Onu unutmaq olmaz
Təhsilimizin
tarixində danılmaz xidmətləri olan
şəxslərdən biri də on il respublikanın maarif nazirinin müavini vəzifəsində
işləmiş Əfsun
Əfəndiyevdir. Əfsun müəllimin bu vəzifəyə başlamasından dörd on illik
keçir. 40 il əvvəl
- 1974-cü il. Respublikada
yaradılmış tələbkarlıq və
işgüzarlıq şəraiti rəhbər pedaqoji kadrların da
seçilməsinə tələbkarlığı
artırmış, az müddətdə
onların tərkibində keyfiyyət dəyişiklikləri
aparılmışdı.
Bu məqsədlə Maarif
Nazirliyində də əsaslı işlər görülmüş,
ilk növbədə nazir
müavinlərinin tərkibi yeniləşdirilmiş, nazirin birinci müavini vəzifəsinə MAMEİHİ
MK-nın sədri Rəfiqə Hüseynova
gətirilmişdi. Bundan əvvəl
müxtəlif partiya, sovet
işlərində çalışan Rəfiqə xanım təcrübəli
təhsil işçisi idi,
Azərbaycan Xarici Dillər İnstitutunun rektoru vəzifəsində
işləmişdi. O dövrün
yazılmamış qaydalarına əsasən hər bir nazirlikdə müavinlərdən biri hökmən rus, yaxud erməni olmalı idi.
Bu
baxımdan maarif nazirinin
müavini vəzifəsinə məktəblə
heç bir əlaqəsi
olmayan V.V.Rasjayev gətirilmişdi.
Ümumtəhsil məktəbləri üzrə müavin yeri isə hələ
boş qalırdı. Bu
sahəyə rəhbərlik o qədər
də asan deyildi, onun kuratoru daha
təcrübəli, pedaqoji işi bilən, səriştəli adam olmalıydı.
Ötən
əsrin 70-ci illərində gündüz
ümumtəhsil məktəblərində təhsil
alanların sayı bir milyon
dörd yüz minə
çatmışdı. Təhsil sahəsində böyük dəyişikliklər
aparılırdı. Bununla yanaşı,
Azərbaycan rəhbərliyinin təhsilə
qayğısı təkcə respublikamızın hüdudları ilə məhdudlaşmırdı.
Qonşu ölkələrdə yaşayan azərbaycanlıların da təhsili ilə maraqlanmaq
lazım gəlirdi. Azərbaycan təhsilinin 1969-1982-ci illərdəki
uğurlar. Respublikadakı ümumi
tendensiya nazirlikdə də hiss olunurdu. Nazirin ümumtəhsil məktəblərinə
baxan müavini həm
şəhər, həm də kənd məktəbləri ilə
işləməli idi. Ona
görə də bu təyinat bir qədər ləngiyirdi. Nəhayət, həmin
məsələ də öz həllini
tapdı. Nazir müavininin
təqdimat mərasimi vaxtı çatdı.
Bir gün aparata məlumat verildi ki, saat 5-də yeni müavin kollektivə
təqdim ediləcəkdir. Nazirliyin mərkəzi
aparatının işçiləri zalda oturub səbirsizliklə qonaqları gözləyirdi.
Qapı açıldı, MK-nın şöbə müdiri və nazir
M.Mehdizadə ilə birlikdə zala 45-50
yaşında, dolubədənli, hündürboylu
bir nəfər də daxil
oldu. Bizə tanış olmayan "təzə müavin"
ilk görüşdən yaxşı təsir
bağışlayırdı. İclası MK-nın
şöbə müdiri aparırdı.
O, maarifimizin problemlərindən, ona verilən tələblərdən, respublikada aparılan ideya-tərbiyə işlərindən,
təhsilin qarşısında duran vəzifələrdən
danışandan sonra bu işlərin öhdəsindən gəlmək
üçün yeni nazir müavininin də üzərinə çox
böyük vəzifələr qoyulduğunu vurğuladı. O qeyd
etdi ki, Ə.Əfəndiyevin
keçdiyi yol zəhmətkeş
bir pedaqoqun, mərhələ-mərhələ
irəli çəkilmiş bir şəxsin
həyat yoludur.
Yeni nazir müavini
haqqında qısa bioqrafik oçerk
oxundu. Əfsun Piran oğlu Əfəndiyev 1928-ci ildə Samux rayonunun Alpoud kəndində doğulmuşdur.
1942-ci ildə Alpoud məktəbinin 9-cu sinfini bitirdikdən sonra dərhal
kəndlərindəki məktəbə müəllim təyin
edilmişdi. Lakin onun bu sevinci uzun
çəkməmişdi. Böyük Vətən
müharibəsi hər şeyi
yarımçıq qoymuşdu. Cəbhədə
də vəziyyət ağır idi. Bunu yaxşı dərk edən gənc
Əfsun könüllü olaraq
ordu sırasına yazılır.
Döyüşdə iki dəfə
ağır yaralanır. 1944-cü ildə Polşa
cəbhəsində vuruşur, səhhəti
ilə əlaqədar 1945-ci ildə ordudan
tərxis olunur. Gənc müəllim cəbhədən
döyüş medalları ilə
qayıdır. O yenə də öz doğma işinə - Samux
rayonunda müəllimliyə
başlayır və təhsilini davam
etdirmək üçün növbəti
ildə Azərbaycan Dövlət Universitetinin
qiyabi şöbəsinə daxil olur. 1952-ci ildə ADU-nun tarix fakültəsini
bitirir. Yenə də könüllü
olaraq, rayonda işləməyə
hazır olduğunu bildirir.
Lakin ona öz kəndində işləmək qismət
olmur. Çünki o illərdə Əfsun müəllimin doğulduğu, boya-başa
çatdığı, müəllim işlədiyi kənd
artıq yox idi. O kənd
Mingəçevir dənizinin altında qalmışdı. Ona görə də Əfsun müəllim özü üçün
yeni iş yeri seçməli idi. Belə
də oldu. O, müəllimə ciddi ehtiyac olan
Xaçmaz rayonuna təyinat
aldı. Gənc müəllim tezliklə kənd camaatı ilə
qaynayıb-qarışdı. Müharibədən sonrakı bərpa
və quruculuq işlərinin qoynuna atıldı. O öz
sənətini sevirdi. Uşaqlar
da, valideynlər də ondan
çox razı idi. Bu illərdə
artıq Əfsun müəllim həm də qabaqcıl müəllim
kimi tanındı. 1952-53-cü dərs
ilində o, işlədiyi Xudat
orta məktəbindən qonşu
məktəbə direktor vəzifəsinə
irəli çəkildi, 1953-cü ildən 1962-ci ilədək
Müqtədir qəsəbə məktəbində direktor vəzifəsində
çalışdı. Yaxşı işinə görə Maarif Nazirliyi, partiya, sovet təşkilatları
onu ehtiyat rəhbər
kadrların siyahısına saldılar, gənc direktor yuxarı təşkilatların da diqqətini özünə çəkdi.
Valideynlərini vaxtsız itirmiş
Əfsun kollektivə öz doğma ailəsi kimi
baxırdı. O bu vəzifədə də
özünü doğrultdu.
Artıq onun adı hər yerdə
hörmətlə çəkilirdi. O vaxtdan
neçə illər keçsə də, həmin kənddə
Əfsun müəllimi xatırlayanlar indi
də tapılır. Kənddə böyük
nüfuz qazanmış gənc direktor abadlıq işləri apardı. Təbiət
vurğunu kimi onun öz əli ilə əkdiyi
ağaclar indi də
qalmaqdadır.
Bir neçə il sonra
elmə olan həvəsi onu
Bakıya gətirdi. 1962-ci ildə Əfsun müəllim Azərbaycan Dövlət Universitetinin aspiranturasına
qəbul olundu. 1965-ci ildə aspiranturanı qurtaran kimi Bakı
Ali Partiya Məktəbinə
baş müəllim vəzifəsinə göndərildi.
1970-ci ildən 1974-cü ilədək,
yəni nazir müavini təyin
olunana qədər bu vəzifədə çalışdı. Respublikanın partiya, sovet təşkilatları ilə
əlaqəsi onu daha da püxtələşdirmişdi.
Kollektiv onu Bakı Ali Partiya Məktəbinin partiya komitəsinin katibi seçir. 1973-1975-ci illərdə rayon sovetinin deputatı olur.
Ə.Əfəndiyev
bütün tapşırıqları
vicdanla, vaxtlı-vaxtında
yerinə yetirir, öz vəzifəsinin öhdəsindən layiqincə
gəlirdi. Belə
bir zəngin həyat yolu keçmiş, respublikanın
əməkdar müəllimi
fəxri adına
layiq görülmüş
Əfsun Əfəndiyevə
müxtəlif rəhbər
vəzifələr təklif
olundu. Lakin onu pedaqoji sahə daha çox özünə çəkirdi. Artıq
Əfsun müəllim ailə
sahibi idi. Həyat yoldaşı müəllim
işləyirdi. Oğlu Vadim
və qızı Leyla böyüyürdü.
Atasının yolu ilə gedən və onun layiqli davamçısı
olan Leyla xanım hazırda Bakı şəhərindəki,
160 nömrəli Klassik
gimnaziyada işləyir.
Dərslik müəllifidir. Yaxşı işinə görə hamı ona hörmətlə
yanaşır. "Ən yaxşı müəllim" müsabiqəsinin
qalibidir. Məktəb rəhbərliyi, pedaqoji kollektiv, valideynlər və şagirdlər onun işindən razıdır.
Qeyd
etmək lazımdır
ki, Əfsun Əfəndiyev çox yetkin, ziyalı, erudisiyalı, yüksək
intellektli bir rəhbər idi. O, mütaliəni çox sevir, rus və
Azərbaycan dillərində
olan ən maraqlı kitabları hamıdan əvvəl əldə edirdi. Onun dilində tez-tez tarixi şəxsiyyətlərin
müdrik sözləri
səslənərdi. Bəzən, imkan olanda, bu
əsərlərin obrazlarından
misallar gətirərdi.
O, həmişə deyirdi
ki, müdrik kəlamlara vaxtı ötüb-keçmiş fikirlər
kimi baxılmamalıdır,
cəmiyyət həmişə
ayrı-ayrı fərdlərdən,
ayrı-ayrı xarakterə
malik insanlardan ibarət olmuşdur. İnsanlar arasındakı münasibətlərə
isə bütün dövrlərdə həlledici
amil kimi yanaşılmışdır. O, tabeliyindəki işçilərə
öyrədirdi ki, insanlar arasında fikir ayrılığı
ümumi işə
mane olmamalıdır. Böyük pedaqoqların
fikirləri, bizdən
əvvəl işləyənlərin
taleyi, təcrübəsi
bugünkü fəaliyyətimiz
üçün faydalı
tərbiyə məktəbidir.
Söz yox ki, onunla
razılaşmayanlar da
vardı. Bu da təbiidir, heç də hamı Əfsun müəllimi olduğu kimi qəbul etmir, onu daha
çevik, bir qədər də sərt görmək istəyirdilər. Bu illərdə onun ünvanına, xüsusən
kuratoru olduğu sahənin vəziyyəti barədə çoxlu tənqidi fikirlər də söylənərdi.
Əfsun
müəllim irad və tənqidləri təmkinlə dinləyər,
heç kəslə mübahisəyə girişməzdi.
Belə tənqidi fikirlər yuxarılar tərəfindən
söylənəndə isə
sakitcə dinləyər,
qarşısındakı kağıza
nə isə yazar, öz fikrində deyilənləri
götür-qoy edərdi.
Belə hallarda qətiyyən hiss olunmurdu
ki, o, natiqdən incimişdir, yaxud daxili narahatçılıq
keçirir. İdarəçilik qaydalarını yaxşı bilən Əfsun müəllim hər bir tapşırığın
gecikmədən icrasını
vacib sayırdı.
Ən mühüm məsələləri rəhbərliklə,
hətta tabeliyindəki
işçilərlə məsləhətləşər,
tutduğu iş üçün özündə
əminlik yarandıqdan
sonra işə başlayardı. O çox
qayğıkeş və
ədalətli idi, həmişə deyirdi:
"Ciddi əsas olmadan heç kəsi təndiq etməyin. Bu bizim
işimizə xeyir gətirməz. Onda yaxşı
kadrları itirərik".
Əfsun
müəllim nazirliyə
daxil olan şikayət məktublarının
çox diqqətlə
araşdırılmasına diqqət yetirərdi. O öz tabeliyindəki işçilərinin ən
yaxşı cəhətlərini
qiymətləndirdiyi kimi,
nöqsanlarını da
görürdü, onun
düzəldilməsinə imkan verirdi. Həmçinin işçilərin səhvlərini bağışlamağı
da bacarardı. Heç kəsə ögey münasibət bəsləməzdi.
Başqa
müavinlərdən fərqli
olaraq, yalnız rəislərlə deyil, hər bir inspektorla
da ayrıca işləyərdi. Heç vaxt
bütün ağırlığı
idarə, şöbə
rəhbərlərinin üzərinə
atmazdı.
Əfsun
müəllim Azərbaycanda
təlim-tərbiyə, məktəb
quruculuğu, təhsilin
inkişafı, təlim
prosesinin təkmilləşdirilməsi
məsələlərinə bələd idi. Ona təqdim olunan arayışları bəzən
tamamilə yenidən işləyirdi. Baş məktəblər
idarəsinin işçiləri
onun bu keyfiyyətlərindən
ağızdolusu danışırdılar.
Əfsun
müəllim tərəfindən
nəzərdən keçirilən
sənədlərin yuxarılarda
da bəyəniləcəyinə
həmişə əminlik
vardı.
Əfsun
müəllim çox
böyük ürək
sahibi, hər kəsə böyük qəlblə yanaşan səbrli, təmkinli, xeyirxah, obyektiv, halal bir rəhbər
idi. Onunla işləyənlər
müsbət keyfiyyətlərinə yaxşı bələd
idilər, onun iş üslubunu qəbul edirdilər. Əfsun müəllim
özünəməxsus daxili mədəniyyətə
malik idi. Onun bir cəhəti də
diqqəti cəlb edirdi ki,
o, normativ sənədləri
çox diqqətlə oxuyur,
hər bir sətiraltı mənanı da başa düşməyə
çalışırdı. Sonra da onun icrasına bələdliklə
nəzarət edirdi.
Əfsun müəllim
müxtəlif səviyyələrdəki iclaslara
çox ciddi
hazırlaşırdı. Bu iclaslar üçün
hazırlanan məlumatları diqqətlə nəzərdən
keçirər, onun üzərində özü işləyərdi. O məruzələrin
və ya məqalələrin
hazırlanmasına çox məsuliyyətlə
yanaşırdı. Belə işlərin çoxunun
üzərində özü təkbaşına
işləyərdi. O zaman məruzələrin
çoxu rus dilində
yazılırdı. Həm Azərbaycan, həm də rus dilini yaxşı bilən
Əfsun müəllim məruzə və çıxışlarını
da yazılı şəkildə təqdim
edərdi.
Dövrünün açıqgözlü ziyalısı kimi Əfsun müəllim pedaqoji
mətbuatı ardıcıl izləyərdi. Çox
zaman şöbə müdirlərini də
yanına çağırıb, aidiyyəti yazılara
münasibət bildirərdi. O çox nadir hallarda hirslənər,
həmişə sakit olmağa
çalışardı. Ən ciddi prinsipial məsələləri də təmkinlə
müzakirə edərdi.
Bu
gün təhsilimizin uğurlarını,
təlim-tərbiyə sahəsindəki nailiyyətlərini
görəndə, istər-istəməz Əfsun müəllimi
xatırlamalı oluruq. Çünki
o özü də on il ərzində təhsilimizin
inkişafı üçün az iş görməmişdir
və həmişə də təhsilimizin gələcəyinə
ümid bəsləmiş, bu gününü arzulamışdır.
Əfsun Əfəndiyevi
tanıyanlar, onunla bir
yerdə işləyənlər həmişə onu belə xatırlayırlar.
Nəcəf NƏCƏFOV,
Azərbaycan Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvü,
əməkdar müəllim, fəlsəfə doktoru, dosent
Azərbaycan
müəllimi.- 2014.- 9 may.- S.9.