Ümummilli lider Heydər
Əliyevin anadan olmasının
91-ci ildönümü münasibətilə təşkil
olunmuş inşa
yazı müsabiqəsinin
qalibləri mükafatlandırılıb
Mayın 6-da "Gülüstan" sarayında ümummilli
lider Heydər Əliyevin anadan
olmasının 91-ci ildönümü
münasibətilə təşkil olunmuş
inşa yazı müsabiqəsi qaliblərinin
mükafatlandırılması mərasimi keçirilib.
Mərasim
iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını
ziyarət edib, abidəsi önünə əklil
və tər çiçəklər qoyublar.
Sonra iştirakçılar akademik Zərifə xanım Əliyevanın məzarı
önünə gül dəstələri
düzüb, həmçinin Şəhidlər
xiyabanını ziyarət ediblər.
Artıq 8-ci dəfədir
keçirilən müsabiqə Təhsil Nazirliyi,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu,
Yeni Azərbaycan Partiyası, Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən
təşkil olunub.
Ümumtəhsil
məktəblərinin VIII-XI sinif və ilk peşə-ixtisas təhsili müəssisələrinin
şagirdləri, orta ixtisas
məktəblərinin tələbələri arasında təşkil
olunmuş inşa
yazı müsabiqəsində təhsil naziri
Mikayıl Cabbarov, baş
nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, baş nazirin müavini Elçin Əfəndiyev, rabitə və
yüksək texnologiyalar naziri
Əli Abbasov, Heydər Əliyev Fondunun nümayəndəsi İlqar
Mustafayev, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri Səttar
Mehbalıyev, millət vəkilləri, təhsil müəssisələrinin
rəhbərləri, müəllimlər,
tanınmış ziyalılar, tələbələr,
şagirdlər və valideynlər iştirak
ediblər.
Tədbiri
giriş sözü
ilə açan təhsil naziri
Mikayıl Cabbarov müsabiqənin
ümumtəhsil məktəblərinin və ilk
peşə-ixtisas təhsili müəssisələrinin
şagirdləri, orta ixtisas
məktəbləri tələbələrinin ümummilli
liderimizlə bağlı fikir və
duyğularının qələmə alınmasında, onların yazı qabiliyyətinin
formalaşmasında mühüm rol oynadığını qeyd
edib. Nazir Azərbaycanın bütün
coğrafiyasını əhatə edən bu
müsabiqənin növbəti ildən başlayaraq
ümummilli liderimizin
fəaliyyətinin müxtəlif sahələrini əhatə
edəcəyini nəzərə çatdırıb və
qalibləri təbrik edib.
Sonra çıxış edən baş
nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, rabitə və
yüksək texnologiyalar naziri
Əli Abbasov, Heydər Əliyev Fondunun nümayəndəsi İlqar
Mustafayev, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri Səttar
Mehbalıyev müsabiqə iştirakçılarını təbrik edib və
onlara uğurlar
arzulayıblar.
Respublika mərhələsinin
iştirakçıları arasından 8 nəfər I, 7 nəfər
II, 11 nəfər III yerə layiq görülüb. IV (həvəsləndirici) yer tutan 65 nəfər diplomla təltif olunub. I-IV
yerləri tutan 91 nəfərin inşa yazısı "Heydər Əliyev məktəblilərin
gözü ilə" kitabında dərc
edilib.
Sonda müsabiqə qaliblərinə xüsusi diplomlar, mükafat və müxtəlif qiymətli hədiyyələr
təqdim olunub.
Ölkəmizin bütün bölgələrinin təmsil olunduğu müsabiqənin rayon
(şəhər) mərhələsində 17 mindən
artıq şagird iştirak
edib.
Azərbaycan
müəllimi.- 2014.- 9 may.- S.2.