Bakı məktəblisi beynəlxalq müsabiqənin

Qran-pri mükafatına layiq görülüb

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıdakı G. Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano ixtisası üzrə 10-cu sinif şagirdi Atabala Manafzadə 2014-cü il 6-9 iyun tarixlərində   İsveçin Stokholm şəhərində keçirilən III beynəlxalq musiqi müsabiqəsində uğurla iştirak edib.  İsveçin "Konçertante" Assosiasiyası, "Maestro Akademiya" təşkilatı və Rusiyanın Gertsen adına Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə gerçəkləşən  müsabiqəyə ABŞ, Almaniya, Avstriya, Azərbaycan, Belarus, Belçika, Bolqarıstan, Çin, Estoniya, Serbiya, Yaponiya, İtaliya, Fransa və digər ölkələrdən 5 yaş qrupu üzrə 150 yeniyetmə gənc pianoçu qatılıb. Beynəlxalq münsiflər heyətinin qərarına əsasən  Atabala Manafzadə I dərəcəli diploma və müsabiqənin laureatı adına layiq görülüb.  İstedadlı gənc eyni zamanda  bu il 11-17 iyun tarixlərində Almaniyanın Muehlaker şəhərində keçirilmiş "Baden-Vürtemberqdə musiqili atəşfəşanlıq" adlı IV beynəlxalq müsabiqədə də iştirak edib və ən yüksək mükafata - Qran-pri mükafatına layiq görülüb.

Qeyd edək ki,   A.Manafzadə  ilk uğuruna  2009-cu ildə imza atıb. O, gənc pianoçularn II respublika müsabiqəsində  I dərəcəli diploma layiq görülüb. 2010-cu ildə Polşanın Azərbaycandakı səfirliyi  və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuş uşaq və gənclər üçün F.Şopen müsabiqəsində, istedadlı uşaqların respublika müsabiqəsində, gənc pianoçuların festivalında  uğurlu ifalarına görə diplomlarla mükafatlandırılıb. 2012-ci ildə isə  Belqrad şəhərində IX Davorin Jenko beynəlxalq müsabiqəsinə qatılaraq iki yaş kateqoriyasında I dərəcəli mükafat və fəxri laureat adı qazanıb. 2012-ci  ildə  Atabalanın adı  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə  gənc istedadların "Qızıl kitabı"na yazılıb və o,  Prezidentin  xüsusi aylıq təqaüdünə layiq görülüb.

Çoxlu sayda  mükafatlar sahibi olan paytaxt məktəblisi  Bakıdakı 4 nömrəli tam orta məktəbdə təhsil alır.  Onunla görüşdükdə söylədi ki,   beynəlxalq müsabiqələrdə  dünya bəstəkarlarının - V.Motsartın, F.Listin, İ.Baxın, R.Şumanın, Ü.Erikin, Qara Qarayevin  və digərlərinin əsərlərini sevə-sevə ifa edir və gələcəkdə  böyük musiqiçi olacağına ümid bəsləyir.

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2014.- 26 iyun.- S.3.