Ağdam məktəbliləri nikbindirlər
"Biz dərslərimizin güllə səsləri altında keçilməsinə artıq vərdiş etmişik"
Bu
günlərdə Ağdamın Əfətli kəndinə yolumuz düşmüşdü.
Bərdədən üzü Əfətliyə
doğru uzanan
yolların sağında- solunda
gözümüzə dəyən
adda-budda
tikilmiş kiçik
evlərdə iyirmi ildən
artıqdır ki, erməni təcavüzü
nəticəsində yurd-yuvasından perik düşən
soydaşlarımız yaşayır. Quzanlı artıq rayon mərkəzinə oxşayır. Burada həyat qaynayır. Nəhayət, Əfətliyə
çatırıq. Əfətli Evoğlu,
Qaradağlı və s. kəndlərlə
qonşu olmaqla
yanaşı, həm də düşmənə sinəsini
sipər edən kəndlərimizdəndir. Bu
kəndlərdən ilk erməni postuna əlimizi uzatsaq çatar. Buralara bahar erkən gəlib.
Alça, ərik, albalı
ağacları artıq çiçək açıb,
salxım söyüdlər yarpaqlayıb. Görən səngərlərin
o biri üzündə
əsir qalan Ağdamda bahar nə rəngdə,
nə donda, nə ovqatdadır?.. Atəşkəs
rejimini hər gün pozan düşmən silahlarının vahiməli
səslərinə bu yerlərdə yaşayan əhali artıq vərdiş edib. Hamı öz işində -
gücündə, bağında-bağçasında gündəlik
qayğıları ilə məşğuldur. Əfətlidə
xeyir işə gəldiyimiz evin üzbəüzündə
yenidən tikilən, hazırda tamamlama
işləri gedən üçmərtəbəli kənd tam orta məktəbi yerləşir.
"Bəs, əvvəllər bu
məktəbə gedən uşaqlar indi harada oxuyurlar"
- sualıma "Evoğlu kəndindəki
tam orta məktəb bura ən yaxın olduğundan
uşaqlarımız hələlik həmin məktəbə
gedirlər. İnşallah növbəti dərs
ilində öz məktəbimiz
istifadəyə veriləcək"- cavabını alıram.
Evoğlu məktəbi doğrudan
da düşdüyümüz
evin lap
yaxınlığında imiş. Əvvəl
məktəbin həyətindəki uşaqlarla
söhbət etdim.
Osmanlı Xətai Şamil
oğlu: - Gözümü bu kənddə dünyaya açmışam. İndi
17 yaşım var. 11-ci sinifdə oxuyuram. Əslimiz
də elə bu kənddən-
Evoğludandır. Biz dərslərimizin güllə səsləri
altında keçilməsinə
artıq vərdiş etmişik. Cəbhə zolağında yaşamağın öz çətinlikləri,
narahatlıqları olsa da,
bütün bunlar bizim dərsə
davamiyyətimizi əngəlləyə bilmir.
Çünki biz
şagirdlər yaxşı bilirik ki, düşmənə qol
gücündən də əvvəl ağılla, biliklə qalib gəlməyi bacarmaq
lazımdır. İnşallah bu il tələbə
olmaq arzusundayam.
- Xətai, sinif
yoldaşlarından ali məktəbə hazırlaşmaq üçün
müəllim yanına gedən varmı?
- Xeyr.
Mən özüm də ali
məktəbə hazırlaşıram. Bizə
əsas biliyi məktəb verir. 11-ci sinfə keçdikdən
sonra hər şagirdə 10 saat əlavə seçmə
saat ayrılıb. Burada müəllimlər bizə ən yüksək səviyyədə
dərs öyrədirlər.
Bizim repetitor yanına getməyə ehtiyacımız
yoxdur.
Məmmədov Elçin Vaqif oğlu: - Ailəliklə
bu
yaxınlara kimi Bakıda yaşadığımız
üçün mən
də orada oxuyurdum. Sonra köçdük Evoğlu kəndinə.
İndi
18 yaşın içindəyəm,
11-ci sinifdə oxuyuram.
Əvvəllər çox narahat
olurdum, atəş səslərinə öyrəşə
bilmirdim. Sonra alışdım.
Nə etməli? Axı burada hər
gün atışma olur?! Hamımız güllə
səslərini ayırd
edə bilirik. Doğrudur, hər dəfə
düşmən atəşkəsi
pozanda narahat oluruq, amma bu
bizim gündəlik həyatımıza mane olmur.
- Elçin, hansı
ali məktəbdə
oxumaq istərdin?
- Düzünü desəm,
arzum, hər şeydən əvvəl,
əsgər olmaqdır.
Bircə bu qaniçənləri torpaqlarımızdan
süpürüb ata bilsəydik!
Mirzəyev Ramil Ramiz oğlu: - İxtisasca tarix-coğrafiya
müəllimiyəm. 1998-ci ildən burada- Ağdam rayonunun Əsgər Əliyev adına Evoğlu kənd tam orta məktəbində çalışıram.
Gördüyünüz bu məktəbdən
düşmən postuna
qədər olan məsafə bir kilometrdən də azdır. Amma düşmənlə aramızdakı
məsafənin bu qədər az
olması heç də şagirdlərimizin
davamiyyətinə, biz müəllimlərin
də normal dərs keçməyimizə mane ola
bilmir. Dərs keçdiyimiz zaman
bir də görürük ki, atəşkəs pozuldu, atışma başladı,
əhali arasında çaxnaşma düşdü.
Özü də atəşkəs rejimi həmişə ermənilər
tərəfindən pozulur.
Əvvəlki vaxtlara baxmayın,
indi nisbi sakitlikdir, bizimkilər də düşmən mövqeləri ilə mətinliklə üzbəüz
dayanıblar. Bax elə
bunun sayəsində də bizim normal dərs keçmə şəraitimiz təmin olunub. Silah səsləri dərsimizin
gedişatına zərər
vermir. Çünki
güllə səsləri
altında dərs oxumaq və ya dərs keçmək,
nişan aparmaq, toy etmək, uşaq böyütmək, həyət-bacada
işləmək, əkin
əkmək, bağ sulamaq artıq bizlərin, yəni, bu yerlərin sakinlərinin həyat tərzimizə çevrilib.
Şagirdlərimiz hətta
güllənin səsindən
belə ayırd edə bilirlər ki, hansı silahlardan atəş açılır. Uşaqlar da,
biz müəllimlər də
artıq güllə səslərinə vərdiş
etmişik. Yəni bir növ qulağımız da öyrəşib, psixologiyamız da uyğunlaşıb
silah səslərinə...
- Bildiyimə görə
buradan Ağdam şəhərinin mərkəzinə 10-12 dəqiqəlik
yoldur.
- Elədir ki,
var. Bilirsiniz, adam öz doğmasının
yaxınlığında olanda
təhlükəni nə
hiss edir, nə də qorxur. Vallah buradan əlimizi uzatsaq Ağdama çatar. Bu durduğumuz yerdən
düz Ağdam şəhərinin mərkəzinə
cəmi 12 kilometrdir.
Əgər Ağdam yağı əlindədirsə,
onu darda qoyub buradan hara uzaqlaşa bilərik ki?
Məmmədov Raqub Əyyub oğlu: - Mən Ağdam Rayon Təhsil Şöbəsinin əməkdaşıyam.
Biz bu yaxın günlərdə
Evoğlu məktəbində özümüz Novruz
şənliyi keçirəcəyik. Hər il Novruza aid
səhnəcikləri dörd nəfər
məktəbli hazırlayırdı, amma bu il Ağdam
teatrından aktyorlar dəvət etmişik.
Çünki builki Novruzumuzu daha təntənəli,
daha möhtəşəm keçirməyi
planlaşdırmışıq. Ağdam
məktəblərində hərbi-vətənpərvərlik
tərbiyəsinə çox fikir verilir. Bütün məktəblərdə, həmçinin
bütün
siniflərdə "Qarabağın qan
yaddaşı" kitabı var. O kitabın içərisində əsirlikdə qalan hər bir rayonumuzun adı, işğal
olunduğu tarix, o rayonun ərazisində olan tarixi abidələr, mədəniyyət
ocaqları, torpaqlarımızın neçə faizinin işğal
altında olması, şəhidlərimiz, milli
qəhrəmanlarımız
haqqında məlumatlar var. Hansı şagirdimizdən hansı rayonumuzla bağlı nəyi soruşmaq
istəsəniz, çaşmadan sizə cavab verəcək.
Biz tez-tez, məsələn
Yeni il bayramında da, indi Novruz
bayramında da şagird
və müəllim kollektivimizlə birlikdə yaxın ərazilərdəki əsgərlərimizin
görüşünə gedirik.
Hazırda Evoğlu məktəbliləri əsgərlərin
görüşünə
hazırlaşır, onlara Novruz sovqatı aparmaq üçün tədarük
görürlər. Bayram günlərində
elliklə - yerli hakimiyyətin, təhsil
şöbəsinin nümayəndələri məktəbin müəllim-şagird
kollektivi ilə birlikdə əllərimizdə sovqat dolu xonçalar gedirik əsgər
balalarımızın bayramını təbrik etməyə.
Şagirdlərimiz orada
çalıb-oynayırlar, bayram ovqatı
yaradırlar.
- Təhsilverənlər
və təhsilalanlar üçün cəbhə
zolağında yaşamağın çətinlikləri nədir?
- Yadıma
düşmüşkən bir faktı
deyim:10 gün bundan əvvəl
Ağcabədidə regional şöbədə
TQDK-nın müzakirəsində yeddi rayon iştirak edirdi. Bu rayonların içərisində
Ağdam məktəblərinin əksəriyyətinin
cəbhə zolağında və ya
müvəqqəti qonşu rayonlarda fəaliyyət göstərməsinə
baxmayaraq, Ağdamın bütün
göstəriciləri digər rayonlardan üstün oldu. Bu gün ümumiyyətlə,
Azərbaycanda təhsil çox
yaxşı inkişaf edir.
Bizim də çiyinlərimizə
düşən ən şərəfli vəzifəmiz təhsilimizin səviyyəsini
qaldırmaqdır.
Heydər
Əliyev Fondunun prezidenti,
ölkənin birinci xanımı, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyevanın bilavasitə
rəhbərliyi ilə cəbhə zolağında yeni məktəblərin tikilib
istifadəyə verilməsi orada yaşayan şagirdlərin normal
təhsil ala bilməsi yolunda görülən əvəzsiz işdir. Azərbaycan təhsilinin
inkişafında çox böyük
rolu və köməyi olan
bu Fondun hesabına iki il bundan
əvvəl, demək olar ki,
bütün məktəblərimiz təmir
olunub. Dörd kəndimizdə
-Alıbəyli, Qaradağlı, Çəmənli və
Əhmədağalıdakı tam orta məktəbimiz isə əsaslı təmir edilib. Bu məktəblərdəki
sinif otaqları kompüterlər və digər
lazım olan dərs ləvazimatları ilə
təmin edilərək
şagirdlərin istifadəsinə verilib.
Hazırda rayonun daha dörd məktəbinin-Hacıməmmədli,
Xındırıstan, Həsənxanlı və Əfətli kəndlərindəki orta məktəblərin yenidən tikilməsi artıq başa çatmaq üzrədir.
İnşallah növbəti dərs ilinin başlanğıcında üçmərtəbəli,
460 nəfərlik gözəl məktəb binaları
şagirdlərin istifadəsinə
veriləcək.
Hər yeni tədris ili başlayanda rayonda birinci sinif şagirdlərinin hər birinin
adına çanta
gəlir, birinci sinif
şagirdlərinə pulsuz məktəbli
forması göndərilir. Bütün bunlar dərs ilinin
başlanğıcında mərkəzləşdirilmiş qaydada hər bir məktəbə
paylanır.
Rayon üzrə Ağdam
ərazisində, Bakıda, Mingəçevirdə,
Oğuzda, Beyləqanda, Göyçayda,
Şəkidə yerləşən 139 məktəbimizdə bu il 1150 nəfər
məzunumuz olmuşdur. Bunlardan
660 nəfəri, yəni 50 faizdən yuxarı ali
məktəbə sənəd vermişdi.
357 nəfər şagirdimiz ali məktəbə
qəbul oldu. 11 nəfər şagirdimiz 600-dən yuxarı, 39 nəfərimiz isə 500-600 arası bal toplamışdı.
Onlardan Evoğlu məktəbinin yetirməsi olan iki nəfərin biri 580 balla Polis Akademiyasına,
o biri isə 519 balla Tibb Universitetinin
müalicə-profilaktika fakültəsinə qəbul oldu. Bir nəfər şagirdimiz isə 687 bal toplayaraq Prezident təqaüdünə layiq
görüldü.
Biz cəbhə zolağında nə qədər çətin və təhlükəli
şəraitdə yaşasaq da, öz fəaliyyətimizi
elə qurmağa
çalışırıq ki, bu yaxınlarda qəbul edilən Dövlət
Strategiyasında nəzərdə tutulan müddəaları həyata
keçirə bilək.
Hamımızın arzusu odur
ki, Azərbaycan
təhsili öz yüksək səviyyəsinə
çatsın və dünya təhsilinə inteqrasiya olunsun. Bir də Allah növbəti
Novruz bayramında "Azərbaycan müəllimi"
qəzetinin kollektivinə işğaldan azad olunmuş Ağdam şəhərində
şagirdlərimizin görüşünə gəlməyi nəsib
etsin.
- Amin.
P.S. Uşaqların
hüquqlarının qorunması bütün normal dövlətlərdə
müqəddəs vəzifə, borc
sayılır. 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul
edilmiş "Uşaq
hüquqları haqqında" Konvensiya,
dünyanın hər bir yerində yaşayan uşaqların konvensiya ilə müəyyən edilmiş
hüquqlarını təmin edir.
Ermənistanla
müharibə şəraitində olan Azərbaycan
üçün bu sənəd
mühüm əhəmiyyətə malikdir. Çünki
müharibə zamanı 300 mindən artıq uşaq
qaçqın və köçkün
düşərək ağır şəraitdə yaşamağa məcbur olub.
Bu uşaqların günahı nə?!
Ellada UMUDLU
Azərbaycan müəllimi.- 2014.- 14 mart.- S.4.