Azərbaycan Dövlət
İqtisad Universitetini
bir gün tələbə rektor idarə etdi
Universitetin tələbəsi və birgünlük rektoru Nurlan İbrahimovla söhbət
Bu il aprelin 25-də Azərbaycan Dövlət İqtisad Universitetində birgünlük "Tələbə rektor" layihəsinə start verilib. Səsvermə yolu ilə "tələbə rektor" seçilmiş universitetin kommersiya fakültəsinin IV kurs tələbəsi Nurlan İbrahimov bir iş günü ərzində ADİU-nun rektoru ilə birgə onun fəaliyyətini icra edib. Qeyd edək ki, universitetin rəhbərliyinin bilavasitə təşəbbüsü ilə həyata keçirilən bu layihənin məqsədi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn vəzifələrin icrası - şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, ali təhsil müəssisəsində tələbə özünüidarəetmə sisteminin təşkili, tələbə gənclərdə idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, yeni demokratik kommunikasiya vasitəsinin yaradılmasıdır. "Tələbə rektor" layihəsinin universitetdə ayda bir dəfə keçirilməsi nəzərdə tutulur.
Universitetin IV kurs tələbəsi Nurlan İbrahimovun birgünlük "tələbə rektor" kimi fəaliyyətini, onun həmin günlə bağlı təəssüratlarını, fikirlərini bizimlə bölüşməsi, düşünürük ki, oxucularımız üçün də maraqlı olar.
- Nurlan, universitetinizin tarixində ilk dəfə keçirilən "Tələbə rektor" layihəsində uğurlu iştirakınla tələbə yoldaşların arasında bir ilkə imza atdın. Birgünlük "tələbə rektor" kimi vəzifəni icra etdin. Tələbələrin böyük maraqla qarşıladıqları, eyni zamanda onların ürəyincə olan bu layihə haqqında bir qədər ətraflı məlumat verməyini xahiş edirik.
- Rektorumuz Ədalət Muradovun
təşəbbüsü ilə universitetimizdə "Tələbə
rektor" layihəsinin həyata
keçiriləcəyini biləndə biz
tələbələr çox sevindik. Onu da
qeyd edim ki, universitetimizdə Tələbə Həmkarlar
İttifaqı Komitəsi, Tələbə Elmi
Cəmiyyəti və Tələbə Gənclər Təşkilatı
fəaliyyət göstərir. Universitet rəhbərliyi
tərəfindən belə qərara gəlindi ki, ayda bir
dəfə bu təşkilatların üzvü olan fəallığı, intellektual səviyyəsi ilə seçilən
tələbələr layihədə iştirak
etsin. Bu dəfə
layihədə Tələbə
Həmkarlar İttifaqı Komitəsinin üzvü
olan fəal gənclər iştirak
etdi. Mən özüm
artıq neçə illərdir ki, kommersiya fakültəsinin tələbə həmkarlar
ittifaqı bürosunun
sədriyəm. Gələn dəfə isə layihədə
yuxarıda adıçəkilən təşkilatların fəalı
olan digər tələbələr iştirak edəcəklər.
Öncə onu deyim ki,
Tələbə Həmkarlar İttifaqı Komitəsi olaraq
onun fəal üzvləri kimi
biz də bu layihəyə
olduqca məsuliyyətlə və ciddi yanaşmışdıq. Belə
ki, "Tələbə rektor"
layihəsində iştirak etmək üçün Tələbə Həmkarlar
İttifaqı Komitəsi tərəfindən təkliflər hazırlandı. Bu layihədə tələbələrin
iştirakının təmin edilməsi məqsədilə seçim mərhələsi keçirildi.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvü olan 83 fəal
gəncdən 5 namizəd seçilərək növbəti mərhələyə
keçdi. Həmin namizədlərdən
biri də mən oldum.
Biz bir həftə ərzində
öz platformamızı hazırladıq.
Universitetin Həmkarlar İttifaqı Komitəsinin
genişləndirilmiş iclasında
öz seçicilərimizi
hazırladığımız platformalar
ilə tanış etdik. Sonda
səsvermə keçirildi və mən
5 namizəd arasından 51% səslə
"tələbə rektor" seçildim. Tələbə
yoldaşlarımın mənə göstərdiyi etimada görə özümü
xoşbəxt sanıram.
- "Tələbə rektor" kimi birgünlük iş günün necə keçdi?
- Bu
il aprelin 25-də bir iş günü
ərzində ADİU-nun rektoru
ilə birgə onun fəaliyyətini icra etdim. İlk
növbədə, mən bu vəzifənin
nə qədər çətin və məsuliyyətli olduğunu anladım. Həmin gün
çox həyəcanlı idim. Universitetimizin rektoru Ədalət Muradovun
mənimlə səmimi ünsiyyətini,
doğmalığını görəndə bu vəzifədə
özümü bir qədər
rahat hiss etməyə
başladım, daha doğrusu,
ürəkləndim. Mən rektorla birlikdə
fəaliyyətimi həmin günün iş qrafikinə uyğun
qurdum. Belə ki, "tələbə rektor"
kimi ilk işim qabaqcadan tələbələrin
təhsili və həyatı ilə bağlı mövcud vəziyyəti təhlil edərək
konkret problemləri müəyyənləşdirərək
sistemləşdirib onların həlli istiqamətində və
universitetin inkişafı üzrə
hazırladığım təklifləri, tövsiyələri
rektora təqdim etdim. Hörmətli rektorumuz bu təklifləri və tövsiyələri
diqqətlə nəzərdən keçirdi
və həmin vaxt bir
sıra məsələlər elə yerindəcə öz həllini tapdı. Sonra
rektorla birlikdə universitetimizə Böyük Britaniyadan gəlmiş təhsil üzrə
beynəlxalq ekspertlərdən ibarət nümayəndə
heyəti ilə keçirilən görüşdə iştirak etdik.
Görüşdə tərəflər arasında gələcək
əməkdaşlıq məsələləri müzakirə
edildi. İş
qrafikinə uyğun olaraq
rektorla universitetimizin əməkdaşlarını
qəbul etdik. "Tələbə rektor" kimi ali təhsil
ocağımızda görkəmli oftalmoloq
alim, akademik Zərifə
xanım Əliyevanın anadan olmasının
91 illiyi ilə bağlı keçirilən
"dəyirmi masa"da
iştirakım mənim üçün qürurverici bir hadisə idi. Günün sonunda isə rektorumuz
Ədalət Muradovla mən universitetin tələbə yeməkxanasında
çay süfrəsi ətrafında tələbələrlə
görüşdük. Onlarla
fikir mübadiləsi, həmçinin gəncləri
narahat edən digər məsələlərin
həlli istiqamətində birgə müzakirələr
apardıq. Onu da xüsusu vurğulayım ki,
tələbələr bu
görüşdən olduqca razı
qaldılar. Maraqlı, eyni zamanda
böyük zəhmət və məsuliyyət
tələb edən birgünlük iş günüm beləcə
başa çatdı.
Aprelin 25-i mənim həyatımın ən
gözəl və yaddaqalan bir günü oldu. Tələbə yoldaşlarım, elə
özüm üçün
əlçatmaz olan bir
arzu xoşbətlikdən mənim həyatımda
gerçəkləşdi. Onu da xüsusi
vurğulayım ki, birgünlük
"tələbə rektor" kimi fəaliyyətim zamanı rektor
olmağın nə dərəcədə
məsuliyyətli və gərgin zəhmət tələb edən
bir iş olduğunu bir daha dərk etdim.
- Rektorla birgə fəaliyyətiniz nəticəsində nələrin həllinə nail olmağa çalışdınız, hansı problemləri diqqətə çatdırdınız?
- Qeyd etdiyim kimi, rektorla birgə fəaliyyətim zamanı tələbələri maraqlandıran sualları birlikdə müzakirə etdik, müəyyən məsələlərin ətraflı şəkildə araşdırılmasına, bəzilərinin isə yerindəcə həll olunmasına nail olduq. Rektorumuza dərs prosesinin gedişatı, tələbələrin biliyinin qiymətləndirilməsi, kollokvium, imtahan prosesi, tələbə yeməkxanasındakı qiymətlər və gənclərimizi narahat edən digər məsələləri çatdırdım. Bunların arasında elələri oldu ki, onlar artıq demək olar ki, həll edilib. Xüsusilə sosial təminatı olduqca aşağı, ailə vəziyyəti acınacaqlı olan (ailə başçısının biri vəfat edib, digəri isə II qrup əlildir) III kurs tələbəsinin təhsil haqqından azad olunması məsələsinə rektorumuz tərəfindən həssaslıqla yanaşılması, onun maddi durumunun, eləcə də vəziyyətinin hüquqi cəhətdən araşdırılaraq tələbənin xeyrinə həll olunmasına çalışılması mənim üçün sevindirici bir hadisə oldu.
- Sizcə, "Tələbə rektor" layihəsi tələbələrin həyatında nə kimi rol oynayacaq? Layihənin həyata keçirilməsi hansı məsələlərin həllinə yardımçı olacaq?
- Mənim və eyni zamanda tələbə
yoldaşlarımın fikrincə, "Tələbə rektor" layihəsi
müəllim-tələbə, rəhbərlik- tələbə
münasibətlərinin daha
anlaşıqlı və səmimi olmasında mühüm
rol oynayacaqdır. Bu
layihə tələbənin rektora və
həmçinin rektorun tələbəyə
daha da
yaxınlaşmasına imkan verəcək.
Tələbənin yoldaşları arasından lider kimi seçilərək
ona etimad göstərən
gənclərin fikir və təkliflərinin
rəhbərliyə birbaşa
çatdırılmasına, onları narahat
edən məsələlərin birlikdə çözülməsinə
şərait yaradacaq.
Düşünürəm
ki, layihə gələcək
karyeramızın qurulmasında, idarəetmə
bacarığımızın formalaşmasında öz müsbət təsirini göstərəcək.
Şəxsən mən özüm "tələbə
rektor" kimi birgünlük fəaliyyətimi gələcək
karyeramın başlanğıcı
hesab edirəm.
Fürsətdən
istifadə edərək onu da xüsusi vurğulamaq istəyirəm ki,
biz tələbələr Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqətini hər zaman öz üzərimizdə
hiss edirik. Təhsil aldığımız ali
təhsil müəssisəsində yaradılan əlverişli
təlim mühiti, universitetin
rəhbərliyi tərəfindən bizə göstərilən
yüksək etimadı bu diqqət və
qayğının təzahürü kimi dəyərləndiririk.
Samirə
KƏRİMOVA
Azərbaycan müəllimi.- 2014.- 2 may.- S.3.