Şagirdlərdə coğrafi mədəniyyətin

formalaşması və inkişafı

 

Coğrafiya orta məktəblərdə tədris olunan ən vacib ənənəvi fənlərdən biridir. Hələ 1894-cü il sentyabrın 27-də xalqımızın görkəmli mesenat oğlu H.Z.Tağıyevin təşəbbüsü ilə Mərdəkanda açılmış ilk milli kəndli məktəb-internatda tədris olunan beş fəndən biri coğrafiya idi. Coğrafiya məktəblərdə təbii, sosialiqtisadi sistemlər haqqında düzgün məkan təsəvvürlərini qlobal, regionalyerli səviyyələrdə formalaşdırır. Bu, geoinformasiya axınının kəskin artdığı müasir dövrdə xüsusilə böyük əhəmiyyət kəsb edir. Onun özünəməxsus, digər elm sahələrindən fərqlənən tədqiqat obyektləri, qanunları və metodları var.

Psixoloqların fikrincə, məktəbyaşlı uşaqların inkişafında coğrafi biliklər xüsusi yer tutur. Coğrafi ədəbiyyat və xəritələrlə tanışlıq uşaq təfəkkürünün hüdudlarını, müstəqil düşüncəni son dərəcə genişləndirir.

Tam orta təhsilin başlıca məqsədi məktəblinin şəxsiyyət kimi formalaşmasını təmin etməkdir. Bu prosesdə yerin coğrafi təbəqəsində baş verən coğrafi proseslərin ümumi qanunauyğunluqlarını öyrənən coğrafiyanın rolu əvəzsizdir. Bu fənnin tədrisi nəticəsində məktəblilərdə aşağıdakı bacarıq və təsəvvürlər əldə olunmalıdır:

- Yer kürəsi, doğma Vətən haqqında müasir coğrafi biliklərə malik sağlam düşüncə bacarığı;

- coğrafi məkanda, müxtəlif təbii, sosial, iqtisadi şəraitdən düzgün baş çıxartma;

- coğrafi informasiya mənbələrindən müstəqil istifadə etmək, ətraf mühitin keyfiyyətini qiymətləndirmək bacarığı;

- Yer kürəsinin təbiətinin, insanların həyat şəraiti və təsərrüfat fəaliyyətinin müxtəlifliyi haqqında təsəvvürlər;

- təbii, sosialiqtisadi geosistemlərdə baş verən hadisə və proseslər üzərində elementar müşahidələr aparmaq, onların nəticələrini ümumiləşdirmək bacarığı;

- lazımi coğrafi bilikləri müstəqil əldə etmək və tətbiq etmək bacarığı;

- ətraf mühitə düzgün münasibətin formalaşması.

Coğrafiyanın tədrisi və öyrənilməsi şagirddə insanın ümumi mədəniyyətinin tərkib hissəsi olan coğrafi mədəniyyətin formalaşması və inkişafına yönəlmişdir. Coğrafiya yaranandan böyük humanist potensiala malikdir, çünki o, insanın təsərrüfat fəaliyyətinin məkan aspektlərini, onun və bəşəriyyətin coğrafi təbəqədə rolunu öyrənir. Buna gorə də cografiyanı öyrənən gənc müxtəlif mədəniyyət məktəblərinə aid insanları başa düşməyə çalışacaq. Coğrafi mədəniyyəti formalaşmış məktəbli yerli, regionalqlobal səviyyədə insanla ətraf mühitin qarşılıqlı əlaqələrini dərk edə və onları proqnozlaşdıra bilər.

Coğrafi mədəniyyət həm məktəblinin təbiətlə bilavasitə təmasda olması, həm də məqsədyönlü təhsil yolu ilə formalaşır. Onun əsas tərkib hissələri aşağıdakılardır:

- ətraf mühitin elmi şəkildə tədqiq edilməsi;

- coğrafiya elminin terminlərinin, anlayışlarının mənimsənilməsi və coğrafi adların öyrənilməsi;

- səbəb-nəticə əlaqələrinin öyrənilməsi yolu ilə coğrafi təfəkkürün inkişaf etdirilməsi;

- məkan təsəvvürlərinin genişlənməsi üçün müstəqil biliklərin əldə edilməsi;

- ekoloji savadlılıq və ekoloji təfəkkür;

- coğrafi biliklərdən gündəlik həyatda istifadə bacarığı.

Qeyd olunduğu kimi, coğrafi mədəniyyətin vacib tərkib hissələrindən biriekoloji mədəniyyətdir. Onun əsasını şagirddə təbiətə sevgi, onun ehtiyatlarından istifadəyə düzgün münasibətin aşılanması təşkil edir. Şagird yaşadığı ərazinin ekoloji problemlərindən tutmuş bəşəriyyəti qlobal səviyyədə narahat edən ekoloji problemlər və onların optimal həlli yollarını tədqiq etməyi bacarmalıdır.

Doğrudan da, bütün dünyada ekoloji vəziyyət artıq böhran həddə çatmışdır. AfrikaAsiyada səhralar sürətlə genişlənir, Avropanın "meşə ləkələri" tədricən yox olur... Yer kürəsində ekoloji vəziyyətin belə kəskin pisləşməsinin səbəbləri çoxdur. Bu səbəbləri şagirdlər müxtəlif mənbələrdən əldə etdikləri biliklər əsasında tədqiq edir, öz səviyyələrində münasibət bildirir və təqdimatlar hazırlayırlar.

Müasir dövrdə ətraf mühitin keyfiyyətinin yaxşılaşması yalnız müvafiq dövlət təşkilatlarının vəzifəsi deyildir. Bu işdə ümumi müvəffəqiyyət həm də hər bir fərdin fəaliyyətindən asılıdır. Bunun üçün ekoloji cəhətdən savada, yüksək mənəviyyata və vətəndaş mövqeyinə malik olmaq lazımdır. Məsələn, məktəbli başa düşməlidir ki, bütün çaylar, xüsusilə kiçik çaylar bir landşaft elementi kimi qorunmalıdır. Çay yaşayış məntəqələrinə xüsusi gözəllik verir. Onun bütün suyundan istifadə edərək onu quru çay dərəsinə çevirmək olmaz. Neftlə çirklənmiş torpaqya terrikon peyzajlarına məktəbli biganə qalmamalıdır, o bilməlidir ki, dünyanın iri sənaye korporasiyaları öz imiclərini daha da yaxşılaşdırmaq üçün müxtəlif ekoloji layihələrə qrantlar ayırır.

Məktəbli boş vaxtlarında ictimai-ekoloji təşkilatlarla əməkdaşlıq etməyə - volonter (könüllü) funksiyasını yerinə yetirməyə hazır olmalıdır. Onun şüarı "Qlobal düşünmə, lakin lokal fəaliyyət" olmalıdır. Bunun üçün beynəlxalq ekoloji əlaqələr daha yüksək səviyyəyə qaldırılmalıdır. Bu, məktəblilərdə qlobal təfəkkürün formalaşmasına kömək edir.

Coğrafiya məktəblilərin böyük maraq göstərdikləri və həvəslə öyrəndikləri fənlərdəndir. İnformasiyanın həddən artıq çox olduğu müasir dövrdə bu maraq və həvəsi daha da artırmaq üçün məktəbdə tədrisin səmərəliliyinə, informasiyanın çoxluğuna yönəlmiş modelindən, yəni şagirdin yaddaş qabiliyyətinə əsaslanan modeldən imtina olunmalıdır. Şagird güclü informasiya axınına məruz qalmamalı, yalnız ən vacib məlumatları müstəqil əldə etməyə, tədqiqat işləri aparmağa, səbəb-nəticə əlaqələrini araşdırmağa çalışmalıdır. Bu, onun bilik səviyyəsini yoxlamaq üçün təklif olunan test tapşırıqlarında da öz əksini tapmalıdır.

Məlumdur ki, sinifdəki şagirdlər eyni səviyyədə deyillər və tədris zamanı onların bacarıqları, sağlamlığı, psixoloji durumu, fənnə maraqları nəzərə alınmalıdır. Əlbəttə, bu o qədər də asan məsələ deyildir. Lakin tədricən buna uyğunlaşmaq lazımdır və bu modelin metodik bazası inkişaf etdirilib, təkmilləşdirilməlidir. Bu məqam orta məktəblər  üçün yazılacaq  yeni dərsliklərdə də öz əksini tapmalıdır. Yeni tədris  üsullarının tətbiqi məktəbliyə informasiyanın çatdırılmasında yeni metodlardan istifadəni nəzərdə tutur. Həmişə olduğu kimi, yenə də dərsdə qlobus və müxtəlif xəritələrdən hökmən istifadə olunmalıdır. Lakin İnternetlə işləməyi bacaran məktəbli üçün bunlar artıq kifayət deyildir. Buna görə də İKT-nin imkanlarından geniş istifadə edilməlidir. Belə yanaşma nəticəyönümlü və şagirdyönümlü olduğundan onların reallaşdırılmasında fəal (interaktiv) təlim üsullarından istifadə olunması məqsədəuyğun hesab edilir. Təlim prosesində interaktiv təlim üsullarından istifadə şagirdlərin təhsilə, elmə maragını artırmaqla yanaşı, onlarda əməkdaşlıq, yaradıcılıq, tədqiqatçılıq qabiliyyətlərinin formalaşmasına imkan yaradır.  

 

Rafiq MƏMMƏDOV,

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin coğrafiya kafedrasının müdiri,

2008 və 2013-cü il "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi

 

Azərbaycan müəllimi.- 2014.- 21 fevral.- S.10.