Təhsil Nazirliyində
brifinq
Fevralın
19-da Təhsil Nazirliyində "Ali təhsil
müəssisələrinin bakalavriat və
magistratura səviyyələrində təhsilalanların
köçürülməsi, xaric edilməsi,
bərpa olunması və akademik məzuniyyət
götürülməsinə dair müvəqqəti
Qaydalar"ın şərhinə həsr olunmuş
brifinq keçirilib.
Brifinqdə Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov,
Elm və ali təhsil
şöbəsinin müdiri Gültəkin
Hüseynova və həmin şöbənin
baş məsləhətçisi Natiq İbrahimov iştirak ediblər.
Təhsil Nazirliyinin nümayəndələri qeyd olunan qaydaların təfərrüatlarını
açıqlayıb və müvafiq
müddəaları şərh ediblər.
Bildirilib ki, təhsil naziri Mikayıl Cabbarovun 14
fevral 2014-cü il tarixli əmri ilə təsdiq olunmuş
yeni qaydalar "Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin
köçürülməsi, tələbələr
sırasından xaric edilməsi və bərpa
olunması, akademik məzuniyyət
alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə"nin
müddəaları ilə "Ali təhsil
müəssisələrinin bakalavriat və
magistratura səviyyələrində kredit sistemi ilə tədrisin
təşkili Qaydaları"nda olan
ziddiyyətin aradan qaldırılması məqsədlərinə
xidmət edir. Yeni qaydalar xüsusi təyinatlı
ali təhsil müəssisələri istisna olmaqla bütün ali təhsil
müəssisələrinə şamil olunur.
Bundan sonra ali təhsilin
bakalavriat səviyyəsində tələbələrin
bir ali təhsil müəssisəsindən
digərinə köçürülməsi,
ixtisasının və təhsilalma formasının dəyişməsi,
tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması qış və yay tətili
dövründə həyata keçiriləcək. İndiyədək
isə bu prosesləri ildə bir dəfə həyata keçirmək mümkün idi.
Ali təhsilin magistratura
səviyyəsində isə tələbələrin bir ali təhsil müəssisəsindən
və ya ixtisasdan digərinə
köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsilalma
formasını dəyişmək, xaric olunanlar isə öz
ixtisası üzrə əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa
olunmaq hüququna
malikdirlər.
Yeni qaydalara əsasən, bir ali təhsil müəssisəsindən
digərinə köçürülən, ixtisasını dəyişən
və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə
köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirə bilərlər. Akkreditə olunmayan xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin
Azərbaycanın ali təhsil müəssisələrinə
köçürülməsinə və ya
bərpa olunmasına isə yol verilməyəcək.
Tələbələrin
köçürülməsi məsələsinə gəlincə,
ali təhsilin bakalavriat
səviyyəsində tələbələrin
ixtisasını və təhsilalma formasını dəyişməsi,
bir ali təhsil müəssisəsindən
digərinə köçürülməsi birinci
semestr başa
çatdıqdan sonra həyata keçirilir.
İxtisasın dəyişməsi və ya
bir ali təhsil müəssisəsindən
digərinə köçürülməsi tələbənin
köçürülmək istədiyi ali
təhsil müəssisəsinə müvafiq
təhsil proqramı (ixtisas) üzrə qəbul
planı ilə müəyyən edilmiş
tələbələrin say həddi
gözlənilməklə aparılır.
Ölkə
daxilində bakalavriat səviyyəsində
tələbələrin bir ali təhsil müəssisəsindən digərinə
köçürülməsi o şərtlə
aparıla bilər ki, Tələbə Qəbulu
üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən
keçirilən qəbul imtahanlarında tələbənin
topladığı bal qəbul olunduğu
ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə
minimal keçid
balından az olmasın. Bu
zaman tələbənin qəbul olunduğu və köçürülmək
istədiyi ixtisaslar TQDK tərəfindən
müəyyən olunmuş eyni ixtisas qrupu
daxilində olmalıdır.
Xarici ölkə ali təhsil müəssisələrindən
köçürülmə məsələsinə
baxılarkən tələbənin təhsil aldığı
ali təhsil müəssisəsinin
dünyanın ən yaxşı ali təhsil
müəssisələri reytinqlərində yer
alması, TQDK tərəfindən keçirilən qəbul
imtahanlarında iştirak etdiyi
halda tələbənin
topladığı balın həmin ildə
köçürülmək istədiyi ali
təhsil müəssisəsində müvafiq
ixtisas üzrə minimal
keçid balından az
olmaması və tələbənin akademik
göstəriciləri nəzərə alınır.
Tələbənin təhsil
aldığı ali məktəbdə eyni ixtisas üzrə təhsilalma
formasını dəyişməsi də asanlaşır.
Qiyabidən əyaniyə və ya əksinə
keçmək üçün tələbənin
rektorun adına ərizə yazması
kifayətdir.
Digər
ali təhsil müəssisəsinə və
ya ixtisasa
köçürülmək istəyən tələbə müvafiq sənədləri təqdim etməklə
köçürülmək istədiyi ali
təhsil müəssisəsinə ərizə ilə
müraciət etməlidirlər. Tələbənin
köçürülmək istədiyi ali
təhsil müəssisəsində onun təqdim
etdiyi sənədlər "Tələbə-məzun"
dövlət elektron məlumat sistemi ilə tutuşdurulur,
təhsil aldığı xarici ölkə
ali təhsil müəssisəsinin həmin
ölkədə akkreditə olunması və dünya
reytinq cədvəllərindəki yeri yoxlanılır, habelə təhsil
aldığı ali təhsil müəssisəsinə
müvafiq sorğular
göndərilməklə köçürülmə üçün əsasların
olub-olmadığı müəyyənləşdirilir.
Köçürülmə üçün
əsas olmadığı hallarda ərizəçiyə
köçürülməkdən imtina
barədə cavab verilir.
Ali təhsil pilləsinin hər iki səviyyəsində tələbələr
sırasından xaric olunmuş
şəxslər xaric olunma
vaxtından bir semestr
keçdikdən sonra ali
təhsil müəssisəsinə bərpa olunmaq
hüququna malikdir. Yeni qaydalara görə, tələbələr
sırasından xaric olunmasından nə
qədər müddət keçməsindən asılı olmayaraq, hər bir şəxs
ali təhsil müəssisəsinə bərpa
oluna bilər. Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil
alıb sonradan səhhətinə görə
xaric olunan, eləcə
də hər hansı bir səbəbdən
xarici ölkə ali təhsil
müəssisələrindən tələbələr
sırasından xaric edilmiş
şəxslərə də ixtisasına uyğun olaraq Azərbaycan
Respublikasının müvafiq mülki ali təhsil
müəssisələrində oxumaq
imkanı verilir.
Müddətli
həqiqi hərbi xidmətə
çağırıldıqda, ailə vəziyyətinə
görə (2 il müddətinədək),
səhhətinə görə (həkim-məsləhət
komissiyasının arayışında göstərilən
müddətdə), sosial məzuniyyətə
çıxdıqda (qanunvericiliklə müəyyən olunmuş müddətdə), müxtəlif proqramlar
əsasında xarici ölkələrə
təhsil almağa getdikdə də tələbəyə
akademik məzuniyyət verilir.
Akademik məzuniyyətdən qayıdan
şəxslər tədris prosesinə növbəti semestrdən
buraxılır.
Tədbirdə Təhsil
Nazirliyinin əməkdaşları
jurnalistlərin çoxsaylı suallarını
cavablandırıblar.
Azərbaycan
müəllimi.- 2014.- 21 fevral.- S.5.