Nəsillərin müəllimi
Arif müəllim
Bu il akademik Məmməd Arif Dadaşzadənin anadan olmasının 110 ili tamam olur
Haqqında söhbət
edəcəyimiz alim filologiya
elmləri doktoru, əməkdar elm xadimi, akademik,
ictimai xadim, xalqına
ləyaqətlə xidmət etmiş Məmməd
Arif Dadaşzadədir. Belə şəxsiyyətlərin
elmi irsi
xalqımızın milli sərvətidir.
Milli maddi-mənəvi dəyərlərin
qorunub saxlanılaraq gələcək nəsillərə
ötürülməsinə dövlətimiz daimi
qayğı göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin böyük alim
Məmməd Arifin anadan
olmasının 110 illiyinin qeyd
olunmasına dair imzaladığı sərəncam
bu qayğının bariz
ifadəsidir. Sərəncamda deyilir:
"2014-cü ilin iyun
ayında görkəmli Azərbaycan ədəbiyyatşünası
və tənqidçisi, tanınmış pedaqoq
və ictimai xadim, respublika Dövlət mükafatı
laureatı, əməkdar elm xadimi, akademik Məmməd
Arifin (Məmməd Arif
Məhərrəm oğlu Dadaşzadənin)
anadan olmasının 110 illiyi tamam olur".
Sərəncamda Azərbaycan Milli
Elmlər Akademiyasına tapşırılıb ki, Təhsil Nazirliyi və
Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycan
Yazıçılar Birliyinin təkliflərini
nəzərə almaqla, akademik
Məmməd Arifin 110 illik
yubileyinə həsr olunmuş tədbirlər
planını hazırlayıb həyata keçirsin".
Azərbaycan Dövlət Universitetində bizə ən çox dərs deyən, bizimlə ünsiyyətdə
olan, geniş rus ədəbiyyatı tarixi
kursunu aparan Məmməd Arif
müəllim idi. O, bizə
üç semestr dərs
dedi, bütün tələbələr
təəssüf edirdi ki,
kaş kurs
tamamlanmayaydı. Uca boyu,
düz qaməti, ağır təbiəti,
olduqca səliqəli geyimi
ilə, sözün həqiqi mənasında,
bir şəxsiyyət kimi
seçilirdi. Sifətindən zəhm
tökülürdü, ədalətli adam
idi. Nitqi çox dolğun və
mükəmməl olan Arif
müəllimin ifadə etdiyi cümlədən
söz çıxarmaq, yaxud
ora nəsə əlavə etmək mümkün deyildi.
Mühazirəsi dərin məzmuna malik olurdu. O illərdə dərs vəsaiti yox idi, ölkə
müharibədən, demək olar ki, təzə çıxmışdı. Ona görə də tələbənin
oxumalı olacağı yeganə mənbə müəllimin
müharizəsi idi. Odur
ki, bütün tələbələr
müəllimin dediklərini yazıya almağa
çalışırdı. Bir dəfə
tələbələrdən biri
mühazirə zamanı yadda saxlaya bilmədiyi bir fikri təkrar etməyi müəllimdən xahiş etdi.
Arif müəllim çox
sakitcə dedi: - Siz mənim
sözlərimin hamısını yaza
bilməzsiniz, nəyi tuta bilirsiniz, onu yazsanız, bəsdir.
Tələbə yenidən dedi:
- Müəllim,
axı, imtahanda soruşacaqsınız.
Arif müəllim çox
əsəbiləşdi və dedi:
- Mən səhv edərəm,
dediyimin hamısını sizdən soruşaram.
Obyektiv adam olduğundan,
inana bilmərəm ki,
hətta Arif müəllimə çox yaxın olan adam belə cəsarət edib,
deyə ki, bilməyən tələbəyə
qiymət yaz və Məmməd Arif müəllim
də onun
xahişini nəzərə ala.
İmtaham zamanı
yaxşı oxuyan bir
yoldaşımızın cavabı onu qane etmədiyi üçün
Arif müəllim ona
"3" qiymət yazdı, həmin oğlan
narazı qaldığını müəllimə bildirdi:
"Müəllim, mən
heç "4" qiymət
almamışam, siz mənə "3"
qiymət
yazırsınız". Arif müəllim
halını pozmadan dedi:
"Təbrik edirəm". Bununla da söhbət tamamlandı.
Arif müəllim imtahan zamanı obyektiv
olduğundan, kimin
neçə qiymət alması ilə maraqlanmırdı. Mən
imtahan verəndə qiymətimi yazdı və
dedi:
- Ele
et ki, mənim verdiyim qiymət qiymətlər arasında tək
qalmasın. Dedim:
- Müəllim,
hamısı ondandır, tək deyil.
Universiteti bitirdikdən sonra bir neçə il kənddə müəllim işlədim, qəzetdə
- Azərbaycan EA-nın Nizami adına Dil və Ədəbiyyat İnstitutunun
aspiranturasına qəbul haqqında elan oxudum. Mən də Bakıya gəlib həmin instituta sənəd
verdim. Böyük müsabiqə var idi. İmtahan
təyin olunduğu vaxtdan
xeyli gec
başladı. Bir qədər gözlədikdən
sonra sənəd verənlərdən birini - əlbəttə, mən onu tanımadığım üçün
adını unutmuşam, Arif müəllimin
çağırdığını dedilər. Arif müəllim ona dedi: kağız, qələm götür:
- Bu
institutun adını yaz!
- Doğulduğun
rayonun adını yaz!
Bu tərzdə Arif müəllim bir
neçə söz və ifadə
yazdırdıqdan sonra oğlandan
soruşdu: Sən haranı bitirmisən, səni
orta məktəbdə kəsməli idilər.
Sonradan aydın oldu ki, Arif müəllimin oğlana yazdırdığı həmin sözlər ərizədə
səhv yazılan sözlərdir, Arif müəllim səhvlərə
görə oğlanı imtahana
buraxmadı, komissya üzvləri təklif
etdilər ki, sual verək, bəlkə yaxşı cavab verəcək. Arif
müəllim isə "mən bu biliyə
malik olan adama sual verib,
özümü təhqir etmərəm"
- deyərək qəti etiraz etdi.
Məmməd Arifin fəaliyyəti təkcə müəllimliklə
məhdudlaşmırdı. O, hər şeydən əvvəl,
bacarıqlı elm təşkilatçısı,
ictimai xadim idi. Nizami adına Ədəbiyyat
və Dil İnstitutunun direktoru, Azərbaycan Elmlər Akademiyasında ictimai elmlər bölməsi üzrə akademik katib, sonra isə 1960-cı ildən ömrünün
axırına qədər isə vitse-prezident
kimi vəzifələrdə
çalışmışdı.
Akademik Məmməd Arif
Dadaşzadə qüdrətli, hərtərəfli filoloq alim kimi
Azərbaycan və rus ədəbiyyatının
mükəmməl bilicisi idi.
Azərbaycan ədəbiyyatı tarixinə aid
elə bir fundamental tədqiqat
əsəri təsəvvür etmək olmaz
ki, Məmməd
Arif orada
aparıcı adam olmasın. O, qüvvətli,
obyektiv tənqidçi kimi
"Azərbaycanın Belinskisi"
adını qazanmışdı. Məmməd Arifin
tənqidi fikri obyektiv
və kəsərli tənqid idi. "Cəfər Cabbarlının
yaradıcılıq yolu" adlı
sanballı tədqiqatı ilə
yazıçının yaradıcılıq xüsusiyyətini
təfsilatı ilə açıb oxucunun
nəzərinə çatdırırdı. Bu
tədqiqat əsərini oxuduqdan sonra C.Cabbarlının necə istedad
sahibi olduğunu
aydınlığı ilə dərk etmək mümkündür. Bu tədqiqat
əsəri Arif müəllimin doktorluq dissertasiyası işi kimi formalaşdırılmışdır. Həm
də bu əsərin müdafiə günü çox əlamətdar
bir təbii hadisəyə - günəşin
tutulması vaxtına (1954) təsadüf edir.
Bu illərdə mən kənd məktəbində
müəllim işləyirdim. Bakıya gəlmişdim.
Əziz müəllimim- Arif Dadaşzadənin
mübarək müdafiə məclisində
iştirak edirdim.
Müdafiənin gedişində yavaş-yavaş
hava qaralmağa
başladı. Müzakirəni yarımçıq
saxladılar, adamlar günün
tutulmasını müşahidə etdikdən sonra
hava açıldı, müdafiə
şurası öz işini
davam etdirdi.
Akademik Məmməd Arifin
sayını hesablamaq çətin olduğu
tədqiqat işləri arasında mənim, elecə də
oxucuların diqqətini çəkən "Səməd Vurğunun dramaturgiyası" əsəridir.
Bu tədqiqatdan sonra Arif müəllimin bir fikri oxucular arasında
aforizmə çevrilib: "Səmədi
Səməd edən Vaqifdir, Vaqifi Vaqif edən Səməddir".
Məmməd Arif Dadaşzadə, yuxarıda deyildiyi
kimi, rus ədəbiyyatının
gözəl bilicisi idi.
Ona görədir ki, Məmməd
Arif Azərbaycan Dövlət Universitetində
rus ədəbiyyatı kafedrasına rəhbərlik
etmişdir. Onun rus ədəbiyyatı klassiklərindən A.S.Puşkin, V.Q.Belinski, L.Tolstoy, A.P.Çexov və
başqaları haqqında
yazdığı kitablar oxucunu heyran etməyə bilmir. Arif müəllimin V.Q.Belinski
haqqında dediyi bir fikir indi də hafizəmdə
qalır: "Belinski elə ürəklə
çıxış edirmiş ki, ona o
dövrdə Belinski "neistıviy Vissarion" (dönməz Vissarion)
deyərlərmiş. Bu fikri
Arif müəllimin özü
haqqında da söyləmək olar.
Ədəbiyyatşünaslıq
sahəsində Məmməd Arifin sözü inam mənbəyi idi, məcazi
mənada desək, ədəbiyyatşünaslıqda
möhür rolu
oynayırdı. Müəyyən bir problemin izah olunmasında
razılığa gələ bilməyəndə, Məmməd
Arifə müraciət etməyə ehtiyac
duyurdular. Yaxşı yadımdadır, keçən
əsrin 70-ci illərində Azərbaycan ədəbiyyatşünaslığında
özlərinin dəst-xətti, kəsərli sözü
olan iki müqtədir
alim Əziz Mirəhmədov və Yaşar Qarayev arasında romantizm haqqında mübahisə - elmi polemika gedirdi,
mübahisə mətbuatda da öz əksini tapırdı. Həmin elmi mübahisədə yenə də Məmməd Arifə müraciət
etməyin lazım olduğu qənaətinə
gəlirlər. Əziz Mirəhmədovun fikirləri bu cəhətdən
maraqlıdır:
"...Mən
yenə Məmməd Ariflə məsləhətləşməyi
lazım bilirəm, çünki o, tərəqqisevər romantiklərdən çoxu haqqında yazmış və
onların spesifik yaradıcılıq
simasını, bu sənətkarları
bir-birindən və Sabirdən
fərqləndirən sifətləri çox
aydın səciyyələndirmişdir" (Bax:
Sovet ədəbiyyatşünaslığının
aktual problemləri, "Elm"
nəşriyyatı. Bakı 1974, səh.159).
Məmməd Arif müqtədir tərcüməçi idi. Azərbaycan oxucuları rus ədəbiyyatının korifeylərindən
L.Tolstoyun "Hərb və sulh", N.Ostrovskinin "Polad necə bərkidi", M.Qorkinin
"Dankonun ürəyi", "Makar Çudra", dünya ədəbiyyatından M.Servantesin
"Don Kixot" və
s. kimi bədii əsərlərini
Məmməd Arifin tərcüməsində
oxuyurlar. Adı qeyd
olunan əsərlərin həcmini, mövzusunu təsəvvürə gətirdikdə,
Məmməd Arifin
yaradıcılığına bələd olmayan
adamlar da onun xidmətləri barədə müəyyən
qənaətə gələ bilər.
Məmməd Arif müxtəlif vəzifələrdə çox gərgin iş aparmaqla bərabər, orta
məktəbdə ədəbiyyatımızın
keyfiyyətlə tədris olunmasına da
lazımı qayğı göstərmişdir. O, uzun müddət X sinif üçün ədəbiyyat dərsliyinin
müəllifi olmuşdur. Eyni
zamanda Maarif Nazirliyi nəzdində Tədris Metodik
şuraya rəhbərlik etmişdir.
Bu
isə o deməkdir ki,
Məmməd Arif Dadaşzadə görkəmli
ədəbiyyatşünas kimi müxtəlif
tarixi, nəzəri problemlərə
aydınlıq gətirməklə yanaşı, özündən sonrakı nəsillərə
çatdırılmasına da
qayğı göstərmişdir.
Şəmistan MİKAYILOV,
pedaqogika üzrə elmlər
doktoru,
professor,
Prezident təqaüdçüsü
Azərbaycan
müəllimi.- 2014.- 9 may.- S.9.