Öyrənmə fəaliyyətini
səciyyələndirən
xüsusiyyətlər
Kurikulum üzrə təlim əzbərçiliyə
deyil, həyati bacarıqlara, birbaşa nəticəyə aparan
yoldur. Bu zaman müəllim və şagirdlərin fəaliyyət
mexanizmi dəyişir. Müəllim də,
şagird də axtarır, tədqiq edir. Müəllim şagirdləri müstəqil,
yaradıcı fəaliyyətə istiqamətləndirməklə
onun öz fəaliyyətinin
nəticələrini qiymətləndirməyi bacaran
şəxsiyyət kimi
formalaşmasına bələdçilik etmiş
olur.
Təlim prosesinin düzgün
aparılması müəllimlərin öz
işinə yaradıcı münasibətindən
asılıdır. Hər bir şagird, hər seydən əvvəl, vətəndaşdır
və müəllim də şagirdə bu
istiqamətdə yanaşmalıdır. Müəllimin səmimi,
qayğıkeş münasibəti şagirdi
elmə, biliyə həvəsləndirir. Ona
görə də indi müəllimlər şagirdləri yormadan, az vaxt
sərf etməklə çox və
keyfiyyətli iş görməlidirlər.
Bugünkü işin keyfiyyəti əvvəlki
sistemə nisbətən qat-qat üstün olmalı, yenilik
hamının səyi ilə
reallaşdırılmalıdır. İndi
məqsəd daha müstəqil, fəal,
yaradıcı qabiliyyətə malik olan, həyati bacarıqlara yiyələnən
əsl vətəndaşlar formalaşdırmaqdır.
Uzun illik təcrübəmə əsaslanaraq
qeyd edə bilərəm ki,
şagirdlərin yaş və fərdi
xüsusiyyətlərini nəzərə almayan
müəllim müvəffəqiyyət
qazana bilmir. Şəxsiyyətə
hörmətlə tələbkarlığın birliyini təmin etmək tərbiyə
işində mühüm amillərdəndir. Dərs zamanı şagirdə valideyn qayğısı göstərən, nəvazişli
olan, güzəştə getməyi bacaran müəllim, eyni zamanda, ciddiliyini, tələbkarlığını
unutmursa, o, daim uğur qazanır.
Təlim və tərbiyənin
qarşılıqlı əlaqəsi və bir-birinə zəmin
yaratması pedaqoji prosesin
tamlığını daha da gücləndirir. Bunları nəzərə
alaraq dərslərimdə tədris etdiyim fənnin
tərbiyəvi imkanlarından nəinki maksimum
dərəcədə istifadə edir, həm
də bu işi dərsdənkənar
tədbirlərlə möhkəmləndirməyə
çalışıram.
Təlim zamanı diqqəti,
iradəni, təfəkkürü, təxəyyülü və
s. psixoloji xüsusiyyətləri
inkişaf etdirmədən mənimsəmənin
səviyyəsini yüksəltmək olduqca
çətindir. Müəllimlərin bir qismi şagirdlərin mümkün qədər çoxlu
faktları yadda saxlamasına üstünlük verir,
digər bir qismi isə
əsas diqqəti məntiqi mühakiməyə yönəltməklə
güman edirlər ki,
faktları şagird özü
də toplaya bilər. Yalnız
faktları yadda saxlamağa
və ya faktlarsız mühakimə
yürütməyə şagirdləri sövq
etməyin hər ikisi eyni
dərəcədə zərərlidir. Zənnimcə, bu iki qabiliyyət birlikdə
inkişaf etdirilməlidir.
Düşünməyi bacarmaq üçün şagird
faktları yadda
saxlamalıdır, yadda saxlamaq üçün
onları qruplaşdırmalı, müqayisə etməli, nəticə
çıxarmalı, yəni mühakimə yürütməlidir.
Hafizəni təfəkkürdən, təfəkkürü
hafizədən ayırmağa və onları ayrılıqda inkişaf etdirməyə meyil
göstərən müəllim şagird
psixikasının vəhdətdə formalaşmasına ziyan vurmuş olur.
Təlimdə şagirdin öyrənmə fəaliyyətini
səciyyələndirən xüsusiyyətlərdən bir neçəsini qeyd etmək
istərdim:
1. Öyrənmə
prosesində dərketmə əməliyyatlarının
olması.
2. Öyrənmədə
motivlərin rolu.
3. Öyrənmədə
dərketmə maraqları.
4. Öyrənmədə
ünsiyyət.
5. Öyrənmədə
şagirdlərin müstəqilliyi və fəallığı.
Şagirdlərdə
öyrənmə fəaliyyəti onlarda dərketmə
əməliyyatlarının sistemi kimi özünü
göstərir. Dərketmə əməliyyatı
dedikdə, yəni təlim tapşırıqlarının
şagirdlər tərəfindən uğurlu
icrasına imkan verən təfəkkür
tərzi nəzərdə tutulur. Şagird hər hansı bir
tapşırığı əməli şəkildə yerinə
yetirərkən, istər-istəməz, psixoloji
fəaliyyətdə olur. Bu zaman o,
sözlərdən, rəqəmlərdən, sxemlərdən
və başqa işarələrdən
istifadə edir. Şagird
öyrənmə fəaliyyəti zamanı psixoloji
səy göstərir, düşünməli olur.
Başqa
sözlə, təlim zamanı şagirdlər mənim rəhbərliyim
altında bilik əldə etməklə
yanaşı, həm də müstəqil öyrənməyə
də alışırlar. İbtidai sinif müəllimi kimi həmişə
şagirdlərimdə dərketmə marağının
inkişafına xüsusi fikir
verirəm. Şagirdlərimdə dərketmə maraqları
inkişafın müxtəlif mərhələlərində başqa-başqa formalarda özünü göstərir. Bu cür müxtəliflik
isə öyrənmədə uşaqların fəallıq və
müstəqillik dərəcəsini şərtləndirən
səbəblərdən biri olur. Dərketmə maraqlarının
şagirdlərdə inkişaf səviyyəsini
bu maraqların məzmununa görə təyin
etmək mümkündür. Məzmununa
görə şagirdlərin idrak
maraqları zəif, orta, yüksək olmaqla üç səviyyədə
özünü göstərə bilir.
Zəif səviyyədə
olan şagird hadisələrin
təsvirinə meyil edir.
Orta səviyyədə olan
şagird səbəb-nəticə əlaqələrini
aşkara çıxarmağa can atır.
Yüksək səviyyədə
olan şagird nəzəri
məsələlərə, tam müstəqil
fəaliyyətə, yeniliyə maraq
göstərir.
Səviyyələri
müəyyənləşdirəndən sonra
müəllim şagirdləri istiqamətləndirə bilir. Dərketmə marağı davamlı olarsa, şagirdlər təlimdə daha sərbəst, daha inamla, daha cəsarətlə
işləyərlər.
Məlumdur ki, məktəb şagirdi
hissə-hissə tərbiyə etmir, onu yalnız istehsalat üçün və ya
yalnız elm üçün
hazırlamır. Pedaqoji proses şagirdi geniş mənada
həyata hazırlayır, onu həm elmi biliklərlə silahlandırır, həm
də onda ətraf mühitə düzgün münasibət
formalaşdırır. Buna görə də
psixoloji inkişaf pedaqoji prosesin
tamlığına xidmət etməli olur.
Psixoloji inkişafda müəllim-şagird
ünsiyyəti də əsasdır. Təlimdə müəllimin
səmimiyyətindən, mülayimliyindən,
qayğıkeşliyindən çox şey asılıdır. Müəllimdə bu keyfiyyətləri görən şagirdin təlimə, məktəbə,
biliyə, öyrənməyə meyli
artır. Lakin əksinə olarsa, şagird nəinki həmin
müəllimlə ünsiyyətdən çəkinir, onun fənninə marağı azalır, hətta
başqa fənlərə də soyuq münasibət göstərir.
Nailə ABDALOVA,
Bakıdakı 9 nömrəli tam
orta məktəbin
ibtidai
sinif müəllimi, "Ən yaxşı
müəllim"
müsabiqəsinin qalibi
Azərbaycan
müəllimi.- 2014.- 20 iyun.- S.8.