Müəllimlərin işə qəbulu və

fəaliyyətinin tənzimlənməsi inkişaf

etmiş ölkələrdə necə həyata keçirilir?

 

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda müəllim amilinin təhsilin inkişafında həlledici rol oynadığı xüsusi qeyd olunub. Sənəddə göstərilib ki, təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri onun akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən xeyli asılıdır. Buna görə də Təhsil Nazirliyi pedaqoji kadrların fəaliyyətinin tənzimlənməsi, qiymətləndirilməsi və peşəkarlığının artırılması ilə bağlı məsələləri əsas prioritet istiqamətlərdən biri kimi daim diqqət mərkəzində saxlayır. Ötən il müəllimlərin işə qəbulu ilə bağlı keçirilən imtahanlarda Nazirliyin konkret olaraq keçid bal həddi müəyyənləşdirməsi və aşağı nəticə göstərənləri işə qəbul etməməsi bu fikrimizi bir daha təsdiq edir. Əlbəttə, Nazirliyin bu addımını tanınmış ziyalılar, ekspertlər də  olduqca təqdirəlayiq hal kimi dəyərləndirirlər. Çünki, auditoriyaya daxil olan, sagird qarşısına çıxan müəllim savadlı, hazırlıqlı olmalı, bugünki tələblərə cavab verməlidir. Şübhəsiz ki, Nazirliyin bu mövqedə dayanması bundan sonra təhsil sisteminə savadsız müəllim kütləsinin daxil olmasının qarşısını alacaq. Amma bu gün təhsilimiz başqa bir problemlə də üz-üzədir. Uzun illərdən bəri məktəblərimizdə kök salmış çoxlu sayda saxta diplomlu, orta təhsilli, hətta zootexnik, baytar ixtisaslı "pedaqoqlarımız" var. Hələ də dünənki nailiyyətlərə arxalanıb, bu gün öz üzərində işləməyən, yeniliklərdən, innovasiyalardan xəbərsiz yüzlərcə, minlərcə müəllimlərimiz var. Bəs bu problemləri necə aradan qaldırmaq olar? Bunun üçün dünyanın bir çox inkişaf etmiş ölkələrinin təcrübəsi ilə maraqlandıq, təhlillər apardıq. Nəticədə məlum oldu ki, əksər ölkələrdə müvafiq təhsil qurumları məktəblərdə çalışan müəllimlərin fəaliyyətini daim nəzarətdə saxlayır, vaxtaşırı olaraq, hər bir müəllimin bugünkü tələblərə cavab verməsini müəyyən edən imtahanlar, müsabiqələr keçirir və onların fəaliyyətini lisenziyalaşdırır. Yəqin ki, artıq bizdə də bu qaydaların tətbiq edilməsinin vaxtıdır. Bu problemin təhsil mühitinə bağlı olan hər kəsi maraqlandırdığını və yüksək əhəmiyyətini nəzərə alaraq, müəllimlərin işə qəbulu, təkmilləşdirilməsi və fəaliyyətlərinin tənzimlənməsi ilə bağlı dünyanın ən inkişaf etmiş 7 ölkəsinin bu sahədəki təcrübəsini oxucularımıza təqdim edirik. Nəzərinizə çatdırırıq ki, bu yazı həmin ölkələrin səfirliklərindən, təhsillə bağlı qurumlarının, nazirliklərinin rəsmi saytlarından və Azərbaycanda səfərdə olmuş səlahiyyətli şəxslərindən alınmış məlumatlar əsasında hazırlanıb.

 

Türkiyə

 

Türkiyə universitetlərini hər il minlərlə gənc bitirir. Ancaq bu o demək deyil ki, gənclərin hamısı təhsil müəssisələrində müəllim kimi fəaliyyət göstərə biləcək. Türkiyədə universitetləri bitirən məzunlar müəllimlik hüququ qazanmaq üçün  Öyrənci Seçmə Yerləşdirmə Mərkəzi  (ÖYSM) tərəfindən keçirilən  test imtahanında iştirak etməlidir. Test imtahanında məzunların  müəllimliyə xas bütün keyfiyyətləri, təhsil aldığı illər ərzində əldə etdiyi bilikləri, yeni metodlardan istifadə etmək bacarığı yoxlanılır.

Bütün bunları    təhsillə bağlı digər məsələləri əhatə edən suallara cavab verən  gənclər 100 baldan ən azı 70-ni toplamalıdırlar.  Əgər tələb olunan balı toplayarsa, müəllim olmaq  hüququ qazanır. Bundan sonra həmin gənclər Türkiyənin Milli Təhsil Nazirliyinə işlə təmin olunmaq, həmçinin   harada işləmək istədikləri barədə yazılı şəkildə müraciət edirlər. Milli Təhsil Nazirliyi də, öz növbəsində, ölkənin təhsil müəssisələrinin fənlər üzrə ehtiyacını  öyrənərək onların sayını göstərməklə  siyahını açıqlayır.

Bütün bu işlər kompüter vasitəsilə həyata keçirilir. Onu da  bildirək ki, test imtahanında tələb olunan balı toplamaq  hələ heç də  həmin il işlə təmin olunmaq demək deyil. Ola bilər ki, bir gənc  imtahanda daha yüksək bal toplayaraq az bal toplayan gəncin işləmək arzusunda olduğu məktəbdə  müəllim kimi çalışmaq hüququ qazansın və yaxud  hər hansı bir məktəbdə o fənn üzrə  müəllimə həmin il az tələbat olsun. Elə məktəblər də var ki, həmin fənn üzrə müəllimə o il  heç  ehtiyac olmur. İşlə təmin edilməyən müəllimlər bəzən 1 il gözləməli olurlar. Növbəti il onlar test imtahanında iştirak etmədən  yenidən işləmək üçün Milli Təhsil Nazirliyinə müraciət edə bilərlər.  Test imtahanının nəticəsi 2 il etibarlı sayılır. Ümumiyyətlə, müəllim olmaq hüququnu qazanmaq üçün  Öyrənci Seçmə Yerləşdirmə Mərkəzi tərəfindən  ildə 2 dəfə - noyabr və may aylarında test imtahanı olur. Müəllimlərin işə qəbulu 2 cür həyata keçirilir: dövlət məmuru (kadrolu) və müqavilə əsasında (sözləşməli). 

Bunu isə Milli Təhsil Nazirliyi müəyyənləşdirir. Türkiyədə məktəbəqədər təhsil müəssisələrində çalışmaq üçün tərbiyəçilərə,  məktəblərdə ingilis dili, informatika müəllimlərinə ehtiyac olduğundan onlar yerlərdə dövlət  məmuru  kimi  işə götürülürlər. Digər fənlər üzrə müəllimlərin  dövlət məmuru kimi və ya müqavilə əsasında işə götürülməsi isə təbii ki, yenə də həmin  fənlərə  ehtiyacın    dərəcədə  olmasından  asılıdır.  Dövlət  məmuru  kimi  və ya  müqavilə  əsasında işləyəcək  gənclərin  hamısı eyni  test  imtahanında iştirak edirlər və şərtlər hamı üçün birdir. 

 

Braziliya

 

Braziliyada həyata keçirilən təhsil islahatlarının sürəti heyranedicidir. Az bir müddətdə xeyli işlər görülüb. Bu işlərin içərisində müəllim hazırlığı xüsusi olaraq  diqqət mərkəzində saxlanılıb. Ümumiyyətlə, keyfiyyətli təhsilin qurulmasında müəllim hazırlığına xüsusi əhəmiyyət verilib. Ölkədə həyata keçirilən təhsil islahatlarında bu məsələyə həlledici amil kimi baxılaraq,  təhsil sistemində əsaslı dəyişikliklərin aparılmasında bu qüvvənin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xüsusi yanaşılıb. Ona görə də ilkin olaraq ixtisasartırmanın məzmunu müəyyənləşdirilib, müəllimlər üçün standartlar (kompetensiyalar) hazırlanıb. Eyni zamanda, ixtisasartırmanın yeni modeli formalaşdırılıb. Hazırda müəllimlərin ixtisasartırmasının  yeni modelindən ölkə ərazisində istifadə olunur. San-Paolo yeganə şəhərdir ki, müəllimlərin qiymətləndirilməsi texnologiyasından daha geniş istifadə olunur.

Braziliyada məktəbəqədər və əsas təhsil səviyyəsində işləyən pedaqoji heyət üçün kursları bələdiyyələr təşkil edir.

Ümumiyyətlə, Braziliyada müəllimlərin ixtisasartırmadan keçməsinin beş pilləsi vardır və hər pillə üçün xüsusi bal göstəriciləri müəyyənləşdirilib.  Müəllim hər üç ildən bir testdən keçmək məcburiyyətindədir. Testdən uğurla keçən hər bir müəllimin əməkhaqqı 25% artırılır. Müəllim ardıcıl olaraq hər üç ildən bir beş dəfə testdən keçdikdə böyük miqdarda əməkhaqqı almaq şansı qazanır. Əgər müəllim hansı ildə testdən keçə bilməsə, ona növbəti il testdən keçmək üçün icazə verilir.

Bu iş tender yolu ilə cəlb olunmuş qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilir. Beləliklə, müəllimə ardıcıl olaraq özünü inkişaf etdirmək üçün şərait yaradılır. Başqa sözlə, o, stimullaşdırılmaqla bu işə təşviq olunur.

Müəllimlərin ixtisasartırmasının belə bir sistemdə aparılması, ilk növbədə, onların  bacarıqlarının meydana çıxmasına imkan yaradır. Daha sonra müəllimlər arasında baş verə biləcək əməkhaqqı və digər məsələlərlə bağlı narazılıqların qarşısını alır.

Müəllimlərə özünü inkişaf etdirmək üçün şərait yaradılır. Ehtiyacı olanlara kompüter almaq üçün vəsait ayrılır. Maddi vəziyyəti lap aşağı olanlarla nisbətən ucuz alış-veriş təşkil olunur. Əvvəlki sistemdən fərqli olaraq onlarla kollektiv formada təlim kursları şəklində iş aparılır. Müəllimlər əvvəl qısamüddətli, sonra isə uzunmüddətli kurslardan keçirlər. Ali məktəbləri bitirənlər ilk dəfə universitetlərlə birlikdə 360 saatlıq təlim kurslarından (dörd ay müddətində davam edən kurs) keçdikdən sonra müəllimlik hüququ qazanırlar.

Müəllimlərin işə götürülməsində də seçim formasından istifadə edilir. 2009-cu ildə 9 min vakant yerə qəbul olunmaq üçün 260 min ərizə verilib. Onlardan yalnız 230 mini keçid balını toplayaraq müsabiqədə iştirak edib və nəticədə yalnız 9 mini işə götürülüb.

 

Yaponiya

 

Yaponiyada müəllim hazırlığına və işə qəbul məsələsinə çox ciddi yanaşılır. Müəllimlər tələbləri kifayət qədər ciddi və sərt olan imtahan verdikdən sonra işə qəbul edilir. Müəllimlərin böyük əksəriyyəti könüllü şəkildə axşam saat 9-a qədər şagirdlərlə fərdi məşğul olmaqla məktəbdə işlərini davam etdirir.

Yaponiyanın orta məktəblərində bir müəllim eyni bir məktəbdə 6 ildən çox çalışa bilməz. Bu müddət bitdikdən sonra prefekturadakı digər məktəbdə və ya digər prefekturadakı tədris ocaqlarında işlə təmin edilir. İş yerini dəyişən müəllimin xidməti mənzillə  təmin edilməsi   təhsili idarəetmə orqanları tərəfindən həyata keçirilir.

 

Koreya

 

Koreyada müəllimlər fəaliyyət uyğunluğuna görə bir neçə kateqoriyaya (I və II dərəcəli, assistent müəllimlər, peşəkar məsləhətçilər, təlim müəllimləri, I və II dərəcəli uşaqlara qayğı müəllimləri) bölünür. Hər bir müəllimin müvafiq kateqoriya üzrə müəyyən olunmuş ixtisas meyarlarına cavab verməsi onlara Təhsil və İnsan Resurslarının İnkişafı Nazirliyi tərəfindən lisenziyaların verilməsi ilə təsdiqini tapır.

Müəllimlər müvafiq qaydada  vaxtaşırı ixtisasartırma təhsilinə cəlb olunurlar. Proqramlardan asılı olaraq ixtisasartırma təhsili 30 gün və ya daha uzun müddət davam edir.

 

İsveçrə Konfederasiyası

 

İsveçrədə müəllimlərin işə qəbulu prosesi ölkənin hər bir kontonunda (inzibati ərazi vahidində) ümumi təhsil məktəblərindən vakansiyalarla bağlı daxil olan məlumatlar əsasında Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Bu ölkədə müəllimlər dövlət qulluqçusu hesab edilirlər.

Ölkədə müəllim hazırlığı 15 ali məktəbdə aparılır. Ali məktəblərin bakalavr pilləsini bitirən məzunlar ümumi təhsil müəssisələrinin yalnız ibtidai siniflərində, magistr pilləsini bitirənlər isə yuxarı siniflərdə dərs demək hüququ qazanır. Orta ümumtəhsil məktəblərində çalışan hər müəllimin məcburi olaraq ildə bir dəfə 100 saatlıq ixtisasartırma kursundan keçməsi tələb olunur.

Bu kurslar müəllimlərin arzusuna uyğun olaraq, məktəbdə tədris olmayan günlərdə və ya dərsdən sonra təşkil olunur. Bu kurslarda tədris olunacaq proqramlar orta məktəb direktorlarının rəy və təklifləri əsasında müəyyənləşdirilir.

Müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi həm məktəb, həm də Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

 

Almaniya

 

Almaniyada gələcək müəllimlər universitetdə təlimin əsası kimi götürmək istədikləri iki fənn seçirlər. Hər tələbə "Tərbiyə haqqında elmlər" kursunu  hökmən keçməlidir. Bu kurs özündə psixologiya, sosiologiya,  didaktika və praktikanı birləşdirir. Müəllim olmaq yalnız xüsusi yaradılmış imtahan müəssisələrində  keçirilən iki dövlət imtahanından sonra mümkündür. Orada gələcək müəllimlərdən, həkimlərdən və hüquqşünaslardan imtahan qəbul edilir.

Birinci imtahana buraxılış üçün hökmən magistraturanı bitirmək lazımdır. Bu, təxminən 5 ildir. Birinci imtahan iki əsas fənn və "Tərbiyə haqqında elmlər" kursu üzrə nəzəri bilikləri yoxlayır. Sonra gələcək pedaqoq ibtidai və ya orta təhsil müəssisəsində ikiillik praktik kurs keçməlidir. Bu zaman tələbələr məktəbdə əsl müəllim kimi işləyir və "Hazırlıq xidmətində müəllim" kimi rəsmi dövlət əməkhaqqı alırlar. Praktikadan sonra onlar ikinci dövlət imtahanı verməlidirlər. Bu imtahan adətən kollokvium şəklində olur.

İkinci dövlət imtahanı daha vacibdir. O, müəllim olmaq imkanı verir. Alman müəllimlərinin böyük əksəriyyəti isə dövlət məmuru statusu alır. Bu ömürlük iş yeri, işdən çıxarılmanın mümkünsüzlüyü, tibbi sığorta ödənişi, məzuniyyət, yüksək əməkhaqqı və dövlət pensiyası deməkdir.

Düzdür, son vaxtlar bəzi torpaqlarda (ərazi vahidlərində) məktəblərə azmaaşlı və işdən çıxarılmadan müdafiəsiz dövlət məmuru statusunda gənc müəllimləri işə qəbul etməyə başlayıblar. Buna baxmayaraq işə götürülərkən onlara da dövlət məmuru statuslu müəllimlərə verilən tələblər tətbiq olunur.

Pedaqoqların ciddi hazırlığı öz töhfəsini verir. Uşaqların 90 faizindən çoxu dövlət məktəblərində oxuyur. Burada uşaqların da, valideynlərin də etibar etdikləri  pulsuz, keyfiyyətli  təhsil verilir. 

 

Kanada

 

Kanadada müəllim kimi işə düzəlmək üçün pedaqoji staj tələb olunur. Bu məqsədlə  təhsil ocaqlarında və ya müəssisələrdə  könüllü və təmənnasız olaraq müəllim köməkçisi kimi çalışıb iş stajı toplamaq lazım gəlir.

Bu ölkədə bütün müəllimlər hər il qeydiyyatdan keçməli və ildə 4-6 dəfə təkmilləşdirmə kurslarında iştirak etməlidirlər. Hər dəfə dərs ili başlamazdan bir həftə əvvəl  bütün müəllimlər simpoziumda iştirak edir və yeni dərs ilində təlimin yeni metodları ilə tanış olurlar. Bütün müəllimlər hər 3 ildən bir 2 günlük ilk təcili yardım kursları da keçməlidirlər. Kanadada kurikulumun tələblərinə görə bütün müəllimlər məktəbəqədər kurikulum kurslarında olmalıdırlar. Bu ona görədir ki, hər bir müəllim kiçikyaşlı uşaqların inkişaf sahələrini mükəmməl bilməlidir.

Tədris ilinin əvvəlində keçirilən simpoziumda hər bir müəllim "Müəllimin əl kitabı" ilə təmin olunur ki, bu kitabda da müəllimin bütün ilboyu görəcəyi işlər və qarşılaşacağı problemlər, onlardan çıxış yolları, müəllimin etika və estetika kodeksi, ümumi baş mövzular, qiymətləndirmə meyarları, gündəlik qiymətləndirmə cədvəlləri, dərsə hazırlaşmaq qaydaları və s. öz əksini tapır. Rüblük vəsiqələr isə elektron olaraq hazır formada müəllimə göndərilir, müəllim tərəfindən tamamlanır, məktəbin direktoru tərəfindən yoxlanılaraq imzalanır və sonda müəllim tərəfindən imzalanaraq şagirdə verilir. 

Kanadada müəllimlər ixtisasartırma tədbirlərində fəal iştirak edirlər. Bunun üçün Təhsil Nazirliyi, yerli təhsil qurumları və məktəb şuraları yeni ixtisasartırma kursları təşkil edirlər. Universitetlər də müxtəlif kurslar hazırlamaqla müəllimlərin ixtisasının artırılması işində yaxından iştirak edirlər.

1995-ci ildə ixtisasartırmanın inkişaf etdirilməsi barədə qanun qəbul olunub. Bu qanunda cəmiyyətin müəllimlər qarşısında qoyduğu tələblərdən çıxış edilərək bir sıra vəzifələr müəyyənləşdirilib. Peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində müəllimlərin öz ehtiyaclarını müəyyənləşdirməsi bunların içərisində aparıcı rol oynayır.

İlkin müəllim hazırlığı mərhələsində pedaqoji peşə üzrə keyfiyyətlərin qazanılması diqqət mərkəzində saxlanılır.

Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, ilk növbədə, onların özləri cavabdehlik daşıyırlar. Ona görə də bu sahədə bir sıra vəzifələrin yerinə yetirilməsi onların məsuliyyətinə aid edilir. Məsələn, peşəkarlıq səviyyəsinin yüksəldilməsinə dair ehtiyacları müəyyən etmək; peşəkarlıq səviyyəsinin yüksəldilməsinə dair strategiyaların tərtib olunmasında iştirak etmək; planlaşdırma strategiyalarının həyata keçirilməsində iştirak etmək, planlaşdırma tədbirlərinin həyata keçirilməsini və nəticələrini qiymətləndirmək.

Peşəkarlıq səviyyəsinin yüksəldilməsində Təhsil Nazirliyinin, universitetlərin, məktəb şuralarının özünəməxsus vəzifələri vardır ki, onların reallaşdırılmasında müəllimlərin təşəbbüskarlığı, fəaliyyəti aparıcı rol oynayır.

Ümumiyyətlə, müəllimin yeni proqramları tətbiq edə bilməsinə imkan verən əmək səriştələrini formalaşdırmaq, habelə təhsil islahatının tələb etdiyi kimi, öz tədris metodlarını  dəyişdirmək üçün onlara lazımi yardım göstərmək diqqət mərkəzində saxlanılır. Bütün məktəblərdə peşəkarlıq səviyyəsinin yüksəldilməsi mədəniyyətinin aşılanması başlıca fəaliyyət xəttinə çevrilir. Bunun üçün təhsil müəssisəsinin "öyrənənlər icmasına" çevrilməsi, məktəb kollektivinin daha yaxşı öyrənməyə kömək etməyi öyrənməsi vacib hesab edilir.

 

Azərbaycan müəllimi.- 2014.- 2 may.- S.5.