Narkomaniyanın cəmiyyətə vurduğu ziyan

 

Biz dünyada ümumbəşəri problemlərin tezliklə həll olunmasının tərəfdarıyıq və bundan sonra da bütün insanlar üçün böyük təhlükə olan narkomaniya və narkobizneslə mübarizənin ön sıralarında olacağıq”

Ümummilli Lider Heydər Əliyev

 

Azərbaycan Respublikası ərazisində narkomaniya və narkobizneslə bağlı mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması hökumətin və dövlətin əsas fəaliyyət istiqamətlərindən biridir. Qəbul olunan qanununnormativ aktların məqsədi narkotiklərin dövriyyəsi ilə bağlı sosial, iqtisadi, hüquqi münasibətlərdə baş verən dəyişiklikləri özündə əks etdirməkdir. Bununla yanaşı, ölkədə hüquq-mühafizə orqanları səviyyəsində də narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı lazımi mübarizə aparılır.

Bu gün bəşəriyyəti düşündürən, rahatsız edən ən ağrılı problemlərdən biri və ən başlıcası, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadır. Ancaq yaddan çıxarmaq olmaz ki, narkomanlıq yoluxucu xəstəlikdir. HİV virusuna, QİÇS-ə aparan bir yol kimi, gizli şəkildə sürətlə yayılmaq xüsusiyyətlərinə malikdir. Yeniyetmə və gənclərin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, şəxsiyyətin məhv olmasına və sosial tarazlığının pozulmasına, ətrafdakı insanlara daha çox cinayətkar simasının aşılanmasına, ən əsası da sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur.

Son zamanlar bütün ölkələri narahat edən əsas məsələlərdən biri narkomaniyanın yayılmasıdır. Azərbaycanı da məhz həmin ölkələrin siyahısına əlavə etmək olar. Narkomaniyanın getdikcə genişlənərək cəmiyyətin və dövlətin qarşısında duran vacib problemlərdən birinə çevrilməsi, gənclər arasında narkoman və toksikomanların sayının sürətlə artması, narkotiklərə aludə olanların orta yaş həddinin aşağı düşməsi və narkomaniya ilə əlaqədar cinayətlərin sayının artması əksər dövlətlərdə olduğu kimi ölkəmizdə də narahatçılıq doğurur, mövcud problemin həlli üçün yollar araşdırılır, müxtəlif təkliflər irəli sürülür. Narkotiklərin qeyri-qanuni dövriyyəsi və istifadə miqyasının genişlənməsi əhalinin sağlamlığına, millətin genefonduna, sosial-siyasiiqtisadi stabilliyinə, dövlətin təhlükəsizliyinə və ictimai asayişə ciddi təhlükə yaradan amilə çevrilir. Bir çox insanlar narkomaniyanın əslində nə olduğunu anlamırlar və ya anlamaq istəmirlər.

Narkomaniya-fiziki sağlamlığın ağırlaşması ilə təsadüf edən şəxsiyyətin total pozulmasıdır. Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş şəxslər arasında gənclərin sayının artması narahatçılıq doğurmaya bilməz. Narkomaniya ilə mübarizədə ən effektiv vasitələrdən biri narkotik istifadəçilərinin ilkin mərhələdə aşkar edilməsi, onlara narkotiklərdən istifadədən imtina etmələri üçün yardım edilməsidir. Bu, narkotik vasitələrdən qanunsuz istifadəyə meyilli şəxslərin aşkar olunması sistemi, qeyri-tibbi narkotiklərin istifadəsinin genişlənməsinin qarşısının alınması, qabaqlama və müalicə-profilaktika tədbirlərinin ümumi kompleksinin vacib elementi kimi qiymətləndirilir.

Narkomaniya xəstəliyinə düçar olmuş yeniyetmə və gənclərin vaxtında müəyyən edilərək barələrində tibbi-profilaktik və maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi baxımından, təhsilalanların narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmələrinin və asılılığının aşkarlanması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin birgə fəaliyyət planına əsasən “Narkotiklərə YOX deyək!” şüarı altında kampaniyaya start verilmişdir. Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri adı çəkilən tədbirdə yaxından iştirak etmişdirlər. Gənclərin sağlam həyat tərzi ruhunda tərbiyə edilməsi ilə bərabər, narkomanlığın cəmiyyətə vurduğu ziyana qarşı aparılan mübarizə tədbirlərinə dair Bakı şəhərinin Sabunçu, Nəsimi, Binəqədi, Qaradağ, Suraxanı və Xətai rayonlarında Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə tədbirlər keçirilibbu problemlərə həsr olunmuş mühazirələr oxunub. O cümlədən bu günə qədər 48 Bakı şəhəri məktəblərində, Qorki adına kitabxanada, Xətai rayon Mədəniyyət saraylarında, Sumqayıt şəhəri Corat, Gəncə, Lənkəran, Mingəçevir şəhərlərində tədbirlərdə iştirak etmişlər.

Məqsəd: yeniyetmələrə narkotik maddələrin ziyanlı tərəfləri, sonra baş verə biləcək fəsadları barədə maarifləndirmə tədbirlərinin aparılmasıdır. Bu tədbirlərin keçirilməsi yeniyetmələr arasında narkomaniya xəstəliyinə düçar olmanın qarşısının alınmasına yönəlmişdir.

31.12.2013-cü il tarixinə olan məlumata görə, ölkə üzrə qeydiyyatda olan narkomanların ümumi sayı 28376 nəfərdir. Onlardan 1509-u 2013-cü ildə qeydiyyata götürülüb.

Ötən il RNM-nin stasionarına qəbul olunan 982 nəfər xəstədən 949 nəfər kişi, 33 nəfər qadın narkomaniya diaqnozu ilə daxil olub.

2013-cü ildə Respublika Narkoloji Mərkəzində 1988 nəfər Məcburi Narkoloji Tibbi Yoxlamadan keçirilib. Onlardan 1003 nəfəri məcburi müalicəyə ehtiyacı olanlar, 404 nəfərini isə məcburi müalicəyə ehtiyacı olmayanlar təşkil edib.

RNM-də müayinə və müalicə olunan bütün xəstələr İİV/QİÇS-ə və Hepatit B və C virus infeksiyasına, sifilisə görə müayinə olunurlar. Xəstələrin müalicə və müayinə prosedurlarının, onlara göstərilən tibbi xidmətin yaxşılaşdırılması məqsədilə xəstəxana Səhiyyə Nazirliyi tərəfindən dərman vasitələri və tibbi avadanlıqlarla tam təmin olunur.

İİV-infeksiyasının inyeksion narkotik istifadəçiləri arasında yayılmasının profilaktikası məqsədi ilə respublika, şəhər və rayon narkoloji dispanserlərinin qeydiyyatında olan xəstələrin qan nümunələri QİÇS-lə Mübarizə xidməti müəssisələrinə göndərilir və İİV-ə müayinə olunur.

QİÇS-lə Mübarizə Mərkəzinin qeydiyyatında olan İİV-müsbət insanlar mövcud qaydalara uyğun olaraq mütəmadi olaraq Respublika Narkoloji Mərkəzinin və Bakı şəhər Narkoloji Dispanserinin həkim-mütəxəssisləri tərəfindən müayinə olunurlar.

Respublika Narkoloji Mərkəzində həmçinin Metadonla əvəzedici müalicə proqramı həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 yanvar 2006-cı il tarixli qərarı ilə ölkəmizdə “Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin Şərtləri və Qaydaları” təsdiq edilib. Bu proqramlar inyeksion yolla narkotik maddələr istifadə edənlər arasında İİV/QİÇS-in yayılmasının qarşısını almağa yönəlib. Hazırda Metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə bu proqram çərçivəsində 137 xəstə müalicə alır. O cümlədən, RNM-də 89 nəfər, QİÇS-lə Mübarizə Mərkəzində isə 48 nəfər xəstə bu proqramda iştirak edir.

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində insan immunçatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsinin yaradılması barədə” 22/I-ŞH saylı 16.07.2011-ci il tarixli əmrinə əsasən 14.07.2011-ci il tarixdən Respublika Narkoloji Mərkəzində insanın immunçatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsi yaradılmışdır. 2013-cü il ərzində müayinədən 2286 nəfər keçmişdir. Onlardan 77 nəfərdə İİV yoluxması aşkar olunmuşdur.

Respublika Narkoloji Mərkəzində 2013-cü il ərzində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinələrdən 24920 nəfər keçmişdir. Onlardan 513 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunmuşdur və 170 nəfərdə müsbət nəticə alınmışdır.

Bu günə kimi narkomaniyanın təhlükəli fəsadlarını biz üçüncü şəxslər valideynlər, tərbiyəçilər, müəllimlər tərəfindən nəzərdən keçirirdik. Bu yalnış fikirdir, ona görə ki, narkotik maddələrdən asılı olan hər bir şəxsin həyatında bu asılılıqdan qurtarmaq istəyi yaranan bir məqam olur. Bəzən bu məqam gec, insanın sağlamlığının tam pozulduğu iradəsiz məxluqa çevrildiyi vaxt gəlib çatır.

Özünün səmimi istəyinə baxmayaraq köhnə narkomanlar təcrübəli yardım olmadan bu vəziyyətdən çıxa bilmirlər. Çox vaxt xəstə asılılıqdan qurtarmaq üçün bir sıra özbaşına təşəbbüslərə əl atır, lakin bunlar hamısı uğursuzluqla nəticələnir. Narkomanın müalicəsinin ehtimalı, asılılığın inkişaf etdiyi bütün mərhələlərdə mövcuddur. Yeniyetmənin əvvəlcə psixi, sonra isə fiziki asılılığa düçar olması onun sağalmaq ehtimalını azaltsa da, ümiddən düşməyə dəyməz.

Xəstəliyin müalicəsinin real ehtimallarının səviyyəsi xəstənin valideynlərinin, qohumlarının, yaxın dostlarının köməyindən asılıdır. Hətta köhnə narkomanın ölümdən xilas olunmaq üçün şansı var. Əgər bu yardım olmasa, o zaman narkomanı insan şəraitinə bənzəməyən acınacaqlı bir həyat gözləyir.

Narkomaniyaya ayrıca konkret bir xəstəlik kimi baxmaq lazımdır.

Bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniya, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurmaqla yanaşı, həm də sosial-iqtisadi inkişafa mənfi təsir göstərir. İnsanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradır, cinayətkarlığın artmasına təkan verir. Təəssüflər olsun ki, ölkəmizdə gənclər arasında psixoaktiv maddə qəbul edənlərin sayı artmaqdadır. Belə hesab etmək düzgün olmaz ki, psixoaktiv maddə qəbul edənlər yalnız qeyri normal ailədən olan uşaqlardır. Hətta, normal təməli, tərbiyəsi olan ailələrin övladlarında da bu hallara az təsadüf edilmir. Valideynlər ilk növbədə öz övladının davranışını müşahidə etməlidir. Narkomaniya bir neçə saat ərzində formalaşmır. Narkomaniya ay ərzində, bəzən isə bir neçə ay ərzində formalaşır. Əsasən, bu vaxtlar Siz övladınızın davranışındakı dəyişikliyi müşahidə edə bilərsiniz. İlk növbədə Sizin diqqətinizi 3 vacib əlamət cəlb etməlidir:

1. Əhval-ruhiyyənin səbəbsiz kəskin qalxıb-enməsi. Bu halda iki vəziyyəti müşahidə etmək olar:

a) həddindən artıq şən, hərəkətli ünsiyyətə həvəslə daxil olma

b) süst, aqressiv və özünə bir qədər qapalılıq

2. Yuxu ritminin pozulması. Psixoaktiv maddə qəbul edən şəxs gün ərzində əzgin, yuxulu olmağına baxmayaraq, axşam və gecə çox enerjili, nə isə etmək arzusunda olur. Yuxu ritminin pozulması nəticəsində çox zaman səhərə yaxın yuxulayır. Səhərə qədər kompüter qarşısında əyləşə, hansısa musiqi alətində ifa edə və ya musiqi dinləyə bilər. Növbəti gün isə yenidən yuxulusüst olacaq.

3. İştahanın və qida qəbulunun pozulması. Aclıq hissi olmurgün ərzində heç bir qida qəbul etməyə bilər və ya əksinə, doyma hissi olmadan həddindən çox qida qəbul edə bilər. İlk vaxtlarda psixoaktiv maddə qəbul edən, narkotik sərxoşluq vəziyyətini gizlətməyə çalışır, bu halını evdən kənarda keçirir. Yeniyetmənin xarici əlamətlərindəki dəyişikliklərə də fikir vermək lazımdır. Dərinin avazıması, göz bəbəklərinin daralması və ya genişlənməsi, nitqin ləngiməsi, hərəkətlərinin qeyri dəqiqliyi, iynə izlərinin müşahidə olunması, artan laqeydlik, yaddaşın və diqqətin zəifləməsi, gözlərin selikli qişasının qızarması və ya avazıması, yalan danışmağa meyllik, valideynin övladından şübhələnməsinə zəmin yarada bilər. Bu əlamətləri müşahidə etmiş valideynə övladının narkomaniyaya düçar olub-olmamasını dəqiqləşdirmək üçün həkim narkoloqa müraciət etməsi məsləhətdir.

Bir sıra dövlətlərdə olduğu kimi, Azərbaycanda da narkomaniya və narkobiznesə qarşı mübarizə günü-gündən gücləndirilir.

 

Telman Məmmədhəsənov

Azərbaycan Respublikası

Səhiyyə Nazirliyi Respublika

Narkoloji Mərkəzinin direktoru

 

İki sahil.- 2014.- 8 mart.- S.22.