"Xaricdə təhsil almaq,
ilk növbədə, bir həyat dərsidir"
Rubrikamızın
budəfəki qonağı ABŞ-ın Boston Universitetində
magistr təhsili
alan Qəmər Abdullayevadır
Qəmər
Bunyami qızı Abdullayeva 1985-ci ildə Bakı şəhərində
anadan olub. Orta təhsilini Bakı Avropa Liseyində
alıb. Ali təhsilini
Bakı Dövlət Universitetinin beynəlxalq
hüquq və beynəlxalq münasibətlər fakültəsində
davam etdirib. Daha sonra Böyük Britaniyanın
nüfuzlu təhsil ocaqlarından olan London İqtisadiyyat və
Siyasi Elmlər Məktəbində
(London School of Economics and Political Science) təhsil alıb
və magistr dərəcəsinə layiq
görülüb. Əmək fəaliyyətinə Azərbaycanda
İnvestisiyaların və İxracın Təşviqi Fondunda
başlayıb. Daha sonra hüquq şirkətində
çalışıb.
Ailəlidir, bir övladı var. Hazırda "Azərbaycan gənclərinin
2007-2015-ci illərdə xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində
ABŞ-ın Boston Universitetinin
hüquq fakültəsində hüquq üzrə magistr
təhsili alır.
Təhsil
islahatları xaricdə
yaşayan
vətəndaşlarımız tərəfindən də
alqışlanır
Orta məktəb illərində humanitar fənlərə
marağım böyük olub. Azərbaycan dili və ədəbiyyat
fənni üzrə
şəhər və respublika fənn olimpiadalarında
iştirak etmişəm. Ali məktəbdə təhsilimi
başa vurduqdan sonra xaricdə təhsil proqramı ilə
maraqlanmağa başladım. Xarici ölkələrin nüfuzlu universitetində
öz ixtisasım üzrə daha dərin biliklər əldə
etmək və təcrübə qazanmaq arzusundaydım. Buna görə də "Azərbaycan gənclərinin
2007-2015-ci illərdə xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı"nda iştirak etməyə
qərar verdim. Dövlət
Proqramı çərçivəsində istedadlı tələbələrin
seçim prosesini çox müsbət qiymətləndirirəm. Seçim gedişində şəffaflığın
təmin edilməsinin texniki təminatı, müsahibə mərhələsində
komissiya üzvlərinin peşəkarlardan ibarət olması prosesin obyektivliyinə dəlalət edir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ölkə
iqtisadiyyatının rəqabətədavamlı
olmasını təmin etmək üçün neft
kapitalının insan kapitalına çevrilməsində təhsilə
xüsusi önəm verir. Dövlət
Proqramı bir çox gənclərə dünyanın
nüfuzlu universitetlərində təhsil almalarına şərait
yaradıb, onların sırasında mən də varam. Biz gənclər bu diqqət və qayğıya
görə ölkə Prezidentinə minnətdarıq.
Hazırda Azərbaycanın təhsil
sistemində ciddi islahatlar həyata keçirilir. Bu islahatların ölkə təhsilinin
keyfiyyət baxımından yeni
səviyyəyə çıxması üçün zəruri
addım olduğunu hesab
edirəm. Təhsil Nazirliyi bu istiqamətdə ciddi iş aparır və bu,
xaricdə yaşayan vətəndaşlar tərəfindən
də müşahidə edilir və alqışlanır. "Azərbaycan -2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasının və
"Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası"nın müvafiq
müddəalarına əsaslanan uğurlu təhsil siyasəti
yürüdülür.
Boston
çox zəngin mədəni
həyatı ilə də insanı valeh edir
Yaşadığım Boston şəhəri
özünəməxsus bir yerdir.
ABŞ-ın digər şəhərlərindən
fərqli olaraq, "avropasayağı" şəhərdir.
Böyük Britaniyadan gələn immiqrantların
yaşayış məskəni olduğu üçün
Bostonun aid olduğu bölgənin "Yeni İngiltərə"
adlandırılması təsadüfi deyil. Boston
çox zəngin mədəni həyatı ilə də
insanı valeh edir, muzeylər, qalereyalar və teatrlar şəhər
həyatına rəng qatır. Bir
çox məşhur teatr tamaşaları və
şouları burada nümayiş etdirilir. Bostonun təbiətinin gözəlliyini
xüsusi
vurğulamaq lazımdır. Bu şəhərdə
payız fəsli olduqca gözəl keçir və ağaclar
əsrarəngiz rəngə boyanır. Minlərlə
turist məhz Bostonda payızı görmək üçün buraya
gəlir. Bostonluların britaniyalılara bənzər aksentlə
danışmaları da hamıda maraq oyadır.
Xaricdə
təhsil insanı güclü
şəxsiyyət kimi formalaşdırır
Xaricdə təhsil almaq, ilk növbədə,
bir həyat dərsidir. Ailəsindən
və yaxınlarından uzaq olan şəxs özünə güvənməyə məcbur olmaqla şəxsi
potensialından maksimum istifadə edir, xarakterini güclü şəxsiyyət kimi formalaşdırır və
öz ölkəsinə qayıtdıqda cəmiyyət
üçün daha faydalı və bəhrə verə bilən
fərdə çevrilir.
Hazırda Boston Universitetinin Hüquq Məktəbində
təhsil alıram. Boston Universiteti
Amerikanın qabaqcıl və eyni zamanda, öz ənənələrinə
sadiq ən yaxşı universitetlərindən biridir. Universitet müxtəlif sahələrdə əlamətdar
hadisələrin müəllifi olan tələbə və
müəllimləri ilə seçilir. Məsələn,
Boston Universiteti irqçiliklə mübarizədə ölkə
tarixində xüsusi yer tutub, Martin Lüter King Boston
Universitetində təhsil alıb və
çıxışlarının çoxunu burada edib. İlk telefon Boston Universitetinin professoru Alexander Graham
Bell tərəfindən icad edilib. Qadınları
qəbul edən ilk universitetlərdən biri olub. Hazırda universitetin alimləri tərəfindən
aparılan araşdırmalar "Bill və Melinde Gates
Fondu" kimi dünya miqyaslı təşkilatlar tərəfindən
maliyyələşdirilir. Mən hüquq
ixtisası üzrə təhsil alıram. Əsas
maraq dairəm cinayət hüququ, xüsusən də maliyyə,
iqtisadi və korrupsiya cinayətlərinin
araşdırılmasından ibarətdir.
Dekanlıq,
rektorluq imtahan
prosesindən kənarda qalır
Universitetdə sessiya imtahanları ildə
iki dəfə keçirilir. İmtahanların təşkili
və keçirilməsi ilə bağlı xüsusi
şöbə vardır, yəni dekanlıq, rektorluq və s.
təsisatlar bu prosesdən kənarda qalır. İmtahanlar yazılı qaydada
keçirilir. Hər bir tələbənin
imtahan kodu olur. Tələbənin kodu onun
universitet saytındakı onlayn hesabında əks olunur.
İmtahan zalına daxil olduqdan sonra tələbələrə
imtahan sualları olan kitabçalar paylanılır, bu
kitabçaların üzərində hər bir tələbə
öz adını yazmamaq şərti ilə kodunu yazır. İmtahan
müddəti 3 və ya 4 saat olur. İmtahanların əksəriyyəti
5 açıq sualdan ibarət olur, amma bəzən imtahan iki
hissəli də ola bilər, test və
açıq suallar. İmtahan zamanı müəllim
zalda olmur, imtahanın gedişatına xüsusi şəxslər
nəzarət edir. İmtahanların nəticələri
təqribən 2-3 həftə sonra hər bir tələbənin
onlayn hesabında göstərilir.
Dərs
deyən müəllimlər fəal şəkildə
elmi
araşdırmalar aparan şəxslərdir
Əsası 1839-cu ildə qoyulmuş
Boston Universitetində hazırda bakalavr (24 min) və magistr (12
min) proqramları üzrə tələbə təhsil
aılr. Xarici ölkələrdən
olan tələbələr 17 faiz təşkil edir. Amerika universitetlərinin
digər ölkələrdən fərqi budur ki, buradaki
universitetlər sadəcə təhsil mərkəzi deyil, eyni
zamanda elmi araşdırma mərkəzləridir və dərs
deyən müəllimlər fəal şəkildə elmi
araşdırmalar aparan şəxslərdir.
Universitetdə magistr proqramları
çox yüksək səviyyədə tədris olunur. Tədrisin istər tədqiqatçılıq, istərsə də tətbiqi tərəflərinə xüsusi
diqqət ayrılır. Buna görə də təhsili
başa vuran bütün məzunlar prestijli iş tapmaq və
ya öz ixtisası üzrə tədqiqatçılıq fəaliyyətlərini
davam etdirməkdə eyni imkanlara malikdirlər. Fənlərin
bir hissəsi xaricdən dəvət olunmuş müəllimlər tərəfindən tədris
olunur. Tələbələr ali məktəbi
bitirdikdən sonra uğurlu praktik fəaliyyət
üçün zəruri olan bütün vərdişlərə
yiyələnirlər. Ölkənin ən böyük ali təhsil ocaqlarından olan Boston Universiteti
elmi-tədqiqatçılıq fəaliyyəti ilə fəal
surətdə məşğul olan universitetlərdən
biridir. Universitetin Brüsseldə (Belçika), Dubayda (Birləşmiş Ərəb
Əmirlikləri), Londonda (Böyük Britaniya), Vaşinqton (Kolumbiya ətrafı),
Los-Ancelesdə (Kaliforniya ştatı), Sidneydə (Avstraliya) kampusları var. Boston Universiteti
dünyanın 10 ölkəsindəki universitetlərlə əməkdaşlıq
edir. Universitetin məzunlarından 7 nəfəri Nobel mükafatına layiq
görülüb.
Müəllimlərimizdən professor Simons
cinayət hüququ üzrə nüfuzlu alimlərdən biri
sayılır. Digər bir müəllimimiz olan Jeffrey Kohendir, əvvəllər
prokuror olub və bir çox maliyyə və korrupsiya cinayətlərinin
açılmasında xüsusi xidmətlər göstərib.
Tələbə
həyatım maraqlı keçir
Boston Universitetində dünyanın
müxtəlif ölkələrindən olan gənclər təhsil
alır. Əcnəbi tələbələrə
burada münasibət müsbətdir. Bostonda
tələbə həyatım maraqlı keçir. Dərslərdən
əlavə demək olar ki, hər həftə hüquq sahəsində
müəyyən
nailiyyətlər əldə etmiş şəxslərlə
görüşlər təşkil olunur, xüsusən də
hakimlərlə
görüşlər
böyük maraq
doğurur. Həmçinin müxtəlif
hüquq şirkətlərinə, təşkilatlara
və məhkəmələrə ziyarətlər təşkil olunur. Asudə vaxtlarımı ailəmlə
və dostlarımla keçirirəm, burada yaşayan azərbaycanlılarla
görüşməyə çalışırıq. Azərbaycan diasporasının
keçirdiyi tədbirlərdə fəal iştirak etməyə
çalışıram. Həmvətənlərimizlə
bir araya gələrək əlamətdar tarixləri
qeyd edirik.
Amerikada təhsil almış
və hazırda ayrı-ayrı sahələrdə
çalışan bir çox gənc azərbaycanlı alimlər
vardır. Gənc alimlərin də fəaliyyətinin
və təhsilinin işıqlandırılması maraqlı
olardı.
Gənclərimizin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil
almasını yüksək qiymətləndirirəm. Əsas
məqsədim təhsilimi uğurla başa vuraraq vətənə
dönmək, ölkəmizdə iqtisadi cinayətlərə
dair qanunvericiliyin təkmilləşdirilməsində
iştirak etmək və bu sahədə öz töhfəmi verməkdir.
Hazırladı:
Oruc MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2014.- 6 iyun.- S.4.