"Azərbaycan dili və ədəbiyyatı tədrisi"

jurnalının 60 yaşı tamam olur

Bu gün dövlət-mətbuat münasibətlərində Heydər Əliyevin siyasətini və ənənələrini davam etdirərək, Azərbaycan dövləti mətbuatın fəaliyyətinə normal şərait yaradılması, onun cəmiyyət həyatına təsirinin, demokratikləşmə proseslərində rolunun təmin edilməsi və artırılması, vətəndaşların və jurnalistlərin informasiya almaq hüququnun tam reallaşdırılması üçün ardıcıl tədbirlər görür.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Pedaqoji mətbuat tariximizdə mühüm yer tutan jurnallardan biri də "Azərbaycan dili və ədəbiyyatı tədrisi"dir. O, düz 60 ildir ki, pedaqoji ictimaiyyətin xidmətindədir.

Əsası 1954-cü ilin 15 iyulunda qoyulmuş "Azərbaycan dili və ədəbiyyatı tədrisi" uzun illər "Azərbaycan məktəbi" jurnalının metodik əlavəsi kimi fəaliyyət göstərmişdir. 3 dekabr 1990-cı ildə müstəqil redaksiyası yaradılaraq əvvəlcə "Ana sözü" adı altında nəşr edilməyə başlanılmış, yəni 2 aprel 1997-ci ildə isə yenidən ilkin adına qaytarılmışdır. O, Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodik mətbu orqanıdır.

"Azərbaycan dili və ədəbiyyatı tədrisi" jurnalı Təhsil Nazirliyinin bütün müəssisələrində, həmçinin qeyri-dövlət müəssisələrində Azərbaycan dili və ədəbiyyatının tədrisi, təbliği və tədqiqi problemlərini araşdırır. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə uyğun olaraq, dilimizin təmizlik və saflığının qorunmasına xidmət edir. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq surətdə Azərbaycan dili və ədəbiyyatı sahəsində təhsil islahatlarının istiqamətlərini işıqlandırır.

Jurnal Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinə dair müasir metodikanı, qabaqcıl müəllimlərin təcrübələrini ümumiləşdirib yayan yazılar dərc edir. O, öz səhifələrində Azərbaycan dili və ədəbiyyatının elmi-nəzəri məsələlərini yeni, müasir baxımdan şərh edən məqalələr verir, metodikanın yeniləşməsi prosesində demokratik prinsiplərə əsaslanaraq plüralizmə, dialoq və müzakirələrə geniş meydan açır, müəllimlərin maraq dairəsini nəzərə alaraq onlar üçün faydalı olan elmi-metodik yazıları xarici ölkə jurnallarından tərcümə edib işıqlandırır, dünya ədəbiyyatının son nailiyyətləri barədə məlumatlar çatdırır.

Jurnal milli məktəblərimizin rus və digər bölmələrində Azərbaycan dilinin öyrədilməsi metodikasına, bu məktəblərdə çalışan qabaqcıl müəllimlərin təcrübələrinə, proqram və dərsliklərə dair yazılar dərc edir, respublikamızdan kənarda yaşayan həmvətənlərimizə ana dilimizin öyrədilməsi yolları barədə bilgilər verir.

Jurnalda ədəbiyyatşünaslıq və dilçiliyə, dil və ədəbiyyatın tədrisi tarixinə, qloballaşan dünyamızda baş verən mühüm ədəbi proseslərə, yeniliklərə dair yazılar da yer alır.

"Azərbaycan dili və ədəbiyyatı tədrisi"nin səhifələrində respublikamızın görkəmli elm və ədəbiyyat xadimləri, metodist alimlər, adlı-sanlı müəllimlər çıxış edir, fikir mübadiləsi aparırlar.

Jurnal, demək olar ki, orta məktəb müəllimlərinin, ali məktəblərin dil və ədəbiyyat kafedralarında çalışan alimlərin, pedaqoqların əlaqə mərkəzidir. Burada tez-tez Təhsil Nazirliyi aparatının məsul işçiləri, Təhsil Problemləri İnstitutunun əməkdaşları çıxış edərək müəllimlərə tövsiyələrini verir, onları metodik cəhətdən istiqamətləndirirlər. Azərbaycan dili və ədəbiyyatı ilə bağlı sahə institutları rəhbərlərinin, respublikamızın tanınmış mütəxəssislərinin çıxışları da jurnalın səhifələrində müntəzəm surətdə yer alır. Akademiklər Ağamusa Axundov, İsa Həbibbəyli, AMEA-nın müxbir üzvləri Tofiq Hacıyev, Nizami Cəfərov, professorlar Şəmistan Mikayılov, Qəzənfər Kazımov, Ənvər Abbasov, qabaqcıl təhsil işçiləri Əsgər Quliyev, Qənirə Əmircanova redaksiya heyətinin üzvləri kimi jurnalın fəaliyyətinin yaxşılaşdırılmasında yaxından iştirak edir, maraqlı yazıları ilə oxucuların qonağı olurlar.

Jurnalın zaman-zaman formalaşıb inkişaf etməsində onun baş redaktorları Mirabbas Aslanovun, Ağamməd Abdullayevin, Əziz Əfəndizadənin, Zəhra Əliyevanın, Bahəddin Yunusovun xidmətlərini xüsusi qeyd etmək lazımdır.

Öz ənənələrinə sadiq qalan, ona hörmətlə yanaşan jurnal bu gün yeni simada, yeni məzmunda fəaliyyətini davam etdirir, təhsildə baş verən yeniləşməyə, müasir baxımdan inkişafa uyğun olaraq dəyişir və müəllimlərin stolüstü vəsaitinə çevrilir.

Pedaqoji mətbuat müəllimin ən yaxın köməkçisidir. Bu həqiqəti yüksək qiymətləndirən Təhsil Nazirliyi digər mətbu orqanları kimi "Azərbaycan dili və ədəbiyyatı tədrisi" jurnalına da yardımlarını əsirgəmir, onun inkişafı üçün nə lazımdırsa etməyə çalışır.

Dövlətimizin xüsusi önəm verdiyi, mətbuata böyük qayğı göstərdiyi bir məqamda "Azərbaycan dili və ədəbiyyatı tədrisi"nin də dəyəri artır, onun üzərinə işini yüksək səviyyədə qurmaq kimi məsul bir vəzifə düşür. Jurnalın yaradıcı heyəti bu məsuliyyəti duyur və elə buna görə də onun səmərəli fəaliyyəti üçün yeni-yeni yollar arayır.

Jurnalda müntəzəm surətdə "Dilçilik və ədəbiyyatşünaslıq", "Ümumtəhsil, orta ixtisasali məktəblər: tədris metodikası, təcrübəsi", "Ədəbi mühit", "Dünya xalqları ədəbiyyatı", "Azərbaycandan kənarda: dilimizi və ədəbiyyatımızı yaşadanlar", "Polemika", "Aktual söhbət", "Elm xadimləri", "Əməkdar müəllimlər", "Korifeylər", "Məsləhət" rubrikaları altında çox sayda maraqlı yazılar verilir ki, bunlar da oxucuların dünyagörüşünün, biliyinin və təcrübəsinin zənginləşməsinə xidmət edir. "Sərəncamlar", "Xronika", "Xəbər - servis" rubrikaları isə oxuculara dövlət başçımızın yazıçı və şairlərin təltifləri ilə, Təhsil Nazirliyində, ədəbi aləmdə, dünyada baş verən yeniliklərlə tanışlıq imkanı yaradır.

Sevindirici haldır ki, jurnal çox sayda müəllif yetişdirmiş, yaradıcılıq işini müəllimlərin ciddi bir məşğuliyyətinə çevirmişdir. Onların arasında Esmira Cəfərova, Şövkət Aslanova, Şəhla Mirzəyeva, Sədaqət Həsənova, Elbəyi Maqsudov, Asif Hacıyev kimi qabaqcıl müəllimlər, alimlər, ilin qalibləri, Prezident mükafatçıları yetişmişlər.

Əməkdaşlardan Akif Məmmədov, Əsmər Bədəlova, Soltan Hüseynoğlu, Oqtay Abbasov məhz jurnalın redaksiyasında həm jurnalist, həm də tədqiqatçı kimi püxtələşmişlər.

60 il mətbuat üçün böyük ömürdür. Onu bu yaşa gətirənlərə minnətdarlığımızı bildirir, əməkdaşlara, redaksiya heyətinin üzvlərinə, oxuculara möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Məhəmməd BAHARLI

 

Azərbaycan müəllimi.- 2014.- 4 iyul.- S.9.