Heydər Əliyev: "Biz gələcəkdə Azərbaycanın

təhsilinin daha da təkmilləşməsinə,

keyfiyyətinin yüksəlməsinə nail ola biləcəyik"

 

1997-1998-ci dərs ilinin başlanması münasibəti

ilə Bakının Yasamal rayonundakı 18 nömrəli

məktəbdə keçirilən görüşdəki nitqindən

 

...Azərbaycanın hər yerində,  güşəsində bizim məktəblər fəaliyyət göstərir, gənclər, uşaqlar sərbəst təhsil alırlar.

Bu bizim son illər respublikamızın həyatında əldə etdiyimiz nailiyyətlərdən ən əhəmiyyətlisidir. Çünki başqa sahələrdə geriliyə, çatışmazlığa müəyyən qədər dözmək olar, o halların vurduğu zərərləri tezliklə aradan qaldırmaq olar. Amma xalqın, millətin təhsil sistemini qırmaq olmaz. Bu, elə bir işdir ki, ardıcıl surətdə davam etməlidir. Bir il belə fasilə olsa, millətə, xalqa böyük zərbələr vura bilər...

...Azərbaycanda təhsil böyük yer tutur. Təsəvvür edin, ölkəmizdə bu gün 130 min uşaq ilk dəfə məktəb astanasından keçib, sinifdə oturub dərsə başlayacaqdır. Bu il bizim orta məktəblərdə bir milyon 560 min uşaq oxuyacaqdır. 160 min müəllim - böyük bir ordudur - orta məktəblərdə dərsə başlayacaqdır.

Ali məktəblərimizdə qəbul normal keçibdir. Bu il Azərbaycanın ali məktəblərinə, universitetlərinə 19 min gənc qəbul olunubdur. Bütün ali məktəblərimizdə bu il 89 min, texnikumlarda 25 min tələbə, texniki peşə məktəblərində təxminən 25 min şagird təhsil alacaqdır. Bu rəqəmlər onu göstərir ki, Azərbaycanda gənclərin hamısı təhsil ilə əhatə olunubdur. Bu rəqəmlər onu göstərir ki, Azərbaycanın gələcəyi üçün yaxşı əsas yaradırıq, qururuq. Bu rəqəmləri nəzərinizə çatdıraraq bildirmək istəyirəm ki, bunlar hamısı müstəqil Azərbaycan Respublikasının iftixar edəcəyi göstəricilərdir. Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir. Bilik səviyyəsinə nail olmaq üçün təhsil daim mövcud olmalıdır o, ardıcıl surətdə inkişaf etməlidir. Biz buna nail olmuşuq ümidvaram ki, bundan sonra da bu məsələ diqqət mərkəzində olacaqdır. Biz gələcəkdə Azərbaycanın təhsilinin daha da təkmilləşməsinə, keyfiyyətinin yüksəlməsinə nail ola biləcəyik.

Mən bu gün Azərbaycanın müəllim ordusuna hörmət ehtiramımı bir daha bildirirəm bəyan edirəm ki, cəmiyyətimizdə Azərbaycan ziyalılarının içərisində müəllimlər xüsusi yer tuturlar, hörmətə layiqdirlər xüsusi qayğı ilə əhatə olunmalıdırlar. Mən ümidvaram ki, həm orta məktəblərdə, həm ali məktəblərdə müəllimlərimiz gələcəkdə öz peşələrinə sadiq olacaqlar, öz biliklərini daha da təkmilləşdirəcəklər. Müəllimlərimizin səyi nəticəsində bizim təhsil sistemi daha da təkmilləşəcək, bunların hamısı azad, müstəqil Azərbaycanın gələcəyinə xidmət edəcəklər...

...Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri odur ki, biz artıq öz təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq. Doğrudur, bu proses çox mürəkkəb prosesdir. Bu proses qısa bir müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar. Burada dərsliklərin dəyişilməsi, yeni dərsliklərin yaranması xüsusi əhəmiyyət kəsb edir.

Bilirəm ki, bu, asan deyil. Bu, bir çox böyük amillərlə bağlıdır, onlardan asılıdır. Ancaq mən bu gün həm Təhsil Nazirliyinə, həm Nazirlər Kabinetinə qəti təklif edirəm ki, onlar dərsliklərin dəyişilməsi, müstəqil Azərbaycanın tarixinə, həyatına uyğun yazılması işi ilə daha da ciddi məşğul olsunlar. ...İndi dərs alan uşaqlar, gənclər gərək mütləq mütləq bizim yeni dərsliklər əsasında oxusunlar...

...Məktəblərimizdə Azərbaycanın dövlət müstəqilliyinin, azadlığının mənası, məzmunu çox geniş tədris olunmalıdır. Bu, çox əhəmiyyətlidir, çünki vətənpərvərlik hissləri insanlara uşaq vaxtından aşılanmalıdır...

...Tədrisin, tərbiyənin bu sahədə çox böyük əhəmiyyəti vardır, xalqımızı, millətimizi, gənclərimizi vətənpərvərlik hissi ilə tərbiyə etmək təhsilin əsas istiqaməti, hissəsi, məktəblərimizin, müəllimlərimizin borcudur. Siz uşaqlara hərtərəfli təhsil verməlisiniz. Uşaqlar gərək orta məktəblərdə bütün fənləri mənimsəsinlər. Bunların hamısı ilə bərabər bizim xalqımızın zəngin tarixini, mədəniyyətini, mənəviyyatını, mənəvi dəyərlərini uşaqlara öyrətmək, çatdırmaq, uşaqları məhz həmin ənənələr ruhunda tərbiyə etmək müəllimlərin müqəddəs borcudur. Mən arzu edərdim ki, müəllimlər bunu heç vaxt unutmasınlar.

Burada olan imkanların hamısından istifadə etmək lazımdır. Bu sırada mən hesab edirəm ki, məktəblərdə Azərbaycanın müstəqilliyinin atributları yaxşı təbliğ olunmalıdır. Azərbaycanın dövlət müstəqilliyini təmsil edən Azərbaycanın bayrağına münasibət, onun müqəddəsliyi hər bir cocuqda, yeniyetmədə daxildən olmalıdır...

...Müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətənpərvər vətəndaşlar hazırlayır. Şübhəsiz ki, birinci növbədə müəllim özü bu xüsusiyyətlərə malik olmalıdır, daim özünü təkmilləşdirməlidir, öz üzərində işləməlidir. Öz üzərində işləməyən müəllim yaxşı müəllim ola bilməz. Bizim müəllimlərin əksəriyyəti ona görə yaxşıdırlar ki, onlar daim öz üzərində işləyir, tədris etdiyi fənni dərindən öyrənirlər, ictimai-siyasi sahədə biliklərini artırır günü-gündən özlərini təkmilləşdirirlər. Məktəb elə bir prosesdir, orqanizmdir ki, burada hamı - şagird , tələbə , bütün kollektiv inkişafdadır...

...Ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın ali təhsil, ümumi orta təhsil sistemində indi baş verən müsbət dəyişikliklər möhkəmlənəcək, güclənəcək məktəblərin, ali təhsil ocaqlarının işində olan nöqsanlar, çatışmazlıqlar, qüsurlar, bəzi qanun pozuntuları ardıcıl surətdə aradan götürüləcəkdir.

Sizi əmin edirəm ki, müstəqil Azərbaycan Respublikasında təhsil, tərbiyə işi dövlətin əsas vəzifəsidir, dövlət başçısının - Prezidentin xüsusi qayğısı altındadır onun əsas vəzifələrindən biridir. Mən çalışacağam ki, bundan sonra da bu vəzifəmi layiqincə yerinə yetirim. Ümidvaram ki, sizöz vəzifənizi layiqincə yerinə yetirəcəksiniz...

 

1 sentyabr 1997-ci il

 

Azərbaycan müəllimi.- 2014.- 2 may.- S.4.