SABAH qruplarına daxil olan tələbələr
bir sıra maddi imtiyazlara malik olacaqlar
Mayın 14-də Azərbaycan
Dövlət Pedaqoji Universitetində və
Azərbaycan Dövlət Neft
Akademiyasında SABAH qruplarının təqdimatı keçirilib. Təhsil Nazirliyinin
nümayəndələri hər iki ali təhsil müəssisəsində tələbələrə,
həmçinin professor-müəllim heyətinə SABAH qruplarının
yaradılmasının əhəmiyyəti barədə
danışıblar.
Təqdimatda bildirilib ki, SABAH
qrupları öz ixtisası üzrə
peşəkar mütəxəssis kimi
yetişmək istəyən tələbələrə geniş imkanlar
açır. SABAH qruplarına daxil olan tələbələr həm yüksək
səviyyəli təhsil almaq şansı
qazanacaqlar, həm də təhsil müddətində
əlavə təqaüd, yataqxanada pulsuz yerləşdirilmə, qidalanma
kimi bir sıra maddi imtiyazlara malik olacaqlar.
Dövlət sifarişi ilə və ya
ödənişli təhsil almasından asılı olmayaraq, SABAH qruplarında oxuyan
bütün tələbələr SABAH təqaüdləri
alacaqlar.
Sürətlə qloballaşan dünyada müasir baxışlar, yüksək təhsil,
bir neçə dil biliyi tələbənin gələcəkdə
iş tapmaq, uğurlu karyera qurmaq şansını əhəmiyyətli dərəcədə
artırır. Bunu nəzərə alaraq, SABAH qruplarında tələbələrin
istəklərinə uyğun çevik tədris proqramı tətbiq olunacaq. Təhsil müddətində xarici ölkə universitetləri ilə
mübadilələr, əsas işəgötürənlərlə
mütəmadi əlaqələrə böyük
önəm veriləcək.
SABAH qrupunun
məzunu öz ixtisasını ana dili ilə
yanaşı, ingilis dilində də
mükəmməl biləcək.
Qrupun fərqlənən tələbələri
xarici ölkələrə təcrübəyə
göndəriləcək.
SABAH qrupları 33 ali təhsil müəssisəsində
yaradılmaqla 52 ixtisası əhatə edəcək. Hər bir ixtisasın SABAH qrupu həmin
ixtisas üzrə ən yaxşı
göstəricilərə malik ali təhsil müəssisəsində yerləşəcək.
Nümunə: "İqtisadiyyat" ixtisası Azərbaycanın
paytaxtı və bölgələrini əhatə edən 20 ali təhsil müəssisəsində tədris
olunur. Bu ixtisas üzrə baza məktəb kimi Azərbaycan
Dövlət İqtisad Universiteti
seçilib. "İqtisadiyyat"
ixtisası üzrə SABAH qrupuna
düşmək üçün seçim mərhələlərinə
qatılan ən yaxşı 25 tələbə seçiləcək
və Azərbaycan Dövlət İqtisad
Universitetinə köçürülərək təhsillərini
burada davam etdirəcəklər.
SABAH qrupuna
tələbələr il ərzində
qiymətlərinin orta göstəricisi
61-dən aşağı olmayan I kurs tələbələri arasından
seçiləcək. SABAH-a qəbul olmaq istəyən tələbə
bunun üçün
3 mərhələdən keçməlidir - iyunun
12-dək www.sabah.edu.az saytında elektron qeydiyyata
düşmək, iyulun 1-dən 15-dək
25 məntiq və 25 xarici dil
olmaqla 50 sualdan ibarət
"SABAH" imtahanı vermək və sonda
müsahibədən keçmək. Bu
mərhələləri daha yüksək
nəticə ilə keçənlər SABAH qrupunun
tələbələri olacaq və ikinci kursdan etibarən
ixtisaslarına uyğun baza
ali təhsil müəssisəsində təhsillərini
davam etdirəcəklər.
SABAH qrupları seçilmiş ixtisasın ən yaxşı
tələbələrinin və bu
ixtisası ən keyfiyyətli tədris edən müəllimlərin
görüşdüyü məkan olacaq.
Qeyd edək ki, Azərbaycan
Dövlət Pedaqoji Universitetində riyaziyyat və informatika
müəllimliyi, tarix və coğrafiya müəllimliyi, ibtidai
sinif müəllimliyi olmaqla
3 ixtisas üzrə SABAH qrupları
yaradılacaq. Azərbaycan Dövlət Neft
Akademiyasında isə SABAH qrupları neft-qaz
mühəndisliyi, neft-qaz qurğuları
mühəndisliyi, elektroenergetika mühəndisliyi
və kimya mühəndisliyi
ixtisaslarını əhatə edəcək.
SABAH qrupları ali təhsil müəssisəsində yerləşən
"SABAH Mərkəzi" vasitəsilə idarə olunacaq.
Mərkəzlərin
işinə isə birbaşa Təhsil Nazirliyi nəzarət edəcək.
Azərbaycan
müəllimi.- 2014.- 16 may.- S.6.