"Elektroenergetikada kadr problemi:

gələcəyə baxış" mövzusunda konfrans

  

İyunun 6-da "Elektroenergetikada kadr problemi: gələcəyə baxış" mövzusunda konfrans keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, "Bakıelektrikşəbəkə" ASC idarə heyətinin sədri Baba Rzayev digər qonaqlar iştirak edib.

 Konfransda Baba Rzayev "Elektroenergetika sahəsində kadr problemlərinin həllinə "Bakıelektrikşəbəkə" ASC-nin baxışı fəaliyyət istiqamətləri" mövzusunda məruzə ilə çıxış edib. ASC sədri elektroenergetika sahəsinin ixtisaslı kadrlarla təminatındakı mövcud vəziyyətdən danışıb. Bundan sonra söz təhsil naziri Mikayıl Cabbarova verilib.

"Elektroenergetikada kadr hazırlığının mövcud vəziyyəti" mövzusunda çıxış edən nazir bildirib ki, çoxşaxəli mürəkkəb bir sahə olan energetika sənayesində hazırda ixtisaslı kadr təminatında kəmiyyət qıtlığı deyil, keyfiyyət struktur qıtlığı mövcuddur. Bu da mütəxəssis hazırlığının keyfiyyəti ilə bütövlükdə iqtisadiyyatın və o cümlədən, energetika sektorunun sürətli inkişaf dinamikası arasındakı fərqlə bağlıdır. Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı energetika ixtisaslı ali təhsildə qəbul planının artırıldığını deyən nazir 6 ali təhsil müəssisəsində bakalavriatmagistratura səviyyələrində 3 ixtisas üzrə mühəndis kadrları hazırlandığını vurğulayıb. Bununla yanaşı ölkənin 6 orta ixtisas təhsili müəssisəsində 4 ixtisas üzrə ildə 280 nəfər kiçik mütəxəssisin hazırlığı həyata keçirilir. 57 ilk peşə-ixtisas təhsili müəssisələrində isə energetika sahəsi üçün 4 ixtisas üzrə ildə 1493 fəhlə kadrlar hazırlanır. Ali təhsil müəssisələrinə energetika ixtisasları üzrə mütəxəssis hazırlığı eyni zamanda TEMPUS proqramı çərçivəsində də həyata keçirilir. Bakalavriat səviyyəsində üç ali təhsil müəssisələrində 2013/2014-cü tədris ilindən başlayaraq TEMPUS proqramı ilə "Elektroenergetika mühəndisliyi" ixtisası üzrə mütəxəssis hazırlığı aparılır.

Nazir bildirib ki, hazırda təhsilin keyfiyyəti və iqtisadiyyatın inkişafının mövcud tələbləri arasındakı fərqin aradan qaldırılması üçün sənaye sahələri ilə ali təhsil sistemi arasında sıx əməkdaşlığın qurulması zərurətə çevrilib. Belə ki, sənaye sahələri ilə ali təhsil müəssisələri arasındakı əlaqələr daha da genişlənməli və sənaye müəssisələri kadr hazırlığında bilavasitə iştirak etməlidir. Xüsusi diqqət təhsilalanların istehsal təcrübəsinin birbaşa onların gələcək yerlərində təşkil olunmasına yönəldilməlidir.

Tədbirdə Təhsil Nazirliyi tərəfindən "Bakıelektrikşəbəkə" ASC-nin Tədris Mərkəzinə lisenziya təqdim edilib. Baba Rzayev elektoenergetika sahəsində kadr hazırlığını daha mükəmməl səviyyədə və sistemli şəkildə aparmaq üçün bu Tədris Mərkəzinin xüsusi rol oynayacağını qeyd edib. Qonaqlar Tədris Mərkəzi ilə tanış olublar.

Sonra iki qurum arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Konfrans çərçivəsində "Azərbaycan Texniki Universitetində elektroenergetika sahəsi üzrə kadr hazırlığı" və digər mövzularda təqdimatlar keçirilib.  

 

Azərbaycan müəllimi.- 2014.- 13 iyun.- S.2.