Bəxtiyar Vahabzadə: "Hər millətin övladı

orta təhsilini ana dilində almalıdır"

 

Xalq şairi Bəxtiyar   Vahabzadənin "Azərbaycan müəllimi" qəzetinə müsahibəsi 

 

"Azərbaycan müəllimi", 19 mart 1994-cü il, ¹ 10

 

- Bəxtiyar müəllim, təhsilimizin indiki vəziyyətini necə qiymətləndirərdiniz?

- Narazı olmaq asandır, amma "necə olsun" sualına cavab vermək çətindir. Təhsilimizin indiki vəziyyəti qənaətbəxş deyil. Bunun bir çox səbəbləri var, mən onları sadalamaq istəmirəm, çünki hamıya məlumdur. Amma hər şeyimiz pisdir və təhsilimiz də pis vəziyyətdədir, - demək də düz deyil. Mən bir çox xarici ölkələrdə olmuş və imkan tapdıqca onların təhsil sistemi ilə maraqlanmışam. Azərbaycanda orta təhsil alanlar ilə xarici ölkələrdə təhsil alanları müqayisə etsək, bir çox cəhətdən bizim üstün olduğumuz görünər.

Bilirsiniz, bizim təhsil sistemimizdə naqis cəhətlərdən olan əzbərçilik metodu var. Bu da müəllimlərin zərərli iş üsullarından biri sayılır. Həmin müəllimlər bilməlidirlər ki, əzbərçiliklə şagirdlərdə müstəqil düşüncəni öldürürlər. Şagird oxuduğu kitab haqqında müstəqil fikir yürüdə bilmir. Bu ondan irəli gəlir ki, bir çox müəllimlərimizin özləri müstəqil düşünməyi bacarmırlar. Bu, faciədir.

Məktəblərdə müstəqil düşüncənin aşılanmamasına əsas səbəb vaxtilə, yəni sovet totalitarizmi dövründə, yalnız bircə ideologiyaya xidmət göstərməyimiz olmuşdur. Müəllimlər bir ideologiyanı - marksizm ideologiyasını təbliğ etməli, bundan kənara çıxmamalı idilər. Bu isə təhsilə standartlıq, şablon və stereotip gətirdi. İndi, Allaha şükür, ölkəmizdə azad düşüncəyə, hər kəsin öz sözünü deməyə imkanı var. Fəallıq əsasən bu sahədə müəllimlərin üzərinə düşməlidir. Onlar uşaqlarımıza milli mənliklərini dərk etdirməli, körpə balalarımıza müstəqil düşünməyi öyrətməyi bacarmalıdırlar.

- Müəllimlərin son on ildəki intellektual səviyyəsi, şəxsi keyfiyyətləri sizi qane edirmi?

- Təəssüf ki, müəllimlərimizin əksəriyyətinin intellektual səviyyəsi çox aşağıdır. Onlar demək olar ki, mütaliə ilə məşğul olmur, öz üzərlərində çalışmırlar. Mən bunu dəfələrlə çıxışlarımda, yazılarımda demişəm.

Sizə bir hadisəni danışmaq istəyirəm. Bir neçə il bundan qabaq tanınmış bir orta məktəbdə görüşdə iştirak edirdim. Ədəbiyyat müəllimi mənim yaradıcılığım haqqında məruzə elədi. Gördüm ki, müəllimin məruzəsində bir kəlmə də olsun öz fikri yoxdur. Həmin müəllim orta məktəbin VII sinif dərsliyində mənim haqqımda yazılanları üzümə oxudu. O zaman mən bərk əsəbiləşdim və müəllim haqqında respublika qəzetlərinin birində məqalə ilə çıxış etdim. Məqalədə yazırdım ki, haqqımda məruzə edən müəllim mənim kitablarımdan birini belə oxumamışdı. Amma mütaliəli, müstəqil düşünən, sərbəst mühakimələr yürüdən müəllimlərimiz də var. Onlardan birini misal göstərmək istəyirəm. Masallı rayonunun Çaxırlı kəndində Rahid Ulusel adlı bir orta məktəb müəllimi dərs deyir. Rahid müəllimin müxtəlif qəzetlərdə tez-tez dərc edilən məqalələri məni valeh edir. Onun bu yaxınlarda mənə göndərdiyi "Doğ, ey zəkaye-vətən" məqaləsində  qaldırılan problemlər son dərəcə maraqlıdır. Məqaləni oxuyanda, müəllimin qabiliyyətinə, savadına valeh oldum. Deyərdim ki, o, nəinki öz işinin professoru, hətta akademiki olmağa layiqdir. Fikirləşirəm, yaxşı ki, xalqımız bu cür savadlı müəllimlərdən xali deyil. Çox təəssüf ki, belə müəllimləri barmaqla saymaq olar.

- Müəllim-şagird, müəllim-tələbə münasibətini necə görmək istərdiniz?

- Mənim fikrimcə, bu münasibətlər qarşılıqlı olmalıdır. Yəni müəllim-şagird, şagird-müəllim sevgisi əsasdır. Müəllim şagirdi ilə qarşılıqlı ünsiyyətdə olmalıdır. Onlar bir-birlərini başa düşməlidirlər. Müəllim öz səmimiyyəti ilə şagird qəlbinə nüfuz etməyi bacarmalıdır. Vaxtilə biz tələbə olarkən 132  nömrəli orta məktəbdə təcrübə-məşğələ keçmişik. Burada Bilqeyis xanım Məmmədova adlı bir ədəbiyyat müəllimi dərs deyirdi. Mən şagirdlərin onun dərsini necə maraqla dinlədiklərinin şahidi olmuşam. Bilqeyis müəllim  öz səmimiyyəti, zəkası və nuraniliyi ilə şagirdlərin qəlbində öz heykəlini ucaltmışdı.

- Qeyri-dövlət təhsil müəssisələrinə münasibətiniz?

- Mənim fikrimi bilmək istəyirsinizsə, açığını desəm, münasibətim çox pisdir. Təhsil bilavasitə dövlət işidir. Onu dövlət himayə etməli və qayğı göstərməlidir. Qeyri-dövlət müəssisələri isə pulludur və oraya kimin imkanı varsa o, daxil ola bilər. Siz özünüz fikirləşin, burada hansı istedaddan, bilikdən, savaddan söhbət gedə bilər? Bunları fikirləşəndə millətə yazığım gəlir. Təhsillə alver etmək olmaz!

- Qızların oğlanlardan ayrı təhsil almalarına necə baxırsınız?

- Buna təbii baxıram. Bizim vaxtilə qız, oğlan məktəblərimiz olub. O dövrün maarifpərvər ziyalıları, xanımları məhz həmin məktəblərin yetişdirmələri olmuşdur. Məncə, qızlar oğlanlardan ayrı təhsil alsalar daha məqsədəuyğun olar.

- Dini-mənəvi dəyərlərimizə qayıdış bizə nə verə bilər?

- Məktəblərimizdə şəriət dərsi keçilməlidir. Bu, bizə təmiz əxlaq, saf mənəviyyat verə bilər. Uşaqlarımız bilməlidirlər ki, hansı dinə, hansı xalqa mənsubdurlar. Dini-mənəvi dəyərlərimizə qayıdış insanlara həyatdakı əzab-əziyyətləri unutmaq imkanı verər. Din gənclərin əxlaqını da düz, doğru istiqamətdə formalaşdırar, onları əyri yoldan, tüfeyli həyatdan çəkindirər, xeyirxahlığa, özünü dərk etməyə kömək edə bilər.

- Gənc nəslin tərbiyəsində ailə, məktəb və mühitin rolunu nədə görürsünüz   bunlardan  hansını başlıca hesab edirsiniz?

- Bu sualda mühit sözünü əsas götürmək istəyirəm. Dünyada elə müqəddəs şeylər var ki, onlar mühitlə, dar məhdud şəraitlə əlaqələndirilə bilməz. Bunlardan ən birincisi ana dilidir. Hər bir millətin övladı orta təhsilini ana dilində almalıdır. Ana dilini mükəmməl bilmədən başqa dili yaxşı qavramaq çətindir. Çünki ana dilini yaxşı bilən uşaq öyrənmək istədiyi ikinci dili ana dilinin qanunları ilə müqayisədə əyani olaraq dərk edə bilər.

Bir zamanlar Rusiyada zadəganlar öz dilini bəyənmir, övladlarını əcnəbi məktəblərə verirdilər. Böyük rus pedaqoqu K.D.Uşinski bunu böyük səhv və qəbahət hesab edərək "Ana dili" məqaləsində sübut edirdi ki, doğma dilində dil açmayan, ana dilində təhsil almayan uşaqlar mənən şikəst olur, köksüz, soysuz böyüyür, iki ruh arasında avara qalır. O yazırdı: "Xaricdən dayələr, tərbiyəçilər və hətta ev xidmətçiləri gətirirlər. Ata və ana övladı ilə doğma dildə bir kəlmə də danışmır. Bunun nəticəsi nə olar? Xalq öz qiymətli mənəvi irsindən, onun vətən üçün oğul edə biləcək hissindən həmişəlik əl çəkməli olar".

İndi bizim də vəziyyətimiz bu cürdür.

1981-ci il "Oqonyok" jurnalının 2-ci sayında bir məqalə dərc edilmişdi. Məqalədə Parisdə yaşayan ermənilərin öz balalarını orada açdıqları erməni məktəblərində oxutmalarından bəhs edilirdi. Onlar istəyirlər ki, yeni yetişən nəsil öz kökü üstündə böyüsün və milli mənliyini dərk etsin. O zaman mən məqaləni oxuyanda gündəliyimə bu sözləri yazmışdım: "Paradoksa baxın! Erməni Parisdə balasını erməni məktəbində, azərbaycanlı isə Bakıda öz övladını rus məktəbində oxudur!".

Dilimiz həqiqi mənada dövlət dili elan olunandan sonra bir sıra vəzifəli adamlar öz uşaqlarını, nəvələrini rus məktəblərindən çıxardıb Azərbaycan məktəblərinə verdilər. Onların məqsədi başqa şey idi. Gələcəkdə övladlarına yüksək vəzifələr qapdırmaq üçün belə edirdilər. Burada heç bir milli oyanışdan, şüurdan söhbət belə gedə bilməz. Hazırda isə vəziyyəti başqa cür təsəvvür edən, həmin "ayıqlar" təzədən öz uşaqlarını, nəvələrini Azərbaycan məktəblərindən çıxardıb rus məktəblərinə verirlər! Bu, buqələmunluqdur, simasızlıqdır!

Ana dili namusdur. Namus isə paltar deyil ki, onu havaya və fəslə görə dəyişəsən!

- Tələbə gənclərin fəal siyasətlə məşğul olmaları düzgündürmü?

- Hər bir gənc siyasətbazlıqla yox, siyasətlə məşğul ola bilər.

- Övladlarımızın tərbiyəsində əsas nəyə fikir verirsiniz? Onlara hansı dəyərlərin aşılanmasını tövsiyə edərdiniz.

- Birinci növbədə, onlarda vətən sevgisi oyanmalıdır. Gənclərimizə milli şüur aşılanmalıdır. Onlar adət-ənənələrimizə sədaqət, böyük-kiçik yeri bilmək ruhunda tərbiyə edilməlidirlər.

- Müasir dövrümüzdə varlı adamların təhsilə qayğı sahəsindəki biganəliyini nə ilə izah edərdiniz?

- Bayaq dediyim kimi, təhsilə qayğı ancaq dövlət tərəfindən olmalıdır. Elmə, sənətə himayəni sponsorların ümidinə buraxmaq olmaz. İstedadlı gənclərin də qayğısını dövlət çəkməlidir. Qaldı ki, varlı adamların təhsilə biganəliyi, bunu siz onların özündən soruşsanız daha düzgün olardı. Hər halda, millətini sevən onun təhsilinə, inkişafına öz köməyini əsirgəməməlidir. Bu, ən müqəddəs xidmətlərdən biridir.

- Bəxtiyar müəllimin demək istədiyi son söz.

- Arzum budur ki, xalqımızın başına gətirilən dəhşətli faciələrə son qoyulsun. Gənclərimiz daha ağılla, səbrlə hərəkət etsinlər. Bizim buraxdığımız səhvləri gələcəkdə onlar təkrarlamasınlar. Tarixin bugünkü ibrət dərslərindən nəticə çıxarsınlar.

- Maraqlı söhbət üçün çox sağ olun.

 

Müsahibəni apardı:

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2014.- 7 fevral.- S.3.