İki şagirdimiz
700 bal topladı
Təhsilimizin uğurları
İyunun
1-də Tələbə Qəbulu
üzrə Dövlət
Komissiyası bu il ali və
orta ixtisas təhsili müəssisələrinə
qəbul olmaq istəyənlər
üçün
4-cü - sonuncu sınaq
imtahanları keçirib.
Sınaq imtahanlarının iyunun
4-də açıqlanmış nəticələrinə görə,
ölkə üzrə
28 şəhər və
rayonda təşkil olunmuş imtahanlarda 44014 abituriyent iştirak edib. Sınaq imtahanlarında
ilk dəfə olaraq 2
nəfər ən yüksək - 700 bal nəticə göstərib.
Qeyd edək ki, testlə keçirilən qəbul imtahanlarında son illər bir neçə abituriyent 700 bal toplasa da sınaq imtahanlarında indiyədək bu nəticə qeydə alınmayıb. Buyurun, sınaq imtahanlarında 700 bal toplamış gənclərlə
siz də tanış olun.
"Özümə verdiyim sözə əməl etdim"
Vüqar Kazım oğlu Alpaşayev sınaq imtahanında IV qrup üzrə ən yüksək nəticə
göstərib. O, 1997-ci il avqustun
30-da Xırdalan şəhərində anadan
olub. 2003-cü ildə Xırdalan şəhər
3 nömrəli orta məktəbin birinci sinfinə gedib. İlk müəllimi Fikrət Məmmədov onda elmə olan
marağı duyub və daha
da dərinləşdirib. Vüqar
2007-ci ildə testlə imtahan verərək
Türkiyə Dəyanət Vəqfi Bakı Türk
liseyinin beşinci
sinfinə daxil olub. Liseyin müdiri Kadir Bektaşoğlunun və burada
çalışan fədakar müəllimlərin
yaratdığı sevgi və hörmət çərçivəsində
olan müəllim-şagird münasibətləri,
təlim-tərbiyəyə verilən yüksək əhəmiyyət,
şagirdlərin mərhəmətli və vətənpərvər
ruhda böyüdülməsi üçün yaradılan şərait
Vüqarın bugünkü nailiyyətlərinin
əsasını qoyub.
Hələ əlifba
bayramında həkim rolunu oynayanda
Vüqarın qəlbində böyüyəndə həkim olmaq arzusu kök
atıb. Oxuduğu müddətdə
çəkilən zəhmətin hədər getməməsinə
çalışıb, həmişə dərs əlaçısı
olub, təhsildəki uğurlarına
görə 30-dək fəxri fərman və tərifnamə
alıb. Dəfələrlə bilik
yarışlarının qalibi olub. Qafqaz Universiteti və "Araz" hazırlıq kurslarının təşkil
etdiyi "Dünya Azərbaycanlılarının
Həmrəylik Günü"nə həsr olunmuş
bilik yarışında 700 balla respublika birincisi olub (2013-cü il), "İstedadlı uşaqlar
festivalı-2014"-ün diplomuna
layiq görülüb,
2014-cü ildə məktəblilərin Respublika
fənn olimpiadasında biologiya fənni
üzrə birinci yeri
tutub. Bu nailiyyətinə
görə Vüqar ona
biologiyanı sevdirən Məhsəti müəllimə minnətdardır.
O deyir: Mən bu olimpiadanın hər üç mərhələsində birinci oldum və bu qalibiyyət məndə və mənim kimi gənclərdə ölkəmizdə elmə
yüksək qiymət verildiyi və ədalətin
olduğu inamını yaratdı. Bizə
bu inamı verən Təhsil Nazirliyinə
minnətdaram. Bizim sinif 11 "E"
məktəbin ən güclü
siniflərindən biridir. Əminəm ki, başqa sinif yoldaşlarım da bu olimpiadada iştirak etsəydilər mütləq qalib olardılar. Çünki
TQDK-nın sınaq imtahanlarında 650 baldan
aşağı toplayanımız olmayıb".
Vüqar bu il
keçirilən sınaq imtahanlarında iştirak
edib və müvafiq olaraq 695, 680 və 700 bal
toplayıb. O deyir: "İkinci
və üçüncü sınaqda 680
bal toplamaq məni mütəəssir etdi və son
sınaqda bunu düzəldəcəyimi özümə söz
verdim və sözümə əməl etdim - 700 bal topladım. Qəbul
imtahanında da bu
göstəricini təkrarlamaq üçün var
gücümlə çalışacağam və əminəm
ki, sistemli oxumaq mənə bu
balı toplamağa imkan
verəcək".
Yaxşı ürək-damar
cərrahı olub xalqına xidmət etmək
arzusu ilə yaşayan
Vüqara, onun
timsalında bütün məzunlara qəbul
imtahanlarında uğurlar
arzulayırıq!
"Yüksək nəticəyə ümid edirdim"
Rauf Akif oğlu
Mirişli sınaq imtahanlarında II ixtisas qrupu üzrə 700 bal toplayıb. Rauf 1992-ci il iyunun 22-də Saatlı rayonunun Əlisoltanlı fin
evi şəhərciyində anadan olub. Valideynləri
1993-cü ildə erməni təcavüzü nəticəsində
Cəbrayıl rayonundan məcburi köçkün düşmüş
və Saatlı rayonuna pənah gətirmişlər.
Rauf 2003-cü ildə Saatlı
rayonundakı Cəbrayıl rayon Tatar kənd orta məktəbində
birinci sinfə daxil olub və bu il həmin məktəbi yüksək təlim
uğurları ilə bitirib. Ümumiyyətlə,
oxuduğu məktəbdə həmişə
əlaçı olub. Bu işdə müəllimlərinin
və valideynlərinin rolunu yüksək
qiymətləndirən gənc məhz onların
yaratdığı şərait və verdikləri məsləhət
və tövsiyələr sayəsində təhsilə, elmə
həmişə yüksək maraq
göstərərək orta məktəb
illərində fərqləndiyini söyləyir.
Məzun
olmağa hazırlaşan bütün
orta məktəb şagirdləri kimi Rauf da
gələcək sənəti haqqında hələ məktəb
illərindən fikirləşməyə başlayıb və
çox götür-qoy
etdikdən sonra iqtisadçı
olmağı, mühasibatlıq sahəsində
çalışmağı qərara alıb. Seçiminə uyğun
olaraq ikinci ixtisas qrupu üzrə imtahanlara hazırlaşmağa başlayıb.
Öz biliyini daha da artırmaq, ali və orta ixtisas məktəblərinə yaxşı
hazırlaşmaq üçün X-XI
siniflərdə əlavə məşğələlərə
gedib. Bu amil, eləcə də bütün vaxtını kitablarla
keçirməsi öz müsbət nəticəsini
verib və gənc Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının bu
il keçirdiyi bütün sınaqlarda iştirak
edərək yüksək nəticələr göstərib: 659, 654, 669 və
700 bal.
Bizimlə söhbətində
Raüf belə yüksək nəticəyə
ümid etdiyini bildirdi. Lakin bu yüksək nəticə Raufun
yeganə uğuru deyil.
O, "Araz" hazırlıq
kurslarının keçirdiyi sınaq
imtahanlarında da 590, 683 bal
nəticə göstərib. Eləcə də "Araz" kurslarının və Qafqaz Universitetinin təşkil
etdiyi "Bilik"
imtahanında 682 bal toplayaraq
respublika üzrə V yeri
tutub və pul
mükafatına layiq görülüb.
Arzusu ölkəmizdə və ya yüksək inkişaf etmiş xarici ölkələrin birində ali təhsil almaqdır. Elm öyrənmək yolunda olan bütün gənclərə uğurlar arzulayan Rauf öz müvəffəqiyyətlərində zəhmət payı olan hər kəsə minnətdarlıq edir və uğurlarının davamlı, gələcəkdə xalqa layiqincə xidmət edəcək mütəxəssis olacağına inanır.
Hazırladı: Yusif
ƏLİYEV
Azərbaycan müəllimi.- 2014.- 6 iyun.- S.4.