Müəllimlər
sınaq qiymətləndirilməsi
ilə bağlı nə
düşünürlər?
"Sınaq qiymətləndirilməsinin
müəllimlərə böyük faydası olacaq"
Səadət VEYSOVA,
Bakı Avropa liseyinin fizika müəllimi,
əməkdar müəllim
Məlum olduğu kimi, son günlərdə təhsil ictimaiyyətinin,
ümumiyyətlə, bütün cəmiyyətin diqqət mərkəzində
olan müəllimlərin sınaq qiymətləndirilməsi
məsələsi hər kəsin müzakirə obyektinə çevrilib.
Sözün düzü, bəzi
müəllimlərin bununla bağlı
narahatlığına heç cür haqq qazandıra bilmirəm.
Bu, sadəcə qiymətləndirmədir.
Hər bir müəllimin ixtisası
üzrə bilik
səviyyəsinin, innovativ metodlarla,
yeni kurikulumlarla
işləmək bacarığının, təlim prosesində
şagirdləri ilə canlı, səmimi ünsiyyətdə
olmaq qabiliyyətinin
yoxlanılmasıdır. Yəni, pedaqoji fəaliyyət
üçün zəruri olan
amillərdir və müasir dövrdə
hər bir müəllim öz
işini bu meyarlara əsasən qurmalıdır. Ona görə
də peşəsinin vurğunu olanlar, işinə məsuliyyətlə yanaşanlar, tədris etdiyi fənni
şagirdlərinə sevdirməyə, dərindən mənimsətməyə
çalışanlar, bir sözlə, əsl
müəllim adına layiq olanlar təhsil nazirinin bu təşəbbüsünü bəyənir
və dəstəkləyirlər.
Fikirləşirəm
ki, fəaliyyətlərinin ən zəif
həlqəsini öyrənmək, hansı istiqamətdə daha çox çətinlik
çəkdiyini müəyyən edərək öz üzərində işləmək
baxımından sınaq qiymətləndirməsinin müəllimlərə
böyük faydası olacaq.
Hesab edirəm ki,
sınaqdan sonra müəllimlərin
peşəkarlığının artırılması və
təkmilləşdirilməsi istiqamətində çox mühüm tədbirlər
həyata keçiriləcəkdir. Buna misal
olaraq istiqamətlər üzrə treninqlərin
təşkili, müəllimlərin ildə bir
dəfə, ancaq yayda
deyil, bütün tədris
ili ərzində müntəzəm olaraq treninqlərdə iştirakı, bu işə peşəkar təlimçilərin
cəlb edilməsi, yaxşı işi ilə
tanınan müəllimlərin qabaqcıl iş təcrübəsinin yayılması,
beynəlxalq təcrübənin öyrənilməsi və s. göstərmək olar.
Yəqin ki, mütəxəssislər
bununla bağlı öz
sözlərini deyəcəklər. İnanıram ki, görülən işlər son nəticədə müəllimlərin biliyinin artırılmasını və pedaqoji ustalığının səviyyəsinin
yüksəlməsini təmin edəcəkdir.
"Diaqnoz vaxtında düzgün
qoyulanda
müalicəni uğurla başa
çatdırmaq olar"
Əminə SƏFƏROVA,
Bakıdakı 6 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi,
"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi, "Tərəqqi" medallı
Təhsil
naziri Mikayıl Cabbarovun
6 may 2014-cü il tarixli əmrinə əsasən bu günlərdə Bakı şəhərinin
bütün dövlət ümumtəhsil
müəssisələrində çalışan müəllimlərin
bilik və səriştəsinin sınaq
qiymətləndirilməsi aparılacaqdır. Bu xəbəri ilk öncə məktəbimizin direktoru Gülşən Orucovadan
eşitdik. O, müəllimlərlə
söhbətində bu yoxlamanın təhsil
sahəsində çox önəmli hadisə olduğunu
vurğuladı. Mövzu ətrafında
gedən müzakirələr zamanı kollektivimizin
üzvləri də bu tədbiri müsbət
qarşıladıqlarını bildirdilər.
Məncə, bu işi hər bir müəllim müsbət
qarşılamalı, fəaliyyətindəki geriliyi
aradan qaldırmağa hökmən səy
göstərməlidir. Ulu öndər
Heydər Əliyev vaxtilə demişdir:
"Öz üzərində işləməyən
müəllim yaxşı müəllim ola
bilməz".
Hər bir insan yeni
dəblə geyinməyi xoşlayır. Libasımızı dəyişdiyimiz
kimi, təfəkkürümüzü də,
işimizə olan münasibəti də dəyişməyi
bacarmalıyıq. "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nda təhsilalanların fərdi xüsusiyyətlərini
nəzərə alan innovativ
təlim metodları və texnologiyaları vasitəsilə təhsilin
məzmununun səmərəli mənimsədilməsini təmin
edən yüksək nüfuzlu təhsilverənin
formalaşdırılması əsas hədəflərdən
biri kimi müəyyənləşdirilib.
Mənə belə gəlir ki,
müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini, müəllim
peşəsinin nüfuzunun
artırılmasını, müəllimin karyera
inkişafı və fəaliyyətinin
stimullaşdırılmasını təmin edən yeni sistemin
yaradılması üçün diaqnostik
yoxlamanın keçirilməsi labüddür.
Hər müəllim bu sınaqdan alnıaçıq
çıxmaq üçün var qüvvəsi ilə
çalışmalı, heç bir uğursuzluq onu ruhdan
salmamalıdır. Diaqnoz vaxtında düzgün qoyulanda
müalicəni uğurla başa
çatdırmaq olar. Mən bütün həmkarlarıma uğurlar
arzulayıram.
"Bu sınaq müəllimlərin
özünü
təsdiq
etməsi üçün gözəl fürsətdir"
Təranə ƏLİYEVA,
Respublika İncəsənət Gimnaziyasının ibtidai sinif müəllimi,
"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi
Bildiyimiz kimi, müəllimlərin
peşəkarlıq səviyyəsinin diaqnostikasını aparmaq məqsədilə sınaq qiymətləndirilməsi
keçiriləcək. Aydındır ki, bu, peşəkarlıq
səviyyəsi aşağı olan müəllimlərin
müəyyən edilməsindən sonra
onların öz işinə məsuliyyətlə
yanaşmasını, üzərlərində ciddi
işləməsini təmin edən tədbirlərin həyata
keçirilməsi, eləcə də təhsilin keyfiyyətinin
yüksəlməsinə xidmət edəcək.
Müəllimlərin
sınaq qiymətləndirilməsi attestasiyaya
hazırlıq məqsədi güdür
və çox gözəl bir addımdır. Mən təhsil nazirinin müvafiq əmrini
alqışlayıram. Çünki
müəllimlərin özünü təsdiq
etməsi üçün bu
gözəl fürsətdir. Belə
ki:
- sınaq qiymətləndirməsi nəticəsində
peşəkar və qeyri-peşəkar müəllimlərin səviyyəsi
üzə çıxacaq;
- valideynlər, sözün əsl mənasında, yaxşı
müəllimi aşkar edə biləcək;
- müəllimlərin
əməyi stimullaşdırılacaq;
- müəllimlərin
repetitorluq etməsinə ehtiyac
qalmayacaq.
Demək istərdim ki, özünə, savadına, peşəkarlığına
güvənən müəllimlər hər kəsin qabiliyyətinin
üzə çıxması üçün
bu istiqamətdə müəyyən
işlərin görülməsini çoxdan
arzulayırdılar.
Ümid edirəm ki,
sınaq qiymətləndirməsi çox
obyektiv keçiriləcək, peşəkar
müəllimlərimizin qabiliyyəti üzə
çıxacaq və onlar öz
layiqli qiymətlərini alacaqlar.
Bu yolda peşəsinin
bilicisi olan hər bir müəllimə uğurlar
arzulayıram.
"Müəllimlərin arasında
yaxşı
mənada rəqabət yaranacaq"
Təranə ƏLİYEVA,
Bakıdakı 20 nömrəli məktəb-liseyin ingilis dili müəllimi,
iki dəfə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi
Sirr deyil ki,
aramızda 45 dəqiqəni başa vurmaqla öz işini bitmiş hesab edən, uzun illər boyu təlim prosesini eyni metodla aparan, pedaqoji təcrübəsində heç bir dəyişiklik
etmədən fəaliyyət göstərən müəllimlərimiz
də var.
Buna görə də mən müəllimlərin
sınaq qiymətləndirilməsinin
keçirilməsinə çox normal yanaşıram. Hesab
edirəm ki, bu istiqamətdə
hansısa formada müəyyən tədbirlərin
keçirilməsinin vaxtı çoxdan
çatmışdır.
Yeri gəlmişkən, bir
məsələyə də toxunmaq istərdim.
Bəzən elə olur ki,
müəllim öz təcrübəsində
yenilikləri tətbiq edir, dərslərini
interaktiv təlim metodlarına əsasən
qurur və s. Amma bütün bunları
formal olaraq yerinə yetirir, işin mahiyyətini
başa düşmür.
Mən çoxsaylı müşahidələrimə əsasən
bu qənaətə gəlmişəm ki, müəllimin nəzəri cəhətdən
hər şeyi
öyrənməsi hələ onun gözəl
pedaqoq olmasına dəlalət etmir. Yəqin ki, sınaqdan sonra
həyata keçiriləcək tədbirlər, görüləcək
işlər belə müəllimlərin öz üzərində
işləməsində, peşəsinin bacarıqlı mütəxəssisi
kimi formalaşmasında mühüm
rol oynayacaq.
Cəmiyyətdə
hər bir
sahədə olduğu kimi, təhsildə də rəqabət
olmalıdır. Ümid edirəm ki, bu sınaq qiymətləndirməsi
təhsil sahəsində yeni bir mərhələnin
başlanğıcı olacaq,
yaxşılar layiqli qiymətlərini alacaq, digərləri isə onlara
baxıb daha səmərəli işləməyə
çalışacaqlar. Bu, müəllimlərin
arasında yaxşı mənada rəqabətin yaranmasına,
son nəticədə isə təhsilin
keyfiyyətinin artmasına səbəb
olacaq, şagirdlərdə müəllimlərə
inam yaranacaq.
"Hər kəs layiq olduğu dəyəri
almalı
və olduğu kimi tanınmalıdır"
Qənirə ƏMİRCANOVA,
Bakıdakı 190 nömrəli tam
orta məktəbin
Azərbaycan
dili və ədəbiyyat müəllimi,
pedaqogika
üzrə fəlsəfə doktoru, əməkdar müəllim
Bugünki təhsildən müəllim, şagird və valideynlər çox şey gözləyirlər. 20 illik pedaqoji təcrübəsi olan müəllim kimi deyə bilərəm ki, öz işinin ustası olan müəllimlərlə yanaşı, bilik və bacarığını lazımi səviyyədə tətbiq edə bilməyən müəllimlər də yox deyil. Bu məqamı da sınaq qiymətləndirməsi üzə çıxaracaq. Məktəblərimiz də on il əvvəlki məktəblər deyil. Dövlət Strategiyasında təhsil sahəsində insan resurslarının müasirləşməsi tələbi nəzərdə tutulur. Bu da, öz növbəsində, innovativ təlim metodlarının tətbiqini vacib edir. Burada məqsəd "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənləri formalaşdırmaq, yetişdirməkdir. Bunun üçün də müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəlməsi, əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi və ixtisasartırmada müvafiq təlim-tədris proqramlarının seçilməsinin təmin edilməsi çox vacibdir. Nəticədə məqsəd müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılmasını təmin edən yeni sistemin yaradılmasını təşkil etməkdir. Bax budur Təhsil Nazirliyinin mövqeyi və məramı: hər kəs layiq olduğu dəyəri almalı və olduğu kimi tanınmalıdır. Müəllimlik elə bir peşədir ki, bu peşə sahibləri həmişə axtarışda olmalıdır. Əgər müəllim öz üzərində işləmirsə, dərslərini zamanın tələbinə uyğunlaşdırmırsa, şəxsiyyətyönümlü tərbiyədən söhbət gedə bilməz. Əslində sınaq qiymətləndirmə bir diaqnozdur və hesab edirəm ki, belə yanaşma düzgündür, çünki idarəçilik məharəti iki ünsürdən - ədalətlə cəzalandırmaqdan və ədalətlə təltif etməkdən ibarətdir.
"Sınaq qiymətləndirilməsini inkişafyönümlü
layihə kimi dəyərləndirirəm"
Sevinc
ƏLİYEVA,
Bakı
Modern Məktəbinin ibtidai
sinif müəllimi,
"Ən yaxşı müəllim" müsabiqəsinin
qalibi
Müəllimlərin
hazırlığının ilkin diaqnostikası məqsədini daşıyan
sınaq qiymətləndirilməsi,
şübhəsiz ki,
təhsilin keyfiyyətinin
artırılması istiqamətində
atılan mühüm
addımlardandır. Bu sınaq müəllimlərin
öz zəif cəhətlərini öyrənmələrinə,
bilik və peşəkarlıqlarının artırılmasına xidmət
edir. Digər tərəfdən, qiymətləndirmənin nəticəsindən
asılı olaraq müəllimlərin xüsusi
kurslara göndərilməsi
onların təlim prosesini günün tələbləri səviyyəsində aparmasında mühüm rol oynayacaqdır.
Sınağın
indiki dövrdə böyük əhəmiyyət
daşıyan sosial-iqtisadi
tərəfini də unutmaq olmaz. Söhbət,
təbii ki, müəllim əməyinin
qiymətləndirilməsindən gedir. Qiymətləndirmədə yüksək nəticə
göstərmiş müəllimlərin
əməyinin rəğbətləndirilməsi
nəzərdə tutulmuşdur
ki, bu da
sosial vəziyyətlərinin
yaxşılaşdırılmasına xidmət etməklə yanaşı, həm də onların öz peşə bacarıqlarını, bilik
və səriştələrini
artırmaqda stimul rolunu oynayacaqdır.
Sınaq
qiymətləndirilməsini inkişafyönümlü layihə
kimi də dəyərləndirmək olar,
çünki bu müəllimlərin hazırlıq
səviyyəsinin, bütövlükdə
məktəb işinin
inkişafına xidmət
edir. Yaxşı müəllim olmaq
üçün isə
daim axtarışda olaraq öyrənmək, öyrənməyi bacarmaq,
öyrənərək öyrətmək
lazımdır.
Hazırladı: Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.- 2014.- 6 iyun.- S.5.