"Dövlət
Proqramı ilə təhsil
aldığımız
üçün başqa ölkələrdən
olan tələbələr bizə həsədlə
baxırlar"
Kanadanın
Toronto Universitetində təhsil alan
azərbaycanlı
tələbə Mahirə Səfərəlizadə ilə
söhbət
Mahirə Mayis qızı Səfərəlizadə 1995-ci il
noyabrın 20-də Lənkəran rayonunun Gərmütük
qəsəbəsində anadan olub. VII sinfə qədər Bakının
70, 133 və 158 nömrəli
tam orta məktəblərində təhsil alıb. 2007-ci ildə anasının təkidi ilə
Bakı Dövlət Universitetinin nəzdində yenicə
açılmış "Gənc
istedadlar" liseyinə imtahan verib və VII sinfə qəbul
olunub. 2013-cü ildə
"Gənc istedadlar" liseyini qızıl medalla bitirərək Kanadanın Toronto Universitetinə
daxil olub. Hazırda
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində Toronto Universitetində
fiziologiya və immunologiya ixtisası üzrə bakalavr təhsili alır, II
kurs tələbəsidir. Bu günlərdə
"Gənc istedadlar" liseyində keçirilmiş
"Son zəng" mərasimində iştirak edən Mahirə
Səfərəlizadə rubrikamızın
qonağıdır.
- Mahirə xanım, orta məktəb illərində
daha çox hansı fənlərə üstünlük
verirdiniz?
- Qeyd edim ki,
bir sıra məktəblərdə təhsil
almışam və tədris fənlərində biliklərimin
bazasına görə II sinifdən VII sinfə qədər təhsil
aldığım Yasamal rayonundakı 158 nömrəli tam orta məktəbə
borcluyam. Qazandığım uğurlara görə
isə "Gənc istedadlar" liseyinə minnətdaram.
Liseyə qəbul olduğum VII sinifdən etibarən
rayon olimpiadaları, liseydaxili müxtəlif fənlər
üzrə yarışlarda iştirak etmişəm.
"Kiçik akademiya"da BDU-nun professoru Vaqif Salmanovla
işlədiyim "Lazerlər" layihəsi və s. məni
yarışlar, olimpiadalardan xəbərdar etdi və öz
üzərimdə daha həvəslə
çalışmağıma səbəb oldu. İlk
uğurum 2010-cu ildə "İntellekt marafonu-2010"
müsabiqəsində "Yaddaşın dəqiqliyi"
nominasiyasını qazanmağım oldu. Elə həmin
il, yəni X sinifdə "Xüsusi istedada malik
olan uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı üzrə Dövlət
Proqramı" çərçivəsində keçirilən yarışmada riyaziyyat fənni
üzrə II dərəcəli
diploma layiq görüldüm. Ümumiyyətlə, məktəb
illərində ən çox sevdiyim fənn riyaziyyat olub,
anamın riyaziyyatçı olmasının bu uğurlarımda öz yeri
var. 2012-ci ildə Bakı Slavyan Universitetində keçirilən
"Müasir Azərbaycan ulu öndər Heydər Əliyev
ideyaları işığında" şagird-tələbə
elmi konfransında I dərəcəli
diploma layiq görülmüşəm. Ən böyük
uğurum isə 2012-ci ildə respublikada keçirilən
"Sabahın alimləri" müsabiqəsində kimya
kateqoriyasında I
yeri tutaraq ABŞ-ın Pittsburq şəhərində
keçirilən Intel Isef (Beynəlxalq Elm və Mühəndislik
sərgisi) müsabiqəsinin iştirakçısı
olmağım olub.
- Uğurlarınız daha çox riyaziyyat sahəsində
olub. Bəs necə
oldu ki, tibb sahəsini seçdiniz?
- Tibb sahəsini seçmək
qərarına X sinifdə gəldim. Həkim olmaq çoxdankı arzum idi. Ancaq biologiyanı
heç sevmədiyimdən IV ixtisas qrupunu seçmək istəmirdim. Hər zaman riyaziyyata həvəsim
daha böyük olub və müəllimlərim də
riyaziyyatçı olmağımı, I ixtisas qrupunu seçməyimi
dəstəkləyib. Amma valideynlərimlə məsləhətləşdikdə
onların "Həvəsin olan fənlərə görə
deyil, sevdiyin ixtisaslara görə qrup seç" deməsi məni
IV qrupa yönləndirdi.
- Siz bir çox
müsabiqə və yarışların qalibi olmusunuz.
Ümumiyyətlə,
müxtəlif bilik olimpiadalarının həyatınızda
rolunu necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, kiçik müsabiqələr, siniflərarası
yarışlar məktəb illərində çox vacibdir. Bu yarışların hər biri məndə
inkişaf ruhunu və aktivliyi artırır. Məsələn,
liseyimizin "Kiçik akademiya"sında maraq
üçün işlədiyim "Lazerlər" layihəsi
olmasaydı, yəqin ki, mənim "Sabahın alimləri"
yarışına qatılmağa marağım olmayacaqdı
və mən heç vaxt Intel ISEF kimi dünyanın ən məşhur
elm yarışına ilk dəfə qatılan Azərbaycan
komandasının üzvü olmaq şansı əldə etməyəcəkdim.
"Sabahın alimləri" yarışı
üçün layihəni BDU-nun yüksək molekullu birləşmələr
kafedrasında Abdulseyid Əzizovun rəhbərliyi ilə
İradə Bünyadzadə və Rasim Alosmanovla birgə
işləmişəm. Bu cür müəllimləri
tanımağım, onların məsləhətlərindən
və laboratoriya təcrübələrindən
yararlanmağım mənə universitet həyatımın I
ilində çox köməyi oldu. Ümumiyyətlə,
getdiyim heç bir tədbir, yarış və olimpiada
boşa getməyib, hər birində xarici və yerli
iştirakçılarla söhbət vaxtı öyrəndiklərim
nə vaxtsa,
xüsusən qəbul imtahanı, I kurs və bəzən gündəlik
müzakirələrdə mənə lazım olub.
- Xaricdə təhsil
almağa necə qərar verdiniz?
- Xaricdə təhsil almaq qərarım tibb sahəsini
seçməyimlə birgə oldu.
Ən azından rezidenturanı xaricdə
oxumalı olduğumu düşünürdüm.
Çünki mənim fikrimcə, dünyanın müxtəlif
ölkələrinin praktikasından, insanlarının
yaşayış tərzindən və s. xəbərdar olmaq
istər adi bir insanın, istərsə də həkimin hər
hansı bir problemə və xəstəliyə baxış
bucağını genişləndirir. Bəxtim onda gətirmişdi
ki, mən Dövlət Proqramından xəbərdar idim,
çünki qardaşım Aqil məndən 2 il öncə
Dövlət Proqramı çərçivəsində
Toronto Universitetinin kimya mühəndisliyi ixtisasında təhsil
almaq hüququ qazanmışdı. Qardaşımın
tam şəffaf seçimlə bu proqrama qəbul olması məni
ruhlandıran əsas faktorlardan idi. Proqramın
bütün kriteriyalar üzrə tələblərini ödədiyim
üçün qəbul olacağıma çox əmin idim,
lakin müsahibə mərhələsinin seçim prosesinə
əlavə olunması məni bir az
qorxudurdu. Amma deyim ki, müsahibə çox rahat və səmimi
bir söhbət kimi keçdi, hətta yadımdadır, IV ixtisas qrupuna qəbul
imtahanından bir
gün qabaq oldu və mən müsahibədən
çıxanda yüksək bal yığmaq üçün
daha da ruhlanmışdım.
- Təhsilimizin inkişafı ilə bağlı nə
deyə bilərsiniz?
- Azərbayanda ali məktəb təhsili,
Təhsil Nazirliyinin hazırkı işləri, mənim fikrimcə,
yüksək tərifə layiqdir və təhsilimiz müasirləşir.
Məsələn, artıq SABAH
qruplarının yaradılması, İKT baxımından məktəblərdə
çox irəliləyişlərin olması, müəllimlərin
sınaq qiymətləndirilməsi və s. kimi yeniliklər
inkişafdan xəbər verir.
- Tələbə həyatınız, asudə
vaxtınız necə keçir?
- Tələbə həyatım maraqlı, amma çox
çətin keçir. Qardaşımla eyni evdə
qalmağıma baxmayaraq, bütövlükdə ailəmdən
ayrı qalmaq heç də asan deyil. Amma,
necə deyərlər, elm asan əldə olunmur. Əvvəllər çox çətin olsa da, vaxt
keçdikcə təhsilimin öhdəsindən gələ bildiyimi
gördüm və bu məni sevindirir. Xarici
tələbələrlə söhbət edərkən isə
elmi yenilikləri, onların planlarını eşidirəm və
bu da məni həvəsləndirir. Xarici tələbələrdən
ölkələrinin tarixini və mədəniyyətini
öyrənməyim tələbə həyatımın
ayrılmaz hissəsinə çevrilib. Tədris
ilində asudə vaxtım elə də çox olmur, olan kimi
şəhərin parklarına, Ontario gölunə və
xüsusilə də muzeylərə gedirəm. Muzeyləri o qədər çoxdur ki, Toronto şəhəri
mənim yadımda muzeylər şəhəri kimi qalıb.
Yayda asudə vaxtımı isə ailəmlə
gəzməklə, İnternetdən maraqlı məlumatlar
oxumaqla, bəzən yaxşı məqalələri tərcümə
edib sosial şəbəkələrdə dostlarımla
paylaşmaqla, bədii əsərlər oxumaqla və ən
maraqlısı, alman dilini öyrənməklə keçirirəm.
Qeyd etdiyim kimi, Torontoda yerlilər çox
azdır, əsasən gəlmələrdir. Xüsusən tələbələr arasında
Kanadada doğulub böyümüş tələbələrə
az-az rast gəlinir. Universitet xüsusi
çətinliyi ilə seçildiyi üçün yerlilər
buranı seçmir. Yəni, çoxmillətli
bir universitetdə oxuduğum üçün, ümumiyyətlə,
yerli və əcnəbi anlayışı yoxdur.
Yalnız avropalı, asiyalı, afrikalı və s.
anlayışlar var ki, onların da hamısına münasibət
eynidir.
- Azərbaycan diasporası ilə əlaqələriniz.
Ölkəmizi, mədəniyyətimizi uzaq
ölkədə təmsil edə bilirsinizmi? Kanadada Azərbaycana münasibət necədir?
- Torontoda 67 azərbaycanlı tələbə təhsil
alır və bizim münasibətlərimiz çox
yaxşıdır. Bir-birimizə dayaq olmağa
çalışırıq. Müstəqillik
günü, Novruz bayramı, Respublika günü kimi bayramlarda
yığışıb bu əlamətdar günləri birlikdə qeyd
edirik. Həmçinin 20 Yanvar faciəsinin,
Xocalı soyqırımının ildönümündə də
diaspora ilə birlikdə oluruq. Xarici
dostlarımızın bəziləri bu tədbirlərdə
iştirak etdiyindən artıq onların bir çoxunun
ölkəmizin tarixi və mədəniyyətimizdən
xəbərləri var. Təsadüfi deyil ki, 5 illik mübarizədən
sonra, nəhayət, Toronto şəhərində Xocalı
faciəsinə dair memorial qoyuldu. Eyni zamanda qondarma "erməni
soyqırımı"na memorial
qoyulmasının da qarşısı alındı. Bunların hamısında birlikdə keçirdiyimiz
aksiyaların öz rolu olub.
Qeyd edim ki, artıq Azərbaycanı
Kanadada çoxları tanıyır. Əcnəbi
dostlarımın Azərbaycanda həyata keçirilən
xaricdə təhsillə bağlı Dövlət Proqramına
böyük rəğbəti var. Dövlət
Proqramı ilə təhsil aldığımız
üçün başqa ölkələrdən olan tələbələr
bizə həsədlə baxırlar.
- Xaricdə təhsilin
hansı üstünlüklərini qeyd edə bilərsiniz?
- Artıq qeyd etdiyim kimi, dünyanın nüfuzlu
universitetlərində təhsil praktika baxımından
çox üstündür. Məsələn,
laboratoriya dərslərində tələbələrə tam
sərbəstlik verilir ki, bu da müstəqil işləməyi
öyrədir. Bundan əlavə, müxtəlif
ölkələrdən olan tələbələrlə
münasibət qurmaq sosiallığı və
tolerantlığı öyrədir. Bir
deyim var ki, öz dəyərlərini müdafiə etmək və
qarşındakının xətrinə dəyməmək
arasında keçən xətti tapmaq çox çətindir.
Mənə elə gəlir ki, xaricdə,
xüsusilə də Kanada kimi çoxmillətli bir yerdə təhsil
insana o xətti tapmağı öyrədir, bu da gələcəkdə
müxtəlif əqidəli, mədəniyyətli insanlarla əlaqədə
olmağı asanlaşdırır.
- Oxuduğunuz ali məktəb,
seçdiyiniz ixtisas barədə...
- Toronto Universiteti Kanadanın Ontario ştatının
Toronto şəhərində yerləşir. Kanadanın
ən yaxşı universiteti hesab olunur, dünya üzrə isə
13-cü yerdədir. Dərs
proqramının sıxlığı və
ağırlığı ilə seçilir. Tədris ili cəmi 8 aydır və material da
çoxdur, ona görə dərs ili ağır keçir. 1827-ci ildə yaradılıb və bu qədimlik həm
binaların dizaynında, həm də kitabxanaların elmi məqalə
bazalarında özünü göstərir. Tibb ixtisası Torontoda ən çox rəqabətlı
olan və çətin ixtisas hesab olunur. Qaydalara
görə tibb təhsilinə birbaşa başlamaq olmaz, bunun
üçün əvvəlcə hər hansı bir təbiət
elminə aid ixtisası oxuyub bitirmək lazımdır.
Daha sonra isə MCAT imtahanında balınız, oxuduğunuz
illərdə bal ortalamanız və
yaydakı könüllü hospital, laboratoriya və sosial fəaliyyətlərdə
aktivliyiniz nəzərə alınaraq tibbə qəbul
olunursuz. Qəbul
prosesinin ötən illərki statistikasına görə, sənəd
verən hər 10000 tələbədən yalnız biri tibbə
keçid hüququnu qazanıb. Hazırda
mən tibbə qədərki ixtisas olaraq fiziologiya və
immunologiya ixtisasını seçmişəm. Tibb təhsilimi davam etdirmək hüququ
alacağıma inanıram, amma bunun Kanadada, yoxsa başqa bir
ölkədə olacağına hələ ki, qərar verməmişəm.
Amma mən tibb təhsilimi Kanadadan daha çox Almaniyada
davam etdirmək istəyərdim, çünki fərqli
ölkələrdə təhsil almağın daha faydalı
olduğunu düşünürəm.
- Oxuduğunuz ali məktəbdə
müəllim-tələbə münasibəti necədir? Hansı maraqlı məqamları qeyd edə bilərsiniz?
- Oxuduğum universitetdə bu, sırf tələbədən
asılıdır. Müəllim tələbəni heç
tanımaya da bilər, tələbəylə dost da ola bilər. Ümumiyyətlə,
müəllimin tələbəylə mühazirə oxumaqdan
başqa heç bir əlaqəsi yoxdur. Mühazirələrə
qatılıb-qatılmamaq tələbənin öz
seçimidir, qayıb məsələsi və bizdəki kimi
seminar məşğələləri olmadığından,
müəllimin tələbəni heç tanımaması normal bir haldır. Lakin mən professorlarla yaxın ünsiyyəti daha
üstün tuturam. Professorların ofis saatları olur və
mühazirədə
anlamadığımız hər bir şeyi istər dərsdə, istərsə də fərdi şəkildə
ofis saatlarında soruşmaq hüququmuz var. Qeyd edim ki,
professorlar ofis saatlarında çox səmimi və mehriban
olurlar, işlərin necə getdiyi ilə maraqlanırlar. Mühazirələrdə də zarafatcıl və
şən olmalarına baxmayaraq, onların ofis saatları
xüsusən maraqlı keçir. Küçədə professorla
qarşılaşmağın isə öz maraqlı
anları var. Onları
ya velosiped sürərkən, ya da sürətlə yeriyərkən
görmək olar, çox sadə və işgüzar görkəmləri
olur. Salamlaşdıqda isə məmnuniyyətlə
söhbətə başlayırlar.
- Universitetdə imtahan sessiyası necə təşkil
olunur?
- Bir dərs ili iki semestrə
bölünür. Hər semestrin axırında
final imtahanları olur. Final imtahanına qədər
isə dərsdən asılı olaraq 1 və ya 2
yarımfinal imtahanı olur. İmtahanların
quruluşu da fənlərdən asılı olaraq dəyişir.
İmtahanlar bəzi fənlər üzrə test üsulu ilə, bəzilərində
yarı test və yarı açıq sual üsulu ilə, bəzi
fənlərdə isə inşa və ya layihə üsulu ilə
olur. Deyim ki, imtahanlar güclü məntiq və
analiz tələb edir, çünki suallar
orijinallığı ilə seçilir.
- Seçdiyiniz ixtisas Azərbaycan üçün nə
dərəcədə önəmlidir?
- Hazırda oxuduğum immunologiya Azərbaycan üçün
yeni sahədir. Təzəcə inkişafa başlayıb. Azərbaycanda
bu işin çox az mütəxəssisi
var və ehtiyac
böyükdür. Düşünürəm ki, immunoloq kimi ölkəmə böyük
xeyir verə bilərəm, amma arzum həkim olmaqdır və
təhsilimi davam etdirməyi düşünürəm. Həm
immunoloq, həm həkim olaraq millətimizə çox
yararlı ola biləcəyimi
düşünürəm. İmmunoloq olaraq
insanların xəstəliklərinin qarşısını
almaq, xəstələndikləri təqdirdə isə həkim
olaraq müalicəetmək çox gözəl səslənir.
Bu arzumu reallaşdıra biləcəyimə
inanıram.
- Gənclərimizin xaricdə təhsil almaq səylərinə
necə baxırsınız? Sizcə təhsildə
uğur əldə etməyin sirri nədədir?
- Artıq qeyd etdiyim kimi, mən müxtəlif ölkələrdə
təhsil almağın tam tərəfdarıyam. Amma burada bir problemi qeyd edim ki, bəzi gənclər
necə olursa-olsun "xaric olsun" ideyası ilə
yaşayır ki, mən bunu dəstəkləmirəm. Uğurun sirri ada, diploma, ixtisasın məşhurluğuna
görə deyil, istəyə, marağa görə
oxumaqdır və mütəxəssis olmaq üçün
çalışmaqdan zövq almaqdır. İnternetin,
kütləvi materialların olduğu bir dövrdə istər
Vətəndə, istərsə də xaricdə peşəkar
olmaq mümkündür.
-Gələcək planlarınız ?
- Planlarım çoxdur, amma hamısının əsasında
cəmiyyətə yararlı bir mütəxəssis olmaq
durur. Hələ ki, əsas fikrim fiziologiya və
immunologiya ixtisasına mükəmməl yiyələnib tibb
ixtisasına qəbul olmaqdır. Həkim
olduqdan sonra isə Azərbaycana qayıtmağı, burada
insanlara vicdanla xidmət etməyi düşünürəm.
- Biz də sizə təhsilinizdə yeni-yeni uğurlar
diləyir, Azərbaycan
təhsili və elmi naminə yeni zirvələr fəth etməyi
arzulayırıq.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2014.- 20 iyun.- S.7.