Bizi dünyada
tanıdan
məktəbliləri siz də tanıyın
Gənc
istedadlar
İçərişəhərdə yerləşən "Abşeron" Rəsm Qalereyası 28 yanvar 2014-cü ildə "Yaponiya müsabiqəsinin qalibləri" adlı sərgi açdı. Fevralın 3-dək davam edən bu sərgidə Yaponiyanın Tokio şəhərində YUNİSEF-in dəstəyi ilə "Yer kürəsində dostcasına yaşamaq" adı altında keçirilən Beynəlxalq Uşaq Ekoloji Rəsm Müsabiqəsində 2012-ci ilin qızıl medalçısı olmuş 12 yaşlı Məhəmməd İsmayılovun, həmçinin eyni müsabiqədə 2013-cü ilin qızıl medalçıları - 15 yaşlı Cavidan Əhmədovla, 8 yaşlı Nərgiz Əmiraslanlının rəsmləri sənətsevərlərin diqqətinə çatdırıldı.
Əziz oxucular! Respublikamızı beynəlxalq aləmdə tanıdan üç məktəbli rəssamımızı siz də tanıyın: Cavidan Əhmədov, Məhəmməd İsmayılov, Nərgiz Əmiraslanlı. Biz bu istedadlı uşaqlarla Nizami rayonunda yerləşən Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində görüşdük. Onların hər birinin dediyi fikirlər elə fərdi yaradıcılıqları qədər bizə maraqlı gəldi.
Məqsədim
tanınmış bir memar olmaqdır
Əhmədov Cavidan Azər oğlu:
- Tanış olaq. Mən Cavidanam. 1998-ci il martın 24-də anadan olmuşam. Rəsm
çəkməyə demək olar ki, beş
yaşımdan başlamışam. Yeddi
yaşımdan bu günə qədər isə Dilarə
Atakişiyevanın rəhbərlik etdiyi Da-art studiyasında rəssamlığın
sirlərini öyrənirəm.
- Rəssamlığa həvəs sənə kimdən
keçib?
- Atamın İsmayıl Məmmədov adında bir
xalası oğlu var, o da rəssamlıqla məşğul
olur. Rəssamlığa meyl etməyimdə İsmayıl əminin rolu
böyük olub.
- Gələcək həyatını artıq müəyyənləşdirmisən?
- Bəli. Hazırda Nəsimi rayonundakı 164 nömrəli
orta məktəbdə X sinifdə təhsil alır, həm də
I qrup üzrə ali məktəbə qəbul
imtahanlarına hazırlaşıram. Məqsədim
Rəssamlıq Akademiyasının memarlıq fakültəsində
oxumaq, tanınmış bir memar olmaqdır. Amma həyatımı rəsm çəkmədən
təsəvvür belə edə bilmirəm. Mənim həyat tərzimdə rəssamlığın
yeri artıq bir başqadır. Çox sevdiyim, ürəkdən
bağlandığım bu sənəti heç bir məşğuliyyət
əvəz edə bilmir.
- Yağlı boya ilə işləyirsən, yoxsa sulu boya ilə?
- Professional işlərimi yağlı boya ilə
çəkirəm. Sakit vaxtlarımda isə sulu
boya ilə işləməyi xoşlayıram. Mənə
elə gəlir ki, yağlı boya ilə işlədiyim rəsmlər
daha keyfiyyətli alınır.
- Çəkdiyin rəsmlərə baxdım, bəyəndim.
Onlara çox rəngarəng adlar vermisən.
"Şirvanşahlar sarayında", "Sehirli at",
"İpək yolu", "Cəbrayılda kənd",
"Dədə Qorqud" və s. kimi maraq doğuran
adları özün düşünmüsən, yoxsa?
- Bəzi vaxtlarda mənə ideya verirlər, bəzi
vaxtlarda isə özüm öz fikirlərimi rəsmə
çevirirəm. Məsələn, Şirvanşahlar
sarayını mən özüm gəzmişəm, üstəlik tarixi
kitablarda Şirvanşahlar sarayının şəklini də görmüşəm. Ona görə də əsərlərimdən birində
həmin sarayı çəkmişəm.
- Hansı janr səni daha çox cəlb edir?
- Əsasən peyzajlar, həmçinin natürmort
üslubunda mənzərələr...
- Rəssamlardan kumirin kimdir?
- Xarici rəssamlardan Leonardo da Vinçi, Van Qoq,
bizimkilərdən isə Tahir Salahov.
- Dərslərini hazırlamaq və rəsmlə məşğul olmaq- bunlar
bir-birinə mane olmur ki?
- Dərsin öz
yeri var, rəssamlığın öz yeri. Mən bunların fərqinə vara bildiyim
üçün rəsmlə məşğul olmağım
dərs oxumağımda mənə heç bir maneə
yaratmır.
- Rəsm çəkərkən hansı rənglərə
daha çox üstünlük verirsən?
- Rəng seçimi mənimçün problem deyil. Rəsm çəkdiyim zaman ekspozisiya hansı rəngləri
tələb edirsə, o rəngləri də seçirəm.
Fikrimcə, peşəkar rəssam
üçün əslində bütün rənglər
sevimlidir.
- Ailənin neçənci uşağısan?
- Cəmi iki qardaşıq. Evin
kiçiyi mənəm. Qardaşım tələbədir,
ingilis dili ixtisası üzrə təhsil alır. Atam tikinti ilə məşğuldur. Anam isə ingilis dili müəllimidir, amma işləmir.
- Özünü necə xarakterizə edərsən?
- Təbiətən sakitəm. Çox
danışmağı sevmirəm. Boş
vaxtlarımda ya düşünürəm, ya da rəsm
çəkirəm. Qrafika ilə çəkməyi
daha çox xoşlayıram. Miniatür sənətinə
də üstünlük verirəm.
- Sevincini dostlarınla bölüşürsən?
- Əlbəttə! Mən rəsm
müsabiqəsində qalib olanda məktəbdəki
dostlarım da çox sevindilər. Sərgim
keçiriləndə həmişə dostlarımı dəvət
edirəm, onlar da həvəslə gəlirlər.
- Hansı sərgilərdə iştirak etmisən?
- Azərbaycanda
bir neçə dəfə sərgim təşkil
olunub. Dünya ölkələri
sırasında isə ilk dəfə rəsmlərim 2011-ci ildə
Özbəkistanın paytaxtı Daşkənddə
keçirilən Beynəlxalq Uşaq sərgisində diploma və
qızıl medala layiq görülüb. Həmin
yarışmada Azərbaycandan qızıl medalı yeganə
olaraq mən aldım. Amma Yaponiyada təşkil olunan sərgidə
isə Azərbaycandan üç şagird qızıl medal
aldıq: Məhəmməd İsmayılov 2012-ci ildə, mən
və Nərgiz Əmiraslanlı isə 2013-cü ildə.
- Cavidan, biz də sənə gələcəkdə
daha böyük uğurlar qazanmağı arzu edirik.
- Təşəkkür edirəm. Bu
gün Azərbaycanda yaradıcı gənclik
üçün, bacarığımızı nümayiş
etdirmək üçün hər bir şərait var. Azərbaycan
mədəniyyəti hər sahədə inkişaf edir. Mən çox
xoşbəxtəm ki, bu gözəl ölkənin vətəndaşıyam
və Azərbaycan məktəbinin qızıl medala layiq
görülmüş yetirməsiyəm.
Beş yaşından müsabiqələrdə
iştirak edirəm
İsmayılov
Məhəmməd Nəriman oğlu:
- 2001-ci il iyulun 31-də
anadan olmuşam. Ailədə üç
qardaşıq. Böyük
qardaşımın 19, kiçik qardaşımın isə 2
yaşı var. Böyük qardaşım da rəsm çəkməyi
bacarırdı. Amma bu peşəyə elə
də marağı olmadı deyə, heç dərnəyə
də getmədi. Hazırda Azərbaycan
Dillər Universitetində təhsil alır.
- Məktəb proqramı və rəssamlıq dərnəyinin
məşğələləri...
- Rəssamlıqla məşğul olmaq məktəbdəki
dərslərimə heç bir maneçilik yaratmır. Hər gün ilk növbədə dərslərimi
hazırlayıram, qalan vaxtımı isə rəsm çəkməyə
sərf edirəm.
Mən Bakı şəhərindəki
200 nömrəli məktəbin VII sinif şagirdiyəm. Rəsm
çəkməyə mən də beş
yaşımda başlamışam. Ağlım
kəsəndə evimizdə rəsm çəkmək
üçün nə lazımsa hər şey var idi. Mən fırçanı əlimə aldım və
başladım rəsmlər çəkməyə. Anam mənim həvəsimi görüb rəsm dərnəyinə
apardı.
- Ailənizdə rəssam varmı?
- Atamın da rəssamlıq bacarığı var.
Dayım da Əzim Əzimzadə adına
rəssamlıq məktəbini bitirib.
Evdəkilər görəndə ki, rəssamlığa
həvəsim ötəri deyil, məni apardılar rəsm
qalereyasına. Orada müəllimim Rəhilə
xanım idi. Beş yaşından
müsabiqələrdə iştirak edirəm. İlk diplomumu 6 yaşım olanda almışam.
Orada mənim
çəkdiyim rəsm birinci yeri tutdu. Polşa səfirliyinin rəsm qalereyasında isə
mənim əl işim 31 ən yaxşı işlərdən
biri olub.
- Hazırda rəsm müəllimin kimdir?
- Mənimlə Dilarə Atakişiyeva məşğul
olur. Dörd ildən çoxdur ki, Da-art
studiyasında daha professional rəssam olmağın sirlərini
öyrənirəm. Uşaq Rəsm Qalereyası mənim rəsmlərimdən
ibarət "Məhəmmədin nağılları"
adlı kitabça çıxarıb Heydər Əliyev
Fonduna, Mədəniyyət və Turizm Nazirliyinə göndərmişdi.
- Əlinə fırça aldıqda ilk
olaraq hansı mövzular diqqətini çəkir?
- Mən rəsmlərimi milli ruhda çəkməyi
xoşlayıram.
- Hansı rəssamların
yaradıcılığı sənin üçün örnəkdir?
- Özüm gələcəkdə tanınmış,
sənətdə öz yolu olan bir rəssam olmağa
çalışacam. Azərbaycan rəssamlarından
Toğrul Nərimanbəyovun, Səttar Bəhlulzadənin, Rasim Babayevin
yaradıcılığı diqqətimi çəkir...
Gənc rəssamlardan Cavidanın rəsmləri çox xoşuma gəlir. Biz həm də dostluq edirik.
- Rəsm işləyərkən mövzu seçməkdə
çətinlik çəkmirsən ki?
- Xalqımızın adət-ənənəsi, tarixi
mövzular mənim maraq dairəmi əhatə edir. "İçərişəhər" və "İrəvan
qalası" əsərlərimin mövzusu mənim
üçün doğmadır. 2012-ci ildə
YUNİSEF-in təşkilatçılığı ilə
Yaponiyada "Ətraf aləm" mövzusu adı altında
keçirilən müsabiqənin qalibi olmuşam. Mən həmin müsabiqədə çoxfiqurlu
kompozisiya ilə iştirak edirdim. Elə həmin
ildə Azərbaycanın müstəqilliyinə həsr
olunmuş müsabiqədə Mədəniyyət və Turizm
nazirliyi tərəfindən II dərəcəli diplomla təltif
olundum. Mən qalib olanda evimizdə də,
məktəbimizdə də hər kəs sevindi.
"Qız qalası" festivalında fəal iştirak etdiyim
üçün məni festivalın bağlanış
müsabiqəsinə də
çağırmışdılar. Yaponiyada qalib olandan sonra gələn
il keçiriləcək müsabiqədə də iştirak
etmək üçün mənə dəvətnamə
göndərdilər.
Uğur qazanmağımda təbii ki,
anamın və müəllimimin rolu çox
böyükdür. Hələ ki, dərnəyə
məni anam aparıb-gətirir. Ürəyimdən
keçir ki, bir gün anamın gözəl bir portretini
çəkim.
- Hansı rənglər ürəyinə daha çox
yatır?
- Bütün rənglər xoşuma gəlir. Rəssamlıqda hər bir rəngin öz yeri var.
Ancaq mənim özümün fərdi olaraq
xoşladığım rəng qırmızıdır.
Çünki qırmızı rəng həmişə
nikbinlik oyadır. Ən çox
xoşladığım bir mövzu da var ki, bu da
qıpqırmızı nar çəkməkdir. Nardı, almadı, bunlar həmişə adama milli
adət-ənənələrimizi xatırladır. Azərbaycan nağıllarında da narın həmişə
adı çəkilir.
- Orta məktəbdə keçirilən dərslərdən
hansı fənni daha çox sevirsən?
- Məktəbdə ən sevdiyim ingilis dili dərsləridir.
Fikrimcə, peşəkar rəssam olanda nə qədər
çox dil bilsəm, Azərbaycanı dünyaya daha rahat
tanıda bilərəm.
- Gələcək arzuların?
- Mən rəssamlıqla məşğul olan hər
bir uşağa peşəkar rəssam olmağı arzu edirəm.
- Məhəmməd, adətən rəssamlar xarici
görkəminə görə cəmiyyətdə
başqalarından fərqlənməyə can atırlar. Sən necə?
- Mən hər zaman səliqəli, ciddi görkəmə
üstünlük verirəm. Amma kimin hansı
imicdə görünməsinə də barmaqarası
baxmıram. Mən özümə cavabdehəm və
özüm hər bir sahədə olduğu kimi, xarici görkəmimdə
də ciddiliyi
sevirəm.
- Stolun üstunə qoyduğun bu əsər sənindir?
- Bəli. Baxın, burada dəvə
karvanı çəkmişəm, çayın kənarında
evlər var. İrəvan Azərbaycanın ən qədim yurd
yerlərindəndir. Mən bu əsərimdə
özümün və xalqımın sabaha olan inamını
rənglərlə bildirmək istəmişəm. Yəni ki, günün birində biz İrəvana
da, Qarabağa da gedə biləcəyik.
- İnşallah.
Azərbaycana aid rəsm çəkmək istəyirəm
Əmiraslanlı Nərgiz Qalib
qızı:
- Mən 2005-ci il aprelin 20-də
anadan olmuşam. Bakıdakı 238 nömrəli
məktəbin üçüncü sinif şagirdiyəm.
Beş yaşımdan rəsm çəkməyə
başlamışam. Azərbaycanın
müstəqilliyinin bərpa edilməsinin 20 illiyi münasibəti
ilə bağçalararası keçirilən müsabiqədə
ilk dəfə birinci yeri tutmuşam. 2013-cü
ildə isə Yaponiyada keçirilən rəsm müsabiqəsində
birinci yeri tutdum.
- Adətən balaca qızlar gəlinciklərlə
oynamağı daha çox sevərlər. Bəs
sən?
- Mənim üçün rəssamlıq daha
maraqlı gəldi. Ona görə də mən
də bu işə həvəs göstərdim. Çəkdiyim rəsmləri evdə ən birinci
görən anam oldu. O, özü ibtidai sinif müəllimidir.
Evdə iki uşağıq. Altı yaşında bir qardaşım var. Valideynlərimiz
hər zaman bizə diqqət ayırırlar.
- Hansı mövzular xoşuna gəlir?
- Sulu boya ilə ən çox təbiət mənzərələrini,
nağıl qəhrəmanlarını, heyvanları çəkməkdən
böyük zövq alıram. Bir dəfə nənəmlə
Nizami metrosunda idik. Orada qatar gözləyərkən
gözüm divarlardakı rəsmlərə sataşdı. Nənəm
dedi ki, bu rəsmlərdəki qadın şair Nizami Gəncəvinin
əsərindən götürülmüş Fitnədir. Mən
o rəsmləri çox bəyəndim və nənəmə
dedim ki, qoy bu rəsmlərə doyunca baxım. Nənəm razı oldu. Evə
gələndən sonra mən fırçamı əlimə
alıb Fitnənin rəsmini çəkdim.
- Azərbaycanın rayonlarından hansını
görmüsən?
Sualımı Nərgizin əvəzinə anası Səidə
xanım cavablandırır:
- Mən əslən Cəbrayıldanam. Yoldaşım
isə Gədəbəydəndir. Mənim
torpağım düşmən ayağı altında, yoldaşımgilin
kəndi də cəbhə zolağında. Ürəyimiz istədiyi
yerlərdə hələ ki, uşaqlarımızı
aparıb gəzdirə bilmirik.
- Nərgiz, həyatda kimə oxşamaq istərdin?
- Müəllimim Nərmin xanıma. Biz həyət evində yaşayırdıq. Evdəkilər bir də gördülər ki,
başlamışam divarları rəngləməyə.
Bağçalararası rəsm müsabiqəsi keçiriləndə
mən beş yaşında çəkdiyim "Bakının
neft buruqları" rəsmimlə həmin müsabiqədə
iştirak elədim və Bakı şəhəri üzrə
birinci yeri tutdum. O müsabiqədə
qazandığım uğur məni rəssamlığa daha da
həvəsləndirdi. Ondan sonra valideynlərim məni Nizami rayonundakı Uşaq-Gənclər
Yaradıcılıq Mərkəzinə gətirdilər. Burada ilk müəllimim Şahnaz xanım, sonra da Nərmin
xanım oldu. İndi neçə illərdir Nərmin
müəllim mənimlə məşğul olur, bilmədiklərimi
başa salır, öyrədir. Onun sayəsində
beynəlxalq müsabiqələrdə iştirak etmişəm,
bir çox uğurlar qazanmışam.
- Nərgiz, rəssamlığa həvəs sənə
kimdən keçib?
- Ana babamdan, dayımdan.
Nərgizin anası söhbətimizə müdaxilə
edir:
- Amma onların əl işləri həvəskarlıqdan
o tərəfə keçməyib. Nərgiz
özü də rəssam olacaqmı, olmayacaqmı, onu gələcək
göstərər. Bizdən bir valideyn kimi
bu gün tələb olunan odur ki, bu yolda Nərgizə dəstək
olaq. Biz də oluruq.
Nərgiz:
- Mən seçimimi etmişəm. Rəssam
olacam.
- Hazırda hansı rəsmlərin üzərində
işləyirsən?
- İndi portret çəkməyi öyrənirəm. Bir də Azərbaycana aid rəsm çəkmək
istəyirəm. Azərbaycan deyəndə
yadıma əvvəl bayraq düşür, sonra da Xəzər
dənizi. Bir də güllər,
çiçəklər diqqətimi çox çəkir.
İstəyirəm hər rəsmimin içində
gül-çiçək də olsun.
- Rəssam olmaq üçün gərək təbiətlə
dost olasan, qızım.
- Hər il yay tətilində müəllimimiz
bizi görməli yerlərə aparır, təbiət mənzərələrini
göstərir.
Yaponiyadan gələn bağlama bizi sevindirdi
Lalə Qəti,
Bakı şəhəri, Nizami rayonu,
Uşaq-Gənclər
Yaradıcılıq Mərkəzinin direktoru:
- Bizim mərkəz 1974-cü ildən fəaliyyət
göstərir. Əsas məqsədimiz
uşaqların, yeniyetmələrin, gənclərin asudə
vaxtlarını səmərəli təşkil etməkdir.
2003-cü ildən burada
çalışıram. Mərkəzdə
28 adda dərnək fəaliyyət göstərir. Bu gün bizim mərkəzin
uşaqları seriallara dəvət alır, televiziyalarda
verilişlər aparırlar. Adətən
biz mərkəzə uşaqları 6 yaşından, əgər
uşaqda qeyri-adi istedad hiss ediriksə, onda 5 yaşından qəbul
edirik.
2014-cü ilin ilk iş günündə bizə
böyük bir bağlama gəldi. Açıb
gördük ki, Yaponiyadandı. Kataloqlar, təşəkkür
məktubu və müsabiqədə iştirak edən 31 nəfər
uşağın siyahısı idi. Müsabiqədə
iştirak edən 43 işin 31-i bizimki idi. Hazırda
mərkəzdə 1802 uşağımız var. "Abşeron" sərgi
salonunda üç uşağın sərgisi keçirildi.
Onlardan biri - Nərgiz Əmiraslanlı bizim
yetirməmizdir.
Məktəblilərin beynəlxalq sərgilərdə
iştirak etməsi sevindirici
haldır
Nərmin
Abdullayeva - Nərgizin müəllimi:
- Artıq on ilə yaxındır ki, Nizami rayonundakı
Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində
çalışıram. Uşaqlarla
çalışmaq mənimçün çox xoşdur.
Gənclər laureatı adına, 60-dan
çox diploma, Prezident təqaüdünə layiq
görülmüşəm. Bu gözəl balalarla indiyə qədər
biz Azərbaycana 13-14 qızıl medal, xeyli sayda
gümüş və bürünc medallar gətirmişik. Nərgiz balamızın və onun digər məktəbli
həmkarlarının nüfuzlu müsabiqələrdə, sərgilərdə
iştirak etməsi çox sevindirici haldır. Müsabiqədə qoyulan mövzunun əsas mahiyyəti
o idi ki, dünyamızı, ətraf mühiti qoruyaq,
mühafizə edək.
Nərgizin müsabiqəyə təqdim
etdiyi rəsm işi çox maraqlı bir işdir. Nərgizin öz rəsmində
toxunduğu hisslər bəşəri hisslərdir. Onun rəsmləri
həm rəng duyumuna, həm kompozisiyasına, həm də
tamaşaçıya çatdırmaq istədiyi fikirlərə
görə çox mənalıdır.
Nərgizlə bağlı bir də onu
deyə bilərəm ki, mən onu ilk dəfə
gördüyüm gün o, çox böyük bir əsər
üzərində işləyirdi. Bu,
Mikayıl Abdullayevin "Fitnə" əsəri idi. Nərgizin bu əsəri möhtəşəm,
gözəl bir əsərdir. Nərgizin əl
qabiliyyəti ilk dəfədən mənim çox xoşuma gəlib.
Çalışıram ki, onun fikrinə
müdaxilə etməyim, o özü bildiyi kimi fikirlərini
rənglərlə ifadə edə bilsin. Nəticədə
onun çox uğurlu rəsmləri alınır.
Uşaqlarla elə məşğul olmaq
lazımdır ki, onlar həm öz yolunu tuta bilsinlər, həm
də öz fikirlərini müstəqil ifadə edə bilsinlər. Nərgizin
müstəqil dəst-xətti var və inşallah mən onun
gələcəyini çox uğurlu, çox parlaq görürəm. Nərgizin yaşı hələ səkkiz olsa da,
onun potensialı çox böyükdür. Sənətə böyük məhəbbəti, həvəsi,
sevgisi var. Mən onun gələcəyinə çox ümidlə
baxıram.
Ellada
UMUDLU
Azərbaycan
müəllimi.- 2014.- 7 fevral.- S.6.