Dünya ölkələrində ali təhsil

 

Finlandiyada ali təhsil

 

Finlandiya ali təhsil müəssisələri universitetlərə və politexnik təhsil ocaqlarına bölünür. Ali məktəblərə qəbul zamanı tələbələrin seçimi əsasında milli və qəbul imtahanlarından istifadə edilir.

Universitetlərdə əsas diqqət elmi tədqiqatlara ayrılır və tələbələrə hərtərəfli nəzəri biliklər verilir. Politexnik profilli təhsil müəssisələrində isə, əsasən, praktiki bacarıqlar xüsusi əhəmiyyət kəsb edir. Belə ali məktəblər bəzi hallarda tədqiqat məsələlərini gündəmə gətirsə də, əsasən sənayenin inkişaf layihələri ilə məşğul olur. Politexnik profilli təhsil müəssisələri, əsasən bələdiyyələr, bəzi hallarda isə özəl qurumlar tərəfindən idarə olunur.

Finlandiyanın bütün universitetlərində bakalavr dərəcəsi üzrə təhsil müddəti təxminən 3-4 ildir. Proqramdan asılı olaraq, bu pillədə ali təhsil tamamlana bilər. Lakin bəzi hallarda bu pillə magistratura pilləsi üçün aralıq mərhələ hesab edilir.

Politexnik təhsilin tamamlanma müddəti isə 3,5-4,5 il arasında dəyişir. Politexnik təhsil üzrə dərəcə Finlandiyanın təhsil sistemində hüquqi baxımdan aşağı səviyyəli universitet dərəcəsi hesab edilmir. Finlandiyadan kənarda isə politexnik dərəcələr nisbətən aşağı səviyyəli universitet dərəcəsi kimi qəbul olunur.

Politexnik təhsil müəssisələrini bitirən bakalavrlar universitetlərdə magistratura dərəcəsi üzrə proqramlarda təhsillərini davam etdirə bilərlər. Universitetlərdə magistratura proqramının müddəti iki il olsa da, politexnik müəssisələri bitirərək magistraturaya qəbul olanlar daha bir il təhsil almalıdırlar. Boloniya prosesinin tələbləri nəticəsində politexnik müəssisələri bitirənlərdən tələb olunan əlavə təhsilin həcmi tədricən azaldılır. Bununla da politexnik müəssisələri bitirənlərdən bəzi hallarda heç bir əlavə təhsil almaq tələb olunmur.

Onu da qeyd edək ki, politexnik təhsil müəssisələrini bitirənlər öz sahələri üzrə üçillik iş təcrübələrini tamamladıqdan sonra onlara müvafiq ixtisas üzrə magistratura dərəcəsi almaq hüququ verilir. Bu dərəcə yalnız ixtisasyönümlü səciyyə daşıyır.  Politexnik profilli magistratura dərəcəsinin müddəti iki ildir və müntəzəm işdən ayrılmamaqla bu dərəcə üzrə təhsil almaq olar. Bakalavr pilləsindən fərqli olaraq, politexnik profilli magistratura dərəcəsi müvafiq sahə üzrə akademik magistratura dərəcəsinə bərabər tutulur.

Finlandiyada doktorluq dərəcəsinə yalnız universitetlərdə yiyələnmək mümkündür. Politexnik ixtisaslı magistratura dərəcəsi isə tələbələrə doktorantura pilləsi üzrə təhsil almaq hüququ vermir.

Maraqlıdır ki, bütün bu qeyd olunan ekvivalentlik yalnız dövlət sektorunda işə qəbul  zamanı nəzərə alınır.

Universitet və politexnik profilli ali təhsil müəssisələrində tələbələrin dərsə davamiyyəti könüllüdür. Finlandiya ali təhsil müəssisələrində tələbələrdən heç bir təhsil haqqı tələb olunmur. Avropa İttifaqına daxil olmayan ölkələrdən gələn tələbələr üçünsə pullu ali təhsil tətbiq olunur.

Universitetlərdə təhsil alan hər kəsin tələbə ittifaqına üzvlüyü məcburidir. Politexnik ali təhsil müəssisələrində isə tələbə ittifaqına üzvlük könüllüdür.

Finlandiyada tələbələrə bir sıra maliyyə yardımları da verilir. Belə yardımlar tələbənin təhsilində davamlı geriləmələr və müvəffəqiyyətsizlik olduqda ləğv edilə bilər. Yardımın miqdarı, adətən, o qədər də çox olmur. Buna görə də tələbələrin əksər hissəsi özlərini maliyyələşdirmək üçün işləyirlər. Finlandiyada tələbələr həmçinin dövlət təminatlı tələbə borclarından da yararlana bilərlər.

Xaricdə təhsil üçün də müvafiq tələbə yardımlarının mövcudluğu beynəlxalq tələbə mübadiləsinin yüksəldilməsini təmin edir. Tələbələrin xaricdə təhsili üzrə maliyyə yardımı yalnız Finlandiya hökumətinin maliyyələşdirdiyi prioritet təhsil sahələrinə verilir.

Finlandiya ali məktəblərində oxuyan əcnəbi tələbələrin təhsili, adətən onları göndərən ölkə tərəfindən maliyyələşdirilir. Təhsil almaq məqsədi ilə gələn əcnəbilərin bu ölkədə daimi yaşayış hüququ varsa, onların təhsili Finlandiyanın tələbələrə maliyyə yardımı proqramı çərçivəsində maliyyələşdirilə bilər.

 

Norveç Krallığında ali təhsil

 

Norveçdə ali təhsil müəssisələrinin əksəriyyəti dövlətə məxsusdur. Ölkədə 7 universitet, universitet səviyyəsində 7 ixtisaslaşmış institut, 24 dövlət kollec universiteti, iki dövlət incəsənət institutu və 2 özəl kollec universiteti, 31 özəl institut (onlardan 22-si dövlət tərəfindən müəyyən maliyyə yardımı alır) fəaliyyət göstərir. Ali məktəblərdə oxuyan təxminən 195000 tələbədən 24500-ü özəl kollec və ya kollec universitetlərdə təhsil alır.

Norveçin ən qədim və nüfuzlu ali təhsil müəssisəsi Oslo Universitetidir. Bu tədris ocağı 1811-ci ildə fəaliyyətə başlayıb. 1939-cu ildən Oslo Universiteti adlandırılıb. 1946-cı ilə qədər ölkədə yeganə universitet olub.

Universitetdə hüquq, tibb, humanitar, riyaziyyat, ilahiyyat, təbiət elmləri, sosial elmlər, təhsil və digər ixtisaslar üzrə 30000-ə yaxın tələbə təhsil alır. Dünyada aparıcı universitetlərdən biri olan bu ali məktəb xaricdə təhsil və tədris üzrə ixtisaslaşmış "Quacquarelli Symonds" (QS) şirkətinin 2010-cu ildə tərtib etdiyi dünya universitetlərinin reytinq siyahısında 100-cü pillədə qərarlaşıb. Universitet məzunlarından bir çoxu müxtəlif illərdə Nobel mükafatına layiq görülüb.

Son illər Norveç ali təhsilində aparılan islahatlar müsbət nəticələr verir. İslahatlar sayəsində Boloniya prosesinə uyğun olaraq dərəcə strukturu, qiymətləndirmə sistemi və keyfiyyətin təminatı sistemi müəyyənləşdirilib. Ali təhsilin dərəcə strukturuna əsasən 3 illik bakalavriatura, 2 illik magistratura və 3 illik doktorantura (fəlsəfə doktoru) müddəti müəyyən edilib. Avropa Kredit Transfer Sisteminə əsasən qiymətləndirmə hərflər vasitəsi ilə aparılır (A-əla, E-keçid, F-qeyri-kafi).

Özəl institutlar üçün akkreditasiya könüllü xarakter daşıyır. Son illər akkreditasiyadan keçmiş bəzi kollec universitetlər universitet olmaq şansı qazanıblar.

Ali təhsil müəssisələri arasındakı fərq əsasən onların akkreditasiya hüquqları ilə əlaqədardır. Məsələn, kollec universitetləri magistr və fəlsəfə doktoru dərəcələri vermək məqsədi ilə akkreditasiya üçün müraciət etməli olduqları halda, universitetlərin qarşısında belə bir şərt qoyulmur. Burada həmçinin bir sıra özəl ali məktəblərin də magistr və fəlsəfə doktoru dərəcələri vermək hüququ əldə etmək üçün akkreditasiyadan keçməsi ilə bağlı tələblər mövcuddur. Bu müəssisələr Norveç Təhsildə Keyfiyyətin Təminatı Agentliyi tərəfindən akkreditə olunmuş tədris proqramları təqdim edirlər.

Norveç Təhsildə Keyfiyyətin Təminatı Agentliyi ali və peşə təhsili müəssisələrində tədrisin keyfiyyətinin təmin olunması prosesini müxtəlif üsullar vasitəsilə həyata keçirir:

* ali təhsil müəssisələrinin akkreditasiyası;

* ali təhsil proqram və kurslarının akkreditasiyası;

* akkreditasiya prosesinin yoxlanılması;

* ali təhsil müəssisələrində daxili keyfiyyətin təminatının  qiymətləndirilməsi;

* təhsilin qiymətləndirilməsi;

* texniki peşə təhsilinin tanınması;

* xarici ixtisasların tanınması.

Yaşlılar üçün həyatboyu təhsil imkanlarının yaradılması Norveçdə təhsil siyasətinin əsas prioritetlərindəndir. Başlıca məqsəd yaşlı nəsil nümayəndələrinin öz peşələrinə uyğun olaraq bacarıqlarını möhkəmləndirməsinə əlverişli şərait yaratmaqdan ibarətdir.

Hər il təxminən 15000 tələbə yaşlıların təhsili proqramları çərçivəsində dövlət universitetlərində və kollec universitetlərdə təhsil alır. 70000 nəfər isə əlavə təlim kurslarında təhsilini davam etdirir.

Yaşlıların təhsilinin daha yaxşı təşkili məqsədilə hökumət tərəfindən təsirli tədbirlər həyata keçirilir. Hökumət yaşlıların təhsili ilə məşğul olan qurumları maliyyələşdirir və onların fəaliyyətini stimullaşdırır. Ölkədə yaşlıların təhsili ilə məşğul olan təxminən 20 cəmiyyət dövlət dotasiyası alır. Bu baxımdan, yaşlıların oxu, yazı, riyazi və kompüter bacarıqlarının təkmilləşdirilməsi üzrə yüksək keyfiyyətli kursların təşkili məsələsi daha aktualdır. Odur ki, qeyri-hökumət təşkilatlarının, bələdiyyələrin yaşlıların təhsilinin təşkilinə cəlb olunmasına xüsusi önəm verilir.

Distant (məsafədən) təhsil Norveçdə geniş yayılıb və əsasən qiyabi kurslardan ibarətdir. Lakin hazırda tədricən distant təhsil daha çox İnternetə əsaslanır. Hər il təxminən 20000 nəfər distant təhsil müəssisələrini bitirir.

Məktəbəqədər təhsil müəssisələrində dərs demək üçün kollec universitetlərində üçillik təhsil almaq tələb olunur. İbtidai məktəblərdə dərs demək üçün kolleclərdə ümumi fənn müəllimi (4 illik təhsil) və ya fənn müəllimi (3 illik) ixtisaslarına yiyələnmək lazımdır.

3 illik təhsilə əsaslanan ilk universitet dərəcəsi almış müəllimlər orta məktəbin aşağı pilləsində dərs demək hüququ qazanır. Universitet dərəcəsi əldə etdikdən (5-6 il) sonra bir il əlavə müəllim təlimi proqramlarında ixtisas almaqla orta məktəbin yuxarı pilləsində dərs demək olar.

Tibb, hüquq, iqtisadiyyat, mühəndislik elmləri üzrə universitet proqramı 4, 5 və ya 6 ildir. Bu ixtisaslara yiyələnmiş mütəxəssislər daha nüfuzlu kadr kimi işə qəbul olunur və yüksək maaş alırlar. Əcnəbilərin bu ixtisaslara qəbulu baxımından müəyyən məhdudiyyətlər mövcuddur.

 

Avstriya Respublikasında ali təhsil

 

Avstriyada ali təhsil müəssisələri sırasına universitet, incəsənət universitetləri, kolleclər (bu təhsil müəssisələrində müəllimlər və sosial işçilər kimi mütəxəssislər hazırlanır) və digər ali məktəblər daxildir. Ali məktəblərdə tələbələrə ümumi nəzəri biliklər verilir. Praktiki təcrübə və bacarıqlar əmək fəaliyyəti dövründə əldə edilir.

Avstriyada bütün universitetlər dövlət tərəfindən maliyyələşdirilir. Universitet əməkdaşları və müəllimlər dövlət qulluqçusu hesab olunurlar. Universitetlər federal büdcədən maliyyələşir.

1994-cü ildən ölkədə tətbiqi elmlər universitetləri fəaliyyətə başlayıb. Bu ali təhsil müəssisələrinin fəaliyyətinə Avstriyanın elm və tədqiqat naziri tərəfindən on altı nəfər ekspertdən təşkil olunmuş müstəqil agentlik nəzarət edir. Tətbiqi elmlər universitetlərinin təhsil proqramları digər ali məktəblərin təhsil proqramlarından fərqlənir. Bu universitetlərin təhsil proqramlarında peşə təhsili ali təhsil səviyyəsində öyrənilir və əmək bazarının tələbləri daha çox nəzərə alınır.

Müəyyən olunmuş vaxt ərzində ali təhsil proqramlarını mənimsəyən Avstriya və Avropa ölkələrinin vətəndaşları üçün ali təhsil ödənişsizdir. Universitetlərdə verilən bakalavr, magistr və doktor dərəcələri ABŞ, Kanada və digər Avropa ölkələrindəki müvafiq dərəcələrə uyğundur.

Hazırda Avstriyada 22 ali təhsil müəssisəsi, 18 tətbiqi elmlər universiteti, 11 özəl universitet fəaliyyət göstərir. 1365-ci ildə təsis olunmuş Vyana Universiteti Avropada qədim tarixi ənənələrə malik olan ikinci ən böyük universitet hesab olunur. Ali təhsil müəssisələrində dərs ili 8-12 semestrdən ibarət olur. Qış semestri oktyabrın 1-dən, yay semestri isə martın 1-dən başlayır. Hər bir semestrin sonunda imtahan verilir. Son kursda tələbələrdən diplom işi yazmaq tələb olunur.

Akkreditasiya Şurası tam müstəqil qərarvermə hüququna malikdir. Bu qurum özəl universitetlərin, akademik proqramların, akkreditasiyadan keçmiş özəl universitetlərin yenidən akkreditasiyası və onların fəaliyyətinə nəzarət məsələlərini həyata keçirir.

 Ən məşhur ali təhsil müəssisələrinin sırasına Vyana Universiteti, Vyana Tibb Universiteti, Təbii Resurslar və Tətbiqi Həyat Elmləri Universiteti, Vyana İqtisadiyyat və Biznes Administrasiyası Universiteti,  Vyana  Tətbiqi  İncəsənət Akademiyası, Vyana Musiqi Universiteti daxildir.

Avstriya ali məktəblərində kifayət qədər əcnəbi tələbələr təhsil alır. Ölkə universitetlərində oxumaq istəyən əcnəbilərdən alman dilini yüksək səviyyədə bilmək, orta məktəbi bitirmək haqqında sertifikat və sağlamlıq haqqında arayış tələb olunur.

 Avstriya universitetləri digər inkişaf etmiş ölkələrdə olduğu kimi, ən yüksək səviyyəli elmi-tədqiqat qurumları hesab olunur. 2004-cü ildən universitetlərin hamısı elmi-tədqiqat işlərində və təhsil fəaliyyətlərində muxtar status qazanıb, tam müstəqil hüquqi qurum kimi fəaliyyət göstərirlər.

 

Belçika Krallığında ali təhsil

 

Belçikada ali təhsilin Boloniya prosesinin prinsiplərinə uyğunlaşdırılması məqsədilə aparılan islahatlar bu sahədə ciddi dəyişikliklərə səbəb olub. Ölkənin 2003-cü ildə qəbul olunmuş Ali Təhsil Aktına əsasən ali təhsilin dərəcələri müəyyənləşdirilib. 2004-2005-ci tədris ilindən etibarən ali təhsildə bakalavriat, magistratura və doktorantura pillələri tətbiq edilməyə başlayıb.

Bakalavr dərəcəsinə yiyələnmək üçün 180 Avropa Kredit Transferi (AKT) əldə etmək tələb olunur. Magistr dərəcəsi üçün isə ən azından 60 AKT qazanmaq lazımdır. Bu tələbləri ödəyən məzunların diplomları Avropa ali təhsil məkanının 46 ölkəsində tanınır.

Ali təhsilin kifayət qədər inkişaf etdiyi Belçikanın ən böyük ali məktəbi Levren Universiteti hesab olunur. Bu universitet 14 fakültədən ibarətdir. Təhsil müəssisəsində humanitar fənlər, təbiət elmləri, texnologiya, bio-elm və tibb ixtisasları üzrə mütəxəssislər hazırlanır. Tədris proqramlarının holland və ingilis dillərində aparıldığı universitetdə 26000-dən çox tələbə təhsil alır. Onların 2300 nəfəri dünyanın 100 müxtəlif ölkəsindən olan əcnəbi tələbələrdir. Zəngin maddi-texniki bazası olan ali məktəbin dünya şöhrətli kitabxanasında dörd milyondan çox kitab və 15000-ə yaxın dövri nəşr var.

Belçikada universitetlərlə yanaşı, universitet kolleci də fəaliyyət göstərir. Universitet və universitet kollecində eyni ixtisaslar üzrə tədris proqramları fərqlidir. Yalnız universitetlərdə doktorluq dərəcəsi verilir. Universitet kollecində  isə müəyyən peşə istiqaməti üzrə bakalavr proqramı təklif edilir.

Universitetlər və universitet kollecləri bir-biri ilə yaxından əməkdaşlıq edirlər. Bu əməkdaşlıq elmi tədqiqat sahəsində  daha çox özünü büruzə verir.

Ölkənin ali təhsil müəssisələrinin fəaliyyəti əsasən hökumət tərəfindən tənzimlənir və onların inkişafı üçün lazım olan tədbirlər həyata keçirilir. Odur ki, ali təhsil müəssisələri daha çox təşkilati müstəqilliyə malikdirlər. Bu müstəqillik  maliyyə məsələlərində də özünü göstərir.

 

İtaliyada ali təhsil

 

 Təhsil və elm sahəsində beynəlxalq əlaqələrin inkişafına xüsusi diqqət yetirən İtaliya bir çox ölkələrlə ali təhsil, tələbə və müəllim mübadiləsi, həmçinin birgə tədqiqatlar istiqaməti üzrə fəal əməkdaşlıq edir.

İtaliya dünyada rəqabətədavamlı və yüksək səviyyədə ixtisaslaşmış ali təhsil məkanı kimi tanınır. Ölkədə 95 universitet fəaliyyət göstərir. Bu ali məktəblərin 70 faizi dövlət universitetləridir. Universitetlərin nəzdində 12 ixtisaslaşmış institut fəaliyyət göstərir.

Ölkə universitetlərində kənd təsərrüfatı, arxitektura, iqtisadiyyat, əczaçılıq, hüquq, mühəndislik, humanitar fənlər, müasir dillər, təhsil, biotəbabət, tibb, baytarlıq, təbiət elmləri, fizika, riyaziyyat, siyasi elmlər üzrə bakalavr, magistr və doktor dərəcəli mütəxəssislər hazırlanır. Universitetlərdə tədris prosesi ilə yanaşı, tədqiqat işləri də həyata keçirilir. Ölkə universitetlərində təxminən 1,25 milyon tələbə təhsil alır.

İtaliyanın ən qədim ali məktəbi olan Boloniya Universitetinin təşəkkül tarixi XI əsrə təsadüf edir. Bu təhsil ocağı 1088-ci ildə təsis olunub. Universitetdə  müxtəlif ixtisaslar üzrə 23 fakültə fəaliyyət göstərir. Bu ali məktəbin  İtaliyanın İmola, Ravenna, Forli, Sezena, Rimini və Argentinanın Buenos-Ayres şəhərində filial mərkəzləri vardır.

Digər ən qədim ali məktəblərdən hesab olunan Padua Universiteti 1222-ci ildə, Naples Universiteti isə 1224-cü ildə təsis olunublar. Turin, Romaş, Florensiya, Ferrara, Moderna universitetləri də İtaliyanın ən nüfuzlu ali məktəblərindən hesab olunur. Milanın Bokkoni Universiteti "Vol Strit" jurnalının apardığı reytinq sıralamasına görə dünyada fəaliyyət göstərən 20 ən yaxşı biznes ali məktəbi sırasına daxil olub.

Milan Universiteti tədqiqat işləri və tədris fəaliyyətinə görə beynəlxalq aləmdə ciddi şöhrət qazanıb. Bu universitet Avropa Tədqiqat Universitetləri Liqasının üzvüdür.

 

Səhifəni hazırladı: Yusif ƏLİYEV,

"Azərbaycan müəllimi"

 

Ölkələrin səfirliklərindən, təhsil nazirliklərinin və təhsilə aid digər qurumlarının rəsmi İnternet saytlarından əldə olunan materiallar əsasında

 

Azərbaycan müəllimi.- 2014.- 13 iyun.- S.7.