laureat adını alıb. Rusiyanın Sıktıvkar şəhərində keçirilən XI Beynəlxalq vokal müsabiqəsinin I mükafatını qazanıb. Bülbül adına  Orta İxtisas Musiqi Məktəbinin keçirdiyi tədbirlərdə dəfələrlə  uğurlu çıxışlar  edib.

2012-ci il oktyabrın 10-da "ÜNS" yaradıcılıq səhnəsinin mövsüm açılış konsertində, M.Rostropoviç festivalı çərçivəsində L.və M.Rostropoviçlər ev-muzeyində çıxış edib. 2013-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş gənc ifaçıların II Respublika müsabiqəsində vokal ixtisası üzrə,  2014-cü ildə isə Latviya "Riqa-Simfony"müsabiqəsində I yerlərə  layiq görülüb.

Hazırda Mərziyyə  Bülbül adına  Orta İxtisas Musiqi Məktəbinin  X sinfində təhsil alır.  Mərziyyə gələcəkdə  vokal musiqimizi  dünya arenasında şərəflə təqdim etməyə qadir olacaq bir sənətkar kimi yetişir.  

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2014.- 26 dekabr.-S.7.