Sumqayıt Dövlət
Universitetində
alimin yubileyi qeyd olundu
İyunun
2-də Sumqayıt Dövlət
Universitetində qocaman
alimin çırağına
tələbə və
professor-müəllim heyəti
yığışaraq onun
doğum gününü
böyük şərəflə
qeyd etdilər.
Bu münasibətlə
keçirilən tədbirdə
bildirildi ki, insan ömrü ağrılı-şirinli xatirələrdən
ibarətdir. Kamilliyindən asılı olmayaraq hər kəs amalında və əməlində yaşayır.
Elmə,
təhsilə, mədəniyyətə,
xalqa həsr olunan bir ömür
payı var ki, ulu Tanrı
onu ancaq seçdiklərinə nəsib
edir.
Tanınmış
alim, fizika-riyaziyyat elmləri namizədi, dosent Eldar Həmzə
oğlu Məmmədov
bir ömürdə üç müqəddəsliyi
yaşadan tanınmış
ziyalılarımızdan, ictimai
xadimlərimizdəndir. Bütün həyatını
elmi-pedaqoji fəaliyyətə
həsr edən, ruhunu, duyğusunu yetirmələrinin beyninə
köçürən Eldar
müəllim 1937-ci il iyunun 1-də Borçalı mahalının
Kəpənəkçi kəndində,
ana Kürün sahilində dünyaya gəlib. Gözünü
açandan, ağlı
kəsəndən qulağına
gələn ilk səs
qara sazda "Ruhani"nin, "Kərəmi"nin havası olub. Soyu, soykökü
ağır oturub
batman gələn, müdrikliyi
ilə ağır elli Borçalının
güman, iman yeri olan doğmalarına
1937-ci ilin dəhşətli
repressiyalarından, 1945-ci ilin
qanlı-qadalı illərindən
pay düşüb. Onun taleyi
Xruşov rejiminin sınaqlarına təsadüf
etsə də, səhərləri çıraq,
şam işığı
ilə diri gözlü açıb.
O, müəlliminə, bir də kitabına
könül verib. Tiflisdən Bakıya gələn qatar
onu böyük arzularının arxasında
gətirib. Azərbaycan Dövlət Universitetinin
fizika fakültəsinə
daxil olub, nümunəvi davranışı,
mükəmməl savadı
ilə tələbə
yoldaşlarına örnək
olub.
1961-ci ildə universiteti bitirdikdən sonra doğma Sarvana - Gürcüstan Respublikasının Marneuli
rayonuna qayıdıb. Bir il sonra yenidən Bakıya böyük arzusunun arxasınca gəlib, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda əmək fəaliyyətinə başlayıb.
E.Məmmədov 1963-cü ildə aspiranturaya daxil olub. 1966-cı ildə
Fizika İnstitutunun müdafiə şurasında
namizədlik dissertasiyası
müdafiə edərək
alimlik dərəcəsi
alan Eldar
Məmmədov 1974-cü ilədək
elektromexanik, mühəndis,
baş mühəndis,
kiçik elmi işçi və baş elmi işçi
vəzifəsində çalışıb.
Elmin enişli-yoxuşlu yolları
ilə uğurlara doğru yol gedib. Ailə qayğıları, övlad məhəbbəti
ilə birlikdə fizikanın ən ağır sahələrindən
sayılan yarımkeçiricilər
fizikası ilə bağlı elmi-tədqiqat
işlərini davam etdirib. Elmi məqalələri ilə ölkənin nüfuzlu alimlərinin etimadını qazanıb.
1974-80-ci illərdə Eldar müəllimi Borçalıdan
Bakıya gətirən
yollar onu Qarabağın dilbər guşələrindən biri
olan Xankəndinə aparır. Xankəndi Pedaqoji İnstitutunda
baş müəllim kimi fəaliyyət göstərir.
1980-ci ildə yenidən şəhərə,
gənclərin xarüqələr
yaratdığı Sumqayıta
gəlir. SSRİ-də yetirmələri ilə məşhur olan, maddi-texniki bazası, kadr potensialı ilə ölkənin bəlli universitetləri ilə bir sırada dayanan, İttifaqın mühüm əhəmiyyətli
sənaye obyektlərinin
bir çoxunu mütəxəssislərlə bilavasitə təmin edən indiki Sumqayıt Dövlət Universitetinə qədəm
qoyur. 1986-1989-cu illərdə energetika və avtomatika fakültəsinin dekan müavini, 1990-1997-ci ildən
fizika kafedrasının
müdiri vəzifəsində
çalışan Eldar
müəllimin doğma
universitetə bağlı
olan bir ziyalı, ən əsası, vətənpərvər
vətəndaş kimi
ömrünün ağır
günləri 1988-1993-cü illərə təsadüf
edib. Qərbi Azərbaycanın boşaldılması, soydaşlarımızın
dədə-baba yurdlarından
deportasiya edilməsi,
1990-cı illər hadisələri
Eldar müəllimin ruhunu göynədirdi.
Azərbaycanın müstəqilliyinə, əbədi istiqlalına,
bayrağı bayraqlara
qarışan yurdun bu gününə ümidini itirmir. Auditoriyalara, laboratoriyalara əvvəlki
eşqlə, məhəbbətlə
qədəm qoyur.
Müstəqil Dövlətlər
Birliyində, Avropada, Türkiyədə nəşr
olunan sanballı elmi jurnallarda işıq üzü görən 70-dən çox
elmi məqaləsi, elmi-metodik işi ilə Azərbaycan elminə öz töhfələrini verdi. "Biz iqtisadi
potensialımızı intellekt
kapitalına çevirməliyik" deyən ölkə
başçısı İlham
Əliyevin çağırışına müəllim, alim, ziyalı kimi səs verdi. Baş müəllim, dosent, dekan müavini, kafedra müdiri kimi, universitet
jurnalının Elmi katibi
kimi elmin, təhsilin,
tədrisin yükünü çəkən,
şərəfli ömür sürən,
SDU-da indi də pedaqoji fəaliyyətini davam
etdirən, son beş
ildə 12 elmi məqalə,
yarımkeçiricilər fizikası ilə bağlı
bir metodik vəsaiti ilə
uğurlarına uğur qatan
Eldar müəllim 2007-ci ildə Azərbaycan
Respublikasının Təhsil Nazirliyinin qərarı
ilə fəxri fərmanla təltif olunub.
Ömrünün ağsaqqal
çağını yaşayan Eldar müəllim iyunun
1-də nə az, nə çox,
düz 77 yaşını qeyd
edib. İki müqəddəs
yeddi rəqəmin müqəddəsliyinə
qovuşub. Tanrı bu
uzun, incə ömür
yolunda ona müəllim,
alim, övlad sevincini yaşadır. Çoxsaylı yetirmələrinin
uğurları sevincinə sevinc qatır.
Biz bu əziz gündə
Eldar müəllimə möhkəm
cansağlığı, Qarabağın işğaldan
azad olunduğu, Xankəndi
Pedaqoji İnstitutunun
qapılarının tələbələrinin üzünə
açıldığı günün sevincini yaşamağı arzulayırıq.
Azərbaycan müəllimi.- 2014.- 13 iyun.- S.6.