Valideynlər Təhsil Nazirliyinin
həyata keçirdiyi tədbirləri dəstəkləyirlər
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında son illər ölkəmizin modernləşməsi,
insan kapitalının inkişafı istiqamətində
böyük işlər görülür. Bütün sahələrdə
olduğu kimi, təhsildə də islahatlar getdikcə dərinləşir
və genişlənir, dövrün
çağırışlarına cavab verməyə qabil
müasir təhsil sisteminin yaradılmasını hədəfləyən
ciddi addımlar atılır. Bu baxımdan başa
çatmaqda olan tədris ilini təhsil sistemimizdə əsl
dönüş ili, bilavasitə təhsilalanların mənafeyinə
yönəldilmiş, təhsilin keyfiyyətini yüksəltməyə
hədəflənmiş inkişafyönlü tədbirlərlə
zəngin il kimi xarakterizə etmək olar.
Bəs
valideynlər bu haqda nə fikirdədir? Sualımıza cavab
almaq üçün bir neçə valideynlə söhbətləşdik.
Gülnarə
ASLANOVA,
Bakı
şəhər A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin
Valideyn-Müəllim
Assosiasiyasının prezidenti
Əvvəla onu deyə bilərəm ki, Təhsil
Nazirliyinin yeni rəhbərliyinin son bir ildə həyata
keçirdiyi qətiyyətli tədbirlər, təhsil sahəsinin
bir sıra köklü məsələləri ilə
bağlı sərgilənən yeni yanaşma və
baxışlar bütün ictimaiyyətdə, o cümlədən
də bu məsələlərdə ən çox
marağı olan biz valideynlərdə nikbinlik və ümid
yaratmışdır. Biz valideynlər bu addımları bəyənir
və dəstəkləyirik. Mən bunlardan bəzilərini
xüsusilə qeyd etmək istərdim.
Biz valideynlərin xüsusi rəğbətlə
qarşıladıqları məsələlərdən biri Təhsil
Nazirliyi tərəfindən məktəblərdə baş
verən neqativ hallara qarşı qətiyyətlə
mübarizə aparılması, aşkarlanan bu cür faktlarla
bağlı təsirli tədbirlərin görülməsidir.
Açığını deyim ki, bu mübarizə kifayət
qədər effektli nəticə verib. Məktəblərdə
əvvəllər geniş yayılmış və valideynləri
ən çox narazı salan hər xırda şey
üçün pul yığılması halları aradan
qalxıb. Məsələn, bizim məktəbdə son bir ildə
çoxlu tədbirlərimiz olub, bir neçə bayram qeyd
etmişik, lakin onların heç birində valideynlərdən
pul yığılmayıb. Təhsil Nazirliyi təsərrüfat
məqsədləri üçün məktəblərə
xüsusi vəsaitlər ayırıb ki, bunlar da ehtiyacı, əsasən,
ödəyir. Bu addım məktəbin, təhsilin imicini xeyli
yüksəldib.
Təhsil Nazirliyinin son vaxtlar müəllimlərin
peşəkarlıq səviyyəsinin artırılması
yönündə gördüyü tədbirlər də bir
valideyn kimi məni məmnun edir. Bu baxımdan, mən təhsil
nazirinin bu günlərdə imzaladığı "Müəllimlərin
bilik və səriştəsinin sınaq qiymətləndirilməsi
barədə" əmrini ayrıca qeyd etmək istərdim.
Fikrimcə, uzun illər müəllimlərin
attestasiyasının keçirilməməsi bir
arxayınlıq, süstlük yaratmış, nəticədə
onların öz peşəkarlıqlarını artırmaq həvəsi
və səyi azalmışdır.
Ümid edirəm və inanıram ki, ümumtəhsil
müəssisələrində çalışan müəllimlərin
bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin
aparılması müəllimlərin məsuliyyətini,
öz fəaliyyəti üçün cavabdehlik hissini daha da
yüksəldəcək, onları öz üzərlərində
müntəzəm işləməyə sövq edəcək
və müəllimin əmək fəaliyyətinin daha da
optimallaşdırılmasına səbəb olacaqdır.
Nə gizlədək, müəllimlərimiz
arasında hazırlıqsız, dərslərini şablon və
pimitiv formada keçən, qeyri-ixtisaslılar az deyil. Bu
problemi aradan qaldırmağın ən optimal yolu müəllimlərin
attestasiyadan keçirilməsi ola bilər. Attestasiya müəllimlərin
nə dərəcədə öz üzərində
çalışdığını, inkişaf etdiyini
aşkarlayan göstəricidir.
Biz valideynlər təhsilimizdə baş verən
bu yeniliklərin, inkişafın, islahatların davamlı
olmasını istərdik və Təhsil Nazirliyi tərəfindən
götürülən xətt bunun belə də
olacağına bizi inandırır.
Lalə
İSBATOVA,
akademik
Zərifə Əliyeva
adına
liseyin VMA prezidenti
Təhsil cəmiyyətin demək olar ki,
bütün təbəqələrinin daim diqqət mərkəzində
olan bir sahədir. Səbəb aydındır. Çünki
hamının yolu təhsildən, məktəbdən
keçir. Ona görə də bu sahədə gedən
bütün proseslər, quruculuq işləri, inkişaf
ölkə ictimaiyyəti tərəfindən yaxından izlənilir,
mövcud problemlər hamını narahat edir. Əlbəttə,
övladını gələcəkdə yüksək təhsilli,
cəmiyyətin layiqli üzvü kimi görmək istəyən
hər bir valideyn kimi mən də hazırda ölkəmizin təhsil
sistemində aparılan və onun keyfiyyətini yüksəltməyə,
təhsil mühitinin sağlamlaşdırılmasına
yönəlmiş islahatların gedişi ilə yaxından
maraqlanıram. Buna görə də əminliklə deyə
bilərəm ki, son illər təhsil sistemimizin
inkişafı, onun dünya təhsilinə inteqrasiyası
üçün çox iş görülüb. Son bir ildə
isə bu işlər daha da sürətlənib. Təhsilimizin
keyfiyyətini yüksəltmək üçün daha qətiyyətli
addımlar atılmasına başlanıb ki, bu da bizi çox
sevindirir. Mən bu addımlardan Təhsil Nazirliyi tərəfindən
təhsil müəssisələrindəki neqativ hallara
qarşı qətiyyətlə aparılan mübarizəni
xüsusi qeyd etmək istərdim. Məhz bu mübarizə nəticəsində
son illər daha çox hallanan və valideynlərdə
narazılıq yaradan məktəblərdə şagirdlərdən
müxtəlif məqsədlərlə pul
yığılması halları demək olar ki, aradan
qalxıb. Bu cəhətdən bütün valideynlər kimi,
mən də Təhsil Nazirliyini alqışlayıram.
Bir valideyn kimi mənim rəğbətimə
səbəb olan addımlardan biri də xaricdə təhsillə
bağlı görülən işlərdir. Xaricdə təhsil
almağa göndərilən tələbələrin
seçim proseduru əvvəlki dövrlərə nisbətən
ötən il daha yaxşı və şəffaf təşkil
olunmuşdu. Nəticədə də əvvəlki illərdəkindən
xeyli çox azərbaycanlı gənc - bizim
övladlarımız bu şansı qazana bildi. Yeri gəlmişkən
qeyd edim ki, mənim oğlum - Baxşıyev Suad Fuad oğlu da
bu şansdan bəhrələnənlər
sırasındadır. Akademik Zərifə Əliyeva adına
liseyin məzunu olan oğlum hazırda Amerikanın Kolorado
ştatının Kolorado Dövlət Universitetinin tələbəsidir.
Məktəbləri bitirən bütün məzunlara
göstəricilərindən asılı olmayaraq attestatların
verilməsini təqdirəlayiq hal kimi qiymətləndirirəm.
Attestatların verilməməsi neqativ hallara gətirib
çıxarırdı. Bütün şagirdlərə
attestatların verilməsi ictimaiyyət tərəfindən rəğbətlə
qarşılandı. Digər tərəfdən, bu fakt qiymətləndirmə
sisteminin də mükəmməl olmadığını
üzə çıxardı. Həmin şagirdlərdən
yüksək göstəricilərlə, hətta 599 balla ali məktəblərə
qəbul olunanlar da oldu.
Ucqar kəndlərdən, rayonlardan paytaxta gəlib
vaxt itirməsinlər deyə 6 yaşdan aşağı olan
xüsusi istedadlı uşaqların məktəbə qəbulunun
yerlərdə, bölgələrdə komissiyalar vasitəsilə
həyata keçirilməsi də valideynlər tərəfindən
bəyənilən addımlardandır.
Bütün bu işlərə, təhsilimizə
göstərdiyi qayğıya görə biz ölkə
Prezidenti İlham Əliyevə minnətdarlığımızı
bildirir, Təhsil Nazirliyinə də "sağ olun"
deyirik.
Zeynal
MEHDİYEV,
Bakıdakı
6 nömrəli tam orta
məktəbin
valideyn komitəsinin sədri
Bu gün respublikamızda bütün sahələrdə
islahatlar aparılır. Təhsil sahəsində də
köklü dəyişikliklər baş verməkdədir.
Bakı şəhərində və eləcə də
bölgələrimizdə yeni-yeni, müasir tipli məktəblər
tikilir və ya əsaslı təmir olunur. Bu sahədə,
yaradılmasının 10 illiyini qeyd etdiyimiz Heydər
Əliyev Fondunun gördüyü işləri xüsusi qeyd
etmək istəyirəm. Fondun Prezidenti, ölkənin birinci
xanımı Mehriban Əliyevanın təşəbbüsü
və köməkliyi ilə uşaq bağçaları, məktəblər
və mədəniyyət ocaqları tikilir.
Dövlət başçısı, cənab
İlham Əliyevin sərəncamı ilə M.Cabbarov təhsil
naziri təyin olunduqdan sonra təhsil sahəsində islahatlara
yeni prizmadan yanaşılır.
Təhsilin keyfiyyətinin yüksəldilməsinə
xüsusi diqqət yetirilir. Nazirliyin son dövrlərdə
atdığı addımları, o cümlədən nazirin
"Müəllimlərin bilik və səriştəsinin
sınaq qiymətləndirilməsi haqqında" əmrini,
"Ümumtəhsil müəssisələrində
şagirdlərin sinifdən-sinfə keçirilməsi
haqqında Müvəqqəti Qaydalar"ı, orta məktəbləri
bitirən şagirdlərin hamısına attestatların verilməsini
həm müəllimlər, həm də valideynlər
razılıqla qarşılayıblar.
Uzun illər narazılıq mənbəyi olan
məktəb fondlarının ləğv edilməsini,
valideynlərdən pul yığılması hallarının
aradan qaldırılması və təsərrüfat məqsədləri
üçün plastik kartların verilməsinə
başlanmasını təqdirəlayiq hal kimi qiymətləndirirəm.
Nazirlik tərəfindən irəli sürülən tələblər
6 nömrəli tam orta məktəbdə rəhbərliyin və
valideyn komitəsinin iştirakı ilə yerinə yetirilir.
Belə ki, məktəb valideyn komitəsinin üzvləri
mütəmadi olaraq məktəbin ümumi vəziyyətinə,
sanitar-gigiyenik şəraitinə və məktəbə gətirilən
qida məhsullarının keyfiyyətinə nəzarət
edirlər. Cənab nazirin qarşıya qoyduğu vəzifələr
məktəb rəhbərliyi və məktəb valideyn komitəsi
tərəfindən komitənin iclaslarında geniş
müzakirə olunur və valideynlərə
çatdırılır. Bütün valideynlər də təhsil
sahəsində aparılan islahatları bəyənir və dəstəkləyirlər.
Azərbaycan müəllimi.- 2014.- 16 may.- S.7.